|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Firidun     AĞAZADƏ

 SÖZÜN   ÇƏHRAYI   RƏNGİ


   Gün doğmamışdan bir az qabaq dan yeri çəhrayı bir sevinclə üzə gülür.
   Çiçək kimi çırtlayan xəfif çəhrayı içində bir azdan qızaracaq üfüqün dodaqları səyriyir, səyriyir və göyün üzünə ilk qızartılar gəlir. Üfüqün bağrında əvvəl-əvvəl çəhrayı bir aydınlıq cilvələnir, cilvələndikcə pərdə-pərdə sökülür, açılır. Ürəyinə aydınlıq sevinci dolmağa başlayır. Dan yerinin həmin aydınlıq sevincidir mənim üçün Məmməd Araz şeri. Haçan oxuyuram, sübhün çəhrayı şəfəqləri qədər xoş bir həyəcan dolur içimə, qəlbim duyğu bağlayır, xəyalım qanad.
 Bir də günəş batanda çəhrayı olur üfüq. Çəhrayı şüalar buluddan-buluda, üfüqdən-üfüqə şərid-şərid uzanaraq əngin göy tağlarında çiçəkləyir elə bil. Dünyanı çəhrayı bir sevincdə çimizdirir batan günəş. Bəxtəvər olur göz də, könül də. Mənim üçün belə bir bəxtəvərlikdir Məmməd Araz şeri. Haçan dinləyirəm bəxtəvər oluram. Nə vaxt eşidirəm, arzularıma qovuşuram elə bil.
 O çəhrayı şəfəqləri payəndaz edib Şüvəlan bağlarından “Təbriz üstü vadilərəcən” getdiyim olub – Məmməd Araz şerlərini oxuyandan sonra. Tünd çəhrayı o rəng – qaşını çatmış Təbriz ümididi, elə bilmişəm. “Təbriz nə istəyir? Təbriz - qurtuluş!”  Tünd çəhrayı rəng – Məmməd Arazın  siyirmə qılınc – misralarıdı. Bir baxın “Torpaq altda gizlətmişik gur səsini babaların”. Babək qılıncının ovxarı var Məmməd Araz sözündə. “Qoy bu günün düşməni də at çapmasın harın-harın”.
M. Arazın şerlərində güclü həyat eşqi, ehtiraslı  milli kolorit var. Tünd çəhrayı rəng – Məmməd Arazın həmin rəngdə təcəssüm edən poetik ehtirasıdır, elə bilirəm.
M. Araz poeziyasının yaddaşı möhkəmdir. Bu yaddaş Azərbaycan tarixinin, Azərbaycan torpağının və xalqının yaddaşıdır. Şair elə bil yaddaş qalasının  mazqallarından tarix çöllərinə nəzər salır...
Bu yurda, bu torpağa o gündən ki, Araz çayı  tənbələn olub, ruhumuzun bir guşəsini qəmqalaq eləmişik. Yan ki yanasan. Laqeydliyi, biganəliyi bu cür qınamaq lazım idi. Əcdadların ruhuna belə ərk eləyərlər:  
            “Səndən ötdü, mənə dəydi,
            Məndən ötdü, sənə dəydi.
            Səndən, məndən ötən zərbə
            Vətən, Vətən sənə dəydi”.
Ulu tənə, müqəddəs giley deyərəm bu sözlərə. Qobustan qayalarına həkk olunmalı sözlərdir. Görk üçün!
Gündəliyimin yaddaşında M. Arazın neçə-neçə çəhrayı misrası var...
            Dəli gülüşlərim ağlar başımda,
            Təbriz oxuyurdu dağlar başında.
Ruhundan qopub gələn dəli gülüşlərlə güləsən, sonra həmin dəli gülüşlər ağlaya sənin başında... Dəli gülüşlərlə ağlamağı var şair qəlbinin – illah da ki, Məmməd Araz qəlbi ola. “Neyləyim mən, neyləyim? Qələm gəldi əlimə, Araz gəlir dilimə”.
Deyirlər, böyük rus rəssamı Levitan irili-xırdalı yüzdən çox payız rəsmi, etüdü, tablosu çəkmişdir. Rus meşəsinin payızı ömür boyu rəssamın fırçasına ilham vermişdir. Bu mənada M. Arazın bütün şerlərində simvolik bir Qaya görünür. Azərbaycan qayası! Vətən qayası. Sergey Yesenin üçün ağcaqayın nədirsə, Məmməd Araz üçün Qaya  odur. Əzəmətli, sal bir Qaya bu poeziyanın daimi yol yoldaşıdır. Qardaşdır Məmməd Arazla bu Qaya!   (“A daş qardaş”). Dərinə daha çox boy vermiş olar  bu qaya. Dərinə daha çox boy verən qayadır Məmməd Arazın poetik idrakı... Vətənin daş-qayasını M. Araz kimi öyəsən! Dağları M. Araz kimi duyasan!
Gündəliyimdən: “Sözlər məndə həmişə müəyyən rəng assosiasiyası yaradır. Bədii sözün təsiri ilə fırçanın ecazkar nəqşləri arasında bir yaxınlıq, oxşarlıq duyuram həmişə. Sözlər rənglidir, sanıram. Odur ki, hər şair ilhamının mənimçün öz rəmzi boyası, rəmzi predmeti var. Nəbi Xəzrini mavi rəng və çinarla təsəvvür eləyirəm. Məmməd Arazı  çəhrayı rəng və sal qaya ilə. Nəriman Həsənzadə yaşıl rəng və göy qurşağıyla təsəvvürümə gəlir. Fikrət Qoca  ağ rəng və çiçəklərlə”.
Haçansa Məmməd Araz adına ekslibris çəkən olsa, təsvirdə o Qayanı, o çəhrayını hökmən rəsm etsin gərək.
Məmməd Araz  sözünün alovu adamı uzaqdan vurur. Atəşgah bacasından çıxan ilğım kimi istidi, hənirlidi bu söz. Tünd çəhrayıdı bu söz. Bir baxın:
            Azərbaycan – mayası nur, qayəsi nur ki,
            Hər daşından  alov dilli ox ola bilər...
Yurdun ulu daşlarına dil verib oxudur Məmməd Araz.
Vətən sevgisinin Məmməd Arazyanə təbəssümü, xalq ruhundan gələn yenilməzlik, xalq və torpaq yaddaşına hədsiz sədaqət, üstəgəl Araz həsrətinə tutuşan bağrımız – M. Araz yaradıcılığında məni ən çox heyrətləndirən mövzulardır.
M. Arazın şerlərində sözlə fikir, mənayla hiss, düşüncə ilə bədiilik bir-birinin içində bitir, qapıları bir-birinin içinə açılır bu misraların.
Gündəliyimdən: “Ey şöhrət hərisləri, təvazökarlıqda Məmməd Araza düzlənin! Onda görərsiniz ki, “tərifsiz ömrün də öz tərifi var”.
M. Araz Azərbaycan təbiətinin coşqun təəssübkeşidir. Onun ilhamında vətəndaşlıq qeyrəti dinir, xalqımızın qeyrət damarı vurur. Bu torpağın canlı bir əzasıdır Məmməd Araz şeri.
Əgər belə demək mümkünsə, M. Arazda bir Səməd Vurğunluq var. Gənc şairlərimizin ona həsr etdiyi şerləri bir yerə toplasaq, qalın bir kitab alınar. Nədir bu bağlılığın sirri? Hər şeydən əvvəl  M. Arazın Vətən məhəbbəti, “ ana yurdum, hər daşına üz qoyum” sevgisi, bir də “ürəyimsiz kəlmə yazan deyiləm” səmimiyyəti. Məmməd Arazda Vətən məhəbbəti bir özgə cür dinir, özgə cür danışır. Şairin epiqraf misraları neçə-neçə şer yazdırmışdır. Bütövlükdə M. Araz poeziyası epiqraf poeziyadır, qanadlandıran, coşduran, çağıran poeziyadır. Məğrurluq və qürur poeziyasıdır. Mənəvi ucalığa çağırır bizi. “Keçmişinlə öyün, bu gününlə yaşa, sabahını yarat” deyir Məmməd Araz poeziyası.      
Gündəliyimdən: “Əmi”yə Dövlət mükafatı veriblər. Çoxdan gərək idi bu, “Qayalara yazılan səs”ə görə . Poemanı bir də oxu!”
“Od kimi, su kimi köhnədir” mənimçün Məmməd Arazın sözü. Vurğunu olduğum bu poeziyanı mən ilk sevgim qədər əzizləmişəm, əzizləyirəm!..
Gündəliyimdən: “Qırx sənətdən, qırx sehrdən ülviləşir bu dünya. Ən bəşəri sehrdir poeziya. Qırxıncı sənətdir, qırxıncı sehrdir poeziya”.
Həmin qırxıncı sənəti seçib, qırxıncı sehri götürüb Məmməd Araz. Qoy sehrləsin bizi.  

1983

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws