|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
«ŞER BİR QƏDƏR MÖCÜZƏDİR»

Dilbər Əliyevanın şairlə müsahibəsi

Məmməd    Arazın 60 yaşı poeziyada keçən ömrün 60 ilidir. Onun özünə, poeziyasına yaxından bələd olanlara, xeyirxahlığını, kövrəkliyini, uşaq sadəlövhlüyünü və paklığını, həm də müdrikliyini bilənlərə hərdən elə gəlir ki, şair ya heç uşaq olmayıb, ya da həmişə uşaq olaraq qalıbdı. İnfil kişinin oğlu Bakıya gəlməsəydi, Şahbuzda yaşasaydı və əlinə heç qələm almasaydı da bir gün heyrətlə deyəcəkdi:

«Azərbaycan! – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər».

Yəqin ona görə ki, Məmməd Araz özü ilə, içi ilə danışa bilir, Tanrısını unutmur, şeri həyat, həyatını da şer kimi yaşamağı bacarır. Şerlərinin əsasında onun qəlbinin, mənəviyyatının, hiss və düşüncələrinin tarixini yazmaq olar. Məmməd Araz milli şairdir.  Başqa etnosun nümayəndələri onun poeziyasına soyuq yanaşa bilərlər, çünki Məmməd Araz imzalı şeri qavramaq, duymaq və qiymətləndirmək üçün onun daşıdığı milli psixologiya ilə yaşamaq, onun mənsub olduğu təfəkkür tipi düşünmək gərəkdir.
M.Arazın poeziyası bizi özümüzə qaytarır. Və fikirləşirsən: Özümüzdən uzaqlaşdığımız bu ağır günlərdə nə yaxşı ki, bizi bizə qaytaran «60 yaşın mübarəkdir», - dediyimiz Məmməd Araz adlı şair varmış.

- Məmməd müəllim, şer Sizin üçün nədir?

- Şer nədir sualına cavab (hamını qane eləyən cavab) verən anasından doğulmayıb hələ. Odur ki, ŞER BİR QƏDƏR MÖCÜZƏDİR. Müəmmadır şer! Zamana verilən böyük sualdır şer! Zamanın sualına bir sualla cavabdır şer! İnsanı dərddən xilas eləyən insanın dərd yüküdür şer! Hardasa xoş, hardasa giley-güzardır. Bir az nəsihətdir, bir az vəsiyyətdir. Yurdun üfüqünə boylanmaq üçün bir-iki pillədir şer.
Şerin tarixinə doğru getsək görərik ki, Nizamidə dərsdir şer: əxlaq dərsi, qəhrəmanlıq dərsi, mərifət dərsi! Nəsimidə özünü tanımaqdır, özünü tanıtmaqdır. Nəsimi şeri insan səviyyəsinə, insanı da şer səviyyəsinə qaldırmaq qüdrətində idi. Füzuli şeri ürəkdə közərən məhəbbət idi. Sabir qeyrət qılıncı ilə şeri eyniyyatda görürdü. Min şairə min dəfə sual versəniz ki, şer nədir? Bir-birinə oxşamayan min cavab alacaqsınız. Mən «Şer nədir, şer necə olmalıdır?» - sualına cavab verməkdə çətinlik çəkirəm, necə olmalıdırsa, elə də olmalıdır.

- Türkiyədə dini şerlər müsabiqəsində şeriniz fəxri yer tutdu. Sizin poeziyanızda əvvəlki ağrılı şerləri nəzərə alsaq, bunun yaradıcılıq axtarışlarımızda yeni mövzu olmadığını deyə bilərik. Sizin dinə müraciətinizin səbəbi? Buna aşkarlıqmı, milli müstəqillikmi, dinin dəbə minməsimi təsir göstərdi?

- Sizin dediyiniz şer belə adlanır: «Ya Rəbbim,  bu dünya sən quran deyil». Gözə  görünməz varlığa – Allaha müraciətlə yazılan şerlər və digər yazılar çox  olub. Elə indi də var. 1991-ci ilin əvvəllərində, əhvali-ruhiyyənin bir gərgin məqamında bu şeri yazdım, özü də demək olar, bir gecədə. Sonra bir neçə ay o şerə qayıtmadım, çapı ilə maraqlanmadım. Səhv etmirəmsə, 1991-ci ilin yayında Türkiyədə Məhəmməd peyğəmbərimizin doğum  günü münasibəti ilə bir dini cəmiyyət dini mövzuda yazılmış şerlərin müsabiqəsini elan etdi. Azərbaycanda bu işin təşkili şair Məmməd İsmayıla həvalə olunmuşdu. Allahın köməkliyi ilə şerə əl gəzdirib, müsabiqəyə göndərmək üçün təqdim elədim. Bir neçə Azərbaycan şairinin şeri ilə birlikdə müsabiqədə bəyənildi və mükafata layiq görüldü. Şerin qısa tarixi belədir.

- Məmməd Araz 100, 500 ildən sonrakı Azərbaycan poeziyasında öz yerini necə görür və necə görmək istərdi?

- 100 il, 500 il sonra?.. Allah eləməsin belə bir iddiada olam. Bu, ancaq dəlilik olardı. Ayrı adı yoxdur.

- Şəxsiyyət-oxucu  Məmməd Araz şair Məmməd Arazın hansı əsərini və niyə xoşlayır, hansı əsərini və niyə xoşlamır?

- Belə bir möcüzə mümkün olsaydı, mən yazılarımın əksəriyyətini təzədən yazardım. Çünki çap olunandan sonra yazılarımın çoxusunu bəyənmirəm.

- Çox sevdiyiniz və çap olunmayan şerinizdən bir bəndg

- Çox da sevmədiyim, çap olunmayan şerimdən bir bənd:

Bu, sözdü, dərddi, qəhərdi,
Sonu işıqdı, səhərdi,
Atdı, cilovdu,  yəhərdi,
Söznən zarafat eləmə.

- Ən çox sevdiyiniz söz?

- Sözg

- İnsanda ən yüksək qiymətləndirdiyiniz cəhət,  ən mənfi cəhət?

- Ən çox qiymətləndirdiyim cəhət – doğruluq, qətiyyət. Ən mənfi cəhət – riyakarlıq.

- Gənclərə arzunuz?

- Gənclərə arzum?.. Həmişə, hər yerdə, hər məqamda dünya mədəniyyətini əxz etməyi, bəşəri biliklərə yiyələnməyi, insanı sevməyi, öz yurdunu, öz torpağını sevib qorumağı bacarmağı, sağlam, qeyrətli, mətin övlad böyütməyi arzu edərdim.

                                                     aprel, 1993

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws