|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Nəbi   XƏZRİ

MÜDRİKLƏŞƏN    POEZİYA  Şair dostum  Məmməd Araza məktub

Poeziya ilə hər görüş  unudulmazdır.
Bu gün mən səninlə yenə görüşdüm. “Ulduz” jurnalının 1-ci nömrəsindəki (1983-cü il) silsilə şerlərin vasitəsilə biz yenidən həmsöhbət olduq. Biz çoxdanın doğmaları olsaq da sənin dərin, səmimi, humanist düşüncələrin məni bir daha sənə yaxınlaşdırdı, doğmalaşdırdı:
            Bütün keçilməzliyi
                Vətən adıyla keçdim...
Vətən... Vətən daşı. Vətəndaş... Vətəndaşlıq duyğusu. Bu sənin bütün zəngin yaradıcılığının ana xəttidir, - desəm məncə səhv etmərəm.
Məşhur bir mahnı yadıma düşdü: “Nədən başlanır Vətən”.
Həqiqətən Vətən nədən başlanır?
Bəlkə də ilk dəfə dünyaya göz açanda gördüyün nurani ana simasının şəfəqlərindən? İlk dəfə eşitdiyin əsrlər qədər uzaq və doğma bir layladan? İlk dəfə addım atarkən səndirləyib yıxılanda tutduğun bir ağac budağından? İlk dəfə başın üstündə nəhayətsizliyini duyduğun göylərdən? İlk dəfə nəfəsini udduğun dağlardan? İlk dəfə şərbət dadan saf suyundan içdiyin bulaqdan? İlk dəfə gəzməyə çıxanda xırdaca əllərindən tutan isti, doğma ata əllərinin təmasından?
Vətən başlanır, o, heç vaxt qurtarmır. Çünki Vətən sənin taleyinə çevrilir. Onda belə bir sual meydana çıxır: Bəs poeziya nədən başlanır?
Bu suala məncə belə cavab versək səhv etmiş olmarıq: Vətən nədən başlanırsa, - poeziya da elə ondan başlanır. Başlanır öz bitməzliyi, tükənməzliyilə.
Səni iki qanad ucaldır: Vətən taleyi – poeziya taleyi. Bunların ikisi də böyük, məğrur bir eyniyyət təşkil edir. Çünki onların ikisi də bir qartalın ürəyindən su içir, güc alıb sonsuz üfüqlərə havalanır. O da xalqdır!
Sən bütün mənalı yaradıcılıq boyunca bu xalqa, Vətənə öz poeziyanın namuslu-vicdanlı vüsətiylə ləyaqətlə xidmət edən şairlərdənsən.
Sən Məmməd İbrahim də oldun! Sevildin!
Lakin bu, sənə az gəldi. Çünki sənin şerində bir çay ləngəri, çay coşqunluğu, çay dərinliyi vardı. Bu çayın nəğməsində ümid də vardı, həsrət də, nisgil də vardı, inam da.
Bu çay həyatda ilk dəfə sirli, mənalı nidalarını eşitdiyin Araz çayı idi. Ona görə də sən Məmməd Araz oldun!
            Mən qalmaqal dalınca
            Gedənlərdən deyiləm.
            Mən səhrada yolunu
            Azan nər də deyiləm.
            Necə axır, qoy axsın,
            Bulanmasın sularım.
            Araz boyu yazılsın
            Mənim bu göy şüarım.
O Araz boyu ki, orda sənin atan İnfil kişi bir əsrə qədər ömür yaşadı. Barlı-bəhrəli bağlar salıb kolxoza hədiyyə verdi ki, dünyada yadigarı qalsın. O, bir də xalqa, vətənə - ilham mayası nurdan, şəfəqdən, dərələrdən və zirvələrdən yoğrulmuş bir şair yadigar qoyub getdi dünyadan! Sən özünün ən titrək, ən minnətdar nəğməni – “Ata poeması”nı  İnfil kişiyə həsr etdin. Onun fədakar zəhmətinə - onun ölməz torpaq məhəbbətinə!
Sən gecə yarı, bayırda dağlar qoynunda uyuyarkən atanın üzərinə axıb tökülən ulduzları da şerə gətirdin, sərin dərələrin dinən-danışan sehrli pıçıltılarını da.
Bu böyük məhəbbətlə çırpınan poemanın poeziyamızda tutduğu həqiqi yeri, əsl qiymətini biz əfsus ki, hələ layiqincə verməmişik.
“Ulduz” jurnalını oxuyuram və o qənaətə gəlirəm ki, sənin son silsilə şerlərin müdriklik yoluyla inamla addımlayan bir şairin əsərləridir!
  Müdrikləşən poeziya – poetikləşən müdriklik. Bu, illərin gətirdiyi və daxili qüdrət və inamın sənə bəxş etdiyi xoşbəxtlikdir. Məhz xoşbəxtlik! Çünki hər istedadlı şair öz müdriklik dövrünə qədəm qoya bilmir!
50 yaşına çatan bir insanın təvazö dolu düşüncələrini sən gör necə verirsən!
            Bəlkə əlli misrası yox əllimin,
            Bu titrəyiş günahıdır əlimin...
            Qollarımda dost əli var əlli min.
            Məmməd Araz, əlli yaşda nə günah!
Istedad özü də sirli-sehrli dünyadır. Onun öz kosmik aləmi, öz ulduzları, günəşləri var. Hər duyğunu, hissi də sən orda yeni bir planet kimi açırsan. Əvvəlcə yazmaq qabiliyyəti – sonra isə təcrübə gəlir, yetkinlik gəlir, müdriklik gəlir.
Yetkinlik və müdriklik isə poeziyanı elə ecazkar dünyaya çatdırır ki, orda sən – insan ürəyinə hakim olmaq hüququ qazanır, ellərdən ellərə, ölkələrdən ölkələrə addımlayırsan.
Sənin poeziyan da belədir!
Ona görə də bu gün sən nəinki respublikamızda, onun sərhədlərindən çox-çox uzaqlarda sevilə-sevilə oxunursan.
            Hər əməli insanın
            Tərəzidə çəkilir.
            Düzlüyü də çəkilir,
            Qərəzi də çəkilir.
Sənin nəcib tərəzinin iki gözündə də ancaq məhəbbət və sədaqət, səmimiyyət və mərdanəlik var.
Bu silsilədəki “Bir ömür yolynda”, “Bəd xəbərlər”, “Məni inandırma”, “Haqqın yoxdu, haqqın var”, “Nə günah”, “Ayrı yollar var imiş”, “Köhnə dost”, “Sual”, “Yalan” şerlərini mən dönə-dönə oxudum. Təkcə ona görə yox ki, bu şerlər mənim çox xoşuma gəldi. Həm də ona görə ki, bu poetik əsərlər sənin şair taleyinin yeni, parlaq, mənalı bir səhifəsidir.
Həyatdakı dolanbac, çalın-çarpaz yolların dərin, fəlsəfi mənasına biz səninlə birlikdə dalır və səninlə birlikdə inamla beləcə deyirik:
            Qəlbimdə yaşayan yaşar yadımda.
Bu, qəlbin özünə də, yaddaşın özünə də sədaqətdir:
            Günəş yanar, yandırar,
            Nə yandırmaz, nə yanmaz.
            Səhər bir an gecikməz
            Axşam bir an dayanmaz.
            ...Kölgəsi yox günəşin,
            Bəlkə elə kölgə mən...
            Nəsimi həyatından
            Əks səda bəlkə mən...
Müasir bir şairin qürur duyğularından keçərək əsrlərin yaddaşı gör necə də məğrur səslənir! Bu qürur şüasıyla biz özümüz də nurlanır və büllurlaşırıq. Bunun üçün biz sənə ancaq minnətdarlıq edə bilərik.
Sən bu gün bütün insanlığı düşündürən həyati, vacib problemlərə - sülhə, əminamanlığa, mavi planetimizi necə ölümdən xilas etmək məsələlərinə həyəcan dolu misralar həsr edirsən.
Əzizim Məmməd Araz!
Mən sənin son şerlərini oxuduqca qəribə bir hiss keçirdim. Mənə elə gəldi ki, mən çoxdandı susuzlamışdım... Ürəyimdə, belə demək mümkünsə, bir şer susuzluğu vardı. Çünki son vaxtlar mətbuatdakı şerlərin çoxunda həyat nəfəsindən xali olan quru sözçülük, dəbdəbəli ifadələr arxasında bir boşluq, məzmundan təcrid edilmiş forma aludəçiliyi duyulur.
Sən sağ ol ki, son şerlərinlə mənim poeziya yanğımı söndürdün. Yanğımı söndürüb, şerin ümid işığını yandıran şerlər yazmısan.
“Haqqın yoxdu, haqqın var” şerin məni xüsusilə həyəcanlandırdı.
            Sən məqamı gələndə Araza bənd olansan,
            Hər sözün işığında göyə bülənd olansan,
            Sən arzuya bələdçi, şerə kəmənd olansan,
            Haqqın var, Məmməd Araz,
                       haqqın var yaşamağa.
Bəli, haqqın var, min dəfə haqqın var! Çünki sən öz xalqının başını ucaldan, ona şan-şöhrət gətirən şairsən! Min illik şerimizdə sənin öz səsin, öz nəfəsin, öz nurun, öz işığın var. Mən istərdim ki, sənin “Haqqın yoxdu, haqqın var” şerinə şerlə cavab verim. Bilmirəm bu misralar sənin dərinləşən, müdrikləşən poeziyana layiq olacaq, ya yox!
            Dağda boyansan da dumanlara sən,
            Şəfəq tək çiləndin yerə, göyə də.
            O qədər vuruldun insanlara sən
            Haqqın var sevməyə, sevilməyə də.
            Əsrin həyəcanı qəlbindən axıb,
            Nəğməkar çinarsan yellər önündə.
            Haqqın var, yuxusuz gecədən çıxıb
            Məğrur dayanasan illər önündə.
            Dərinsən, uçasan etibarınla
            Döndün doğma əsən küləklərə sən!
            Haqqın var, mehriban misralarınla
            Nəciblik səpəsən ürəklərə sən!
            Bilirsən doğmasan qəlbimə sən ki,
            Oxu öz nəğməni, yenə sən, qardaş!
            Haqqın var, Araza çevriləsən ki,
            Axıb gur Xəzərə dönəsən, qardaş!

1983

                                                   
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws