|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
MƏN ARAZDA ŞAXƏLƏNƏN ÇİNARDIM

Nazilə Əsədlinin şairlə müsahibəsi             

Məmməd müəllim, söz sənəti uludur, qüdrətlidir, əbədidir. Zaman hökmünü verib, qərinələr adlayır, həyatın qaranlıq və işığından qüdrətli söz sənəti isə ildırım sürəti ilə ötüb keçir. O qüdrətin qarşısına sədd çəkəcək qüvvə varmı?

- Söz sənəti ulu ustadlardan bizə mirasdır. Sözün şair qəlbində doğulub fəth etdiyi beyinlərədək yolu əbədilikdən keçir. Sözü adiləşdirmək, İlahilikdən hay-küyçülüyə endirmək Tanrı vergisi istedaddan uzaqdır. Zaman ən amansız hakimdir. Bütün vaxtlarda, bütün məqamlarda o, dəqiqdir, doğruculdur, obyektivdir. Uzun müddət oxucunu müxtəlif qiymət dərəcələri ilə aldatmaq mümkündür. Ancaq zamanın ələyindən, zamanın xəlbirindən keçə bilmək xülyası əbəs xülyadır. Burada sənətin Nizami, Nəsimi, Füzuli, Sabir  meyarları var. Zaman bu ölçüləri, bu meyarları əsas götürür. Odur ki, onun körpüsündən gələcək sahilinə keçmək ehtimalı heç cür mümkün deyil. Bəzən bu körpüdən öz dövrlərində lüt-üryan yaşamış istedadlar sorğusuz-sualsız sənətkar qüruru ilə adlayırlar. Qızıl yüklü dəvə karvanları kor-peşman qaytarılanlar nə qədər olurg İstedadın çiynində, necə deyərlər, Allah əli var. O, tale deyilən qüvvəyə tapşırır istedadı. Bəzən uzun müddət tale deyilən qüvvə istedadı qarma-qarışıq mühitdə özü ilə təkbətək qoyur. Bir növ onu imtahana çəkir; Azərbaycan şairi olmaq bu mühitdə daha çətindir, daha ağırdır. Çünki bu xalqın klassik ədəbiyyatı heç bir müqayisəyə gəlməyəcək dərəcədə böyükdür, zəngindir. Allah bizi bu nəhənglərin tənəsindən qorusun. Allah bizi onların ittihamından saxlasın. Bir də Allah bizi bizim özümüzdən xilas etsin. Biz özümüzük sənətə, sənətkara qiymət verən də, onu qiymətsiz eləyib vaxtsız-vədəsiz küləklərə tapşıran da. Bununla xalqı, milləti özündən alıb, öz əli ilə hərraca qoyduq onu.

Bu millətə nə verdik ki?
Kimsə qapdı ziyasını,
Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik!

- Şərqin böyük şairi Şəhriyarın səpdiyi şer, sənət toxumu bu gün ürəklərdə cücərib boy atır. Bu qəbildən olan şerlər sırasında Məmməd Araz qəlbinin harayı eşidilirmi?

- Bütün canı, qanı, ruhu ilə Azərbaycana bağlı olan Şərqin böyük sənətkarı ustad Şəhriyarın söz xəzinəsindən qidalanan Azərbaycan şairləri illərdən bəri onun gəlişini gözləyirdilər. Böyük Vaqifin anadan olmasının 250 illiyini qeyd etdiyimiz 1967-ci ilin son təntənə günündə «Şəhriyar gəlmədi» şerim yazılıb. O vaxt poeziya bayramına ustad Şəhriyarı da dəvət etmişdik. Lakin o zamankı şahlıq üsul-idarəsi Şəhriyarın Azərbaycanı görməsini istəmədi, onun gəlişinə mane oldug

Baxışlar asıldı təyyarələrdən,
Ümidlər yollara sərili qaldı.
Bu ağır xəbərdən, bu nəs xəbərdən
Güllər güllüklərdə dərili qaldı
Şəhriyar gəlmədig

Ustad ömrünün sonunadək Vətəndən vətənə həsrət körpüsünü keçə bilmədi. Üz-üzə, göz-gözə görüşməsək də qəlbimin hərarəti, ürək döyüntülərim-şerlərim Şəhriyarla görüşüb, ona məndən tez yetib. İndi eşitdikcə ki, misra-misra şerlərimi dinlədikcə ustad nisgil-nisgil göz yaşları axıdıb, ürəkdən kövrəldim. Bu gün Şəhriyarın şer-sənət qaynağından su içən onlarca gənc şair var. «Heydərbabaya salam» silsilə şerləri yaranıb. Bu misralar içərisində:

Heydərbaba, görəmmədin bu günü,
Qayaların çağıraydı bu ünü,
Yasa döndü bir millətin düyünü,
Korun-korun ürək yanar, göz ağlar,
Kəlmə kəssək, dilimizdə söz ağlarg

kimi sətirlər ustada ünvanlanıb, bu günümüzün ağrı-acısından söz açır.

- Qılınc təki əsrlərcə qəlbimizi paralayan bir az həzin, bir az dərdli-nisgilli Arazla həyatınız, yaradıcılığınız qoşadır.

Mən sənə bir şair,
Sən mənə Araz de.
Elə bil nə mənsiz sən Araz,
Nə sənsiz mən şair olmazdım-

misralarınızdakı kimi.

- Yaralı, nisgilli, Araz haqqında saysız şerlər yazılıb. Taleyimi Araza bağladığım gündən Araz dərdi poeziyamın şah damarına çevrilib. İmperiya zəncirlərinə əsir düşmüş Arazın bu tayında-qədim Naxçıvanda dünyaya göz açmışam. Ağlım  kəsəndən də Araz dərdi dərdimə çevrilib. «Arazın işıqları», «Bu gecə yuxumda Arazı gördüm», «Yenə Arazı gördüm», «Mövzularım tükənəndə..» və s. «Araz axır» poeması hələ 60-cı illərdə yazılıb.

Avropa, xəritəndə
Bu rəng çay yoxdu, axı!
Şırım-şırım sinəndən
Nə qanlı çaylar axır!

Zaman hökmünü verdi. İki qardaş ölkə arasında düşmənçilik buzu sınmağa başlayır. Yetmiş ilə yaxın bir müddətdə totalitar quruluş tikanlı məftillərlə və qara əlləriylə bizi bir-birimizə qarşı qoyub. Qəlbi qan Arazın, xan Arazın o tay-bu tayları halqalansa da, qəlbimiz həsrətdən tüğyan eləyib. Şükürlər olsun ki, bizim arzularımız gec də olsa çin oldu. Bəlkə hələ bundan sonra bu get-gəliş, bu birliyin «milli nəşəsi»ni, «milli dadı»nı duyacağıq. Bundan sonra daha ayrılıqdan, hicrandan söz açmayaq, yeni quruculuq qayğılarından, yeni dövlətçilik problemlərindən ciddi şəkildə, beynəlxalq səviyyədə məşğul olacağıq. Amin, İlahi, amin!

İki sahil işıqlarla ayrılacaq,
işıqlarla görüşəcək,
Gündüzlərdən çox olacaq
dərdi-səri gecələrin,
O tay-bu tay şəhərlərdə küçələrin
bir-birilə yazışması başlayacaq.

- İki qonşu dövlət – İran və Azərbaycan arasında ədəbi əlaqələrin tarixi çox qədimdir. Son illər bu əlaqələr bir növ bərpa olunur. Bir-birimizdən 70 ildən sonra xəbər tuturuq. İstər-istəməz bu ayrılıq divarı qəfildən uçandan sonra  təbii ki, təntimək də olacaq, tələsmək də, təlaş da. Burada fürsətdən istifadə eləyib alverçilər də, qaçaqmalçılar da o taya can atacaqlar. Təkcə bunlardan qorxmaq lazım deyil.  Ən inkişaf etmiş xalqların da quldurları, qarətçiləri var. Lakin bunları tutanlar, qabağını kəsənlər və s. qüvvələr də hər iki tərəfdən mövcuddur. Bizim vəzifəmiz isə qonşuluq etikasına əməl etməklə mədəni əlaqələrimizi daha da genişləndirmək,  dar ayaqda bir-birimizin  əlindən tutmaq, xeyir-şərimizdə iştirak  etməkdir.  Mədəni əlaqələri, iqtisadi və ticarət əlaqələrini elə qurmalıyıq ki, sərhəd çəpərləri köhnə, bir növ muzey əşyası kimi gözə dəysin. Bir az dərindən düşünəndə iki əsrə qədər bir müddətdə imperiya cəlladları aramızda çəkdikləri quşkeçməz sədlərlə nə qazandılar ki? Bunlar nə qazandılar, nə uduzdular? Bu ayrı məsələdi. Burada uduzan xalqların tarixi, mədəniyyəti, dünyada təcrid olunmuş ümumi inkişaf səviyyəsi oldu. Nəhayət,  Allah bir bəndəsini yerə nazil eləyib onun əliylə bütün bu sədd və sərhədləri vurub dağıtdı və yerində böyük İslam bayrağını ucaltdı. Bu bayraqdan sonra İranda Azərbaycan dilində də sərbəst kitablar, qəzet və jurnallar, radio və televiziya  verilişləri səslənməyə başladı. Və bu intibah bu gün də davam edir.

- Şer-sənət aləmində bu gün sanki bir «boşluq» yaranıb. Bəlkə o 70 ilin gurultulu, bayağı poeziyasından sonra bu boşluq təsəvvürü yaranır?

- Ümumiyyətlə, cəmiyyətimiz böhran içərisindədir və belə bir şəraitdə ədəbiyyat, xüsusilə poeziya böhran vəziyyətində olmasaydı, təəccüblü olardı. Müharibənin dəhşətli faciələrinin  də təsiri böyükdü.  70 il ərzində formalaşdırılan qul psixologiyası, imperiya stereotipi beyinlərə yeridilib və bundan qısa bir zamanda azad olmaq çox çətindir. Bununla belə cəsarətli söz buxov altında belə deyilib və deyiləcək. O vaxtlar solaxay şerlər deyirdilər buna. «Məndən ötdü, qardaşıma dəydi», «Göy arxalıq» və s. şerlərim etiraz səsiydi o quruluşa, o dövrə. «Ağzından qan iyi gəlir» - deyirdilər mənə. Onların dərci hədsiz çətinliklər yaradırdı. Məncə, şairin azad söz uğrunda mübarizəsi, həm də insan azadlığı uğrunda mübarizədi.

- Azərbaycanın ulu torpaqlarının yağı tapdağı altında inlədiyi bir zamanda «burda bizik, nə sən varsan, nə mən var», «Yox, ağlama, ana millət, ağlama, Qorxuram ki, sına millət, ağlama» misralarınız birliyə çağırış kimi səslənir. Biz isəg başımızın tacı Şuşanı röyalarda görürük. Alınmaz Laçın  qalası qəlb yaramıza çevrilib. Təkrarlanmaqdan çeynək-çeynək olan «Qələbəmizə az qalıb» sözləri ağsaqqallarımızın üzünə ağ olduqca, bir-birimizə özgələşib yadlaşdıqca bizdən uzaq düşmürmü?

- Şuşanın süqutundan sonra vüqarımız sınıb,  qəddimiz əyilib. Hətta mən deyərdim ki, bizim yaşamağa belə haqqımız yoxdur. Şənlənmək, qələbəni qabaqcadan bayram etmək əvəzinə, səsimizi, sözümüzü, əqidəmizi bir səmtə yönəltməliyik. Həqiqətin üzünə dik baxmalıyıq. Həqiqəti danan kəs şair ola bilməz. Həqiqəti bayraq kimi çiynimizdə aparmalıyıq.

Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam,
Ata millət, oğul deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!

Müharibədəki uğursuzluqlar isə xəyanətin, kürsü davasının nəticəsidir. Və bir həqiqəti dərk etsək ki, o Vətən torpağının hər qarışı müqəddəsdir, o şəhid qanının hər damlası müqəddəsdir, bu müqəddəsliyi miskin istəklərə qurban vermək olmaz, onda qələbəmiz olacaq. Özü də mütləq olacaq.

                                                  dekabr, 1992

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws