|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
KİMDİR GÜNAHKAR?

Azacıq ağlı başında olan  adamlara  belə məlumdur ki,  irili-xırdalı bütün ekoloji  fəlakətləri törədən insandır. Yer üstündə, yer altında, göy üzündə,  göy altında baş verən  ekoloji quldurluğun ilk müəllifi insandır.  Fil deyil, qarışqa deyil, insandır. Onə görə «ilk müəllif» deyirəm ki, bir faktı  bu yaxınlarda Rusiya televiziyasının «Heyvanlar aləmi» rubrikasında göstərdilər.  Kiçik bir filmi açıqlayan şərhçi deyirdi: Bu yaxınlarda  Hindistanda fil dəstəsi bir kəndə hücum edib. Niyə?
Su içməkdən qayıdan fillər  kəndin yanından keçəndə  onlara kənd adamları  güllə atıblar,  körpə fili öldürüblər, fillər neyləyiblər? Fillər dönüb  kəndin daşı nədi, çöpünü çöpünün üstündə  qoymayıblar. Bəlkə filləri bu fəlakətə  qəsdən təhrik ediblər ki,  film çəksinlər; fərqi yoxdur, yenə də günahkar, cinayətkar insandır, fil deyildi, qarışqa deyildi.
Hazırda Cənubi Asiyanın və Yaponiyanın  ekoloqları da  narahat olmağa başlayıblar. İndiyə qədər onların «başının üstü» nisbətən təmiz idi, təhlükəsiz idi.  İndi onların atmosferi  qəfil iqlim dəyişkənliyinə  məruz qalıb,  qəfil yağışlar, qəfil qar,  qəfil sellər, tufanlar, qasırğalar baş verir, səbəbi? Səbəbi insan əlinin atmosferin ən dərin  qatlarına belə nüfuz  etməsidir.  Müxtəlif zəhərli qazlar ozon deşiyində  eninə- uzununa hərəkətlə  atmosferi ağzına  alır.
Bəla da odur ki,  fəal iştirakçı olan  Yer kürəsi passiv müşahidəçiyə çevrilir.  Kimdir günahkar?  Fildir,  qarışqadır, yoxsa meymundur? Yox, insandır! Bütün böyük fəlakətləri törədən  və bunların müqabilində  çox kiçik görünən insan.
Bununla belə, sən insan, qabağa düşüb, qələtlərinə  «dalımca gəl dedin». Gəldi dalınca. Sən siqar yandırdın, kibrit çöpünü atdın yerə,  dalınca gələn isə  boş qutunu atdı yerə. Bir azdan səkidə kiçik tullantı təpəciyi yarandı.  Sən yavaşca təpəciyə od  vurub, aradan çıxdın.  Dalınca gələnlər də  təpəciyi odlayıb aradan çıxdı. Küləklər də payını götürüb aradan çıxdı.  Növbəti tullantını  dağıdanlar gələnə qədər adamlar, ağaclar dəm çəkdi. Daha bu yazıq dəm çəkənlərin yadına hardan düşsün ki, «aman ovçu, vurma məni», fil harayını necə eşitsin ki, «mən filəm, sizə lazım olaram, bir dişimdən ötrü mənə güllə atma»?
«Ovçu, insaf elə, keçmə bu düzdən, o çöllər qızını ayırma bizdən».  Sən isə keçdin də o düzdən, o çöllər qızını  ayırdın da bizdəng  Onu fillər eləməzdi, qarışqalar da eləməzdi.
Gəlin bir qədər də faktları dinləyək. Bu da televiziyanın təqdimatıdır. Özü də çox yaxınlardan.  Sumqayıta  və Qubaya gedirsiniz. Ceyranbatan meşəliyinə çatanda yol polisi dayanan yerdən sağa – Saray qəsəbəsinə dönürsünüz. Təzə faciənin mənzərəsi  də buradan başlanır.  Təzə qəsəbə salınır. Çox evlərin sonuncu daşı hörgüyə qoyulur. Yazıq müxbir əlində  mikrofon gah o adama, gah da  bu adama tərəf yönəlir: bu  qəsəbənin çirkab suyu hara axacaq? – Ay yoldaş, ay qardaş,  ay adam, çirkab su hara axacaq?  Handan-hana  bir-bir cavab verənlərin  səsi eşidilir: «Yəqin ki, bu gölə».
- Necə yəni bu «gölə»? Bu, adi göl deyil.  Abşerona öz axarı ilə gələn şirin  sudur, təmiz sudur, süfrəyə çıxarıla bilən  sudur.
- Ciddi cavablardan biri: hələ qoyun bir qəsəbəmizi tikək, aftafamızı götürək, «sonra bilərik suyumuzun axarı haradır».
Beləliklə, qəsəbə tikilib  qurtarandan sonra məlum olacaq ki,  kanalizasiyanın axarı haradır.
Yuxarı və orta axından Araza  kiçik çaylar axır.  Vaxtilə bunlara müəyyən qədər  nəzarət olunurdu. İndi Arazın «bizim olan», «bizim olmayan» axınında təxminən eyni vəziyyətdir. Araza tökülən kiçik çaylar nə daşıyır Araza, bilmirik. Əslində bilirik, əlimiz çatmır. Bu işi də görən insanlardır, insanlar. Bu insanlar çox yerdə Arazboyu sahildə əyləşib. Qalan hissələrdə heyvanlar yediyini yeyib, qalanını da  tapdalayıb ayaq altda qoyur. O, sən idin, insan, kibrit çəkib quru təbiətə atdın və yana-yana qoyub getdin. O, sən idin,  qurunun oduna yaşı da yandırdın. İndi də sənsən. Alov öz mağarana qədər təpiləndən sonra ayılan, qarışqanı tapdalayan, filə daş atan, indi də sənsən. Ehtiyatlı olun, od artıq çəpərin  dibindədir.
Günlərin bir günü  Savannaya od  düşmüşdü, yanırdı. Dünyanın bütün «yanğınsöndürən heyvanları» tökülüb gəlmişdilər. Qurbağa da ağzını su ilə doldurub buraya qaçırdı.  Dedilər, Qurbağa, bu işlə fillər, şirlər məşğuldur. Çəkil kənara, ayaq altda qalarsan. Qurbağa dedi:
- Bilirəm, mənim gücüm çatan iş deyil. Mən də bu cür öz rəğbətimi bildirirəm.
Torpağa qayıt, insan!  Torpaqdan yapış, insan. İnsan  torpaqdan yapışanda daha güclü olur.
Bəşəriyyətin torpaqdan böyük sərvəti yoxdur. İnsan nə qədər əkib-becərirsə, nə qurur, nə tapırsa bunlar hamısı  torpaq üstündə olur.  Hektarlarla torpaq  istifadədən çıxır,  meşələr doğranır,  çəmənlər, otlaqlar dağıntıya məruz qalır.
Burada qəfil sel, orada tufan, qasırğa və s. ekoloji  fəlakətlərə bais  insanın düşünülmüş  əməlləridir.
Ətraf mühitlə  ehtiyatlı olun, onun intiqamı yaman olur, çox yaman!
Nə filin haqqına toxunun, nə də qarışqanın:  yolunuzla düz gedin.

                                                                                              1999

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws