|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
TORPAQ, NİYƏ AĞARMISAN?

Mənə elə gəlir ki, biz hər şeydən yazmağı adət eləmişik. Və yadımızdan çıxarmışıq ki, hər şeydən yaza-yaza çox şeydən yazmaq vərdişini itirmişik. Hadisələri, predmetləri yerində, yatağında tapıb onları  insana xidmətə yönəltməkdənsə, çay aşağı axıdıb, çay yuxarı axtaranların əlindən almışıq, bunları sahilə çəkib ayırd eləməmişik. Ayırd eləməmişik ki, nəyi kənara tullamaq, nəyi öz yatağına qaytarmalıyıq. Burada meydana çıxan vacib suallar verməmişik: Ay su, səni kim bulandırdı? Sən axı duru mənbədən başlamışdın? Bunun ardınca silsilə suallar olmalı idi: «Palıd, səni kim yıxdı?», «Ay qaranquş, səni kim tayqanad elədi?»
«Ay Anaçay, sənin kiçik  qolların axı sənə qızıl xallı balıqlar daşıyırdı?» Onlar  hansı gölməçəyə, hansı çamırlığa yolunu  dəyişdi? Axı ola bilməz ki, bunları – bu cinayətləri hamı eləsin? Özü də hamısı birdən. Ancaq bunun fərqi varmı? Bu ekoloji pozuntuların «müəllifi» eyni canlı və eyni cansız olublar. Bunlar hamısı  müəyyən məqamda bir dərəyə, bir tarlaya hücum eləyib. Beş gündən, on gündən, yüz gündən sonra elə bir fırtına qoparılıb ki, təbiət özü də öz hərəkətinə duruş gətirə bilməyib. Bəli, gözəgörünməz qüvvələrin daha ciddi rəqib olduğuna və olacağına inanmaq lazımdır. Bəli, bu gözəgörünməz qüvvələr gözəgörünən qüvvələrlə üz-üzə gələndə geri çəkilməyi də  bacarır. Bax, bunlardan yazmırıq. Yaza bilmirik. Özümüz özümüzə cavabı çoxdan tərsdüyün düşmüş suallar veririk: Axı dünən bu xırman dolu idi. Tığ tığa söykənmişdi. Bəs bunu yer sovurub aparmadısa, sərçələr qoynunu, qoltuğunu doldurub daşımadısa, bəs necə oldu? Məşhur bir məsəldə deyildiyi kimi: «Sən vurmadın, mən yıxılmadım» bu dərd-bəla hardan gəldi bəs? «Axı dünən bu torpaq buğdası, arpası biçiləndən sonra darıya, qarğıdalıya və s. tez yetişən dənli bitkilərə döşündən süd verirdi», hara getdi torpaqla bu ünsiyyətimiz? Səmimi alverimiz? Bu hələ mənim gördüyüm, əkdiyim dağətəyi torpaqlar idi. Aran zonası torpaqları daha ağır yük götürürdü və öhdəsindən gəlirdi də. Mən torpaqşünas deyiləm. Aqronom da deyiləm. Mən sadəcə olaraq gördüyümü çağırıram.  Hodağı olduğum macaqlar – rəncbər kişilər gün üfüqün arxasına çəkiləndə «ho-ho» deyib öküzləri açmağa işarə verər, çarığının bağını açıb corabını soyunar, torpağı, qır-qılçığı təmizlər, yarım ovuc və ya bir ovuc torpağı xam yerə yox, şuma atardı. Sözün həqiqi mənasında rəncbər adam bir ovuc torpağın da qədrini bilərdi. Məlum həqiqətdir ki, ovuc-ovuc üstə gəlirsə, ovuc-ovuc üstündən gedər. Atalar yüz ölçüb, bir biçib. Bu məsələni bəyan eləyənə qədər: Torpaq deyər, öldür məni, dirildim səni. Bu məsəl deyilib öküzlü-arabalı, atlı-faytonlu torpağın sahibi olan kəndli üçün. O başa düşüb ki, atalar deyir: «Torpağı vaxtında şum elə, pərşum elə, dondurma suyunu qərarla, göstərişlə deyil, xalqın yüz illik, min illik təcrübəsinə əsasən ver. Nə əkərsən o da bitər, necə əkərsən, o, biçəndə bilinəcək. Belədi, qardaş, qazan da sənindi, aş da, qaşıq da sənindi, ağız da. Torpaq deyib ki, öldür mənig deməyib ki, məni kimya laboratoriyasına döndər. Deyib ki, torpağın duzunu yu, deməyib ki, üzünü yu.
Bəs indi Azərbaycan torpağı, səni rəncbər kişilərdən alandan sonra necə kişilərə tapşırdılar? Kənd  təsərrüfatını əsaslı şəkildə dəyişdirmək üçün şəhərin kəndə köməyi  devizi altında «otuzminçilər» hərəkatına qoşulanları xatırlayanlar yəqin hələ çoxdur. Şəhərdən kəndi abad eləməyə gələn bir «otuzminçi» sədrin «iş metodu» belə imiş: bir çiynində fotoaparat,  o biri çiynində binoklg Fəaliyyətə belə başlarmış: fotoaparatla səhər işə gec çıxanları, axşam isə işdən tez qayıdanları çəkər, binoklla kövşəni müşahidə edər və beləliklə də yeni iş intizamı yaratmaqla məşğul olarmış. Bir gün tövlələri yoxlamaq fikrinə düşür. Gözü başda xüsusi yemlənən qatıra sataşır. Ferma müdirinə üzünü tutur:
- Bu at işə niyə çıxmayıb?
Ferma müdiri sədrin «hərifliyi»ni duyur və öz şəxsi miniyinə xüsusi qulluq edildiyini gizlədir:
- Bu, at deyil, qatırdı.
- Qatır nədir?
- Qatır atla uzunqulağın müştərək övladıdır.
- Mən soruşuram ki, niyə işə çıxmayıb?
- Heyvan boğazdır, yoldaş sədr.
- Boğaz nədir?
- Boğaz, yəni ikicanlıg
- Hə, oldu, diqqətiniz üstündə olsun.
Sabahısı günü lotular kəndə hay saldılar ki, təzə sədrin ayağı düşüb: kolxozun qatırları bir-bir balalayır.
Səs bir kəndin ərazisindən çıxır rayona, ordan da kənara yayılır, filan «otuzminçi» qatırları doğuzdurmağa başlayıbg
Məqsəddən bir az uzaqlaşdıq. Dediyim odur ki, torpağın taleyi uzun illər boyu atla qatırı seçə bilməyən naşılara tapşırılıb – ağ köynəkli, qalife şalvarlı, boğazlı çəkməli belə «otuzminçi», «əlliminçi», nə bilim «yüzminçi» naşılara tapşırıldı. Barlı-bərəkətli torpaqları hərraca qoydular. Xüsusən, əkinə yararlı  torpaqlar əldən getdi. İndinin özündə də onun sahibi yoxdur. Bu yazıq torpaq nə qədər lüzumlu və ya lüzumsuz təcrübələrə məruz qaldı. Qanqaraldıcı olsa da bəzi rəqəm və faktlara diqqəti cəlb etmək istəyirəm. Ancaq biz belə ibrətamiz fakt və rəqəmlərə öyrəncəli olmuşuq. Deyilən söz birbaşa havaya üfürülürg
1950-ci ildə dünyada hər adambaşına 0,24  hektar əkinə yararlı yer düşürdü. 35 ildən sonra (sürətə fikir verin) bu pay iki dəfə azaldı. BMT-nin bu məsələlərlə məşğul olan müvafiq şöbələrinin məlumatına görə, bizim əsrin axırıncı 25 illiyində əkinçilərə 1,2 milyard hektar yararlı torpaq qalacaq. 2000-ci ilin astanasında bunun 300 milyon hektarı erroziyanın qurbanı olacaq, 300 milyon hektarı isə çox səxavətlə yeni şəhərlərin və nəqliyyat tikintilərinin altında əbədi uyuyacaqdır.
Oxucular sevinməsin ki, Azərbaycandan faktlar gətirmədik. Çox böyük ürək ağrısı ilə deməliyəm ki, yurdumuz Azərbaycan Respublikasında adambaşına düşən torpaq  və su israfçılığına görə «qürrələnə» bilərik. Belə israfçılıq üzrə yarış keçirilsə, ən azı gümüş medala «layiq» olarıq.
Gözdən ehmallıca yayınan işləri  pis görürük və ya heç görmürük.  Ən yaxşı halda görmək istəmirik. Əkinə yararlı torpağa münasibət məsələsi çoxdanın dərdidir. Deyilir, yazılır, yenə də küləklər öz işində, sellər öz işindədir.
Ən qorxulusu – əllər öz işindədir!..
Əllər alıb bərəkətli torpaqları  ayaqlara verir, ayaqlar da öz qaydası ilə tapdamaq işinə çox yaxşı bələddir.
Bunları yazın, bunlardan yazın, hörmətli qələm sahibləri! Bunları yaddan çıxartmaq bütünlüklə təbiəti yaddan çıxartmaq deməkdir. Təbiəti yaddan çıxartmaq insanı yaddan çıxartmaqdır. Bu isə nə təbiətin xeyrinədir, nə də insanın.

Hələ bu dünyanın qeyli-qalı çox,
Bilməm zəhəri çox, yoxsa balı çox.
Çox verdim özümə bu sualı, çox:
Ərzin nadanından ağsaqqalı çox
Bəs niyə dünya düzəlmir, baba?!
1991

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws