|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Famil  MEHDİ

DÜŞÜNƏN  VƏ DÜŞÜNDÜRƏN POEZİYA.

Məmməd Arazı da, onun poeziyasını da sevirəm. Məncə, az-az şair tapmaq olar ki, onun şəxsiyyəti ilə poeziyası bu qədər üzvü surətdə qaynayıb-qarışsın, biri digərini tamamlasın və təsdiq etsin.
Məmməd fikir adamıdır. Bu, adi, səyyari fikir deyil, canlı, yaradıcı, fəal fikirdir. Nəyi isə qurub-yaratmaq, gözəlləşdirmək, qorumaq, nəyi isə qamçılamaq, rədd etmək aləminin qəribəliklərindən doğan anların təzahürüdür. Bir sözlə, məhəbbət və nifrət hisslərinin nəticəsidir.
            “Azərbaycan!” deyiləndə ayağa dur ki,
            Füzulinin ürəyinə toxuna bilər.
Bu misralar həmin dalğınlığın, tutqunluğun, fikirliliyin məhsuludur. Buna görə oxucunu da düşündürməyə, nəticələr çıxarmağa vadar edir.
Məmməd Araz oxucunu düşündürərkən poeziyadakı böyük həqiqətləri mənimsəmək və dərk etmək üçün heç də onu baş sındırmağa vadar etmir. Əksinə, onun hər mürəkkəb bənzətməsi, yaxud sözaltı fikri, eyhamı geniş oxucu kütləsinə dərhal çatır, mənimsənilir, mənəvi qüvvəyə çevrilir. Nə üçün? Mən bu sualın cavabını iki başlıca cəhətdə görürəm. Birincisi budur ki, Məmməd Arazın şerlərinin əsasında hər cür abstraktlıqdan uzaq olan konkret fikir, hiss dayanır. Oxucu dərhal bu hisslər, fikirlər aləminə daxil olur. Özünü qeyri-adi bir aləmdə hiss edir. Özünü də, özgəni də başqa formada, daha gözəl şəkildə görür. Günəşin şəfəqləri də onu başqa cür isidir, torpağın hərarəti də. Oxucu soyuq daşlarda, qayalarda belə bir doğmalıq, mehribanlıq, istiqanlılıq duyur. Belə bir hökmü tamamilə düzgün hesab edir ki, həqiqətən də:
            Vətən daşı olmayandan
            Olmaz ölkə vətəndaşı.
Deməli, şerdəki konkret insani hiss, fikir insana da dərhal çatmalıdır və çatır da. Ikincisi isə, Məmməd heç vaxt konkret hadisədən, problem və fikirdən, deməli, insandan kənarda bənzətmə axtarmır, qeyri-təbii obrazlılığa meyl etmir. Onun hər bənzətməsi, obrazlı ifadəsi müəyyən lövhə cızır, mənzərə yaradır. Buna görə də böyük tərbiyəvi hissə, təsirə malik olur:
            Azərbaycan – qayalarda bitən bir çiçək,
            Azərbaycan – çiçəklərin içində qaya.
Göründüyü kimi, şair obrazlılıq xatirinə obraz yaratmır. Onun hər obrazı təsirli mənzərədir, portretdir, emosional lövhədir.
Əsl poeziya bu yolla yaranır. Məmməd Arazın poeziyasının bu cəhətləri, əlbəttə, mühüm bir keyfiyyətlə - şairin hadisələrə orijinal poetik münasibəti ilə sıx bağlıdır. Məmməd bu münasibəti ifadə üçün milli formaya sadiq qalsa da, onun əsiri olmur. Bu forma daxilində ustalıqla poetik cərrahi əməliyyat aparır. Yeri gələndə hecanı artırıb-azaldır, ölçünü dəyişir, vəzndə dəyişiklik edir. Lakin bunların hamısında getdikcə dəyişən, formalaşan, yeni keyfiyyətlər qazanan milli kökə, ənənəyə əsaslandığından onun şeri mahir sənətkar fırçasından çıxan bitkin tabloya bənzəyir, sənətsevərləri sehrləyir, qanını coşdurur, həyəcanlandırır. Məmmədin poeziyası belə bir həqiqəti bir daha sübut edir ki, milli forma hər cür bəşəri fikri, ideyanı ifadə etmək üçün əsla məhdudluq bilmir. Burada bəzən müəyyən qüsur özünü göstərirsə, günah formada yox, istedaddadır, yaradıcı şəxsin qabiliyyətindədir. Məmməd çox gözəl deyir ki:
            Hər külək ağzında  min səmtə varsam,
            Açılmaz şerimin qızıl dan yeri.
            Əgər yer üzündə Nizami varsa,                                                                                             
                         Fikir dartımıdır fırladan yeri.
  Məmməd Araz otuz ildir ki, bu ehtirasla, hünər və cəsarətlə yazıb-yaradır. Onun poetik cəsarəti toxunduğu məsələlərin, qaldırdığı problemlərin böyüklüyündədir. Buna görə də Məmmədin yaradıcılığı bir çox halda ədəbi müzakirələrin, mübahisələrin mərkəzində dayanır. Canlı rəy doğurur. Təqdir edilir.
Məmməd Arazın yaradıcılığı rəngarəngdır, qol-budaqlıdır. Mən şairin poema yaradıcılığını xüsusilə qeyd etmək istəyirəm. “Üç oğul anası”, “Atamın kitabı”, “Əsgər qəbri haqqında ballada” və başqaları Azərbaycan poeziyasının zənginləşməsində mühüm rol oynamışdır. Bu poemalarda süjet yeniliyi, konflikt orijinallığı, obraz dolğunluğu xüsusilə diqqəti cəlb edir.
Oxucular Məmməd Arazı həm də ehtiraslı, ağıllı bir publisist kimi tanıyır və sevirlər. Azərbaycan kəndinin sosial inkişafı, gənclərin əxlaqi tərbiyəsi, torpağa qayğı və ehtiram, Azərbaycan təbiətinin qorunması kimi bir sıra problemlər Məmməd Arazın publisistikasında – oçerk, məqalə və məktublarında bütün kəskinliyi və prinsipiallığı ilə əks olunmuşdur. Məmmədin xarici səfərlər əsasında yazılmış maraqlı oçerkləri də vardır. Məmməd neçə ildir ki, “Azərbaycan təbiəti” məcmuəsinin redaktorudur. Uzun müddət qəzet və jurnal redaksiyalarında, nəşriyyatlarda  qazandığı təcrübə bu məcmuənin maraqlı çıxmasına çox kömək edir.    
Məmməd Arazın əsərləri SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə olunur. Moskva və Bakı nəşriyyatlarında müntəzəm surətdə kitabları nəşr edilir. Oxucular qəzet və jurnallarda onun şerlərini səbirsizliklə gözləyirlər.
Məmməd Araz yaradıcılığının kamillik dövrünü yaşayır. Müntəzəm olaraq yazıb-yaradır. Dostlarını, qardaşlarını da unutmur. Onun iş otağı həm də dostlarının görüş yeridir. Burada səslənən şerlər isə ürəklərə işıq və hərarət yayır.
            Çox tozanaq atlını təmkin atınla keçdin,
            Sel boğan dərələri bir mərd qadınla keçdin,
            Bütün keçilməzliyi, Vətən, adınla keçdim...
            Haqqın var, Məmməd Araz,
            Haqqın var yaşamağa!

1983

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws