|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
İNSANI XİLAS EDƏN QÜVVƏ İNSANIN ÖZÜNÜ DƏRK ETMƏSİ OLACAQ

Əbdülxaliqin şairlə müsahibəsi

- Məmməd əmi, elə günlər  yaşayırıq ki, kiməsə «necəsən» deməyə adam çətinlik  çəkir, daha doğrusu, xəcalət çəkir. Necə olasıdır axı? Müharibə, millətimizin hər yeddi nəfərindən biri qaçqın, torpaqlarımızın iyirmi faizi işğal altında, hər evdə olmasa da, hər tayfada qan-qada, min cür iqtisadi çətinlik, ən adi, ən zəruri məişət tələbatının problemə çevrilməsig Amma yenə üzümüzə üz tutub Məmməd Araz kimi həssas, insansevər, kövrək bir şairdən soruşuruq: Necəsən, Məmməd əmi?

- Özünüz elə sualı da verdiniz, cavabı da. Bu ona bənzəyir ki, ağır bir operasiya məqamında xəstəyə gülə-gülə sual verəsən: kefin necədir? Xəstə canını yox, «son anını dişinə tutub» deyə ki, «kefim əladır».
Mən o ağır vəziyyətində deyil, bir az ondan yüngül vəziyyətdə bu sualı çox təbii qəbul edirəm və çox təbii şəkildə cavab verirəm ki, «əladan yaxşıyam, yaxşıdan əla». Özümə təlqin eləmirəm. Sizə də  təlqin eləmirəm, özünü necə görməkdən, necə görmək istəməkdən çox şey asılıdır: yaxşıyam, vallah, yaxşıyam. «Sən məğlub ölkəsən, yaxşı olmalısan, sən sərhədləri pozulmuş qəhrəmansan, torpağı didilmiş rəncbərsən, yurduna külüng vurulmuş qeyrət adamısan, yaxşı olmalısan, ayrı yolun yoxdur! Yaxşı olmağı yadırğaya-yadırğaya yaxşı olmalısan, qeyri yolun yoxdur! Torpağın min qat dərinliyindən də olsa bu yolu, bu səsi tapmalısan».

- Məmməd əmi, məlum səbəblər üzündən bu gün ədəbiyyat aləmində elə ilk  baxışdan nəzərə çarpan  seyrəklik var. Ədiblər vəzifəyə, siyasətə, alverə, bir Allah bilir, daha haralara baş götürüb gediblər. Əvvəla, bu yaxşı haldı, ya pis? İkincisi, gedənlərin içərisində itki, qalanların içərisində getməli olanlar varmı?

- Bu sualı bu şəkildə və ya buna yaxın şəkildə nə vaxtsa mənə vermişdilər: «bəs sənətkarlar var, Vətəni bərk ayaqda atıb gedirlərg». Bir məsələ var: bunu çox aydın ifadə edirsiniz: gedənlərin içərisində itki, qalanların içərisində getməlilərg Bax, bu qalanların içərisində getməlilər çoxdur; çox olmasa da var. Bunların içərisində bəzən millətin «qabağına düşüb», onun ağzını boza döndərənlər də yox deyil. Belələrinin getməsi qalmağından daha yaxşıdır. Məsələnin başqa tərəfini açsaq, əsl sənətkar dünyanın övladıdır. Deyək, bu regionda onun yuvasını dağıdırlarsa, bu qələm sahibi, bu fırça ustası və ya nəğməkar təhlükəsiz bir mühitə köçürsə, bunun nəyi qəbahətdir?.. Konkret olaraq bir misal, Kəlbəcər şəhərində etnoqrafiya muzeyini düşmənə qoyub çıxmaqla nə qazanmışıq? Bir sözlə, bu hadisələrə «kim», «nə vaxt», «niyə» baxımından yanaşmalıyıq.
Tutaq ki, ilin-günün bu vədəsində Araz qırağnda bir musiqi aləti və musiqiçi qalıb mələyə-mələyə; onu başa düşən və ya başa düşmək istəyən yoxdur.  Və elə bu məqamda ona xəbər gəlir ki, bəs Böyük Səhranın «girəcəyində» kiçik bir xalq var, sənin musiqi alətinin dəlisidir. Və bu sənətkar musiqi «şələsi»ni yığışdırıb həmin diyara üz tutur. Hansı ölçü, hansı meyarla yanaşırsan-yanaş, onu Vətənə xəyanətdə ittiham  eləmək olmaz. Sənətkarın vətəni onun sənətindən başlanır: zənnimcə, elə siz də bu fikirdəsiniz. Sadəcə olaraq, siz bu sualı verirsiniz, yəni mənə nisbətdə müxalifətdəsiniz. Lətifəsi sizdən uzaq, bizim Azərbaycan mühitində isə bu ənənə çoxdan mövcuddur – iqtidar həmişə «haqqın» ətəyindən yapışan, müxalifət isə hər yerdə səsi cığal məxluqdur, bunlar hər yerdə, hər zaman əldən yapışmaz, ayaqdan yapışmaq isə əsl peşələridir.

- Bu il həm də Füzuli ilidir. Məmməd Araz Füzuli adına çox söz ünvanlayıb:

Açın qapıları səba yelinə,
Açın, Füzulinin nəfəsidir o.

və ya:

«Azərbaycan» deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Bu gün bu mövzuda təzə-tər bir söz eşitmək istəyirik.

- Bu ilin Füzuli ili olması, məncə, çox azdır. Mən bunu daxili səsimlə, bütün səmimiyyətimlə deyirəm. Bu münasibətdə Füzuli heç nə itirmir,  bütün münasibətlərdə  belə Füzuli heç nə itirmir. Çünki Füzuli bu dünyanı çox gözəl tanıyır.

Füzuli deyirdi ki:

Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördümg

Bilmirəm, bu misranın yükü, ağırlığı dünyanın  bütün dərdli adamlarının yükünü, ağırlığını çəkməzmi? «Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm». Sözdən toxunan sözə bax! Bu, insan qüdrətinin, insan idrakının fövqündə olan bir deyilişdir ki, bunu yalnız İlahi gücə malik zəka ifadə eləyə bilərdi. Mən, demək olar, hər gün bu misra ilə üzləşirəm, yazı masamın üstündə onunla salamlaşıram, ona yalvarıram, «əlimdən tut» deyirəm, «dünyanı yenidən dərk eləməkdə köməyim ol» - deyirəm. Bəzən gözlərim dolur, ağlayıram, İlahi, bu hələ yüzlərlə, minlərlə misralardan biridir. Mənim Füzuli haqqında dediklərim zərrənin zərrəsinin milyonda biri olmağa qadirdimi? Demişəm:

Açın qapıları səba yelinə,
Açın, Füzulinin nəfəsidir og

Füzulinin nəfəsi ilə müqayisədə səba yelinin həcmi kiçikdir, çox kiçik. Bu həmin səba yelidir ki, insanları əhatə edən mühitə dünyanın ab-havasını gətirir. Ancaq həmin dünya Füzuli ilə üzləşməkdən qorxur. Qorxur ki, şairin nəfəsindən od alıb yana. Beləliklə, Füzuli təklənir, təkləndikcə tənhalaşır, tənhalaşdıqca zirvələşir, nəhrləşir, ümmanlaşırg Sığmaz dərəcədə böyüyürg Onun böyüklüyü ilə zaman özü görünməz olur. Zaman onu eşitmir, müxtəlif ədəbi cığıltılar qoymur zaman eşidə onu. Odur ki,

Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri.

- deyir. Elə bil ki, bu misralarda dağ boyda  Füzuli dərdi sıxılıb, sıxılıb bir ovuc qurğuşun olub və bu ovuc dərd nə vaxtsa, hardasa «dünyanın bir küncünə yığılmış» namərdlərin başında partlayacaq. Nə isəg Mətləbdən uzaqlaşdıq deyəsən bir azg Bu il Füzuli ilidir. Bütün illər Füzuli ilidir. İndi zaman özü Füzulini hamıdan yaxşı eşidər yəqin, Füzuli dərdi, Füzuli humanizmi dünyaya bir yeni əmin-amanlıq gətirər yəqing
Nəhayət, məndən Füzuli haqqında təzə deyim, təzə söz istəyirsiniz. Bu, çox çətin, çox ağır bir vəd olardı. Mən bu vəd-yükün altına girə bilmərəm. Çünki Füzulidə qeyri-təzə söz yoxdur. Onunla qabaq-qənşər çıxmaqg yox, bacarmaram!

- Məmməd əmi, təfəkkürümüzdə bir «qırx gün» anlayışı var və bu, möhlət, səbr, dözüm sınağı kimi  qəbul olunub. Koroğlu qırxıncı günə tablamadı, tövlənin divarını deşib Qırata baxdı və nəticədə bu səbrsizlik Qıratı qanaddan məhrum elədi. Gətirdiyim bu misal mifik təfəkkürün məhsulu olsa da, nədənsə, mənə elə gəlir ki, «Leyli və Məcnun» da otuz doqquzuncu gün işıq üzünə çıxıb. Əgər Füzuli qırxıncı günə təhəmmül etsəydi, əsərin daxili harmoniyasında müəyyən miqyas dəyişikliyi baş verəcəkdi və nəticədə «Leyli və Məcnun» bəndə sözündən daha yüksək məqamda yer tutacaqdı.

- Sən özün dediyin kimi, təfəkkürümüzdə «qırx gün» anlayışı var. Uşağın «qırxı çxır», niyə 35, 45, 50 yox, məhz qırxı? Ölənin qırxı verilir, əllisi, altmışı yox! Nağıllarda qırx gün, qırx gecə toy çaldırılır, qırx otağın sirri qırxıncı otaqda vaqe olmalıdır? Ancaq heç vaxt real həyatda möcüzə olmur. Odur ki, qəhrəman ən geci 38 və ya 39-cu otağı açmadan səbrsizlik, dözümsüzlük eləyib 40-cı otağı açacaq və beləliklə, gözlənilən möcüzə olmayacaq. Mən sizi inandırıram, əgər Füzuli  bütün səbrini, dözümünü yığıb 40-cı gündə açsaydı belə yenə də öz «Leyli və Məcnun»u ilə qarşılaşacaqdı: Dastan qəhrəmanı Koroğlu da elə, nağıl qəhrəmanı Keçəl də eləg
Ancaq bu «qırxlar» nədir? Dediyiniz kimi, niyə «qırxlar»dır – bunun hələlik «kilid-açarını açıb-bağlayan» yoxdur. Bəlkə də heç vaxt olmayacaq, «qırxlar»ın çoxu artıq sadələşib, ənənələşib, necə deyərlər, təqvimlərdə təsdiqləşib. Bir də insan ömrü çox qısadır, bunların çoxunun dərinlərinə varmağa sadəcə olaraq ömür çatmır, vaxt çatmır, elə dediyimiz o «səbr» də çatmırg

- Sələflərimizdən, təbii ki, şairlər nəzərdə tutulur, kimi özünüzə, daha doğrusu, özünüzü kimə və hansı cizgilərə görə doğma bilirsiniz?

- Bu sual da çox çeynənmiş ənənəvi sualdır. Mən də buna ənənəvi cavab verməkdən çəkinmirəm, bezmirəm və utanmıram da. Bu ədəbiyyat – Azərbaycan ədəbiyyatı elə zəngin, elə nəhəng sənətdir ki, onun qarşısında, əvvəldə deyildiyi kimi, heyrətdən donub qalırsan. Gərək ki, Nəriman Həsənzadə deyib: «Aşağı  baxıram gözüm qaralır, yuxarı baxıram papağım düşür». Bu müqayisələrdə həmişə böyük şərqşünas alim Bertels Nizami ilə tərəziyə qoymağa bir ədəbi nəhəng axtarır, özünə sual verir və cavabını da özü tapır: «Nizamini təkcə Firdovsi ilə müqayisə eləmək  mümkündür» qərarına gəlir. Və bu qərarına özü əlavəsini eləyir; bütün böyüklüyünə baxmayaraq, Firdovsi də üzünü keçmişə tutmuşdu və keçmişin yaxşı cəhətlərini bu günə gətirmək istəyirdi. Bu cəhətdən Nizami Firdovsidən də bir addım irəli getmişdirg»
Mənim bir oxucu kimi, dəyişməz qibləm Nizamidir. Ona görə yox ki, böyük şərqşünas Bertels ondan uca zirvə tanımır. Ondan sonra gələn Şərqin söz sərkərdələri hamısı bunu bəyan, onun məktəbindən gəldiklərini böyük fəxrlə etiraf eləmişlər. Nizami həmişə müstəsnadır, o, həmişə təzədir, tərdir, birincidir. Sabirləri, S.Vurğunları, R.Rzaları, H.Arifləri görünməz eləmir. Mən bu zamana sığmazların birini, ikisini deyil, hamısını qəlbimə sığışdıra bilirəm. Mən sərhəd xətti tanımayan poeziyanı tanıyıram. Amma neyləmək olar ki, poeziya bir dil üçün – ana dili üçün yazılır: etiraf etsək də, etməsək də, bu belədir. Bircə bu şeri götürün. Aşıq Alının «Nə qaldı» şerini:

Ölüm haqdı çıxmaq olmaz əmrdən,
İpək tora halqa salma dəmirdən.
Aydı, ildi, gəlib keçir ömürdən,
Tələsirik, görən yaza nə qaldı.

Və ya ikinci – «Gözlərəm səni» şeri:

Sürünərəm dizin-dizin
Yolunca, gözlərəm səni.

Və ya:

Dəryaya qan-yaş tökərəm
Dolunca, gözlərəm səni.

Eşq həsrətini bundan səmimi, bundan obrazlı, bundan fəryadlı de görüm, ay dedin ha! İndi bu misraları başqa dildə orijinal səviyyəsində, heç olmasa, ona yaxın səviyyədə səsləndir görüm! Çətin, çox çətin. Burada deyiblər ki, poeziya bir dildə danışır.
Mən Nizamidən üzü bəri gələn, «Füzuliyanə danışan» sənət korifeylərinin hamısına söykənmişəm, hamısından öyrənmişəm, indinin özündə dəg İndi az da olsa, təzə cavanlar yetişir, fəxr eləməli cavanlar. Arzu edirəm bunlar yarı yolda qalmasınlar.

- Siz minacat yazmısınız və o minacat müsabiqədə qalib adına layiq görülüb. Bu necə olub? Daha doğrusu, bu minacat hansı zərurətdən doğdu? Məmməd Araz özünü dindar hesab edirmi? Edirsə, sübutu, əsasıg Və bir də Sizə görə, din həyatımızda hansı mövqedə dayanmalıdır?

- Babam zamandan gileyli olanda deyərdi: «Allah bu yerləri dəftərindən pozub. Yəqin hardasa orucumuzu yemişik, namazımızı unutmuşuq, fitrə-zəkatımızı danmışıq». Mən də zamandan gileyli vaxtlarımda Tanrıya müraciətlə bir yalvarış şeri, belə deyək, minacat yazmışdım. Şeri heç cür bitirə bilmirdim. Bir gün, 1991-ci ilin yazında eşitdim ki, Peyğəmbərimizin doğum günü münasibəti ilə Türkiyədə Dəyanət Vəqfi müsabiqə elan edib. Bu, doğrudan da, möcüzə oldu – şeri bitirib oraya göndərdim. Və bu müqəddəs mükafata layiq görüldüm. Buna görə də Türkiyəyə dəvət olundum. Mükafatı təntənəli şəkildə təqdim elədilərg
Soruşursunuz: Məmməd Araz özünü dindar hesab edirmi? Bilmirəm, dindar olmaq necədir? Mən gözümü açandan ata-anamı, babamı və nənəmi oruc tutan, namaz qılan, fitrə verən, bütün dini mərasimləri vaxtlı-vaxtında qeyd eləyən görmüşəm. Biz uşaqlar isə qırmızı sovet pionerləri, komsomolçuları idik. Hansı səmtə istəsək, meyl eləmək imkanımız yox idi. Yoxsa məsələlər böyüyərdi, partiya təşkilatına çata bilərdi. Bunun da tənbehinə məruz qalmaq xoşagəlməz nəticələr verərdi. İndi Allaha şükür ki, dindar olmaq da azaddır, dindar  olmamaq da. Din dövlətin işinə qarışmır, dövlət də dinin. Məmməd Araz da Böyük Allahın quludur. İslamın bütün qanunlarını qəbul edir və onlara hörmət edir. «Qurani-Kərim»i öz vicdan kitabı sayır.

- Kimi deyir, dünyanı bərabərlik xilas edəcək, kimi deyir gözəllik. Bəs bu haqda Məmməd Araz nə deyir. Bəşərin xilası hardadı?

- Kimi deyir: dünyanı bərabərlik xilas edəcək, kimi deyir gözəllikg Bəs mən nə deyirəm, eləmi? Məncə, hər ikisi düz deyir və həm də ikisi də mütləq mənada düz demir. Niyə? Belə ki, bəşərin bərabərlik anlayışına qədər keçdiyi yollar çoxcəhətlidir. Çox çətindir, çox mürəkkəbdir.
Burada «bəşəri sivilizasiya» anlayışı var ki, bu da bəşəri demokratiyadan keçir: insan azad olmalıdır, insan istədiyi kimi qidalanmalıdır, istədiyi kimi düşünməlidir, düşündüyü kimi danışmalıdır; burada zamanın humanist gedişatında hamı iştirak etməlidir; zamanın qanunlarına hörmət və riayət etmək daxili vərdişə çevrilməlidir.  Burada raket istehsal edən Amerika fəhləsi ilə Afrika cəngəlliyində qamış bıçaq düzəldən məxluqun bərabərliyi, qarşılıqlı hörmət hissi yaranmalıdır; bu qəbildən olan mərifət normaları, davranış normaları doğulmalıdır. Nə isə, bu sadalamalarla vaxt almayaq; mən də mücərrəd halda deyirəm: insanı xilas edən qüvvə insanın özünü dərk etməsi olacaq! Bu necə prosesdi, bu necə gedir, harda itir, harda bitir – bu, ayrı söhbətdirg

- Mənə elə gəlir ki, ömür yaşayanlar yox, birtəhər başdan edənlər ötən illərçün daha çox fəryad edirlər. Çünki arxada göz işlədikcə uzanan böyük bir boşluq, səhra qalır. Məmməd Araz adına gələndə, nədənsə, 60 il, ya 70 il yaşayıb deyə bilmirəm, çünki ona 60-70 il yanıb demək daha çox yaraşır. Amma yenə bilmək istərdik, bu geriyə baxmaq məsələsi Sizdə necədi? Və bir də ömrünüzdə bir sirr kimi özünüzlə gora aparacağınız, heç bir quyuya deyilməyəcək munis bir nisgil, bir ağrı varmı?

- Qoyun elə sualın bu hissəsindən başlayım – «geriyə baxmaq məsələsindən». Ömrün son gününü bilmək olmur. Bilmək olmur ki, bu nöqtədən geriyə baxasan. Mənim üçün bu çox dəhşətli məsələdir. Hərdən baxıram, çox qorxulu mənzərələr görürəm. Bütün izimi-tozumu, qar uçqunumu, dağ uçqunumu udan yarğanlar, xəndəklər, vahiməli dərələrg bomboz düzənliklər, rəngsiz səhralar qalır. Süni təvazökarlıq eləmirəm. Həmişə də dilimdə bu misralar səslənir:

Fikrimin çəkisi çəkimdən ağır
Dartmaq da çətindi, atmaq da çəting

Elə munis nisgillərim, elə ağrılarım var ki, bunları çəkməyə «bir ömrün nəqliyyatı» gücsüz  olardı.

- Məmməd əmi, yenə məddahlar yaman çoxalıb.

- Məddahlar çoxalıb. Onlar bütün dövrlərdə çox olublar; ədədi silsilə ilə artıblar, sonra həndəsi silsilə ilə də əriyib itiblər. Onlardan qorxmaq lazım deyil. Onları çap eləmək lazımdı ki, ifşa olunan məqamda gözdən yayına bilməsinlər. Yazılan qalır: yaxşı da, pis də, həqiqət də, mədhiyyə də. Hər kəs öz yazdığına cavab verəcək; özü də olmasa, ruhu, məzarı cavab verəcək.

- Cavanlarımızdan razısınızmı?

- Cavanlardan, əlbəttə ki, razıyam; bu gün onlara ümidlə yaşayıram. Onlara inamla da sabaha gedirik. Bu ümid, bu inam olmasa biz özümüz də yoxuq, olsaq da bir qəpiyə dəymərik.

- Ədəbiyyatdan baxanda siyasi aləm necə görünür?

- Məsələ ədəbiyyatdan siyasi aləmə necə baxmaqdan, hansı gözlə, hansı ölçüdən baxmaqdan asılıdır. Mən indi siyasi aləmə sənətdən baxanda onu çox bayağı, mənasız, üzsüz və astarsız görürəm. Bir də, əksinə, çox şey üstüörtülü görünür. Əsl sənət onun üstünü açmağa qadirdir.

- Məmməd Arazın təzə nəyi var və hal- hazırda nə üzərində işləyir?

- Doğrusunu desəm, son vaxtlar yaxşı işləyə bilmirəm. Çox aktual mövzuların ağzına elə bil qıfıl vurulub. Açarını tapa bilmirəm. Xırda-para işlərlə məşğulam.

- Bəs Siz özünüz  Məmməd Araza hansı sualı verərdiniz və o nə cavab verərdi?

- Həmişə özümə verdiyim ənənəvi sualı yenə verərdim:

Sənin gəlişinlə nə dəyişildi,
Sənin gedişinlə nə dəyişəcək?

Heç nə, heç nə, heç nə!

                                                     21 iyun, 1994

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws