|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
«QƏLƏM – MƏNİM SÖZ QARDAŞIM»

Vaqif Bəhmənlinin şairlə müsahibəsi

Şair Məmməd Arazın kitablarını qarşıma tökdüm. Vicdanlı bir ömrün söz aydınlığında nəfəsim genəldi. İndi mən neyləyim! İlk «Sevgi nəğməsi»nin sabaha inamındanmı söhbət açım! Yoxsa elə bu çətin işdə «Üç oğul anası», «Mən səni taparam», «Araz axır», «Anamdan yadigar nəğmələr», «Ömür karvanı», «İllərdən biri», «Qanadlı qayalar», «Atamın kitabı», «Aylarım, illərim» kitablarını bələdçi götürümg Bəlkə elə «Ana yaşı» şerini sakit-sakit pıçıldamaqla bu yazıya nöqtə qoydum:

Daha gəlməyəcək anamın səsi,
Mənə də taleyin yumruğu dəydi,
Düzü, acığıma gəlir, bəzisi,
Soruşur mərhumun yaşı neçəydi.

Bilmirəm.. düşmüşdü saçlarına dən
g Dolaşır sualla cavab başımda
- Ana kədərini yaşmıdır ölçən,
Ana  itirmişəm ana yaşında.

«Dünya sənin, dünya mənim, dünya heç kimin» - deyən müdrik bir ağsaqqalın öyüd dağının yamaclarına baş qoyub yaşamaq da olar. «Salamat qal» şerinin ruhundakı nigarançılıq və arxayınçılıq barəsində saatlarla danışmaq da mümkündür. Bəs indi neyləyim! Əlində əleyvan qaldığım bu sual  çarəsiz bir təəssüflə doldurub qəlbimi; dünyanın ən ağır işlərindən biri də yaxşı sənətkar haqqında söz deməkdir. Çünki  yaxşı sənətkarla insanların qaynayıb-qovuşması üçün üçüncüyə  ehtiyac yoxdur. Düşdüyüm fikrin qətiliyinə o qədər inandım ki, qələmdən, dəftərdən yapışıb şairin qapısını haçan döydüyümdən xəbərim olmadı.

- Məmməd müəllim, Sizə kəndli demək olarmı?

- Kənd   sözünü mənim  həyatımdan çıxsan  yerdə heç nə qalmaz. Mən şəhərdə kəndlə yaşayıram, kəndlə nəfəs alıram. On birinci mərtəbədə gördüyüm yuxu da kənddəndir.

- Uşaqlıq illərini necə xatırlayırsınız?

- «Xatırlayıram» sözü bir qədər yerində deyil. Mən bu illərin hər anını, hər dəqiqəsini təzədən yaşayıram. 7-8 yaşımdan bəri bütün aydınlığı ilə yadımda qalıb. Mən onu ağıllı uşaq adlandırardım. Əkinə-biçinə gedən, dəhrə saplayan, çəpər çəkən, dərz bağlayan uşaqlıq. Bu yaşda adamın ürəyi köksünə sığmır. Düşünürsən ki, artıq mən də bir işin qulpundan yapışa bilirəm. İnsanın aldığı sadə bir biliyin yarıdan çoxu uşaqlıq illərinin payına düşür. Bir çoxları üçün uşaqlıq solmayan  rənglərə, qoxuya, göy üzünün təmizliyinə, yazağzı yağışların yuyub parıldatdığı yarpaqların sözə gəlməyən işığına, axşam qəribliyinə, təbiətin səslərinə çevrilir. Mənim uşaqlıq illərim isə bu cür romantikadan daha  çox hərəkətə və fəallığa söykənib. Elə yuxarıda saydıqlarımı yığıb-yığışdırmaq da hərəkət və fəallıqla bağlıdır.

- Necə oldu ki, şer yazdınız?

- Bu barədə kitablarımın birinin giriş sözündə danışmışam. Məlum fikirdir ki, insan ürəyində ən böyük çevrilişlər heyrətdən yaranır. Uşaq da dünyanı heyrətlənə-heyrətlənə dərk edir. Sevgi gözəlliyə heyrətdən yaranır. Təbiət heyrətli işlərlə doludur, amma mənim üçün ən böyük heyrət sənət heyrətidir. Şerə uşaqlıqdan marağım böyük olub. Bircə dəfə oxumuşam yadımda qalıb. Sabirin uşaq şerlərini sevmişəm. Lakin bu sevgidən qələm almamışam. S.Vurğunun «Dilican dərəsi» şerindən heyrətlənib ilk yazını yazanda isə doqquzuncu sinifdə oxuyurdum. Təbii ki, mən o şerdə heç bir yenilik kəşf etməmişdim.

- Hər halda şer yazmaq qabiliyyətini kəşf etdiniz? Məmməd müəllim, deyə bilərsinizmi ki, indiyə qədər çıxan  kitablarınızdan hansı daha çox xoşunuza gəlir?

- Təvazökarlıq xatirinə yox, sözün həqiqi mənasında deyirəm: indiyə qədər çıxan kitablarımdan heç biri xoşuma gəlmir. On il bundan sonra çıxan kitabım, şerim haqqında da bir gün gəlib soruşsanız, yəqin ki,  cavabım  dəyişməyəcək. Çünki yazdığım şer nə qədər ki, dərc olunmayıb xoşuma gəlir. Çapdan sonra adiləşir. Səhərin gəlməsi, axşamın düşməsi kimi. Amma sizin sualınıza cavab verməliyəm. «Atamın kitabı»nı, həmin kitabdakı eyni adlı poemanı daha çox qiymətləndirərdim .

- Siz ilham gəlməsini gözləyirsiniz, yoxsag Daha doğrusu, necə işləyirsiniz?

- İlhamın gəlməsini gözləmək şairi ilhamdan salar. Bütün başqa işlər kimi sənət də ciddi intizam sevir. Nahaq yerə demirlər ki, istedad zəhmətlə yarıdır.  Mən zəhmətə bir az da üstünlük  verərdim. İlham yataqda deyil, stol arxasında yazıçıya qonaqdır. Şair müəyyən rejimlə işə gedib-gəldiyi kimi stol arxasında oturmağı da bacarmalıdır. Dəqiq olmasa da, yazıçı əməyini inşaatçı işinə bənzətmək mümkündür. Onun  inşaat meydanı yazı masasıdır. O, məhz burada yarımçıq qalmış binanı söz-söz tikir. Özü də ciddi yaradıcılıq vərdişlərinə lap cavanlıqdan başlamaq lazımdır. Çünki yaxşı işləmək üçün fiziki güc də, sağlamlıq da şərtdir.

- Oxucular Sizi poema ustası kimi də tanıyırlar. «Əsgər qəbri haqqında ballada», «Üç oğul anası», «Mən də insan oldum», «Paslı qılınc», «Atamın kitabı» poemaları maraqla oxunur. Lakin nədənsə bu janr son vaxtlar elə bil ki, şairlərin gözündən düşüb.  Bəlkə  poemanın oxucusu azalıb?

- Janrdan asılı olmayaraq  yaxşı yazının həmişə oxucusu var. Mənə görə köhnəlmiş janr yoxdur. Lap qəzəl də yazmaq olar. Bir şərtlə, yazı güclü müasirlik duyğuları ilə zəngin olsun. Poemaya gəldikdə isə deməliyəm ki, bu janrda qələm sınamaq şairdən geniş nəfəs, dərin təfəkkür və yüksək mənəvi hazırlıq tələb edir. Poema janrının bədii imkanlarını təsəvvür etmək üçün Nizaminin «Xəmsə»sini, Füzulinin «Leyli və Məcnun»unu,  Puşkinin «Yevgeni Onegin»ini yada salmaq kifayətdir. Bu cür əsərləri nadir istedadlar yaradırlar. Mən Nizaminin  poemalarını hər iki ildən bir təkrar  oxuyuram.

Mənsəb zirvəsinə
tələsmə ki sən,
Ordan yıxılanda
əzilməyəsən.
Nə qədər alçaqdan
yıxılsa adam
O qədər ağrısı
az olar müdam.

Yaxud:

Kainatda hər şey cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır.

Başdan-ayağa beləcə dahiyanə misralardan qurulmuş poema köhnələ bilərmi?

- Əgər sizə dünya  ədəbiyyatından yalnız iki əsər seçməyə icazə  versəydilər hansıları götürərdiniz?

- Tərəddüd etmədən Nizaminin «İsgəndərnamə»sini və V.Hüqonun «Səfillər»ini götürərdim. Amma ürəyimdə bir nisgil qalardı ki, nə isə götürə bilmədim.

- Şerdən əl çəksəydiniz, neyləyərdiniz?

- Heç özüm də bilmirəmgYəqin nasir olardım.  Bir sirri də sizə açım ki, vaxtilə xırda hekayələr yazmışam. Amma çap etdirmək fikrim yoxdur. Mən publisistikanı da yüksək qiymətləndirirəm. Publisistika şerdən və nəsrdən daha geniş imkanlara malikdir.

- Məmməd müəllim,  istərdim ki, söhbətinizə kiçik bir şerlə yekun vurasınız.

Günü-günə satıram,
Sabah var, - deyə.
Özümü aldadıram,
Sabah var,- deyə.
Sabahımı yatıram,
Sabah var, - deyə.
Sən bu günü yazmağa,
Ey qələmim, ayıq dur!
Ey ürəyim, ol ocaq!
Bu günü olmayanın
Nə dünəni olubdur,
Nə sabahı olacaq.

                                              oktyabr, 1983


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws