|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
«TORPAĞA BAŞ ƏYƏN ŞAHA BAŞ ƏYMƏZ»

Müzəffər Talıblının şairlə müsahibəsi

- Məmməd müəllim, xalqımızın bugünkü ictimai-siyasi, mənəvi-psixoloji durumu haqda nə deyə bilərsiniz?

- Xalqımızın ictimai-siyasi, mənəvi-psixoloji durumumu deyək, vəziyyətimi deyək, bu durumun, bu vəziyyətin gözə görünən və görünməyən bataqlığımı deyəkg bunlar hamısı bizim yaşayıb-yaşamamağımız məsələsi ilə bağlıdır. Əlimizi hara atsaq da, kimə tərəf uzatsaq da, son ayaqda özümüzü bataqlıqdan çıxaran özümüz olasıyıq. Biz buna özümüzü inandırmalıyıq. Özümüzü inandıra bilməsək, deməli, yalan danışırıq. Yalan isə hər hansı bir cəmiyyətin xərçəngidir. Vəziyyətin belə gərgin hal alması nə xalqın, nə də xalqın önündə gedən harayçıların xeyrinədir. Mən xalqımın hadisələri bulandırmağa deyil, durultmağa doğru gedəcəyinə inanıram.

- Azərbaycan ziyalılığının bu günü və milli azadlıq hərəkatımız, ziyalıların demokratikləşmə prosesində iştirakı barədə fikirləriniz oxucularımız üçün maraqlı olardıg

- Əgər ziyalı xalqın önündə gedə bilirsə, deməli, o xalq mövcuddur. Xalq isə ziyalısının ardınca gedirsə, deməli, ziyalı mövcuddur. Xalq ilə ziyalı arasında vəzifə bölgüsü aparmaq düzgün deyil. Kimin konkret məqamda, konkret məkanda nə iş görəcəyi və ya görə bilməsinə gəlincə, deməliyəm ki, kimsə qələbə bayrağını birinci götürəcəkdir. Onun ağır-yüngüllüyünün kimin çiyninə düşəcəyi şərtidir. Bizim yurdumuzda milli-azadlıq, demokratiya bayrağını ilkin götürən ziyalı olub. Bu, bizim milli xarakterimizə uyğundur və təbiidir. Bu ziyalıdır, bu fəhlədir, bu kəndlidir – bunların bir-birinə qovuşması çox yaxşıdır. Fəhlə xarakterinə ziyalının yiyələnməsinə də bu baxımdan yanaşmaq lazımdır.
Sözümün canı bundadır ki, milli azadlıq hərəkatı ilə demokratikləşmə prosesi bir-biri lə sıx bağlıdır. Bunların hər ikisinin də müəllifinin ziyalı olması çox təbiidir. Ziyalı xalqın ağlıdır, xalqın gözünün işığıdır. Əgər ziyalı millətin bayrağını götürüb xalqın istədiyi yüksəkliyə qaldıra bilmirsə, nə o xalq ucala bilər, nə də onun ziyalısının «mən varam» deməyə haqqı var.

- Məmməd müəllim, Siz 70-ci illərin əvvəllərində mövcud siyasi rejimlə ideoloji müxalifətdə olub bunun «dadı»nı görən ziyalılarımızdansınızg

- Sənətin taleyi həmişə belə olub ki, hakimiyyət irtica tərəfində, asıb-kəsənlər, qan töküb intiqam alanlar tərəfində «vuruşub». Sənətkar isə xalqın içindən çıxdığından haqq-ədalət, doğru söz, sosial qayğı, bir sözlə, işıqlı əməllər tərəfində silah  götürüb. Bu da təbii olaraq əks mövqelər cəbhəsi yaradıb. Bilmirəm, bu mövqelər müxalifət anlayışına cavab verirmi? Burada bir haşiyəyə çıxmaq istəyirəm. İsmayıl Soltan adlı bir şair yadınızda varmı? Uzun müddət «Azərnəşr»də redaktor vəzifəsində işləyirdi. Mənim 1959-cu ildə çapdan çıxan ilk kitabımın redaktoru olmuşdu. Allah ona rəhmət eləsin! Mənimlə çox sülh şəraitində işlədi. Ancaq kitab çıxana qədər yaşamadı. O qədər də səviyyəsi olmayan kitabın əlyazmasını oxuyub qurtarandan sonra mənə dedi: «Vallah, siz cavanların ağzından qan iyi gəlir, heç bir qoruq-qaytaq bilmirsiniz. Biz bir şer yazanda elə bilirdik ki, hər çiynimizdə bir senzor əyləşib, nə yazdığımız, necə yazdığımız barədə hər dəqiqədə Mircəfər Bağırova məlumat verir. Bircə sözümüz belə ölçüyə-biçiyə cavab verməsə, məhşər ayağına çəkilməliydik».
Görün, bizim poeziyamız nə günlər yaşayıb. 1937-ci ilin repressiyasında bəzən bircə misralıq «müxalifətin» qurbanı olanlar  vardı. Məsələn «Əyil, Kürüm, əyil keç» (Ə.Cavad). Sonrakı onilliklərdə «ağzından qan iyi» gələn şairlərin əlyazmaları bəzən aylarla senzura şkaflarında hərəkətsiz yatıb qalırdı (onda nəşriyyat rəhbərlərinin də «olar», «olmaz» möhürləri  mövcud idi).
Belə şəraitdə təzə söz demək, onu qadağa hasarından aşıra bilmək üçün bir xalq cəbhəsinin gücü qədər güc lazım olurdu.
Neyləyəsən, «əlvida müxalifət» demək olmur. Belə şüar demək sənətə xəyanətdir. «Doğru söz, irəli!» harayını da eşidən az olur. Bax, bu yolla mərdi qova-qova gətirib namərd eləyənlər də az deyil.
Yenə də bir qədər geriyə qayıtmaq istəyirəm. Mərhum şair Əhməd Cəmillə bir yerdə işləyirdik. O, «Azərnəşr»in baş redaktoru, mən də redaksiya müdiri idim. Bir dəfə ondan soruşdum: Əhməd müəllim, niyə cəsarətli şerlər yazmırsınız? Axı, siz buna qadirsiniz! O, bir qədər tutuldu və dedi: «Məmməd, axı biz kommunistik, bizi idarə edən MK nə deyər? Cəsarətli şerlər partiyalı şerlər deyilmi?»
İki il bundan əvvəl Nəbatət İnstitutunda mənimlə görüş keçirilirdi. Xəlil Rza da bu görüşə gəlmişdi. O, çox kəskin çıxış elədi. Xüsusilə, rus şovinizminin iç üzünü açıb-tökdü. Mənim yanımda oturan görüş iştirakçılarından biri özünü lap itirmişdi: «Məmməd müəllim, xataya düşəcəyik», -deyə qulağıma pıçıldadı. Mən isə onu arxayın elədim ki, qorxma, Xəlil bu sözləri otuz ildən artıqdır ki, deyirg Bütün sənətiylə müxalifətdə olan əsl şair Xəlil idi. İndi də odur.

- Dörd ildir ki, günbəgün artıb fəallaşan erməni təcavüzü, respublikamızda daxili və xarici düşmənlərin təxribatları nəticəsində dərinləşməkdə olan hakimiyyət böhranı, səriştəsiz, təsadüfi adamların siyasi hakimiyyətə «gəlişi-gedişi» milli varlığımızı, ərazi bütövlüyümüzü ağır sınaqlar qarşısında qoyub. Sizcə, xalqımızı bu çətin siyasi böhran burulğanından qurtara bilmək üçün nə etməli, nədən başlamalıyıq?

- Mən elə axırıncı cümlənin axırıncı «gnədən başlamalıyıq» sözündən başlamaq istəyirəm. Həqiqətdən, düzgünlükdən, açıq sözdən, hər şeyi xalqa olduğu kimi deməkdən başlamalıyıq. Ancaq məsələlərin şərhində və ya qəbulunda nisbilik mümkündür. Elə söz var ki, yüksək kürsüdən yüksək səslə deyilməlidir və ya elə məsələlər var ki, bu, özümüzə, öz «mətbəximizə» aiddir. Bunların çoxunu özümüz eşidəcəyimiz səviyyədə deməliyik. Bəzən pıçıltı da gərəkdir. Kimsə hakim partiya iştahından əl çəkmir, kimsə müxalifət cığallığından dördəlli yapışıb durur.
g Nədən başlamalıyıq? – Ciddi hərbi rejimdən, hər kəsin özünə «mən neyləməliyəm» hesabatından.
g Nədən başlamalıyıq? – Xalqın öz müdafiə və hücum qüvvəsinə xalqın özünü inandırmaqdan.
Bu yaxınlarda mən Zuğulbada Malıbəyli qaçqınları ilə görüşdüm. Ağsaqqal, qarasaqqal – hamı mənzərəni göz önündə təzədən canlandırdı. İndi məlum olur ki, çox az əlavə köməklə onları öz qüvvələrinə inandırmaq malıbəyliləri məğlubiyyətdən, lüzumsuz küyə düşməkdən xilas edə bilərdi. Onda bəlkə də Xocalı faciəsi olmazdı və olsa da, bu qədər itki verməzdik.
Malıbəylilərlə söhbətdən bu nəticəni çıxarmaq olar ki, burada «sadəcə» özünə baş ağrısı  verməmək, öz dincliyini «ötəri» təlaşa dəyişməmək də istisna deyil. Bəzən döyüşdə arxadan: «qorxma, gəlirik!» harayının da əhəmiyyəti var. Malıbəylilər bu hayı, bu həniri gözləyirdilər. Təəssüf ki, bu olmadı.
g Nədən başlamalıyıq? – Parlament mədəniyyətinə, məni bağışlayın, parlament mərifətinə yiyələnməkdən. Deyə bilərsiniz ki, belə çəkişmələr mümkündür. Bir çox ölkələrin parlamentində də buna oxşar hadisələr olur. Bəs tutaşma necə? Əvvəla, niyə pis nümunələri götürürük, ikincisi, bizim xalq öndə gedənə Allah kimi baxır.
g Nədən başlamalıyıq? – Yenə təəssüf ki, biz indi bu sualı verməliydik: harda yekunlaşdırmalıyıq?
İndi dönürəm  sualın əvvəlinə: siyasi hakimiyyət böhranı məsələlərinə.
Bütün böhranları həll edəcək qüvvənin dayanacaq  yeri, söykənəcək yeri torpaqdır. Torpaqda qış aratı necə aparılıb, payız şumu yaz əkinləri üçün nə şəkildə hazırlanıb? Əkin, səpin necə aparılıbsa, biçim də, döyüm də ondan asılı olacaq. Mənim xəbərim var ki, hər şeyin, o cümlədən cəbhənin də taleyini həll edən tarla işləri yaxşı vəziyyətdə deyil. Ölən də torpağa tapşırılır, qalan da torpağın üstündə qalır:

Torpağa baş əyən şaha baş əyməz,
Şahın əydiyini torpaq dirçəldir.

Sərhəd məsələləri başımızı elə qatıb ki, az qala torpağın içi yadımızdan çıxıb. Hər şey – torpağın bağrını dəlik-deşik eləyən bütün raketlər, mərmilər, tanklar və s. silahlar zamanın hökmü ilə əridilib torpağa xidmət eləyən müxtəlif alətlərə çevriləcək. Onda öz insan donunu itirməmiş insan bu günün əzablarını çəkməli olacaq. Hazırda isə bir əlimiz silahda, bir əlimiz torpaqda olmalıdır. Malıbəylilər rəqəm dedilər, dəhşətə gəldim. Dedilər ki, qalan varidatımız bir yana – qurulu-dolu evlər qoyub çıxdıq. Təkcə on min baş mal-qaramız qaldıg Bu rəqəmi  orta hesabla boşalan kəndlərin sayına vursaq, iqtisadiyyatımıza dəyən zərəri təsəvvür eləmək dəhşətdir.
Bir yerdə ki, çörək bişir, ora uzanan haram əl kəsilməlidir. Kim torpağın dilini bilirsə, hakimiyyəti də ona verməliyik. Bu meydan qaraqaş-qaragöz meydanı deyilg

- Məmməd müəllim, «Bu meydan qaraqaş, qaragöz meydanı deyil» dediniz. Fikrinizi bir qədər açıqlaya bilərsinizmi?

- Biz  hamımız – bütün xalq ziyalısı ilə birlikdə tufan və qasırğalardan uzaq demokratik bir quruluş yaratmalı, onun təməl daşını qoymaqda iştirak etməliyik. Bu günlərdə öz arzumuzu həyata keçirmək üçün prezident seçkilərinə başlayacağıq. Mənim fikrim belədir ki, yeni prezident idarə üsulu ilə ilk mərhələsində çox tələbkar, bir az da sərt desək, yaxşı mənada «yumruq» sahibi olmalıdır. Nə deyirsiniz-deyin, xalqın müəyyən müddətə seçdiyi başçını hədə-qorxudan, hərc-mərclikdən, pəncərə daşlamaqdan qorumalıyıq. Xalqın ləyaqətli oğulları çoxdur. Dövlət quşu kimin çiyninə qonacaqsa, onu seçməli və onun da idarəsinə kömək etməliyik.

- Torpaqlarımızda gedən qanlı müharibə günümüzün acı gerçəkliyidir. Qarabağı faciəli şəkildə düşmənə uduzmuşuq. Siz Qarabağ probleminin həlli yollarını nədə görürsünüz?

- Yenə də cavabı axırıncı cümlədən başlamaq istəyirəm. Bu, artıq yüz dəfə verilən, cavabı da qeyri-müəyyən sualdır. Ona görə qeyri-müəyyəndir ki, biz bu sualı çoxdan verməli, cavabını da əyani olaraq almalıydıq. Yəni torpağın sahibi kimdirsə, məsələni də o həll etməli idi. Mən Ermənistanın hakim dairələrinin sözünə və səmimiyyətinə inanmıram. Onlar manevr eləyir, bizi aldadırlar.
Biz nə yolla olursa-olsun, bizimlə həmsərhəd erməni kəndlisi ilə danışıq aparmalıyıq ki, görək onların bizim torpaqda gözü var, ya yox? Onlar Qarabağ məsələsinə necə baxırlar? Onlar da bir qrup separatçı quldurun təsiri altındadırsa, onda məsələnin həllinə vasitəçi dövlətləri cəlb etməliyik. Onların da səyi nəticə verməzsə, (məncə, verməyəcək), onda məlum qüvvə öz qüvvəsində qalır. Biz səssiz-səmirsiz öz ordumuzu yaratmalıyıq. Ona görə yaratmalıyıq ki, erməni milli  ordusu təxminən hazır vəziyyətdədir. Onların məqsədi bizim yurdu bütünlüklə zəbt etməkdir. Burada ölüm-qalım məsələsi var. Bizim daha başqa yolumuz yoxdur. Biz danışıq gücünə, diplomatiya gücünə, siyasi gücə arxalanıb onların gözünü torpağımızdan kəsməliyik. Qan tökmək yolu bizim yolumuz deyil. Bunun da müəyyən həddi var. Qab dolanda daşmalıdırg Bundan sonra varlığın, yoxluğun eyniləşir. «Ya Vətən, ya ölüm!» bütün xalqın qulağından asılırg

- Əlinə qələm aldığı gündən poeziyası ilə tarixi-milli yaddaşımızın oyanmasına xidmət göstərmiş Məmməd Arazın bugünkü ədəbi həyatında nə var, nə yox?

- Düzünü deyim ki, hərdən mənə gülünc gəlir bu məsələlər: şairə bax, işin-gücün buraxıb nə işlə məşğuldur. Bu didişmələr, bu dartışmalar kimə və nəyə lazımdır? Götür bu daşı ye, torpağı ye, ağacı ye, meşəni ye, sonra nəyi yeyəcəksən?

- Bu ağır sınaq anlarında millətimizə sözünüzg

- Millətin, xalqın bu ruhda köklənib özünü oyatmasını istərdim:

Səninləyəm, yatmış vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan,
səninləyəm!
Səndən qeyri biz hər şeyi
bölə billik,
Səndən qeyri biz hamımız
ölə billik.
Səninləyəm, haqq-ədalət,
səninləyəm!
Səninləyəm, milli qeyrət,
səninləyəm!

                                                                  1993

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws