|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
TARİXƏ ŞAİR SƏYAHƏTİ

Qafqaz dağlarının ən uca zirvələrindən birinə çıxmışam. Həmişə  beləcə vüqarla baxan zirvələrdən birinə. Elə bil zirvələrin dik-məğrur qayaları əyilib aşağı baxır, dağlara dırmanan bir karetanın haradan gəlib, haraya getdiyini bilmək istəyirdilər.
Təbiətin də gözü var, qulağı var. Təbiət bilirdi ki, gələn qaraltı baltasızdır, gülləsizdir. Ona görə də:

Şahin şığıyırdı, qartal uçurdu,
Cığırlar içində təzə gül-çiçəkg
Uzaqda bir ceyran  hürküb qaçırdı,
Göy ota qonmuşdu bir ağ kəpənək.

Təbiət öz dilində həyəcan işarəsi vermirdi. Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, toxtaqlıq, arxayınlıq ölümə bərabər olardı. Küləklərin səsində «qarayel» vahiməsi yoxdusa, keşikçi quşlar meşə sakinlərinə «təhlükə yaxındır» demirsə, arxayınlıq mümkündü. Gələn qaraltı nöqtəlikdən çıxdı, böyüdü: kareta gömgöy, dumduru dağ havasında gah dəniz dibinə baş vurub itən üzgüçüyə döndü (dərəyə düşdü), gah da şahə qalxan dalğanın belində göründü (gədiyə çıxdı), hiss eləmək mümkün idi ki, karetada gələn adam nabələddir. Amma onun ətrafı müşahidəsində «Ona demişdilər vəhşidi Qafqaz» misrasının işarə vurduğu qorxu hissi  qətiyyən hiss olunmurdu. Yalnız uşaq sevinci, uşaq aludəliyi onu bütün aləmdən ayırmışdı. Heyrət, gözəllik qarşısında şair heyrəti bütün hisslərə, gündəlik qayğılara  qalib gəlmişdi. Bəlkə də «vəhşilik budursa, var olsun vəhşilik» nidaları təkrar-təkrar qəlbindən dilinə, dilindən qəlbinə köçürdü. Ölkənin ən böyük adamı  ölkədən uzaqlaşmışdı. Ölkənin ən ağıllı adamı  «ağıllanmağa gedirdi». Tale onu yaz günündə, oyanış fəslində bu yerlərə gətirmişdi. Bəlkə buna görə də oyanmış təzə fikirlər burulğanı onun diqqətini bir səmtə cəmləməyə imkan vermirdi. Hələ deyəsən fikrini bir yerə cəmləmək istəmirdi. Bütün ruhunu gözəllik ağuşuna almışdı.

Riyadan, məkrdən, böhtandan uzaq
Təbiət ruhunu əzizləyirdi.
Arabir dərindən nəfəs alaraq
Atını fikirli məhmizləyirdig

Puşkin Qafqaza gəlirdi. Puşkin Qafqaza, gözəlliklər diyarına, mərd, qonaqpərvər insanlar məkanına sürgün olunmuşdu. Mənalı, qısa ömrün «yeni bir erası» başlanırdı. Şair bu eranın elə qəribə tədqiq olunmalı qatarı ilə üz-üzə gələcəkdi kig Orada  Bakıxanov qamətli dağlar, Mirzə Şəfi zümzüməli bulaqlar, Axundov səsli çaylar, Zümrüd quşu nəğməli  düzənlərin olduğunu kəşf edəcəkdi, heyrəti birə-yüz artacaqdı.
g Uca zirvədən üzüaşağı baxıram. Qoltuğumda şair dostum Nəriman Həsənzadənin «Zümrüd quşu» kitabı («Gənclik» nəşriyyatı, 1976, redaktoru V.Nəsib) şersevər oxucularımızın rəğbətlə qarşıladığı, bəlkə də haqqında az yazılmış, geniş təbliğə layiq yaradıcılığı az öyrənilmiş istedadlı bir şairin yeni uğuruna sevinə-sevinə dağlara gəlmişdim. Hər şey ucalıqdan yaxşı görünür. Nəriman dünənə bu günün  yüksəkliyindən baxır. İndi  artıq Puşkin dövrünün bürkülü havası Puşkinə münasibəti gizlədə bilməz. Sonralar məlum olmalı idi ki;

g Qafqaz səfəri
Necə təmiz qəlbə səyahət imiş.

Zamanın uğursuz səfərə göndərdiyi şair yəqin ki, dövrün özünü aldatdığına qəh-qəh çəkib güləcəkdi. Və elə ilk ünsiyyətdən hiss edəcəkdi ki, «buradakı ülfətin səlahiyyəti Türkmənçay sülhündən etibarlıdır».
Qafqaza şair səyahətig Tarixə şair səyahətig  İkinci səyahətin sükançısı N.Həsənzadədir.
«Zümrüd quşu» çoxdan yazılır. Şair nə qədər arxiv materialları varaqlamış, faktları danışdıra bilmişdir.
Hadisələrə tarixçi deyil, sənətkar gözü ilə baxmaq istəyən səyahətçinin vəzifəsi çətindir. Əgər  tarixçi üçün hadisənin harada, nə vaxt baş verdiyi əsas şərtdirsə, sənətkarı isə orada «kimin necə iştirakı» maraqlandırır. Tarixçi görür. Sənətkar görmək istəyir. Tarixçini fakt aparır. Sənətkar isə faktı aparır. Tarixçi heç şeyi ələmir, atmır; şair-sənətkar çox şeyi ata bilir. Əlbəttə, bütün tarixi hadisələrə sənətkar münasibətinin müstəqilliyi müəyyən ədəbi qanunlar çərçivəsində mümkündür. Bu baxımdan yəqin ki, Puşkinlə Azərbaycan şairi Fazil Xan Şeydanın görüşünü necə qələmə almaq, nələri almaq, nələri tarixin arxivində qoyub, nələri bu günə  gətirmək məsələsi «Zümrüd quşu» müəllifini çox düşündürüb. Vahiməli bir uçurumun başında və ya dərin dar dərənin boğazındakı qəfil dolayda bir-birinə düşmən mövqeli iki dövlətin adamları üz-üzə gəlir. Lakin onlar iki xalqın nümayəndəsi kimi görüşürlər. Xalqların taleyindən söhbət gedəndə düşmənçilik unudulur. Fatehlərin töküb itirdiyi hörmət-izzəti şair «yığıb» öz xalqına qaytarır. Xalqın faciəsi, xalqın hünəri fatehlərin qılıncı ilə deyil, sənətkar qələmi ilə tarixə yazılır. Doğrudan da:

Dünyada bir hünər yaşayan deyil
Şair qələmilə vəsf edilməsə.

Və həm də:

Nə vaxt doğulubsa əsl sənətkar
Hər xalqın şöhrəti o vaxta düşüb.

Bunlar sadəcə olaraq o dövrün ictimai qaranlığına atılan «eyham daşları» deyildir. Sənətkar ucalığı üçün hörgü daşlarıdır. Elə Lermontovun vaxtilə dediyi, indi Puşkin dilində təkrarlanan kəlamlar  həmin aforistik misraların o biri üzüdür:

Sizin dilinizdə deyirlər hələ
Fransız dilinin zərifliyi varg

Nəriman, yuxarıda dediyim kimi, bir dolayda üz-üzə gəlmiş  iki görkəmli şəxsiyyətin tarixi görüşünü  yaxından müşahidə edir, bu günün əsərinə gətirəndə isə «xeyli uzağa çəkilir», məqam tapıb Arazın o tayına adlayır. Təbrizin tarixi şöhrətini varaqlayır- bunlar böyük xalqın  nümayəndəsinə məlumdur, -  bu günün qaranlıq mühitindən şairi hali eləyir.
Araz həmin Araz, dünyanın üstündə isə ictimai mənzərələr dəyişib, çox yerə inqilab işığı səpələnir. Çox xırda xalqlar taleyin xoşbəxtlik yoluna çıxıb. Təbrizin isə qədim şöhrətinin bünövrəsinə ling atılır. Milli  mədəniyyətin  qarşısında milli faciə dayanır.  Bütün bu mənzərələrin təsvirində müasirlik duyğusu incədir, yerindədir. Ona görə incə və yerindədir ki, Nəriman  Fazil Xanla, Bakıxanovla və digər belə adamlarla tez-tez yerini dəyişir. Puşkinlə bu günün şairi kimi danışır.
Tarixi həqiqətin hansı rəngini, hansı boyasını, ictimai dildə hansı hökmünü, təbiət dilində hansı sazağını götürmək? Bunları poetikləşdirəndə nəyi «tullantı», nəyi «təkrar istehsala qaytarmaq?»  Nəriman uzun illər boyu bu nəyi, necə sualının ağırlığını daşımış və məsul işin ədəbi yükünü  bacarıqla çəkmişdir.
Çox böyük zəhmətin məhsulu olan bu əsərə şair Cabir Novruz yazdığı səmimi giriş sözündə deyir: «Zümrüd quşu» xalqımızın taleyi haqqında, Azərbaycan torpağı haqqında dastandır».
Ayrı-ayrı müstəqil fəsillərdən, Cabir Novruzun yazdığı kimi, qısa həcmli poemalardan və «uzun şerlər»dən ibarət bu əsərin kompozisiyası dağınıq deyil ki? Məncə yox. Çünki əsərin bütün fəsillərindən keçən aydın, işıqlı bir xətt var – Puşkin yolu. Böyük bir ilhamın çəkib gətirdiyi poeziya karetası sanki  çoxdan bələd olduğu bir yolla Azərbaycan torpağına gəlir. İndiyəcən Puşkinin gəzib gördüyü yerlərin ən gözəli, ilham üçün daha işıqlı fikir oyadan, dostluq, insanlıq üçün görüb-götürməli hadisələrlə dolu bir diyarg təmiz təbiəti qədər təmiz insanları olan bir ölkə.
Bəlkə «Zümrüd quşu» rəmzi məna daşıyır. Bu torpaq elə doğrudan da heç bir təsirə sığmayan rənglərin qatışığından yaranmış əlvan deyildimi? Şair qəfil sarsıntıdan – Qriboyedovun tabutu ilə qarşılaşandan sonra öz gələcək faciəsinin astanasından bir azca uzaqda hələ fikirləşməmişdən:
Kimi – ilhamıyla dünyada qalır,
Kimi – o ilhama daş atdığıyçün,-

bu xalını gördü. Yox, xalını çoxdan görürdü.

Budur taleyimiz,
Son mənzilimiz
Tabutda gör necə əziz oluruqg

Bu qəmgin hissin təsirini yəqin ki, ətrafdakı qürurlu  qayalar bir qədər azaltmışdı. Onlar demişdilər ki, bir taleyə iki xoşbəxtlik çətin düşə. Böyük  istedad verilibsə, böyük təhlükədən özünü qoru. Qəfil badalaqlar hələ pusqudadır. «Zümrüd quşu» əslində bu gözəl diyarın bütün əzəmətini rənglərlə əks etdirən xəritə idi. Puşkin üçün bundan böyük hədiyyə ola bilməzdi. Sonralar Puşkin bu xəritədə öz yolunu də axtarıb tapacaq, o yolla yanaşı gedən Abbasqulu ağa, Mirzə Fətəli Axundov yoluna baxdıqca kövrələcək, Fazil Xanla üz-üzə gəldiyi gədiyi axtaracaq. Ömrü boyu otağından cənub baharı əskik olmayacaq, hissdən, duyğudan yoğrulmuş rənglər dünyası (gbu dünyanın əsri olmaqdan böyük xoşbəxtlik vardımı?)
Belə hədiyyənin biri də bu hədiyyəyə adicə ip-sap kimi Qrafın otağındadır. Müdrik qocaya verdiyi sual (Əmi, bu qadının ad günündə bəs Qraf nə göndərdi?), qocanın  eyhamlı cavabı (Qrafın hədiyyə alması elə bizə hədiyyədir bu saat, oğlum) yadına düşəcəkdi. O, Qafqaza bu qədər  dərd yükü ilə getməmişdi. Geriyə dönəndə isə onun karetası daha ağır gedirdi, dərdini çəkə bilmirdi. Hörmət-məhəbbət yükü qədər də Qafqaz dərdi yüklənmişdi karetasına. Bunların çoxunu göyərdən çarizmin milli zülm iqlimi idi. Şair indi bunları daha dərindən hiss edəcəkdi. «Əsli və Kərəm» dastanının şirin epizodları araya girib şairin fikrini başqa səmtə aparacaqdı. Həm xaricən, həm də daxilən kişi gözəlliyinə aid  nə varsa təbiətdən almış Abbasqulu bəy dünyanın qara üzünü ağ üzünə çevirən müdrik söhbətlər edəcəkdi. Puşkin inanacaqdı ki, rus xalqı ilə Azərbaycan xalqının tarixi ünsiyyətinə xidmət edən belə dilmanc olmağa layiqdirlər. Paskeviçlər bu oyanış zəlzələsinə duruş gətirə bilməyəcəklərg
Bunların hamısını fikirləşəcək. İşıqlı inam diktə edən fikirlərdən bərk-bərk yapışacaq. Lakin yenə də böyük dərdi ömrü boyu otağından uzaqlaşdıra bilməyəcəkdi: tale onun  qarşısına Qriboyedovun tabutunu çıxartdı. Tale ona Azərbaycanın xalı-xəritəsini bağışlamış müsəlman qadınının öldürülmüş ərinin meyidi üstündə tökdüyü göz yaşını göstərdi:

Ərzuruma gəlib bir tabut üçün
Müsəlman qadını – bu möcüzədir.

Bunlar damla-damla yığılacaq, şairin qəlbində «Qafqaz vulkanı» adlanan narazılıq, üsyankarlıq hisslərini üzə çıxaracaqdı.

Burda ikiləşdi Rusiya bir an,
Üz-üzə dayandı hökm, fəzilət.
Qraf –rus çarının dedi adından,
Puşkin – rus xalqının adından, fəqət.

Puşkin Qrafın gözləri içinə deyir ki, sahibinə vermək istəmədiyin meyid həmin qocadır ki, ad gününüzdə sizə bu qadının toxuduğu xalını hədiyyə gətirmişdi. «Onun  da hissi var, O da bəşərdi. Sahibi olsaydı bu cür xilqətin, adı tanınardı, dahiləşərdi». («Məhəbbət» fəsli).
«Məhəbbət» fəslindən sonra «Güllə» fəslinə keçid «gözlə görünmür». Bu keçid yenə də Puşkin yoludur. Puşkin yolu isə insanların qəlbindən başlayıb insanları işığa səslədiyi üçün zamanın gülləsi ilə üz-üzə gəlməli idi. Mənə elə gəlir ki, ən poetik, təsirli fəsillərdən biri «Güllə»dir.
Məlumdur ki, bədii əsərdə bütün  forma, priyom, süjet-kompozisiya xətti  və sair əsas ideyaya – məzmuna, məqsədə xidmət üçündür. Bəzən məlum çərçivədə qurulmuş poemalar bütün formalara riayət etsələr də, hətta ən aktual mövzulara toxunsalar da diqqət cəlb eləmir, oxunmur. Poema hər şeydən əvvəl yüksək poetik dildə yazılmalıdır. Kiçik bir lirik şeri  məhz təzəliyinə görə bəyəniriksə, poemanın bütün təsvir və  tərənnümündən, lövhə və detallarından belə lirik-epik təzəlik, yüksək poetik deyiliş tələb etməliyik. Mən bir oxucu kimi bəzi «mənzum romanları» qəbul edə bilmirəm. Roman qoy nəsrlə yazılsın. Poema poeziyanın öz qanunları daxilində romandır. Bunların  ifadə imkanları bir-birindən çox fərqlənir.
«Güllə» fəslində şair Danteslə Puşkinin duelini müşahidə eləmir, «məsafə ölçmür», sekundantın «həyəcanlarını» vermir. Bəs nəyi qələmə alır? – Poeziya üçün yaxşı hərəkət meydanı verən əks-sədanı, Puşkin  qəminin dostların qəlbində doğurduğu həyəcanı götürür. Bakıxanovun müdrik kəlamları Puşkinin nəhəng obrazını gözümüzdə canlandırır. Və Bakıxanov zəkası orada özünün sakit təbiətindəki gizli mübarizəsində vulkan kimi püskürür.

Mənalar yağırdı mavi gözündən,
Deyib-danışmağa sözü çox idi.
O, qələm götürüb yazdığı gündən
Duelə çıxmışdı,
Görən yox idi.

Məncə, bu misraları Bakıxanovun dili ilə ifadə edən şair təkcə Puşkinin xarakterini açmır. Çünki zamanla duelə çıxan təkcə Puşkin deyildi. Güllə onun bütün dostlarına atılmışdı. Bütün mütərəqqi fikirlərə tuşlanmışdı. Abbasqulu bəy özü də bu hədəfdə durmuşdu.
Bəşəriyyət  elə bir şöhrət tanımır ki, o, xəyanət uçurumu ilə üzləşməmiş olsun.
Böyük yolların döngəsi də böyük olur. Cılızların pusqusunda dayanan yoxdur. Cılızlar pusquda dayanırlar. Çox zaman da «boş qalan» yerləri tutmaq üçün. Zamanın gülləsi Puşkinləri itirə bilər, onların əsərini yox. Çünki o yerdə indi Puşkinlərin əməlləri oturur, işıqlı əməllərə güllə atmaq isə dan yerinə güllə atmaq kimi bir şeydir. İşıqlı  əməllərin müəllifi kimi yaşamaq çətindir, çox çətin! Zülmət həmişə pusqudadır. Pusqular şairi vədəsiz öldürəndə  neçə yazılmamış əsəri dəfn edirlər. Onların istədiyi də elə budurg
Abbasqulu bəy Puşkinin ölüm xəbərini eşidib Tiflisə gedirdi. Ancaq tək deyildi. Puşkinlə birgə gedirdi.
Puşkin düşüncədən yonulmuş bir heykəl idi. Bakıxanov deyirdi:

Rusiya –
Gülləylə itirdiyini
Toplar döyüşündə itirməmişdig

Puşkinin yarasından  qan axırdıg Bakıxanov deyirdi:

Millət- vətənində nabələd olur
Öz böyük oğlunu tanımayanda.

Puşkini qan aparırdı. Düşməni sol əli ilə nişan almaq istəyirdi. Bakıxanov bilirdi ki, Puşkin yaxşı nişançıdır. Bu necə oldu kig Qulaqlarına dostunun səsi gəlirdi:

Bizimdir yer üstə böyük gələcək,
Sözümü, sirrimi o duyacaqdır.
Məni kalmıklardan tunquzlaradək
Hər kəs öz dilində oxuyacaqdır.

Bir də deyirdi ki:

Dünyada həmişə salyerilər var
Qoruyun istedad sahiblərinig
Abbasqulu bəy bu fikirlər burulğanından əl-qol atıb çıxır, Rusiyanı bu itkidən vaysınmağa çağırırdı. Ona görə də «Güllə»dən sonrakı «haray» güllə səsindən diksinmiş haraydır.
Təəssüf ki, bəşər tarixinin ilk günlərindən belə nahaqlar olub. Dalısınca da  xeyirxah insanların harayı. Bakıxanov bu harayı başına götürüb «dünyanın damına» çıxmaq iqtidarında idi.
Bu günün şairi bu günün harayları ilə ona qoşulur, müxtəlif rəvayətlər danışır, bəzən artıq haşiyələrə varır, (bunların bəzisini redaktor asanlıqla ixtisar edə bilərdi),  oxucu şairin müasir  eyhamlarını yaxşı duyur. Oxucu hiss edir ki, Dantes hələ də yaşayır. Qrenadada Lorkaya gülləni o atmışdı, Nazimi  vətənindən didərgin salmışdı, Çilidə Pablo Nerudanın tifaqına bomba qoymuşdu. O, bəlkə də «bizim salyerimiz» qiyafəsində Sabiri yatağa salmışdı?
Puşkinin Qafqaza, qafqazlılara  münasibətinin təsvirində N.Həsənzadənin şair-vətəndaş qayəsi çox aydın görünür. Poeziyanın yeni rəngləri üzə çıxır.
«Zümrüd quşu» poemasında Nəriman Həsənzadə adi bir seyrçi səyyah alimi deyil, çox halda Puşkinin Qafqaz dövrünün şahidi kimi danışır. O, tarixi hadisələrə  müasir gözlə baxsa da, o dövrün adamlarını zamanın relyefindən qoparmır. Onları öz mühitində dindirir, mühitə münasibətdə isə şairin müasir mövqeyi aydınlaşır. Puşkin də, Bakıxanov da  Arazın o tayından adlamış  Fazil xan və digər tarixi  şəxslər və ədəbi qəhrəmanlar da sanki hamımızın görüb söhbət elədiyi, dərdləşdiyi insanlardır.
g İsti yay günü uca bir zirvədə, nəhəng bir qayanın kölgəsində əyləşib üzüaşağı baxıram. Qoltuğumda şair dostumun «Zümrüd quşu» əsəri. Çoxdan bəri onun geniş təhlilə layiq şer kitablarının təbliğatçısıyam. Üzünə az tərifləmişəm. Onun bu təzə əsəri  yeni yaradıcılıq üfüqünə uğurlu addımdır. Üfüq deyirəm. Üfüqün arxasını, 100-150 il əvvəlləri görmək istəyirəm. Şairin təsvir etdiyi o zamankı Qafqaz mühitinin təbii mənzərələrindən nə qalıb, nə gedib? Dağların belinə çən odlanıb, zirvələr par-par yanır. Dərələr haylı-haraylı dağ çaylarını dartmada, meşələr dalğın, düzənlər dodağını üfüqə söykəyib. Yaşıl dünyamız, zümrüd quşu, gözəllik tacımız, səni seyr etməkdən doyan olubmu?..

avqust, 1987

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws