|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
QAYALARDA ÇİÇƏKLƏYƏN POEZİYA

Fəridə Ləmanın şairlə müsahibəsi

Ayların, illərin, hətta hər anın da öz yaddaşı var.  Yaradıcılıq isə zaman, vaxt sərhədinin şərti bir tarixdə formalaşmasıdır. Yaradıcılıq təxəyyülünün işığında hər bir anın gəlişinin sədası duyulmalıdır. 60-70-ci illər poeziyasından gələn səda Məmməd  Araz yaradıcılığının ürək döyüntüləri idi. Məmməd müəllim, söz ki, yaradıcılıq üstünə gəldi, xahiş edirəm, ilk kitabınız barədə, onun çapı haqqında danışasız.

- Bayaq siz vaxtdan dediniz. Mən kitabım və onun çapından əvvəlki vaxt haqqında demək istəyirəm. Elə şerlər var ki, onlar vaxt üçün gecikirlər. Bu da təbiidir. Vaxt, zaman öz işini görür. İlk əsər ilk eşq kimidir. Onu xətalardan qoruyub addımına təkan verincə, çox çətinliklərlə üz-üzə gəlirsən. İlk eşqin, nakamlığını dadmamaq üçün mətinlik, iradə və hünər lazımdır. Azmı olub üstümüzə qayıdan yazılar? Bir naşının, bir ağlıçaşın ələk baxışlarından keçməyən, həqiqəti gözüyumulu boğanların tənəsindən əbədi kor olmaq taleli yazılarg Mən bunu «Üstümə qayıdan yazılarım» şerində demişəm. Əlbəttə, bu şer mənim ilk kitabımdan çox sonra yazılıb. Buna baxmayaraq, dumanlı kölgələr gün çıxanda da göy üzündə sürünürlərg
İlk şerim 19 yaşında, 1952-ci ildə «İnqilab və mədəniyyət» - indiki «Azərbaycan» jurnalında çap olunub. Birinci kitabım «Sevgi nəğməsi» (1959) adlanır.

- Yalançı haray, çağırış, şüarbazlıq, bir sözlə, ictimai motivi olmayan şerlərə Sizin yaradıcılığınızda təsadüf olunmur. Bu da görünür ondan irəli gəlir ki, ruhunuza yad, biganə olan duyğuların təsiri altına  düşməmisiniz. Bu yerdə nədənsə «Mən bir zaman şair idim» adlı şeriniz yadıma düşdü. Və belə çıxır ki, Sizinlə şairlik arasında nə isə zaman müddəti qalıb.

- Şeri yazmaq xatirinə deyil, yaşatmaq arzusu ilə yazırsan. İctimai motiv olmaq üçün mən Şoloxovun bir fikrini xatırlatmaq istəyirəm: «Mən sifarişlə yox, qəlbimin sifarişi ilə yazıram». «Mən bir zaman şair idim» şerindəki o ruh məhz Şoloxovun fikridir. Mən duyğunu yox, duyğu məni məcbur edir yazmağa. Şair üçün inzibatçılıq olmamalıdır. «Gündüz naxıra, axşam axura». Şair zirvələrdən zirvələrə şığıyan şahinləri, dağ kəllərinin bərəsində marığa duran ovçunu, çılğın şəlaləni, zümzüməli bulağı, sürünən dumanları, kəhrəba zəmiləri, ağ donlu tarlaları öz gözü ilə görməlidir.

- Ümumiyyətlə, yaradıcılığı hərə bir şəraitlə bağlayır. Yazdıqlarınızdan nə vaxt ürəyinizcə razı olmusunuz və yaradıcılıq üçün hansı şəraiti istərdiniz?

- Meyvə yetişməsə, budaqdan duşməz (xəstəliyə tutulan meyvə isə yetişməyəndə də düşür). Səbəb aydındır. Bu bəla ağacın gövdəsindən də gələ bilər, təbii mühitdən də. Yaradıcılıq da belədir. Bəzən yazırsan, lakin sənə elə gəlir ki, düşündüyün o fikri deyə bilməmisən. Ürəyin istədiyi kimi, arzuladığın kimi yaza bilməmisən. Mən bunu şerlərimin birində də demişəm.

Yenə də ağ vərəq gərəkdir mənə,
Yazıb-pozduqlarım xoşuma gəlmir.
Neçə söz ələyib, seçsəm də yenə,
Qəlbim istəyən söz başıma gəlmir.

Mən bunu sadəcə etiraf edirəm. Təzə-təzə yazmağa başlayanda çox şerlərimi cırmışam, atmışam. Daha doğrusu, məni qane etməyib.

g Şair olan kəs
Odlu söz tapmayır, oda yanmasa.

Ümumiyyətlə, yaradıcılıq vaxtı özüm üçün təbii bir poetik mühit istəyirəm. Canlı olan yerdə, lap elə deyək ki, evdə pişik və ya qəfəsdə quş var, işləyə bilmirəm. Sanki hisslərimə kimsə nəzarət edir.

- Sizin bir şerinizin adından sual vermək istəyirəm: «Deyirlər şer oxunmur». Poeziyaya münasibət barədə nə deyərdiniz? Rayon, kənd yerlərində bu biganəlik lap heyrət doğurur.

- Oxucusuz şair nəyə lazımdır. İnsan özü nəğmə ilə birgə doğulur. Hər şer bir nəğmədir. Ürəkdə sevinci, qəmi kəşf edən də nəğmədir. Dərd, ehtiyac üstün gələndə sığındığımız zümzümələr, nəğmələr olur. Bizim laylalarımız, holavarlarımız nəğmə, şer deyilmi? Hərdən mənə qəribə gəlir ki, şer də görəsən dəblədir, yoxsa insanların canındakı qan dəyişib. Yəni hər şeyi sevmək də bir adətə çevrilib. Bu gün yazanlar-pozanlar çoxalsa da, söz yığını çayır tək artsa da, qələm götürmək papiros çəkməkdən asan olsa da, oxucu şerlə cəfəngiyyatı seçməlidir. Biz onu gizlətməyək ki, şerimiz Yer kürəsinə peyk olub uça bilməsə də, şerimizin bülbül səsinə qurbağa səsi qatanlar, arpa çörəyini lavaş yerinə, çürümüş ipliyi qumaş yerinə satanlar olsa da, oxucu böhtan yazan əllə söz yazan əli, qəlbi lal, beyni kar adamla şeri bir tərəziyə qoymasın, məncə, qapısını kitab açmayan bir ev müəllimsiz məktəb kimidir.

g Fikirlər dolanır başımda min-min,
Görən, doğrudanmı, oxunmur şer?
Görən, doğrudanmı, insan qəlbinin
İncə hisslərinə toxunmur şer.

Rayon, kənd yerlərində poeziyaya olan soyuq münasibəti oxucunun günahı kimi qəbul etmək olmaz. Elə yerlər var ki, orada bir dənə də olsun kitab mağazası yoxdur. Bir də köklü səbəblərdən biri ədəbi mühitin, poetik mühitin olmamasıdır. Şəraitin uyarsızlığıdır.

- Hal-hazırda öz istiqamətini dəyişən nə varsa, hər şeyi durğunluq dövrü ilə bağlayırlar. Ədəbiyyatda  necə, durğunluq dövrü nə kimi zərər vurub?

- Durğunluq dövrünü ədəbiyyata şamil eləmək olmaz. Çünki ədəbiyyatın özündə durğunluq olmayıb. Yazılan əsərlərin çapına mane olublar. Əsər ədəbiyyatdırsa, çap olunmalıdır. Bəzən görürsən ki, qeyri-ədəbiyyat çap olunur, əsas ədəbiyyat isə qalır kənarda. Bircə anlıq rus ədəbiyyatına diqqət yetirək. Deyək ki, Puşkin 150 ildən çoxdur ki, yoxdur. Amma bu gün də yazılarının çapı davam edir. Misrasının biri təhrif olunsa, qiyamət qopar. Əsl şair unudulmamalıdır. Mən tez-tez Ə.Kərim, Ə.Cəmil haqqında yazılar görmək istəyirəm.

- Sizin çapınıza mane olunubmu?

- Mənim ayrı-ayrı illərdə kitablarım çap olunub – «Üç oğul anası», «Mən səni taparam», «Araz axır», «Anamdan yadigar nəğmələr», «Poyu Araks», «Ömür karvanı», «İllərdən biri», «Qanadlı qayalar», «Atamın kitabı»g
1986-cı ildə birinci cildim çap olundu (Azərnəşr). Əslində bu, iki cild olmalı idi. Sonra məlum oldu ki, iki cildi bir cild eləyiblər. Bu da, şübhəsiz, Mətbuat Komitəsinin səxavəti idi.

- Kitab mağazalarına gedirsinizmi?

- Doğrusunu deyim, yox. Deyək ki, mənim kitabım neçənci ildənsə çıxıb, hələ satılmayıb, əlbəttə, bu mənə pis təsir edər. Bir sözlə, kitab mağazalarında qalan kitabların xəcalətini görmək olmaz, orada mütləq kitab olmalıdır. Kitab da, şer də, hətta deyilən bir kəlmə söz də öz vaxtında işini görməlidir. Şer köhnəlmir, dəblə yazılmır, hər halda oxucuya sözünü vaxtında deməlidir.

Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşıg

Siz vətəndaş şairsiniz, şerlərinizin ictimai gücü elə bundadır. Bir kənd, bir oba haqqında yazılan hər bir şerdə ümumi problem qoyulur. Və bütün bunların əvəzində Vətənin ən böyük mükafatı - bircə «sağ ol»unu istəyirsiz.

Hanı kişnərtisi bulud dağıdan,
İldırım səsini batıran atlar?

Doğrudan da hanı? Bir cümlə min illərlə döyüş meydanlarında yad ləpirləri tapdalayan atların taleyinin indiki vəziyyətini xəbər vermirmi? Və bütün bu problemlərin içindən Sizi boya-başa çatdıran ata yurdunun, ata ocağının bugünkü vəziyyəti haqqında nə deyərsiz?

Atam doluxsunub, baxıram ona,
Kişi uşaq olub səksən yaşında.
Bu nə ayrılıqdır, ata yurduna,
Əlvida deyirəm ocaq başına.

Ocaq tüstülənir, kövrəlir atam:
Anan o dünyada darıxır,  bala.
Ancaq ki, kişinin qəbri od tutar-
Gedə, od-ocağı tüstüsüz qala.

Babandan qalıbdır bu ocaq bizə,
Bir ocaq sönəndə bir tifaq itir.
Bir ocaq söngüsü qeyrətimizə
Bir düşmən nəslinin qəhqəhəsidir.

Apar bu ocağı evində yandır,
O, gözdən qor alır, gözdən odlanır.
Kişi yer üzündə od qoruyandır,
Kişi ona görə kişi adlanır.

Hər kişi öz ata-ana yurdunun ocağını tüstüləndirməli, işığını yandırmalıdır. Amma mənim ata yurdum Nurs kəndində bir evim də yoxdur.

- Kitab mağazasına girsəydiniz, cavan və ya orta yaşlı şairlərdən kimlərin kitabını alardınız?

- Elə bu yaxınlarda Gürcüstanda yaşayıb-yaradan şairlərdən biri – Səməd Qaraçöp təzəcə çapdan çıxmış kitabını mənə bağışlayıb. Mən çox şairlər haqqında uğurlu yol yazmışam, çox gənclərin kitabını oxumuşam, Səmədin istedadı, üslubu onun gələcəyinin parlaqlığından xəbər verir. Orta nəsildən – M.Aslan, M.İsmayıl, N.Kəsəmənli, S.Rüstəmxanlının kitabları mağazadan aldığım kitablar olardı.

- Ədəbi  prosesdə belə bir qayda-qanun var ki, yaradıcı adam haqqında mətbuatda söz ya yubiley ərəfəsində deyilir, ya da təzəcə kitabı çıxanda. Yəni yaradıcılıq və yaradıcı şəxsiyyət haqqında söz həmin vaxtın məcburi informasiyasıdır, yoxsa  necə? Buna «unudulmaq» kimi baxmırsınızmı?

- Düz deyirsiniz. Bəzən elə olur ki, yazıçının növbəti kitabı, deyək ki, üç ildən sonra çıxacaq və nə isəg Bu müddət ərzində mətbuat susur. Burda Ömər Xəyyamın gözəl kəlamları yada düşür.

Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba, nə üçün cahana gəldim.

- Müasir poeziya haqqında nə deyərdiniz?

- Hal-hazırda poeziyaya böyük axın var. Hər kəs bu işin məsuliyyətini duymalıdır. Yazıçının silahı qələmdir, sözdür. O, xalqının görən gözü, düşünən beynidir. O, bir kəlməsiylə milyonları susdurmağı və ya danışdırmağı bacarmalıdır.

- Elə bir şeriniz olubmu ki, indiyə qədər çap olunan kitablarınıza sala bilməmisiniz. Və yaxud, elə bir şeriniz varmı ki, onun çapına peşman olasınız?

- Hər kəsin öz daxili senzoru olmalıdır. Görünür, mən bu işdə özümə qarşı daha kəskin olmuşam. Məsləhət bilmədiyim şerləri çapa verməmişəm. Daha doğrusu,  başqa mənada yox, onları zəif bilmişəm. O şerləri Masallıda bir dostum var, hələ də saxlayır. Və bir dəfə bu şerlərdən mənə söhbət açdı ki, bəlkə bunları yenidən çapa verək. Mən ona dedim ki, artıq o şerlər mənim üçün yoxdur.

- Hal-hazırda nə yazırsınız?

- Son vaxtlar publisistika ilə məşğul oluram. Deyərdim ki, pis, məcburi yazmaq istəmirəm.

- XX əsrin son akkordlarına az qalıb. Daşlarda mamır kimi göyərən, qayalarda çiçəkləyən, Arazda dalğalanan Məmməd Araz poeziyası bu əsrdə torpağa sorulub ağac tək pöhrələdi, ürəklərə mənəvi dayaq oldu, al günəş kimi səmamızda bərq vurdu, bu günün də sözünü dedi, sabahın da. Məmməd Arazın Arazına aydın sabahlar, şairə isə bu sabahları işıqlandıracaq səmimi, ürəyincə yaradıcılıq arzulayırıq.

                                                   fevral, 1992

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws