|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Famil   MEHDİ
                            
NİKBİN   NƏĞMƏLƏR

Məmməd Araz son iyirmi ildə Azərbaycan poeziyasının inkişafında, onun sənətkarlıq cəhətdən zənginləşməsində yaxından iştirak edən şairlərdəndir. Onun poeziyası, şerdə sadəlik və səmimiyyət, fikirlə hissin vəhdəti, publisist kəskinlik, nikbinlik kimi keyfiyyətlərlə aşılanmışdır. Bu cəhətdən həmin poeziya öz yaradıcısını əllinci illərdə şerə gələn və sovet poeziyasının yeni mərhələyə qədəm qoymasında böyük xidmətləri olmuş şairlər sırasına çıxarmışdır.
Şairin təzə kitabı göstərir ki, o, poeziyanın keşməkeşli, əziyyətli, mürəkkəb  ollarında bu gün öz həmyaşıdları ilə bir sırada cəsarətlə addımlayır, yeni axtarışlar aparır, sözün yaxşı mənasında eksperimentlər edir, zamanı, Vətənimizi, xalqımızı düşündürən ciddi ictimai-siyasi problemləri duyur, dərk edir, bu problemlərlə bağlı məsələlərin bir şair vətəndaş kimi həllinə poetik yolla kömək etməyə girişir. Bunun üçün müvafiq ifadə vasitələri, deyim tərzləri, bənzətmələr, müqayisələr, kontrastlar tapır. Həm də Məmməd Araz poeziyasında bunların hamısı təbii səslənir. Nə üçün? Çünki bunlar həyatdan gəlir, inanların müasir duyğu və düşüncəsi, mübarizəsi, məişəti, yaşamaq və yaşatmaq arzuları ilə bağlıdır.
Kitabda toplanan şer və poemalar göstərir ki, Məmməd Araz poeziyasının həyati gücü və qüvvəsi onun Vətən torpağı ilə, çoxmillətli xalqımızın həyatı ilə, dünyada baş verən demokratik, mütərəqqi, humanist ictimai proseslərlə sıx bağlılığındadır. Buradan da bu poeziyanın əsas qaynaqları aşkar olur. Şairin olduqca mübariz, fəal poeziyasında başlıca keyfiyyət kimi diqqəti cəlb edən xüsusiyyətlər, mənim fikrimcə, ilk növbədə çoxəsrlik milli şifahi və yazılı ədəbiyyatımızla, müasir rus və digər qardaş xalqlar poeziyasının ən mübariz keyfiyyətləri, eləcə də mütərəqqi dünya poeziyasının ən yaxşı cəhətləri ilə bağlıdır.
Məmməd Araz poeziyası hər şeydən əvvəl humanist hisslər və fikirlərlə zəngindir. Şair sadə əmək adamlarından yazanda da (“Naməlum qəhrəman”, “Fəhlə süfrəsi”, “Çoban çörəyi, çoban ürəyi”), neqativ halları qamçılayanda da (“Biganələr iqlimində”, “Kölgələr”, “Qurd xasiyyəti” və s.), keçmişin səhifələrini vərəqləyəndə də (“Tunc atlı”, Babək qılıncı”, “Yeddi bulaq əfsanəsi”), nəhayət, dünyanı narahat edən müharibə təhlükəsindən, xalqların sülh və xoşbəxtlik arzularından söhbət açanda da (“Raketlər”, “İnsan monoloqu”) əsrin, zamanın oğlu kimi çıxış edir, insanı, onun yaşamaq və yaratmaq hüququnu müdafiəyə qalxır. Şair dünyanı gözəlləşdirən əməyi səadət və xoşbəxtliyin əsl mənbəyi kimi rəngarəng poetik boyalarla alqışlayır, öz müasirlərini daha təmiz, ləyaqətli, vüqarlı görmək istəyir, bu sahədə özünü göstərən laqeydliyin mövcudluğunda ən böyük əxlaqi qüsur görür:
            Bəs niyə az görür səni şerimiz,
            Əlini sıxmırıq biz iftixarla.
            Arayıb seçirik adamları biz
            Bəzən də toz basmış siyahılarla.
 Məmməd Araz şerlərinin birində deyir ki, “Həmişə kədərim, qəmim oyaqdır”. Doğrudan da, Məmmədin poeziyası ayıq poeziyadır, qəzəbli poeziyadır. Məncə, bu qəzəbi həmin şerlərdən çıxarası olsaq, poeziya çox şey itirər. Poeziyadakı bu qəzəb onunla şərtlənir ki, burada laqeydlik, süstlük, durğunluq, tərəddüd, barışıq meylləri tamamilə aradan qalxır, şerə çox qüvvətli fəallıq, mübarizlik gəlir. Şer həqiqətən hər şeyə cavabdeh olan qeyri-adi bir qüvvəyə çevrilir. Elə buna görədir ki, Məmməd Araz şerlərində sözün yaxşı mənasında təəssübkeşlik, qəhmərçilik motivləri çox qüvvətlidir. Insanın qəlbinə ucuz şöhrət hissi, tamahkarlıq, riyakarlıq yaxın gələn kimi Məmməd Araz şerinin səsi eşidilir, bu poeziyanın əsəbləri gərginləşir, tarıma çəkilir:
            Tamahlar var, məqam tapıb orbitə çıxsa,
            Qitələrin gözlərinə qar atacaqdır.
            Yer şarını bir nar kimi ovcunda sıxsa,
            Tamahsıyıb ulduzlara tor atacaqdır.
Həyatı gözəlləşdirmək uğrunda mübarizə bəzən o qədər təsirli səmərə verməyəndə, ayrı-ayrı adamlarda ruh düşgünlüyünə, ümidsizliyə gətirib çıxaranda, Məmməd Araz şerinin yarıciddi, yarıistehzalı səsi eşidilir:
            Demə ki, ömrümüz keçdi yarıdan,
            Biz yenə ümidli günlər yarıyıq.
            Biz ki gələcəyə ümid sarıdan
            Dünyanın ən varlı adamlarıyıq.
Məmməd Arazın poeziyası olduqca ümidli poeziyadır. Həyatı, insanı təsdiq onun əsas ruhunu təşkil edir. Hətta şairin ən tənqidi ruhlu şerlərində belə biz yüksək ideallarla silahlanmış lirik qəhrəmana rast gəlirik:
            Hər yetim baxışı mənə ittiham,
            Sinəmə xəncərdir dilənçi əli.
            Gah masam – alışıb yanan Vyetnam,
            Gah əlim – düyünlü bir zənci əli.
Bir cəhəti də qeyd etmək istəyirəm: Məmməd Arazın şerlərində zəif deyilmiş qeyri-poetik misralara, yüksüz bəndlərə rast gəlmək olar. Ancaq hədəfsiz, məqsədsiz, işgüzar olmayan şerə rast gəlmək mümkün deyil. Hansı şeri oxuyursan-oxu, mütləq orada narahat edən, düşündürən bir məsələnin qoyuluşuna rast gələcəksən. Bunlardan yalnız birini misal göstərmək istəyirəm: “Professor Gülə məktub”. Bir neçə il bundan əvvəl Xəzərin çirklənməsi əleyhinə bu sahədə xeyli iş görmüş mərhum professorumuz  Gülə məktub şəklində yazılmış bu şer laqeydlərə, bürokratlara, öz vicdani vəzifəsini, vətəndaşlıq borcunu yerinə yetirməyənlərə ən tutarlı xəbərdarlıqdır.
Şair bütün həmvətənlərini, xüsusilə alimləri “giley qəhrəmanları”na, “Xəzərin taleyini biganəliyə yem eləyənlər”ə qarşı barışmaz olmağa çağırır. Deyir ki, “bəlkə Ölü dənizi də bir vaxt belə öldürüblər”. Xəzərə çirkablar gəmilərdən deyil, şüursuz beyinlərdən axır, hələ də açılmamış sirli düyünlərdən axır:
            Xəzəri qorumağa
            Silah istəyir.
            Yunan əsatirindən
            Allah istəyir.,
            Dənizlər Allahı!
            Yox, professor, sabahı
            Sabah deyil, bu gün qorumalıyıq!
            Sabahın bu günkü kifindən qorunmalıyıq!
Bu maraqlı kitab rəngarəngdir. Burada ehtiraslı məhəbbət şerləri, balalara həsr olunmuş parçalar, müxtəlif problemlərə toxunan poemalar vardır. Məhəbbət şerləri intim, fərdi olduğu qədər də ictimaidir. Burada təsvir olunan gözəl bir çox halda Azərbaycan torpağının namus, qeyrət timsalı kimi, qəhrəman baba və nənələrimizin ləyaqətli övladı kimi tərənnüm olunur.
Şairin şerlərindəki hisslər təbii olduğu qədər kövrəkdir. Lirik qəhrəmanın öz təmiz, saf məhəbbəti üçün keçirdiyi narahatlığın tərənnümü həzin və təsirlidir.
            Hər şeyi demək də, danmaq da çətin,
            Arabir bu gizli dərd udur məni.
            Bu şıltaq, ərköyün bir məhəbbətin
            Vaxtsız yetimliyi qorxudur məni.
Şair bəzən mülayim, bəzən sərt, bəzən birbaşa, bəzən eyhamlarla, bəzən qüvvətli, zehimli səslə danışır, beləliklə də ürəklərə yol açır, düşündürür, səfərbər edir. 
Bununla yanaşı, Məmməd Araz həyat hadisələrini geniş poetik lövhələrlə canlandırmağa ardıcıl olaraq səy göstərir. Kitabda həmin poemalardan nümunələr çap olunmuşdur. Bu poemaların bəziləri ədəbi tənqid tərəfindən layiqincə qiymətləndirilmiş, şairin istedadının imkanlarını nümayiş etdirmişdir. “Üç oğul anası” poemasının axırı bu sözlərlə qurtarır:
            Ekvator xəttinə sülh yazsın ellər,
            Nidamız Marsa da yayılsın bu gün!
            Şimşəklər qanadım, sellər ilhamım,
            Küləklər nəfəsim qoy olsun bu gün!
                         Qəlbimin bu sadə şeriyyətindən,
            Bir ana heykəli qoyulsun bu gün.
Mən tərəddüd etmədən deyirəm: ehtiras və enerji ilə qələmə alınmış bu poema cəbhələrdə üç oğul itirən, son günə kimi əyilməyən, daha da vüqarla, qürurla yaşayan, hətta bu ağır itki ilə öyünən, nəhayət, elin-obanın çiynində son mənzilə gedən ana haqqında ürək odu ilə yaradılmış heykəldir.
“Araz axır” poemasında bir məhəbbətin fonunda böyük bir faciə təsvir edilir, imperializmin xalqların başına açdığı fəlakətlər obrazlı formada, tutarlı misralarla canlandırılır. Ümumiyyətlə, poemada faşizmə, imperializmə nifrət motivləri çox qüvvətlidir. Eyni zamanda poema oxuculara Vətənə coşqun məhəbbət və sədaqət, dostluq, beynəlmiləlçilik hissləri aşılayır.
Şair “Paslı qılınc” poemasında  ailə-məişət konfliktinə toxunsa da, bununla məhdudlaşıb qalmır. Burada mənəvi tərbiyənin bir sıra ciddi məsələləri əsl sənətkar qələmi ilə, bacarıqla tədqiq edilir.
Bəzi iradlarımı da bildirmək istərdim. Burada şerlə, şairlə bağlı motivlər çoxdur. Məmməd tez-tez “şer necə olmalıdır?” – sualına  cavab axtarır. Sənətin vəzifəsi, sənətkarın mövqeyi barədə poetik mülahizələrini bildirir. Əlbəttə, ayrı-ayrılıqda bunlar xoş təsir bağışlayır. Ancaq hamısı bir yerə yığışanda təkrar kimi səslənir. Bir də, mənim fikrimcə, Məmməd Araz öz şer və poemalarında çox gözəl sübut edir ki, müasir şer hansı keyfiyyətlərə malik olmalıdır. Belə halda proqram xarakterli şerlərə, parçalara o qədər ehtiyac görünmür. Kitabda mənə təkrar kimi görünən bəzi motivlər də məhz bununla əlaqədardır. Məsələn, yalançı tərifin, şöhrətin sənətə düşmən olması fikrinin həmin qəbildən olan şerlərdə təkrarını buna misal göstərmək olar.
Şairin tərənnüm ruhlu poemalarında bəzən ilham baş alıb gedir. Buna görə də ayrı-ayrı hallarda əsas mətləbdən uzaqlaşmaq, bir qədər də ciddi desək, sözçülük özünü göstərir. Əlbəttə, Məmməd kimi şair belə hallara diqqətli olmalıdır.
Indi şair yaradıcılığının coşqun, qaynar dövrünü yaşayır. Oxucular onun imzasını səbirsizliklə gözləyirlər. Bu yaxınlarda mətbuatda çap olunmuş silsilə şerləri bunu bir daha sübut etdi. Qoy gözəl şairimizin oxucularla belə uğurlu görüşləri tez-tez olsun, onun ehtiraslı səsi daha tez-tez eşidilsin.

1980
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws