|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Cavid     NƏCƏFOĞLU
                                                                                  
 EL-OBAYA  BAĞLI  ŞAİR

Haradasa əfsanəvi bulaqlarımız var, bu bulaqlarla bağlı Koroğlu nərəsi var. Haradasa ağbirçək və ağsaqqal el məsləhətçilərimiz var; yetim və analı, gözəl və çirkin fatmalar var. Haradasa gözəllərin saçlarını, qaş-gözünü şəvə kimi qara, sifətini qar kimi ağ edən sularımız var.
Sərtlik və kövrəklik, sevinc və kədər şerimizə ana təbiətin özündən gəlmişdir.
Məmməd Arazın poeziya dünyası məhz belə dünyadır. Onun aylı-ulduzlu gecələri, günəşli gündüzləri var. Onun istedadı gur çaya bənzəyir. Bu çay zirvəsi buludlara toxunan dağların, kəklikli təpələrin qoynundan keçir; gah kükrəyir, gah da səsini içinə çəkib Muğan – Kür genişliyinə can atır. Bu səsi eşidəndə insan kövrəlir, sevinir, özünə inamı daha da artır.
Uşaqlıqdan bu şairin yaddaşına həkk olunmuş səs Xan Arazdan min kilometr uzaqlarda da elə həmin səsdir: qayğılı, ötkəm, təmkinli:
            Eyfel qülləsindən dünyaya baxdım,
            Analar körpəli göründü bu gün.
            Eyfel qülləsindən Senaya baxdım,
            Arazlar körpülü göründü bu gün. 
Xalqımızın şifahi yaradıcılıq bulağından bəhrələnən şair şer-sənət yollarında inamla irəliləyir, özünün qəlboxşayan, düşündürən poeziyasını yaradır; gözəli çirkindən, düzü əyridən, mərdi namərddən, haqqı nahaqdan fərqləndirməkdə, ayırmaqda bizə kömək edir.
Folklorun dili tarixin sınağından çıxmış xalq dilidir. Folklorun bütün janrlarında, xüsusən bayatı və qoşmalarımızda bu dil min bir xala, naxışa, çalara malikdir:
            Haray, naşı əlindən,
            Atmaz daşı əlindən.
            Yastıq şikayət eylər
            Gözüm yaşı əlindən.
Bu bayatıda qəribə bir genişlik var: ümid genişliyi, inam genişliyi. Eyni deyim tərzini M. Arazın qoşmalarında da görürük:
            Haray, durnam, qatarımı itirdim,
            Havar çəkdim, havarımı itirdim.
            Dalğasında avarımı itirdim,
            Bundan belə o gözlərə baxmaram.
Şer qoşma janrında yazılsa da bayatı kimi səslənir. Hər iki şerdə obraz eyni bədii vasitə - mübaliğə ilə ifadə olunur. “Gözlərin dalğasında avar itirmək” də “yastığın göz yaşından şikayəti” kimi eyni dərəcədə səmimi və inandırıcıdır.
Məmməd Arazın qəlbi folklor ruhunda Vətən torpağı ilə köklənmişdir.
            O Vaqifdir – odasına od düşən,
            O Zakirdi – sədasına od düşən,
            O Arazdı – səmasına od düşən,
            Durnaları dönməz oldu dağların.
“Səsim, bu torpağın səsinə köklən!” deyən şair “Söz yayıb, söz yastılamaqda” Xəstə Qasımı, Tufarqanlı Abbası, Sarı Aşığı xatırladır. Mayası folklor səmimiliyi ilə yoğrulmuş misralarda söz ürəyin odunda bişir, misra daxilində qaynayıb-qarışır.
Şairin şer dilində kəndin ab-havası ilə bağlı olan adi məişət sözləri geniş obrazlar silsiləsi yaradır. Ağbirçək və ağsaqqalların – nənələrimizin, babalarımızın dilindən eşitdiyimiz iy, tağalaq, sapand, kəmənd, cəhrə, ilmə, düyçə, xəlbir, yaba kimi arxaikləşmiş sözlər M. Arazın təsvir və təşbehlərində füsunkar mənzərə yaradır: “Bir sapanda beş-on illik qoyulan daşdım”, “On beş il sonra da düyünlü düyçə”, “Ömrüm bir dolaşıq düyünçə kimi” və s.
M. Arazın hər misrası sənətin çətin, dolambac yollarından keçən, bu günündən dönüb sabahına baxan şairin ürək yanğısından danışır.
“Ürəyimsiz kəlmə yazan deyiləm”, “Axır səni düzdə qoydu bu düzlük”, “Zəhər satmaq, zəhər almaq deyilmi?”, “Yalan yolu beşcə addım su yolu”... Ayrı-ayrı şerlərdən götürdüyümüz bu misraların musiqisinə diqqət yetirin! Bu, əsil poeziyadır. Nəhəng çaylar öz gücünü zirvəsi buludlara toxunan qarlı-buzlu dağlardan aldığı kimi M. Araz misraları da öz gücünü xalq qaynaqlarından alır:
            Öyünəsi bircəm idin, birimdin,
            Yön tutası qibləm idin, pirimdin,
            Taleyimə dan ulduzu bilirdim,
            Karvanqıran olmağın da olarmış.
Şair ürəyi ata ocağından od alır, bu ocağın istisində qızınır. Bu ocaq bizə Zərdüşt babadan yadigar qalmışdır. Babalarımız bu ocağı elə qalamışdır ki, işığı, odu sönməz. Bir zamanlar evi yağılar tərəfindən talan edilmiş Salur Qazan da hər şeydən artıq bu ocaq üçün narahat olmuşdur:“Qara mətbəx tikiləndə ocaq qalmış” – deyib düşmən üzərinə  vuruşa getmişdir. Bu ocağın odu, həniri çox aşıqları yandırmışdır:
            Buxarıya od qala,
            Odun gətir, od qala.
            Elə yandır aşığı,
            Məşhərəcən od qala.
M. Araz ”Çırpısı tətikdə, odunu dəmdə” olan ata ocağının sabahı üçün narahat olan şairdir. Ata yurdunda tüstülənən doğma ocaqdan ayrılmaq onun üçün hər vaxt ağırdır:
            Yaşıl kənd üstünə boz pərdə salır –
            Aranır, daranır tüstü telləri,
            Əlvida, atamın tüstü dəsmalı,
            Əlvida, atamın tüstü  əlləri!
Adi ocaq adilikdən çıxır, atanın “tüstü dəsmalı”, “tüstü əlləri kimi” yaddaşımıza həkk olunur.
Kiçik Qafqazın ətəyində, şairin boya-başa çatdığı balaca Nurs kəndində tüstülənən bir poeziya ocağının alovu Azərbaycanın hər yerindən görünür...

1982

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws