|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
İKİNCİ YER «İKİNCİ ADAM»

Mənə elə gəlir ki, həyat  bütün insanlara yer verməyə borcludur. Bu, onun «nizamnaməsi»nə əbədi həkk olunan  maddələrdən biridir. Həyat bu borcunu yerinə yetirir, lakin maddəsinin sonunda çıxış işarəsi qoyub, «bu şərtlə kig» əlavəsini də eləyir. Yəni bu şərtlə ki, istədiyi vaxt istədiyi adamdan istədiyi yeri geri almaq hüququnu özündə saxlayır.  Bu, necə şərt oldu? Səxavətlə sərtlik arasında bir addım məsafə varmış ki!  Burada ikinci çıxışa da rast gəlirik: «Bu yerdə nə qədər əyləşməyin, necə əyləşməyindən asılıdır».  Bu yer sənə məxsusdur. Qəbahətin onu beşcə gündə uçura, fərasətin  isə ömürlük ünvan eləyə bilər. Bu yeri boş qoyub gedənlər də olur.  Əsl yüksək əməl sahibi,  vəzifəsinin böyük-kiçikliyindən asılı olmayaraq, cəmiyyət-kainatda öz orbiti, öz cazibəsi olan bir «planetdir». Bu planet öz ömür  yolunu başa vurur, əriyir, gözə görünməyən, lakin əvvəlkindən  istisi-hərarəti  az olmayan  əməllərə dönür.  Özü də bir əməl digərini itələyib  yerində oturmur, ona söykənir, onun qonşuluğunda yer alıb yaşayır.  İnsanın xeyirxahlıq, işgüzarlıq fəaliyyəti  üfüqə qədər uzanıb gedirg   Nə qədər  istəyirsən, atını sür: küləkləri qollarına dola, buludları çətir elə. Axırda bir gün bir yerdə  dayanıb geriyə - fəaliyyət meydanına baxacaqsan, daha doğrusu: «Bax, - deyəcəklər, - sənə bir iş, bir vəzifə  «qəlibi» verilmişdi. Ağlına, biliyinə, bacarığına, istedadına görə qəlib!  Sən bu qəlibə sığmadın, onu genəltdin, böyütdün. Meydanına sığmadın, daha böyük meydan istədin. Yerin, vəzifənin, iş qəlibinin hörmətini qaldırdın. Öz yerinə düşdün (öz yerinə). Yerə yaraşıq oldun. Ömür öz işini gördü».
Belələri birincilərdir, ikinci yerdə də, üçüncü yerdə də birinci olanlardır.
Bir insan bir ana döşündən süd əmir. Özünün laylası, özünün beşiyi, özünün oyuncaqları, özünün sevgisi, sevgilisi, özünün övladıg Bu təbii «fərdiyyətçiliyin» təsirindəndirmi ki, insanın öz cığırı, öz yolu, yaradıcılıq eşqi-fəaliyyəti özünə daha doğma, daha yaxındır? Bir yerdə bir adam otura  bilər.  Vəzifəcə ikinci, üçüncü, dördüncü ola bilər. Yerdə əsl mənada insan oturubsa, şübhəsiz, o, öz işinin birinci adamı olacaqdır. Belələri kollektivdən ayrılanda rəhbəri olduğu kollektivə elə gəlir ki, illər boyu insan – gəmilərin yan aldığı, arzuların, ümidlərin lövbər saldığı bir fəaliyyət adasını bu adam özü ilə apardı. O yerə başqa birisi öz təzə «tikinti meydançası» ilə gələcək. Yeni qurğular ənənəvi bir «dəyirmanı» bəlkə daha yaxşı işlədəcək. Bu təzə gəliş tozu azaldacaq; pəncərələrin işığını, döşəmələrin parıltısını, yaradan əllərin sürətini artıracaq. Əslində, bu təzə işıq «köhnə işığın» davamıdı, ona düyülüb, onun qatışığında yuyulub, təzələnib.  Yox, yenə də adamlara elə gələcək ki, bir insanın yeri boşdur.
Sabit Rəhmanın «Ulduz» komediyasının personajlarından biri – Məhəmməd Məhəmməd oğlu Məhəmmədov dağətəyi rayonlardan birində elmi-tədqiqat işləri aparan ekspedisiya rəisinin müavinidir. Bu adam özünü o qədər ikinciləşdirir, o qədər «müavinləşdirir», bir vaxt özü də ayılıb görür ki, nə görməyə işi var, nə oturmağa yeri. Məhəmməd Məhəmməd oğlu Məhəmmədov   bu gülünc  vəziyyətdə guya özünü itirmir və təsəllisini bunda tapır ki,  elə müavinin vəzifəsi sədr olmayanda onun yerində oturmaqdırg
İnsan öz yerində,  hansı iş sahəsi olursa-olsun, böyük və ya kiçik əməlindən yonduğu xatirə «heykəlini» qoyub getməlidir.
« - Sən isəg Söhbətimin əsas səbəbkarı olan Məhəmməd Məhəmmədova özlüyümdə   sual verə-verə tanış bir binanın pillələrini qalxıram.  – Bu boyda bir kabinetin açar-kilidini sənə tapşırıblar. Nitqlərini, vədlərini lentə yazıb uc-uca düysələr, ekvatoru bir neçə dəfə dolana biləcək hərəkət xəttin olar. Telefon danışıqlarını hələ demirəm. Barmağını zəng düyməsinə basıb neçə kilovatt/saat elektrik enerjisi işlətmisən. Bütün fəaliyyətini elə bir istiqamətə yönəltdin ki, axırda bu vəzifənin olub-olmaması  əhəmiyyətini itirdi. Sabah bu vəzifəyə gələn adam nə qədər əmək sərf etməlidir ki, sübut eləsin: «Bu qapıdan girin, bu otaqda bu idarə işinin ən azı yarısına cavabdeh məsul adam əyləşib!» Deməli, kabinetin hörməti onu açanın istedadından asılıdır, vəzifə  kreslosunda əyləşənin hansı «bucaq altında» hərəkət etməsindən asılıdırg».
İkinciliyin «yaxşı» cəhəti ondadır ki, səndən yuxarı da var, aşağı da. Yuxarıdan gələn dərkənarı aşağıya, aşağıdan gələn «müşkül» müraciətləri isə yuxarıya tərəf ötürürsən: «Bu, mənim hüququm daxilində deyil, müdirlə danışıng».
Birinci rəis ərizə-məktublara dərkənar qoyardı: «g Yaddaş, tanışlıq üçün». İkinci rəis qəti hökm verərdi: «Nəzərdə tutulsun!», «Bu barədə mənimlə danışın!» və s.  Sən də şöbə müdirinə: «g Yerinə yetirin!».
Yalnız yerinə yetirmək, daha düzü, buyruqçuluq psixologiyası ilə könüllü barışıb, başqasının idarəsi ilə: «İrəli, geri, sağa, sola!» hərəkətlərig
Birinci yoxlamada xəstələnmək, ikinci yoxlamada əvvəlcədən havanı duyub məzuniyyətə çıxmağı bacarmaq və s.
Məhz göz qabağında ola-ola gözə görünməmək!  Vuruşmadan, döyüşçü adı ilə döyüşdən salamat çıxmaq! Vacib məsələlərə münasibətdə belə «baxarıq»lar, «nəzərdə tutarıq»lar vədləri ilə günü sovuşdurmaq və i.a. Şair yaxşı deyib: «Vəzifə insana şan-şöhrət deyil, insan vəzifəyə şöhrət olmalı».
Müəyyən bir dilək üçün mərtəbələr qalxıb qapı açan,  bəlkə də bir neçə gün psixoloji  cəhətdən özünü bu görüşə hazırlayan vətəndaşa birinci gəlişdə (!) elə görünür ki, doğrudan da qarşısında müasir işgüzar bir adam əyləşib: geyim, səliqə-səhmanı yerində: üzünün qırışları qayğılı bir adama məxsus! Deyilən sözü qulaqlarından əvvəl gözləri alır.
Deyirlər ki, insan gözü tərəzidir. Və  elə  ilk baxışdan göz qarşısında dayanan müsahibin daxilini tərəziyə qoymağa qadirdir. Yox, məncə, bu, yaradıcı fantaziyanın arzusundan doğub. Əslində, gözü illüziya aldada bilər və bilir də. Sözün, vədin arxasında müəyyən işin nəticəsi durur. Gözün haqlı olub-olmadığını bu tərəzidə kimin nə çəkməsi və necə çəkməsi müəyyən edir.
Axı, bəs necə olur ki, bəzən meşin qapı dalında – işıqlı otaqda, məxməri rəngdə, gözəl cilalanmış masa arxasında əyləşən, hətta görkəmli şəxsiyyətlərdən misallar gətirib qarşısındakı adamı müəyyən müddətə qədər hipnoza məruz edən bir müqəvva uzun müddət «təşkilatçılar» siyahısından düşmür? Bunun bir sıra səbəbləri var. Hələ arabir rast gəldiyimiz qəyyumluq çətirini,  «kimin kimi» olmaq amillərini bir yana qoyaq. Hər halda, həmin şəxsi hörmətli oxuculara təqdim etməyi  məsləhət bilirəm. Qarşılarına çıxar birdən!  Məhəmmədov boy-buxundan pis deyil. Xəncər udmuş adamlar kimi küçədə dümdüz yeriməyi  bacarır.  Tanış-bilişləri mehriban salamlamaq,  «zəng elə, görün, görüşək» «səmimiyyətinə» inanmamaq mümkün deyil. Ancaq hələ kiminlə oturub-durduğunu görən olmayıb. O, vaxtilə iş sahibi idi. Demək olar, bütün iclaslarda axıra yaxın söz alar, kimisə təriflərdi. Ünvansız, mücərrəd nidalar: etmək lazımdır, eləmək lazımdır, köhnə iş üsullarından əl çəkmək lazımdır! Bir gün kim isə barmağını dişlədi: kişinin qolundan tutub qabaq cərgəyə gətirdilər, ikinci sırada oturtdular.
Bəs Məhəmmədovun paxırı nə vaxt açılır? Ona müraciət edənlər nəticə gözləyirdi: bir gəliş, iki gəliş, üç gəlişg  Bəziləri elə birinci gəlişdə özünün səhvini anlayırdı: «Yox, bu gülüş rola girmiş bir hırıltı imiş», «Yox, o üzdəki qırışlarda heç bir ciddiyyət yox idi. Yalan arxları  idi onlar hamısıg». Öz səhvini anlayanların bəziləri «lənət şeytana» deyib, rəddini-izini yığıb gedir. Bəzisi də yalançını mənzilinə qədər qovur. Beləliklə, pərdə yırtılır, sifət görünür, xarakter müəyyənləşir. O,  məlum səngərinə sığınır:

- Qardaş, bilirsən, mən ikinci adamamg

- Necə yəni ikinci adam?!

Georgi Radovun «İnsan iş başında» («Literaturnaya qazeta» 1973, №1) adlı məqaləsində bu məsələyə çox ciddi şəkildə toxunulur. Sənə iş tapşırılıb, vəzifə tapşırılıb. Sən ağır yük dartan zəncirin bir həlqəsisən. «Mən çəkmirəm və çəkmək istəmirəm» deməyə haqqın yoxdur. Bir halda ki,  gücünə  güvənib zəncirə qoşulmusan, son mənzilə qədər dartmalısan.  Kim deyə bilər ki, bu uzun zəncir həlqəsinin hansına daha çox güc düşür. Bəlkə də hamısına eyni dərəcədə. İdarə rəhbərliyi işindəki bu zəncirvarilikdə, məncə, çox məsul, az məsul və ya orta məsul şəxs yoxdur. İdarə müdiri idarənin ümumi işinə nə qədər məsuldursa, şöbə müdiri də şöbə daxilində o qədər.
İkincilik ikinci dərəcəliliyə enməsə, demək olar ki, bu adam birinciliyə qədər olan «məsafədə» birincidir: elə demək mümkünsə yalnız bir adamın «ikinci»sidir, bir kollektivin yox. Başqa sözlə, vəzifə bölgüsündə konkret  bir sahəyə cavabdehdir, müəyyən sərhəd daxilində, əslində əsl imkan sahibidir.  Bu imkandan şüurlu imtina  şüursuzluqdan daha pisdir. Bəzən  belələrinin yükünü də idarə müdiri özü çəkir. Əlbəttə, heç bir təşkilatçı ildırımın ağzından düşməyib və bu ağırlıqları dartmağa qadir təklər hələ doğulmayıb. Tutaq ki,  filan tikinti idarəsinin direktoru öz işində mahir təşkilatçıdır. Lakin ola bilsin ki, baş mühəndis baş mexanik vəzifəsinə endikdə heç orta səviyyəli də deyil. Bunlar ola bilən məsələlərdir. Ən pisi odur ki, bu «ikinci adamlar», ikincilik psixologiyası müəyyən kollektivin havasını zəhərləyir, özləri kimi kölgədə bitən adamların yetişməsi üçün «münbit» şəraitin yaranmasına imkan verir.
g Bizim rayonda Fərzəli adlı balacaboy bir kişi vardı. Balacaboy, dolu-tökmə. «Qurşun Fərzəli» deyərdilər. İcrakomun atlarına baxardı. Köhnədən yaxşı at minən, toylarda birinci «papaqaparan» olmuşdu.
Zaman-yaş öz işini görmüş, at oynatmaq dəmləri arxada qalmışdı. Bir gün elə bil ki, Fərzəli kişi yenidən cavanlığa qayıtdı. İcrakomun sədri onu çağırıb mehtər işləməyi təklif etdi. O da məmnuniyyətlə razılıq verdi. Fərzəli kişi atları suvarmağa aparanda  rayon  camaatı tamaşaya çıxardı. Atlar elə şaxə qalxar, elə oynardılar, deyərdin ki, bu saat qanadlanıb uçacaqlar.  Sədr deyəndə ki, Fərzəli, kəhər atı yəhərlə, kəndə gedirəm. Fərzəli  incik halda dillənərdi: «Sədr, xahiş edirəm «yəhərlə» sözünü demə. De ki, Göydəmirin, Qara kəhərin qanadlarını tax! Mən at saxlamıram, qartal saxlayıram». «Yaxşı, baş üstə» - deyib sədr gülümsünərdi.  Günün hansı vədəsində hansı atı minməyi, əslində, Fərzəli kişi məsləhət görərdi. Düşəndən sonra tapqırını boşaldıb nə  vaxt arpa, nə vaxt yonca-saman verdirməyi də dönə-dönə tapşırardı. Bir gün çox rəsmi tapşırıq verdi: «Filan atı yəhərlə, Nurs kəndinə gedirəm!» Fərzəli bildirdi: «Atlar təzəcə sudan gəliblər, yarım saat bellərinə əl qoymağı məsləhət bilmirəm».
Sədr dinməz-söyləməz tövləyə girdi, atın birini yəhərlədi və ayağını üzəngiyə qoyub yola düzəldi. Fərzəli kişi sədrin dalınca bir qədər baxdı. Onun ciddi hərəkətinə inanandan sonra tövləyə girdi, səbətini dalına atıb çıxdıg  Birbaş  dağ ətəyinə – kəndə doğru. Qara daş geri dönüb baxdı, Fərzəli baxmadı. Bir neçə gün keçdi, atlar nəzildi, qarınları qabırğalarına  yapışdı. Yenə yer qaşıdılar. Özgə mehtərə cilov vermək istəmədilər. Sədr Fərzəli kişinin dalınca adam yolladı,  zəng vurdu, sifariş elədi. Nəticə vermədi, Fərzəli kişi ayağını başmaqdan çıxarmadı. Kəndə gedən günün sabahısı tarlaya çıxdı, kotanın dəstəyindən yapışdı və «ala öküz, çək kotanı» holavarını aram-aram zümzümə eləməyə başladı. Yenə də minnətçilər ayaq açdılar, Fərzəlinin cavabı  bir oldu:
- Əgər bir mehtərliyin sərbəstliyini də saxlaya bilmirəmsə, onda bir insan kimi bu dünyaya gəlməyə haqqım yox imiş. Bacardığım işin yiyəsi olmaq istəyirəm. Yəqin səhv eləmişdim, torpaqdan ayrılmışdım. İndi başımın üstündə günəş, ayağımın altında torpaq, əllərim kotan dəstəyindəg
Mən respublikamızın bir  çox rayonlarının, kəndlərinin təsərrüfat tərcümeyi-halına bələdəm. Ağdam rayonunda Cəfərovla, Bərdə  rayonunda Ağayevlə, İsmayıllıda Nikitinlə, Masallıda Səlimovla və digər rayonlarda qabaqcıl təsərrüfatın sədrləri  ilə dəfələrlə  görüşmüşəm, qonaq olmuşam, iş üsulları ilə tanış olub yazmışam.  Bir qayda olaraq bu təsərrüfatların  hamısında briqadirlər öz işlərinə yaxşı bələd olan, müstəqil, nüfuzlu adamlardır. İş elə qurulub, elə yöndəmə düşüb ki, sədrə sanki heç iş qalmır. Belə kolxozlarda kəndlərin hamısı abaddır, öz kənd təbiiliyini saxlayan balaca «kolxoz şəhərləri» göz-könül oxşayır. Belə kolxozlarda sədrlər əsasən, tikinti-quruculuq, abadlıq işləri ilə məşğuldurlar.
Yaşı yüzü haqlamış, hələ də əlləri işdən soyumayan bir qocanı xatırlayıram. Adamları get-gələ salan, süründürməçi idarə müdirləri barədə  söz düşəndə  çox ciddi  tərzdə deyərdi: «Bunlar yanacaqsız adamlardır. Torpağa əyilməyən, çayda-bulaqda yuyunmayan, zəmi nəğməsi eşitməyən, şum ətrini sinəsinə çəkməyən, yanacağı qurtarmış, işığı sönmüş adamlardır. Belələrinin altından stulu çəkin, yerinə daş qoyun, görün otura bilirlərmi?!  Yeri rahat olan adam yağış altındakının  nə çəkdiyini hardan bilər?»
Məsələnin bir mürəkkəb cəhəti budur ki,  Məhəmməd Məhəmmədov kimilərin bəzilərinin  «yanacağı» var. Ancaq  şəxsi ləyaqət, mənlik, qürur hissinin yoxluğu «yanacaqdan» istifadəyə imkan vermir. Məhəmmədov yaxşı  bilir ki, birinin kölgəsində gizlənmədən də işləmək, vəzifə bölgüsü normaları  daxilində fəaliyyət göstərib hərəkət eləmək mümkündür. Ancaq bu, sərfəli deyil. O, düşünür: «Sayıq baş daha salamat olar. Ən ağır işin öhdəsindən işləməmək gələr!»
Belələri geniş və təmiz əkin  sahəsində ara-sıra gözə dəyən bərəkətli torpağın  şirəsini çəkən alaqlardır. Bunları qoparıb atmaq deyirlər ki, asandır. Amma vaxt itirməlisən.  Bəzən də gözdən yayınırlar: toxumlarını yerə tökəndən sonra görünürlər. Bütün bu məsələlər barəsində  bu və ya digər  şəkildə yazılıb, deyilib: bundan sonra da yəqin ki, az yazılmayacaq.
Xüsusilə, ikinci yer, «ikinci şəxsiyyət»  problemi barədə. Burada elə incə  psixoloji tellər var ki,  bəzən bunun birinin qırılması ilə idarəçilik işində ciddi münaqişələr törəyirg «Mən»lərin  toqquşması ilə  kollektivdə nizam  pozulur, plan kəsirdə qalır, çox vacib məsələlərə sərf olunası qızıl vaxt nahaq yerə itir.
Bir il bundan əvvəl böyük bir mədəni müəssisənin rəhbəri vəzifədən getdi. Vaxtilə yaxşı işləmiş, öz sahəsini yaxşı bilən bir mütəxəssis yavaş-yavaş «mənləşmiş», bütləşmiş, harınlaşmışdı. Birinin işini görəndə, ikisinin də işini görüb hüququnu əlindən alanda  mütilik göstəriblər, «ikincilər», «üçüncülər» dalda-bucaqda gileyləniblər, qolundan tutub gözünün içinə  baxmayıblar. O, özünə gələ bilərdi, əvvəlki keyfiyyətlərinin tozunu  silib doğmalaşdıra bilərdi.  Liberallıq əhatəsində ona elə gəldi ki, hər şeyi tək həll edə  bilər: bir nəfər hər şeyə qadirdir. Nəhayət, hər şeyə qadirlik onun əl-ayağına kələf oldu. Müvazinət itdi. Məncə, onun özündən  çox onu əhatə edənlər, «ikinciliklə» barışanlar günahkar idilər.
Belə vaxtlarda Fərzəli  kişilərin heykəli qarşımızda dikəlir, hər kəsin yerini özünə göstərir. Əlimizə bel verir, külüng verir, müəyyən qədər də torpaq sahəsi. «İşləyin, - deyir, - münaqişə-çəkişmə, mənəmlik işsizlik əlamətidir. Bizim bu boyda torpağımızda istənilən qədər nüfuz qalaları tikmək mümkündür».

                                                                                   iyun, 1974


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws