Şair doğmalığı, şair yadlığı!
Şair doğmalığı, şair yadlığı! Sənət zamanın haçaladığı bu təzadlar arasında yaşayır. Bəzən hansı doğmalarısa «üz-üzə gətirmək» lazım gəlir. Ağırlığa yaxşı bələd olan şair qüvvəsi bu işi öz üzərinə götürür, onları «iki yumurta kimi» toqquşdurur. Nəyisə qum kimi ələyib seçmək, nəyisə yamayıb qatını itirmək əsl qələm üçün adicə misgərliyə bənzər. Bəlkə də bu, adi, bəsit müqayisədir. Amma söz üçün hadisənin böyüyü-kiçiyi yoxdur. Lazım gələndə böyüyü kiçiltmək, kiçiyi böyütmək ustalığı onun məramnaməsində «olarla olmazı» bir-birindən gözəyarı ayırmaq kimidir. Bu asanlığın dərininə varsan görərsən ki, çətinlik çoxdur. Adicə «daş hellətmək» də çətindir, müşküldür.