|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ŞAİR TALEYİ

İsa İsmayılzadəni təkrar oxudum, varaqladım. Bir də müəllifdən xəbərsiz müəlliflə üz-üzə dayandım. Şair sözünə qulaq söykədim, şair qayəsinə, şair təmkininə yol yoldaşı olmaq istədim. Vətənə söykənən insanları gördüm, onlarla ünsiyyət bağladım. İnsanlara söykənən, daha doğrusu, qorxa-qorxa söykənmək istəyən Vətən adlı qəhrəmanı görməyə çalışdım və gördüm də. Özlüyümdə bu şerlər fonunda Vətənin obrazını yaratmaq qərarına gəldim, görüm, İsa İsmayılzadənin Vətən «məfhumu»nun «həcmi» necədir? Bunun özlüyündə, mayasında nə yatır, özündən savayı qeyri bir mühiti isindirə və ya işıqlandıra bilirmi? Xəyalımda bu Vətən təmiz, aydın səmada bütün ulduzlardan fərqli işığı olan, hərəkət xətti, hərəkət sürəti olan bir planetdir. Bu Vətən-kürrə yalnız bir şairə məxsusdur. O, fırlana-fırlana öz ətrafında ulduzlar qədər sayı olan söz kəhkəşanını da fırladır. Qəribə də olsa, mən bu mənzərəni uydurmuram, olduğu kimi görürəm.
İ.İsmayılzadənin bütün şerlərinin demək olar, əvvəli də Vətəndir, axırı da Vətən. Vətən adı çəkildiyi şerlərində də belədir, çəkilmədiyində də.

Kəhrəba çayların yaşı  qədər yaşamışam,
Bu torpağın rəngi qədər yaşamışam,
Dərəsinin səssizliyi,
Dağ çayının daşı qədər yaşamışam.

Onun şair taleyi heç vaxt relslər üzərində maneəsiz hərəkətdə olmayıb. Çox tənqid olunub, çox döyülüb. Lakin şair taleyi dediyimiz qüvvə (əslində istedad) onun  qolundan yapışıb, tərifini də əsirgəməyib, aydın sənət yoluna çıxmaqda, məsləki ilə həmfikir, müsahib olmaqda ona arxa durub, yıxılmaqdan xilas eləyib.
Məlumdur ki, şer kütləvi sənətdir. Mən demək istəmirəm ki, hamı şair ola bilər. Hamı yaza bilər və hamı yazmalıdır. Dediyim  odur ki, şer  çoxluq üçün, amma başa düşən, anlayan, fikir deyə bilən çoxluq üçün yazılır. İndi İ.İsmayılzadə haqqında bu sözləri yazarkən onun, daha doğrusu,  İsanın yaşıdı  olan nəslin ədəbiyyata gəldiyi illərin – 1960-cı illərin axırlarını və 1970-ci illərin əvvəllərini xatırlayıram. O vaxt  İsa İsmayılzadənin başçılıq etdiyi «separatçılar»ın az qala bütün ədəbi addımları atəşə tutulur; «Qoymayın, ənənə əldən getdi,  poeziya yolunu azdı» və s.
Yaxşı deyirlər ki, hər şeyi zaman həll edir. İndi həmin işləri göz qabağına gətirib hadisələrə təmkinlə, səbrlə qiymət verəndə çox şey adama  gülünc gəlir. Bu günün gözü ilə baxanda bir vaxt İ.İsmayılzadəyə qarşı yönələn ittihamları  zamanın «süpürgəsi»nin necə asanlıqla süpürüb atdığına heyrət eləmirik, əksinə, ona əl oluruq, süpürgənin sapından yapışan əl. Əvvəllər də var idi, indinin özündə də belə poeziya «təlimi» keçənlər çoxdur. Bunlar bir məqalədə, iki, üç, beş və daha çox  məqalədə «poeziya nədir?» - sualını verir, buna tezliklə də cavab «tapırdılar» (və ya «tapırlar»). Axı poeziya da təbiət və cəmiyyətin özü kimi həm sadə, həm də mürəkkəb özül üzərində bərqərar olan bir varlıqdır. Şair o mühiti yaradan qüdrətə, qüvvətə malik deyil. Əlbəttə, şair passiv seyrçi də olmur. O, mühitə öz əlavələrini eləyə bilir, onu poetikləşdirir, hətta bəzən onun sarbanına da dönür. Deməyim odur ki, poetik mühit, aləm obyektivdir. Şair onun salnaməçisi olursa, bu, böyük qələbədir. Daha burada hər poetik xəttin  aparıcısı olmağı bacarmayan, istədiyi, çəkə bildiyi yükü çəkən şairdən qüvvəsi xaricində olan  yükün altına girməyi tələb eləmək düzgün deyil. Mən elə bilirəm ki, «poeziya nədir?» mübahisələrində həmişə olmasa da,  çox vaxt sənətkar haqlı olub. Sənət diqtə sevmir. O, ürəyinin hökmü ilə, ağlının gücü ilə cəmiyyətə baxır, bu və digər mövzu alımı, tam halda desək, varlığa estetik münasibət onun məramnaməsindən doğur və yenə də məramnaməsinə çevrilir. Yuxarıda nümunə gətirdiyim bir bənd şerin iki misrasını yenidən xatırlatmaq istəyirəm. Bu, şairin elə bir etirafı, elə bir məramıdır ki, daha onu xırdalamağa, düyününü açmağa ehtiyac duyulmur, bəlkə də imkan xaricindədir:

Bu torpağın rəngi qədər yaşamışam,
g Dağ çayının daşı qədər yaşamışam.

Vaxtilə böyük Tolstoy bir pedaqoq kimi uşaqlara deyirdi ki, «Vətən Yasnaya Polyanadan başlanır».
Bu mənada İ.İsmayılzadə üçün Vətən Vətənin daşından başlanır, şairin qəlbinə, əqidəsinə, bu qəlbi, bu əqidəni pasportlaşdıran misralarına qədər davam edir və həmişə davam edəcək: nə qədər ki, Fərhad kimi bu torpaq üstündə külüng çalır, yenə və yenə tutduğu yolun bələdçisi olmaq şərəfini də daşımaqdan yorulmayacaq, bezməyəcəkg
Şair dostlarımdan kiminsə çox ciddi şəkildə dediyi maraqlı bir fikrin tozunu silməyim gəlir.
O deyirdi: «Biz çox nahaq yerə obrazlı misraların, əla deyimlərin uçotunu aparmırıq. Bu, milli sərvətə  biganəlikdir».
İsa deyir:
«Torpağım Günəşlə qan qohumudur».
 İlk baxışda adi görünən bu qeyri-adi deyilişə fikir verin. Nə qəribə deyilişdir, nə ağır misradır.
Bədii poeziyadır, çox böyük poeziyadır. Sadəcə deyiliş yox, kəşfdir, ixtiradır. Heç  çəkmək mümkün deyil. Hələ onun  ifadə  elədiyi mənanı, məqsədi demirəm.
«Torpağım Günəşlə qan qohumudur».
Görün söykəndiyi, adicə daş-qaya bildiyimiz yurdu hansı ucalığa ucaldır. Ona Vətən demək necə böyük şərəfdir, onun keşiyində durmaq necə məsuliyyətli işdir.
Onun bütünlüklə poeziyası bir qədər mübaliğə ilə desək, belə misralardan toxunub. Bu, yaradıcılıq işidir; bu, ən ağır fəhləlikdir; yazanlar bilir ki, yazmaq necə çətindir. Təzə söz demək, təzəyə bənzər söz demək, təzəliyi görə bilən söz demək hər qələm sahibinə qismət olmur. Bu, sadəcə olaraq istedadlara müyəssər olur, o da hər zaman yox, hər məqamda yox, hər mühitdə yox, hər əhval-ruhiyyədə yox!
Məlum bir müqayisə:
g Böyüklü-kiçikli sısqa və gur bulaqlar birləşib çay əmələ gətirdiyi kimi, misralar da birləşib şeri əmələ gətirir. Bəzən belə misralar, vaxtilə tikilən  qara damlarda olduğu kimi, müəyyən mənada əsas ağırlığı saxlayan tir rolunu oynayır.
«g Tikanlı məftillər qaldı o üzdə».
Bu misra, doğrudan da, şerin bütün gücünü çiynində saxlayır. Ağırlıq da ki, çəkiyə gələn yükdən çox ağırdır. Ona görə ağırdır ki, tikanlı məftillərin  həm o biri, həm də bu biri üzündə dərdimiz yaşayırg Bu dərdi daşıyan xalqımız yaşayır. Bəzən bu tikanlı məftillərdən qat-qat tikanlı  olan «canlı  maneələr» yolumuzu kəsir. Daşı-qayanı, qumu-torpağı yalvar-yaxarla «adam eləmək», özü də həlim, kövrək adam eləmək müşküldü, çox müşküldü. İllah da ki, görəsən sənin taleyinə  keşik  çəkən, sənin taleyini bir saralmış yarpağa da bənzədə biləcək iqtidarda deyil. O, min il də eləcə durar, bircə an da belə səni anlamaz.
Bu zamanda şair olmaq çətin işdi, çox çətin. Çünki şair dünyanın ən ayıq adamıdır. Ayıqlıq poeziyanın ənənələrindən doğur. Ayıqlar  qarşısında sədlər isə həmişə mövcud olacaqdırg Xalqın başı üstünü vaxtaşırı alan və ya ola bilən təhlükələrə qarşı xalqı yönəltmək vəzifəsini dünən də, bu gün də boynuna götürən və sabah da götürəcək ilk qüvvə, zənnimcə, ayıqlardır.
İ.İsmayılzadə öz poetik gücü, bədii  publisistikası,  məqalələri, adi çıxışları, hətta görüş  gecələrindəki suallara verdiyi cavablarında da bu vəzifənin öhdəsindən gəlməyi öz sənətkar həyatının bir hissəsi hesab edir.
Onun  poeziyası öz mənbəyini doğulduğu illərdən, Böyük Vətən Müharibəsi illərindən, ağır, dərdli, ölümlü-nisgilli illərdən alır; sonra Vətən keşikçisi kimi formalaşır; get-gedə Vətən keşikçiləri sırasında ön yerlərdən birini  tutur. Daha sonra bu vəzifə üfüqünü genişləndirir. Şair dünyanı qorumaq, bəşəri-insanı qorumaq iddiasına düşür: bunlarsız qələm tutmaq mümkün olmazdı. Şair Yer üzünün oğludur. Bu oğulluq isə «Vətən hardan başlanır?» sualına, «Dünya hardan başlanır?» sualını da qoşmalı idi. O, bir üzü işıq, bir üzü  qaranlıq dünyanı az qalır deyəm ki, Araz qırağından görür, Kür boyundan görür, Qarabulaq yaylağından görür.
Yazır:

Qatar gedir Araz boyu,
Gedir qıvrıla-qıvrıla.
Qarşı dağlar görünəndə,
Qaldım qovrula-qovrula.

Araz axır sərhəd boyu,
Axıb gedir lilli-lilli,
Qatar gedir həsrət boyu,
Həsrətimin paraleli.

Yenə burada poetik deyimdən yapışmaq istəyirəm. Burdakı dərd-nisgili qoyuram bir tərəfə. Bunu hamı deyə bilməsə də, çoxu deyə bilər və deyiblər də.
Şairin sənəti söz sənətidir. O, sözünü yüksək sənət dilində deməyəndə olur yüzün, minin biri, onda da sənətdən söhbət aparan olmur.

Qatar gedir həsrət boyu,
Həsrətimin paraleli.

Bəli, şair olan, istedad olan belə danışır. Hay çəkməyi hamı bacarar, şair kimi hay çək görüm! Söz məzmununu çiyninə götürüb dünyaya göstərir. Hamı şair kimi danışa bilmir. Şair isə hamı kimi danışır.
«Ay qədər, çay qədər dözümün də yox, ürəyim qovrulur söz ağrısından».

Başqa bir şerdə:

At minməyi yadırğadım
Düşüb getdim addım-addım.
Mən dağları qaldırmadım,
Qələm tutan saymaz məni.

Şairin birinci şərti qələm tutmağı bacarmaqdır. Yəni qələmi necə tutmusan, nə deyirsən, necə deyirsəng
Yazır:

Heyf, «duel» sözü uzaqda qaldıg
Mən duelə çağırardım,
Qorxaqlığı, ətaləti,
Səsləyərdim ədalətə
Sekundantı - həqiqəti.
Bu şer düz 25 il bundan əvvəl yazılıb: nə qədər bu gün  üçündür, nə qədər  müasirdir! Söz söz olanda belədir sənət: heç bir fatehin, heç bir şahın, padşahın onunla acıqlı danışmağa boyu çatmaz.
Bunlar hələ qələm dostumun bir-iki kitabından alıb üstündən ötəri keçdiyim deyimlərdir. Onun elə şerləri və poemaları var ki, misraları güllə kimi açılacaq gücə malikdir. Bunları təkrar-təkrar gözdən keçirtdim, oxudum, çoxdan bəri toplu halda üzləşmədiyim gözəl sənət nümunələri ilə qabaq-qənşər oturub söhbət elədim.
Onların  dərdlərinə şərik çıxdım, arzularına bələdçi olacağıma söz verdim.
Hər bədii sözün əzəl və axır həmdəmi oxucu ürəyidir. İ.İsmayılzadə oxucu ürəyinə yolu olan sənətkardır. Şair üçün bundan şərəfli daha nə  ola bilər?!

1987

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws