|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
«HAQQIN VAR YAŞAMAĞA!»

Şükür Şənolun şairlə müsahibəsi

Məmməd müəllim, 60 yaşınızın tamam olması münasibəti ilə Sizi redaksiyamız və oxucularımız adından təbrik edirik. Sizi şerimizə Araz havası, Araz coşğunluğu gətirən şair kimi tanıyırıq. Bəs Siz sənətin amalını nədə görürsünüz?

- Mən sənətin amalını insana xidmətdə görürəm; zənnimcə, bütün cəmiyyətlərdə belə olub, belədir və bundan sonra da belə olacaq. Ancaq bu xidmət necə, nə şəkildə yerinə yetirilir və yetirilməlidir – bu, ayrı söhbətdir. O ki qaldı mənim şerimizə Araz coşğunluğu, Araz havası gətirməyimə, bu bir az mübaliğədir. Mən sadəcə olaraq Araz sahilində  «o tay-bu tay» həsrətini bəlkə daha çox görmüşəm və bu çoxu da əlim qələm tutandan  vəsf eləməyə çalışmışam. Bu vəsfetmə coşqun olub, sakit olub – bunu deyə bilmərəm.

- Deyirlər, insan taleyi yox, tale insanı seçir.

- Dünyanın ekspertləri yığıla, ölçə-biçə, ələyə-ayıra, yenə də sübut eləyə bilməz ki, «insan taleyi seçir, yoxsa tale insanı». Bir də bunlar elə gözəgörünməz, oxunmaz, «gəlişi-gedişi» bilinməz müəmmadır ki, burada nəyin birinci, nəyin ikinci olduğunu aramaq mümkün deyil, heç ehtiyac da yoxdur.

- Ədəbiyyatımızda «altmışıncı illər ədəbi nəsil» anlayışı var. Siz bu nəslin nümayəndələrindən birisiniz. O illər barədə nə demək istərdiniz?

- Altmışıncı illərin əvvəllərində eşidilən «ədəbi dınqıltı» əslində əllinci illərin ortalarında oyanmağa başlayan ədəbi səsin əks-sədası idi. Stalin ölmüşdü, onun kultunu necə silkələmək, necə yıxmaq məsələsi o zamankı Kremldə bir nömrəli məsələ idi. Altmışıncı ilin əvvəllərində artıq B.Pasternak «Doktor Jivaqo»nu yazmışdı və Nobel mükafatı da almışdı. A.Soljenitsın da ayağını bir başmağa qoyub öz mövqeyini gələcəyi naminə diktə eləməyə başlayırdı. Kreml hakimiyyəti ənənəvi partiyalı ədəbiyyatla əsl vicdan ədəbiyyatının toqquşmasına hakimlik edə bilmirdi. Əsl vicdan ədəbiyyatının başında artıq A.Tvardovski dururdug Bu da Rusiyada oyanan demokratik fikrin, bəşəri duyğuların təsiri ilə bağlı idi. Bu məsələni danmaq olmaz ki, o vaxt Moskva bizim üçün «yuxarı» hesab olunurdu. Bu «yuxarı»nın ədəbi mühiti bizə təsir eləməyə bilməzdi. Təbii ki, burada yeni nəslin, yeni istedadların axtarış meylləri rolunu oynamalıydı  və oynayırdı.
Şübhəsiz ki, partiyalı ədəbiyyatın tələbləri ilə formalaşan sosializm-realizmi metodunun «yaradıcıları» da «əks-hücumda» pis oynamırdılar. Bu məsələyə mənim baxışım belədirg Bir də deməliyəm ki, bütün hallarda, bütün məqamlarda sənətin taleyi istedadlardan asılıdır. Heç bir hücum, heç bir zorakılıqda onu yolundan döndərmək mümkün deyil. O illərin xatirəsi, qənaəti qısaca belədir.

- Sənətkar-tənqidçi münasibətləri,  tənqidçinin mövqeyi barədə fikriniz maraqlı olardıg

- Tənqidçinin (əlbəttə, söhbət əsl tənqidçidən gedir) tələbi nədir? – Sənət sənət yolu ilə getməlidir. Sənətkarın əsl istəyi budur. Bu gedişatda mübahisədən, hətta müəyyən çəkişmədən də qorxmaq lazım deyil. Ancaq tənqidçi-yazıçı münasibəti, mənim zənnimcə, nə öcəşmə səviyyəsinə enməlidir, nə də münaqişə dərəcəsinə qalxmalıdır. Belə vəziyyət alınarsa, onda məsələnin düzgün həlli üçün sənətin yeganə «Konstitusiya məhkəməsinə» – oxucuya müraciəti ən doğru yol olardı.

- «Döy qapımı, döy qapımı, Müşfiq küləyi, Əli Kərim qasırğası, qır pəncərəmi» misralarını yazanda hansı hissləri keçirirdiniz?

- İstər-istəməz yadıma salmaq istəyirdim: ehtiyatlı ol, küləklər haqqında səndən əvvəllər yazanlar olub. Xüsusilə, Mikayıl Müşfiqin və Əli Kərimin gözəl şerləri oxucuda elə  təsəvvür yaratmasın, bunlardan xəbərsizəmg

- Günün hansı vaxtında yazmağı üstün tutursunuz?

- Fikrimə bir misra düşərsə, günün bütün vaxtlarında yaza bilərəm.

- «Dünya sənin, dünya mənim» və «Ya Rəbbim, bu dünya sən quran deyil» şerləri son illərdə Sizin «poetik vizit vərəqənizə çevrilib. Daha hansı şerlərinizin adını çəkərdiniz?

- Sözün doğrusu, məndən soruşsalar, son bir neçə ildə hansı şerin uğurludur, cavab verməyə çətinlik çəkərəm. Bir az fikirləşsəm, son illərdə yazdığım şerlərin bəzilərini sadalaya bilərəm. «Bu insan adlanan insan», «Yol ayrıcında söhbət», «Bu millətin dərd-səri», «Bu millətə nə verdik ki?», «Necə yaşadımsag», «Meymuna əl çalmaq öyrədən uşaq» kimi yazılarımın adını çəkə bilərəm. Düzünü deyim ki, mən özüm öz yazılarım haqqında fikir deyə bilmirəm. Həm də axı mənim vəzifəm yazmaqdır. Qiymət verənsə oxucudur.

- Söhbətinizə yekun kimi daha nə demək istərdiniz?

- Bu da belə bir ömürdü yaşadım.

                                                18 oktyabr, 1993

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws