|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Arif  ƏLİYEV

YAXŞI  Kİ, BƏXTİMİZƏ  MƏMMƏD ARAZ DÜŞÜB

Ləngəriynən, axımıynan nəğmələrini yerüzünün, göyüzünün nəğmələrinə qatıb, taleyini dəlisov dalğalarına tapşırıb, günbatandan üzü gündoğana yol gedən bir çaydı, Xan Arazım. Onun laylasına baş qoyub yatmışıq, bayatısına ruhumuzu itiləmişik. Neçə min illərdir ki, müdrik analarımız hər nəğməsini onun üstündə kökləyir. Vətən, xalq sözü ilə bərkiyən, gözünün ovu qaraca torpaqda dil açan bir şair Xan Araza ərk elədi:
            Sahilin – dodağıma,
            Ləpən dilimə bənzər.
            Sahil boyu çinarlar,
            Yazan əlimə bənzər...
                Və yaxud
            ...Mən sənə bir şair,
            Sən mənə Araz de...
Görən  Araz bildimi ki, bu, onun adaşı üçün həsrətdən, yol gözləməkdən sinəsi göynəm-göynəm göynəyən şerimizin səsiydi. Araz görən bildimi ki, bu səs neçə-neçə illərin başı üstündən keçib gəlmişdi – belə yanğılı, belə kövrək. Harasındasa layla işığı, bayatı tufanı, holavar çağırışı... Araz bildimi ki, bu səs düz on il sonra bir nağıl da gətirəcək. Indi hərdən -  yaşımın indiki hündürlüyündən geriyə baxanda nə zamansa qanad taxıb uçduğum məqamları görürəm: “Gəl-gəl, a yaz günləri” şerinin təsiri altında selləri yalmarlamaq, şimşəklərlə gizlənparç oynamaq, zirvələrə dırmanıb qartallara qoşulmaq, uçmaq və uçmaq...
Bu səs gəlmişdi – şimşəklərlə gəlmişdi, qartallara qoşulub uça-uça gəlmişdi:
            Mən getsəm, dərələr, dağlar qalacaq,
            Meşələr, çəmənlər, bağlar qalacaq.
            Buludlar qalacaq, ağlar qalacaq.
            Ey mənim yaşamaq, yazmaq həvəsim,
            Tək səni özümlə aparasıyam.
Bu nə kövrəklikdir belə, nə yanğı, nə atəşdi belə? Ancaq hünərlisən, bunları ümid  çoxluğundan ayır görüm? Bəlkə dünyanın işığı da elə budu – bu kövrəklikdə baş alıb gedən, boy verməyən bu ümid?
            Vətən mənə oğul desə nə dərdim,
            Mamır olub qayasında bitərdim.
            Bu torpaqsız harda, nə vaxt, nə dərdim –
            Xəzanımdır, xəzanımdır, xəzanım.
Sözlərin bu həzin ləngərində hissin belə tufanı nə vaxt görülüb? Nə vaxt görülüb özündən sonrakı min illərə də gedib düşən arzunun belə vüsəti...yox, burda çağırış yoxdur, burda ürəyin özünün özüynən söhbəti var – ocağı bir ürəkdə çatılıb, ancaq işığı min ürəkdə dil açır...hardasa bir şimşək çaxımı, hirsin, qəzəbin tərsinə yatımı:
            Axır səni düzdə qoydu bu düzlük...
Hardasa nifrətin intiqamı:
            Şöhrət azarına tutulanları,
            Şöhrətin özü də sağalda bilmir.
Yaylımda su ləngəri, bir az da sonra dəli-dolu bir haray:
            Sənə də qar yağdı, güvəndiyim dağ,
            Sən də örənidin, a yaşıl yamac!
            Sən niyə dinməzsən, qaragöz bulaq,
            Sən niyə kövrəksən, ürəyini aç!...
           
             ...Mənim də baxtımda bu mənzərələr
            Fəsil fırlatmağa  girəvə tapır.
            Mənim də daş əlim qılınc dərələr,
            Mənim də boş əlim
            Daş zirvə tapır.
Sidq ürəyinən, sevinə-sevinə, heç nə gözləmədən ürəyi tufanlarla üz-üzə qoymaq inadı:
            Döy qapımı, döy qapımı Müşfiq küləyi,
            Əli Kərim qasırğası qır pəncərəmi...
Sonra isə bir qəribə sakitlik, lal-dinməz bir məhəbbət – baş alıb gedən vətən məhəbbəti:
            Inamdan göyərsə bir dağdır inad –
            Bu, Vətən dağıdır, söykən ki, söykən.
            Nə uçan quşunun dalınca daş at,
            Nə qopan daşının dalınca söylən...
Bütün bu nəğmələrin haqlı bir etirafı var:
Nə yaxşı ki, baxtımıza Məmməd Araz düşüb, yoxsa kim dünyanın heyrətini beləcə sirli-sirli pıçıldaya bilərdi?  Kim su üzərində belə bir tonqal çata bilərdi? Kim qayalar üzərində beləcə şehli çiçəklər bitirə bilərdi?  Kim yağışa Günəş dili öyrədərdi? Kim çiçəyə sərtlik nəğməsi, kim daşa zəriflik nəğməsi oxutdura bilərdi? Arazın təklikdən, həmdəmsizlikdən dili tutulmazdımı?
Buna nə deyəsən ki, şairlərimiz min illər boyu Araza qoşduqları nəğmələr qədər, az qala, beş-on ildə Məmməd Arazdan yazıblar?
Nə deyəsən – ömrün xoşbəxtliyimi? Taleyinin gəlhagəlimi?
Yox, şerimizin  Məmməd Araz taleyi... Fikir vermisinizmi başqalarından yazanda geninə-boluna şair sözü işlədilir, amma Məmməd Arazdan yazanda isə... nə isə, ədəbiyyatşünaslarımızın da, minlərlə oxucularımızın da  fikri belə qətiləşib – Məmməd Araz şair deyil, Məmməd Araz şerin özüdür. Məmməd Araz bu günkü şerimizin taleyidi.

1980

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws