USTADLA ÜZ-ÜZƏ
Zöhrab Mehdiyevin şairlə müsahibəsiMəmməd müəllim, yaxşı olardı ki, söhbətimizə öncə Azərbaycan ədəbiyyatının qardaş xalqlar ədəbiyyatı ilə əlaqəsindən başlayaq. Sizcə, bu sahədə görülən işlərin səviyyəsi ilə tam mənada razılaşmaq olarmı?
- Məlum həqiqətdir ki, bizdə qardaş xalqlar ədəbiyyatına geniş yer verilir. Necə ki, Nizamini, Füzulini, Sabiri öyrənirik, eləcə də Puşkin, Lermontov, Tolstoy bizə doğmadır. Əlbəttə, bu, xalqımızın böyüklüyündən irəli gəlir. Şübhəsiz, yuxarıda adları çəkilən sənətkarları tanımayan, bilməyən bir xalqın mənəviyyatca nə dərəcədə kasıb olduğunu təsəvvür eləmək bir o qədər də çətin olmazdı.
Söz yox ki, bizim klassiklərimiz də qardaş xalqlar içərisində təbliğ olunur, öyrənilir. Ancaq açığını deyim ki, hələ Nizamini, Füzulini, deyək ki, Puşkin, Tolstoy səviyyəsində tanımayanlar da var.
- Sözünüzün qüvvəti. Məncə, bunun günahı elə bizim özümüzdədir.
- Amma onu da nəzərə alaq ki, ədəbiyyat sərhəd bilmir. Bizim günahımız öz ədəbiyyatımızı istənilən səviyyədə təbliğ edə bilməməyimizdirsə, onların da günahı bundan az deyil. Dünya ədəbiyyatını öz milli ədəbiyyatı səviyyəsində bilməmək, oxumamaq məhdudluqdur. Hər halda öz halımıza özümüz yanmalıyıq. Dərd burasındadır ki, biz hələ öz halımıza özümüz yana bilmirik. Elə bil həmişə kimisə gözləyirik. Və gözləyə-gözləyə də özümüz-özümüzdən uzaqlaşır, özümüz-özümüzə yad oluruq.
Biz indiyəcən öz tariximizə birtərəfli münasibət bəsləmişik. Belə çıxır ki, ədəbiyyatımızı da birtərəfli öyrənmişik. Əslində belədir. Axı biz öz ədəbiyyatımızı ilk növbədə tariximizdə axtarmalıyıq. Şəhriyarın kim olduğunu bilirsiniz. Artıq Şəhriyar həyatda yoxdur - deməyə dilim gəlmir. Şəhriyar sağlığında «Azərbaycan ədəbiyyatı» dərsliklərinə düşmədi. Bu, biz ədəbi nəslin günahıdır. Bir də təkcə öz günahını boynuna almaqla iş bitmir. Heç olmasa, ölümündən sonra qədrini biləkg Azərbaycan xalqı tanımalıdır, bilməlidir ki, Şəhriyar da bu torpağın oğludur. Özü də nəğməkar oğlu. Buna Şəhriyarın haqqı var.
- Azərbaycan sovet ədəbiyyatının yaradıcıları kimi Siz ilk növbədə kimləri nəzərdə tutursunuz?
- Sovet ədəbiyyatı məfhumunu şəxsən mən qəbul edə bilmirəm. Sənət sənətdir. Sənətin sosialisti, kapitalisti yoxdur. Yazmaq olar: filan illərin, filan dövlətlərin ədəbiyyatı. Sovet ədəbiyyatı deyəndə Puşkinlə Tvardovski arasına sərhəd çəkirik, bu şairlər arasında körpüyə nə ad verək? Onda Vaqiflə Səməd Vurğunun, Sabirlə Rəsul Rzanın eyni dərəcədə bizim günlərin şairi olmaları ehtimal səviyyəsinə enmirmi? Əlbəttə, bu bir az ayrı məsələdir. Bu cür bölgü ədəbiyyatları bir-birindən təcrid etmək, yeni ədəbiyyatı «köhnə» ədəbiyyata qarşı qoymaqdır. Baxmayaraq ki, hansı dövrdə yaşayıb, yazıb-yaradıb, mən Füzulidən böyük sənətkar tanımıram: Mənim üçün Sabir böyük şairdir, nəinki başqaları.
- Son vaxtlar ədəbi məktəblər məfhumu tez-tez işlənir. Məsələn: Nizami, Füzuli, Sabir ədəbi məktəbləri. Bax, bu ədəbi məktəblərə Siz necə baxırsınız?
- Mən də ədəbi məktəblərin tərəfdarıyam. Bir şərtlə: Nizami, Sabir ədəbi məktəblərindən söhbət gedəndə bizim həmin dövrdə yazıb-yaratmış sənətkarlarımız kölgədə qalmasın. Gəlin etiraf edək ki, biz buna əməl etməyi unutmuşuq. Nizami dövrünə nəzər salaq. Təkcə onu deməklə kifayətlənmək olar ki, o dövrdə bizim «Təbrizi» təxəllüslü şairlərimiz olub. Qətran Təbrizi, Saib Təbrizi, Qövsi Təbrizig Biz ərəb əlifbasından ayrı düşdüyümüz, fars dilini yaxşı öyrənmədiyimiz üçün hələ arxivlərdə toz basmış, illərlə yatıb qalan sənətkarlarımızın yaradıcılığı haqqında tam təsəvvürə malik deyilik.
Çox istərdim, tərcüməçilərimiz bu sahədə öz fəaliyyətlərini genişləndirsinlər. Yoxsa havayı yerə ədəbi məktəblərdən danışmağa nə var kig
- Ədəbiyyatımızda yaranan yeni sənət əsərlərinin dili Sizi qane edirmi?
- Mən belə fikirləşirəm ki, hər bir sənət əsərinə qiymət verərkən ilk növbədə həmin sənət əsərinin dilini əsas götürmək lazımdır. Ona görə ki, əsərin dili əsərin pəncərəsidir, xalqın dilidir.
O ki qaldı ədəbiyyatımızda yaranan yeni sənət əsərlərinin dilinə, bu, məni müəyyən dərəcədə razı salır. Unutmamalıyıq ki, dilin zənginliyini qorumaq təkcə şairin, yazıçının vəzifəsi deyil. Düzdür, bu sahədə şairlərimiz, yazıçılarımız böyük məsuliyyət daşıyırlar. Ancaq bütövlükdə dilin taleyi xalqın taleyi olduğu üçün onun sərkərdəsi də xalq özü olmalıdır. Yeri gəlmişkən: İsveçrədə belə bir qayda var: əgər bu ölkənin vətəndaşı olmaq istəyirsənsə, hökmən üç il müddətinə burada yaşayıb bu dili öyrənməlisən. Bu dövr ərzində dili öyrənib imtahan verə bilməsən səni vətəndaşlığa qəbul etmirlər. Əks təqdirdə, ölkə simasını itirə bilər.
Təəssüflər olsun ki, bizdə belə deyil. Bir fakt deyim. Alim dostumla (adını çəkməyə dilim gəlmir) söhbət zamanı dedi ki, övladımın biri Azərbaycan məktəbində oxuyur. İkincisini rus məktəbinə qoymaq istəyirəm. Mən ondan soruşanda nəyə görə məhz rus məktəbinə? Cavabında – onu da özüm kimi bədbəxt etmək istəmirəm - dedi. Görəsən, öz ana dilini öyrənmək nə vaxtdan bədbəxtlik sayılır? Bizim faciəmiz də, bax, elə burdan başlayır.
Mən qətiyyən rus dilinin əleyhinə deyiləm. Rus dilini bilmək vacibdir. Öz dilini bilməmək isə ən azı qeyrətsizlikdir.
- Məmməd müəllim, ədəbi tənqidimizin bugünkü ab-havasıg
- Ədəbi tənqid ədəbi əsərlər üçün meyardır. Bu «meyardır» sözü bəlkə də həddindən artıq şişirdilmiş qiymətdir. Heç bir tənqid cəlilləri, sabirləri yetişdirə bilmir. Burada böyük istedad, «böyük zaman» sənətkar taleyində əsas rol oynayır. Ədəbi tənqid isə axının yolunu cızır, sənətə həmdəm olur, ona bələdçilik edir. Tənqidçi səviyyəli oxucudur. Onun qədir-qiyməti sənətkarda düz yola çıxmağa inam yaradır, kimin kimliyini tanıtmaqda bir növ «hakimlik» edir.
Tənqid qərəzçilik xarakteri daşımamalıdır. Tənqid açıq olmalıdır, dostluğa, qohumbazlığa xidmət etməməlidir.
Vaxtilə tənqidimiz yüksək səviyyədə idi. Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər bizim sözü daşdan keçən tənqidçilərimizdən olublar. Elə indinin özündə də tənqidimizin səviyyəsi ilə barışmaq olar. Çünki bizim Qulu Xəlilov, Yaşar Qarayev, Kamil Vəliyev, Aydın Məmmədov, Bəkir Nəbiyev, Vilayət Quliyev, Akif Hüseynov kimi tənqidçilərimiz var.
- Müasir ədəbi gəncliyə münasibətg
- Mənim ədəbi gəncliyə həmişə böyük hörmətim olub. Biz yaşlı nəslin davamçıları onlardır. Bütövlükdə, ədəbiyyatımızın gələcəyi bugünkü ədəbi gənclikdən, onun fəaliyyətindən asılıdır. Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Səməd Qaraçöp, Namizəd Xalidoğlu mənim ən çox oxuduğum yaradıcı gənclərdir.
Bu yaxınlarda imzasına heç bir yerdə rast gəlmədiyim Əhməd Abdalın şerlərinin əlyazmasını oxudum, xoşuma gəldi. Bizim borcumuz belə gəncləri mətbuata çıxartmaq, onları xalqa tanıtmaqdır.
- Yaradıcı gənclərə nə məsləhət edərdiniz?
- Torpağa, yurda bağlılıqg
- Sizi ən çox narahat edən nədir?
- Ədəbi mətbuatımızın azlığı. Nəşriyyatlarda kitabların çap olunma imkanlarının aşağı olması.
- Son sualım bilavasitə Sizin özünüzlə bağlıdır. İndi nə barədə düşünürsünüz? Gələcək yaradıcılıq planlarınızg
- Məncə, nəsrdə rüblük, yarımillik və illik plan tutmaq mümkündür. Şair necə plan tuta bilər? Şer yazmaq bir növ çevik əməliyyatdır. Şer qığılcımdan doğur. Mənim üçün belədir. Bu, gəzmə qığılcımı, eşitmə, duyma qığılcımıdır. Şerin mövzusunu həyat, zaman pıçıldayır.
Hadisələr, çağırışlar, haraylar, mənzərələr, gedişatlarg Bunlar bu cür təbiətlə, cəmiyyətlə bağlı olduğu halda, digər ucu şair təfəkküründə «partlamaq» üçün növbə gözləyir. Şair olan bəndə bunlardan dəyirman daşı gücü alırsa və sözünü üyüdə bilirsə – şer yaranır.
g Mənim bircə planım dəyişməzdir: mümkün qədər təzə söz, təzə deyim, təzə lövhə vəg təzələrg Bu da çox çətin işdir. Olduqca çətin. Bəzən çətin bir başlanğıc iş prosesində asan yola çıxır. Bəzən isə əksinə olur, asan bir başlanğıc elə düyünə düşür ki, adam ağzından, qələmdən biryolluq üzlüşmək qərarına gəlir.
- Məmməd müəllim, Siz yaradıcılığınızda heç vaxt vətəndən pay ummamısınız – «Arxa söykəyənin ana torpağa, haqqı yox ayrı bir təltif istəsin» demisiniz.
Keçən yaradıcı əməyinizi gec də olsa Respublika Dövlət Mükafatı ilə qiymətləndirmişlər. Bu münasibətlə Sizi çoxsaylı oxucularımız adından bir daha təbrik edir, Sizə sağlamlıq, gümrahlıq və yeni yaradıcılıq axtarışları arzulayırıq.
aprel, 1989