|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
QISA HƏYAT YOLU

Sərdar Əsədin  özündən sonra çıxan kitablarını vərəqləyirəm. Şerlər mənə tanışdır, doğmadır, bunların çoxunun ilk dinləyicisi, ilk oxucusu kimi, ilk tənqidçisi olmuşam.
g Bəzən sakit müzakirəmiz yönünü dəyişib  sərt mübahisəyə də, ciddi edələşməyə də çevrilərdi. Təzə yazdığı şerlərini çox inamla, bir az da səmimi desək, yüksək əda ilə oxuyardı. Lakin bu, əslində lovğalıq deyildi; bəlkə də hələ soyumamış daxili hərarətin, qaynar hisslərin əks-sədası idi. Şeri oxuyub «hə», «yox» cavabını eşidəndən sonra gülümsəyər və çox ciddi şəkildə deyərdi: «hələ bir az duza qoyaq  qalsın, sonra baxarıq». Növbəti müzakirəmizdə «duzdan çıxan şerə» özgə gözlə baxardı, daha ciddi, daha obyektiv olardı; tərifdən zövq almağı, özündən razılığı da vardı.
Biz onunla APİ-də, İsmayıl Şıxlının rəhbərlik etdiyi dərnəkdə tanış olmuşduq. Bu barədə, onun ədəbiyyata gəlişi, ilk yaradıcılıq uğurları haqqında kitablarına giriş sözü, son söz yazan müəlliflər ətraflı danışıblar. Mən geniş xatirə danışmaq fikrində deyiləm. Onu qeyd etmək istəyirəm ki, S.Əsədin qısa, lakin  qaynar, məhsuldar yaradıcılıq həyatı gözlərim qarşısında keçib. Çətin günlərimiz olub, bir mənzildə kirayədə qalmışıq, hansımız tez durubsa, o, «hər ikimizə qulluq eləyən» şərikli paltonu, ayaqqabını və ya abırlı köynəyi geyinib gedib. O birimizin evdən çıxmağı təbii ki, tezdən gedənin insafından asılı idi.
O günlər, «o dəmlər» S.Əsədin şerlərində əksini tapmamış deyildi. O yazırdı:

Şerim  bir yuxusuz  ömür başladı,
Harda qurtaracaq hələ bilmirəm?

Onun yuxusuz ömrü çoxdan – hələ Bakıya gəlmədiyi vaxtlardan, Cəbrayıl rayonunun Soltanlı kəndində əlinə qələm götürdüyü, nənəsinin, babasının dilindən aldığı, sonralar ürəkdən sevdiyi, özünün çox möhkəm qanadı bildiyi el ədəbiyyatına bağlandığı günlərdən başlanmışdı.
Sarı Aşığı, Dirili Qurbanı, Aşıq Ələsgəri əzbər bilirdi. Səməd Vurğun, Nazim Hikmət, Rəsul Rza və  başqa şairlərimizin yaradıcılığını  müntəzəm izləyirdi. O illərdə həmyaşıdı Əli Kərimə xüsusi rəğbəti vardı. Dirili Qurbanın məlum, naməlum şerlərini hələ  tələbəlik illərində toplamışdı. Sonralar Qurbani haqqında elmi əsər yazmaq, dissertasiya müdafiə eləmək istəyirdi.
Onun yazılarını vərəqlədikcə çox aydın şəkildə gözə çarpır ki, el ədəbiyyatı yaradıcılığının ən güclü bir qanadı olub. O, tayqanad deyildi. Şairi əhatə eləyən canlı həyat, ətraf  mühit, müasir zamanın nəfəsi isə digər qanadı idi.
Yazırdı:

Uyudum bir çayın zümzüməsində,
 Yerimdən bir daşın səsinə qalxdım.
Maral dırnağında, turac səsində
Çoxdan itirdiyim şerimi tapdım.

O, belə qənaətdə idi ki, şerin formasında heç bir «inqilab eləmək», təzə yol açmaq mümkün deyil. Şerin formasını çay yatağı ilə müqayisə edirdi. «Köhnə yataqdır, köhnə çaylaqdır. Yuyulub, yuyulur, yuyulacaq. Su həmişə təzədir. Yataq yoldur, çay fikirdir. Bu köhnə yolda nə qədər istəyirsən yük daşı. Yük həmişə  sənindir. Bax belə, istedad da budur: hansı yola hansı yüklə çıxmısan. Yolçunun yoluna baxmazlar, yükünə baxarlarg»

Min ildir gözləyir o qədim dağlar,
Hər dəfə zirvəyə çıxmaq təzədir.
Fəslin baharına işləyib qanım,
Ayağım altında torpaq təzədir.
Təbiət başlayan yanğı sönərmi,
Fikirlə içilən bulaq təzədir.

Fikirlə içilən bulaq  –  təbiətin sehrli bir  neməti, haradan başlanır, hara axır; bu, poeziyadırmı, formaya «içirdilən» fikirdirmi, hissdirmi? Niyə həmişə təzədir?
Bəs onda köhnəlik, itmə, ölmə-dirilmə yoxdurmu? Bu əbədi axını, bu əbədi köhnəlməni təzədən görmək, təzə görmək, onları söz çiyindən keçirmək hər adama – hər qələm  sahibinə nəsib olmur. «Hər dəfə zirvəyə çıxmaq təzədir» fikri də bunları təsdiq üçündür.
Səməd Vurğunun bu misralarını tez-tez oxuyardı:

Yeridir bir məsəl desəm yadigar,
Deməsəm, ürəyim sıxılacaqdır.
Birinci addımda lovğalananlar
İkinci addımda yıxılacaqdır.

Sözlü olanda, ürəyinə «təzə yazı qığılcımı qonanda» böyük ədəbiyyatdan nümunə şerləri, beytləri dodaqaltı zümzümə eləyər, hərdənbir də «yavan şerləri» oxuyub bərkdən gülərdi. Bir müddət sonra öz təzə  yazılarının «yağlı-yavanlığını» təyin eləmək üçün dərnək üzvlərinin müzakirəsinə verərdi.
O deyərdi: «Mən balaca bir qələm sahibiyəm. Təzə  şer işləyəndə xəlvətə çəkilirəm ki, görən olmasın. Qələm sözümə baxmayanda elə bilirəm ki, onun düzgün şırım açmadığını kimsə görür, kimsə onu əlimdən qapıb sındırmaq istəyir. Qələmin də fəhmi var. O, canlıdır; o, xış kimi,  kotan kimidir. Naşı əl torpağa  xəyanət eləyir. Onun açdığı şumu malalamaq, toxum səpmək olmaz, olsa da cücərti alınmayacaq. İlahi, gör hələ Füzuli olan şəxs nə sarsıntı keçirib!»
Sarsıntısız sənəti quru səhra ilə müqayisə edərdi. «Səhra sarsıntıdan doyub uyuyur.  Dağ sarsıntıdır; qayalara, bulaqlara analıq eləyən sarsıntı».
Uşaqlığı müharibə illərində keçmişdi. Ağır illərin arxa cəbhədəki sazağı qanında, iliyində sızıltı – yadigar qoymamış deyildi. Bu sızıltı, əks-səda əllinci illərdə  əlinə qələm alanların hamısında olduğu kimi, onun da qələmi üçün mövzu qaynağı idi.
Müharibə mövzusunda poemaları, şerləri seyrçi deyil, yaxşı müşahidəçi, bəzən də az qala şahid-iştirakçı bir əsgər qələminin məhsulunu xatırladır.
Bu qəbil yazılar, bu seçmə şerlər təzə çıxan «İllər ayrısı» kitabına da daxil edilib. Dövrə, zamana, hələ kül altında közərən keçmişə sual vermək  bu yazılarda aparıcı xətdir.
Belə şer və poemalarda qadınların arxa cəbhədə hıçqırtısı, harayı, bəxtə-taleyə üsyanı, coşqun əmək fəaliyyəti təbii, kövrək ifadəsini  tapıb. Gəlinlər gəlinlik yaşını keçib, ağbirçəkləşiblər. Ancaq hələ də gözləri yoldadır.
Yazırdı:

Gəlin hələ işıqları söndürməyib ki,
Bəlkə yolu itiribdir, - işığa gəlsin.
Pəncərənin pərdəsini  endirməyib ki,
Kişililər «kişi yoxdur evdə» - deməsin.

Gününə-işığına, əslində ömrünə pərdə çəkilmiş bir qadının faciəsi! Bir qadının taleyi: minlərdən, on minlərdən biri. Bilmirəm, bəlkə, bu mənim çıxartdığım nəticədir? Bəlkə, müəllif mövzuya ayrı yöndən baxırdı? Məncə, yox! Onun «deyərdi»lərinə mən şahidəm, bəzi qələm yoldaşları şahiddir. «Deyərdi», «danışardı» ümumi  məsələdir, nəzəri fəaliyyətdir. Demək, danışmaq yazıya dönməyəndə «bir ovuc» hava kimidir. Əsas məsələ o yazırdı düyçəsini açmaq, onu  necə axarında təhlil eləmək, oxucunu inandırmaqdır. Hər nə desən oxucu birinci növbədə  bədii əsəri öz zövqü ilə, öz duyğu qəlibi ilə ölçüb-biçir, tərəziyə qoyur.
O, yığcamlığı, ənənəvi forma biçimini sevirdi. Elə də yazırdı. Sözdən xəsisliklə istifadə eləmək, misranı gücü gəldikcə «sıxmaq» onun yazı manerasında əsas yer tuturdu.
Yazırdı:

Anam bəyaz geyimlidir,
Evimə analıq gətirib.
Təzədən körpə olmuşam,
Anam analıq gətirib.

Və ya:

Düz oturub, düz danışıq,
Zehinlərdən düşən işıq,
Əl yaradan hər yaraşıq,
Açıq niyyət sevgidir.

Səmimi tənqidə dözümlü idi; sağlam məntiqlə, təbii, obyektiv təhlillə yazdıqlarını töküb «haşan eləsən» belə inciməzdi. «Belə görüb» - deyərdi, - tənqiddən düzəliş asandır, tərifin büdrəməsi qorxuludur. Lakin onun yaradıcılığında hər şey hamardı, hər yazdığı «üzükdən  keçərdi» söyləmək düzü əyri görməyə bərabər olardı.
Düşündüyünü, yazdığını müdafiə eləməkdə bəzən lüzumsuz inadkarlıq göstərərdi; obrazlı ifadələrində dolaşıqlığa, müəmmaya da varardı. Bəzən tənqidçilər «Ağam mənə  kor deyibg» üsulu ilə  onun yaradıcılığına «başa düşülmür» damğasını vuranda o da cığallaşar, qəbul olunası tənqidi  də qəbul eləməzdi.
Sərdar Əsədin poetik müqayisələrindən birini yaxşı xatırlayıram. Deyərdi: «Yaxşı toxunan xalıya fikir verin, bütün çeşniləri, gülləri, yelənləri öz yerindədir. Bunlarda forma qüsuru tapmazsan, bu, işin bir mühüm tərəfi; o biri tərəfi – yaxşı xalıya barmaq girməz, sözdən hörülən yaxşı şer də belədir. Gərək onu sökmək, ayrı söz əlavə eləmək mümkün olmasın; fikir fikrə  bitişməlidir». Ancaq bir çoxumuz kimi o özü də buna həmişə nail ola bilmirdi.
«Yaddaş» şerində yazırdı:

Daşlarında xalı kəklik dəstə-dəstədir,
Xoş səsi var, nəğməsi var dilsiz quşların.
Qayalara düşən hər səs bir şikəstədir,
Eşqi sönməz bu həyata vurulmuşların.

O özü də həyatı sevirdi, qayğılı və qayğıkeş dost, yoldaş idi, övlad idi, ata idi. Bilmirəm necə oldusa özü öz həyatına qıydı. Çox arzusu arxasınca əliuzalı qaldı.
S.Əsədin «Şairin arzuları» adlı şeri var. Vaxtilə çoxumuz bu şerə qibtə edərdik; onu, demək olar, əzbər bilirdik. İlyas Tapdıq onun bu və ya başqa şerləri  haqqında səmimi yazıb. Şübhəsiz, real həyatla qanadlı arzular arasında böyük «məsafə» olur. Bu məsafə  müəyyən vaxtlarda yaxınlaşır və uzaqlaşır.
Arzuolunan səviyyə çox vaxt şairin durduğu səviyyədən yüksək olur. Çox az qələm sahibi bunları birləşdirə bilir. Bu, həyatdır, zamandır, dövrdür. Qabarma səviyyəsi ilə çəkilmə səviyyəsi uyğun gəlmir.
S.Əsədin yaradıcılığı təbii olaraq bu qabarma-çəkilmə arasında ömür eləyir. S.Əsəd az yaşadı. Lakin qısa  ömür yolu mənalı oldu, poetik yüklə dolu oldu. Bu yük şairin əsl həyatı, əsl varlığı,  əsl dünyasıdır. Bu dünya yağışlı-boranlı, güllü-işıqlı «iqlimi»ni saxlamağa qadirdir. Şairin çap olunan kitabları, arxivində qalan xeyli yazıları  buna zəmanət verir.
3 oktyabr, 1987

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws