|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ŞAİR ÖMRÜ

Sevimli şairimiz Mikayıl Müşfiqin anadan olmasının 75 illik yubileyi hər yanda təntənə ilə qeyd olunur. Bu ömrün lap əvvəllərindən onun şerlə, sənətlə bağlı həyəcanları, axtarışları, yaradıcılıq uğurları, başqa sözlə desək, şairlik taleyi başlayır. Bu tale bütün Azərbaycan torpağından – Bakıdan, Şirvandan, Mildən, Muğandan, Qarabağdan, Naxçıvandan, Gəncədən, Təbrizdən keçir; bu tale Kürün körpüsündə dayanır; bu tale həsrətli, həsrətlə axan Arazın qılınc kimi iti sularına boylanır; bu tale qardaş Rusiya, Ukrayna, Gürcüstan torpaqlarına uzanır, Volqaya, Dneprə, İrpenə, Yeniseyə qovuşur. Bu taledə Dədə Qorqud payı, Nəsimi dövru, Nizami-Füzuli xeyir-duası, Sabir müdrikliyi, Cavid nəfəsi varg
Mikayıl Müşfiq az, lap az yaşadı. Lakin  mənə elə gəlir ki, bu böyük qələm ustası taleyin ona verdiyi vaxt qismətindən, vaxt payından çox gözəl istifadə  eləyib; yəni belə bir qısa müddətdə onlarca əsl sənət nümunəsi yaradıb, olduqca böyük, zəngin yaradıcılıq irsi qoyub gedib. Öz-özlüyündə aydındır ki, yalnız yüksək istedad sahibi vaxtın «əl-ayağını» belə yığa bilərdi. Bu mənada o, bizim Lermontovumuz, İrji Volkerimizdir.
Bildiyimiz kimi, Mikayıl Müşfiq ədəbiyyata Sovet dövlətinin təzəcə yarandığı illərdə gəlib. Bu elə bir dövr idi ki, tarix libasını dəyişirdi; belə bir şəraitdə dünyanı bütün rəngləriylə görmək, yeni həyatın axarına alışmaq, üstəlik, onu yeni bir nəfəslə ifadə etmək hər bir qələm əhlindən yüksək hazırlıq, məharət tələb eləyirdi.
M.Müşfiqin yaradıcılığına az-çox bələd olan hər kəs yaxşı bilir ki, yeni dövrün dinamikası şairin könül təranələri ilə həmahəng səsləşirdi:

Mənim azadlığım mənim işimdir,
Həyatım, qüvvətim, yüksəlişimdir.
Mənə öz əməyim, öz haqqım yetər,
Bu zəngin vətənim, bu xalqım yetər.

Həyatın  nəfəsini duymaq, nəbzini tutmaq, onun ritmini, ahəngini poeziyaya gətirmək Mikayıl Müşfiq yaradıcılığının əsas xüsusiyyətlərindəndir. O, işlədiyi hər mövzunu, hər problemi sözün işığına gətirir, bu işıqda hər şey – vətən sevgisi, insan taleyi rentgendə olduğundan da aydın görünür. Bir sözlə, şair nədən yazırsa-yazsın, sözün poetik tutumunu, poetik yükünü unutmur; yaratmaq istədiyi mənzərəni, obrazı sənətin  qarşıya qoyduğu tələblər səviyyəsində işləyir; elə buna görə də onun  şerlərində yerinə düşməyən kiçik bir ifadəyə rast gəlmək olmur. Adama elə gəlir ki, bu sözlər, bu fikirlər şair ürəyində illərlə cilalanıb.
Mikayıl Müşfiqin yaradıcılığı çoxcəhətli və rəngarəngdir. Onun qələmə aldığı mövzular öz orijinallığı, təbiiliyi ilə seçilir. Şairin qısa yaradıcılıq yoluna  nəzər salsaq görərik ki, nə qədər şer formasından istifadə eləyib. Bəzən ömrünün 50-60 ilini masa arxasında keçirən ustad sənətkarların da yaradıcılıqları forma baxımından bu qədər rəngarəng olmur. Çox təəssüf ki, ədəbiyyat araşdırıcıları bu barədə bir söz də yazmırlar: halbuki, biz şairlər çox yaxşı bilirik ki, bu formaların bir qismini ədəbiyyatımıza elə Mikayıl Müşfiqin özü gətirib. Bütün  bunlara baxmayaraq, mənim belə bir təsəllim də var: Mikayıl Müşfiq böyük şairdir; böyük şairlərinsə həyatları, yaradıcılıqları əsrlərlə öyrənilirg
Mikayıl Müşfiq heç vaxt poeziyaya vərdiş kimi baxmayıb. Onun üçün hər şer  bir kəşf, bir axtarışdır. Bu duyğunun özü də çılğın və narahat şairin yaradıcılığına qəribə bir rəngarənglik, qəribə bir təravət gətirib. Əsl gənclik ehtirası  ilə çağlayan bu şerlərdə təkrar adına heç nə tapmaq olmur.
Mikayıl Müşfiq şerindən söz düşəndə bir məsələni də qeyd eləməyi vacib bilirəm: ömrü boyu dərddən, qüssədən qaynaqlanan qədim Azərbaycan poeziyası  elə bil ki, birdən-birə onun yazılarında cavanlaşır, qol-qanad açır, şux və təravətli görünür:

Cahan ki solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!

M.Müşfiqin şer dili kövrək və axıcıdır. Bu, heç şübhəsiz ki, istedadlı şairin şifahi xalq ədəbiyyatımıza- nağıllarımıza, dastanlarımıza, bayatılarımıza bağlılıqdan irəli gəlir. O, demək olar ki, bütün irili-xırdalı şerlərində, poemalarında folklora söykənir, yeri gəldikcə atalar sözlərindən, xalq  ifadələrindən bol-bol istifadə eləyir; elə buna görə də yazıları həmişə maraqla oxunur.
Bir şair kimi Mikayıl Müşfiqin böyüklüyü nədədir? Mən deyərdim ki, vaxtla ayaqlaşmasında, zamanla üzbəüz əyləşə bilməsində! Doğrudan da şair vaxtla ayaqlaşanda, zamanın tələblərinə cavab verən yazı yazanda – özünün böyüklük haqqını qazanır; sonradan bu  haqla da xalqının və tarixin önünə çıxır. Sevimli şairimizin həyat yoluna, yaradıcılığına diqqət yetirsək görərik ki, o, zamanın diktəsini, tələbini heç vaxt kor-koranə qəbul eləməmiş, həmişə öz inamının, düşüncəsinin arxasında dayanmış, qəlbinin  səsini dinləmiş, beləliklə, şair taleyinin müqəddəsliyini  qorumuşdur.
Mikayıl Müşfiq böyük şair olmaqla yanaşı, eyni zamanda gözəl ədəbiyyat bilicisi idi. O, demək olar ki, klassik Şərq və Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrini əzbər bilirdi. Abdulla Şaiq öz xatirələrində yazır ki, Mikayıl Müşfiqlə səfərə çıxmaq ədəbiyyatla, dünya şairləri ilə səfərə çıxmaq demək idi. Bütün bunlar onu göstərir ki, böyük şair ömrünün sonuna qədər ədəbiyyatla yaşamış, ədəbiyyatla nəfəs almışdır.
Mikayıl Müşfiqin yaradıcılığına yaxından bələd olan poeziya həvəskarları onu əməyin, zəhmətin, Vətənimizin, ana təbiətin, sülhün, azadlığın tərənnümçüsü kimi tanıyırlar. Onun qəhrəmanları qurub-yaradan sadə əmək adamlarıdır. Onun qəhrəmanları şerə birdən-birə gəlməyiblər: hünər meydanında ad-san qazanıblar, xalqın sevimlisi, əzizi olublar, ən nəhayət, çəkdikləri zəhmət, qazandıqları zəfər sayəsində şair ürəyinə giriblər və yuxusuz gecələrin birində nəğməyə dönüblər.

Nə gərək, sormayın, nə soydanam mən,
Əməkçi ellərə mehribanam mən.
Yarpaqdan ayrılan, şəfəqdən qopan,
Dünyanın bəzəyi bir insanam mən.

Mikayıl Müşfiq bəşəri şairdir. Onun şerlərində irqindən, milliyyətindən asılı olmayaraq, bütün xalqlar birdir; onları dostluq, qardaşlıq, birlik, bərabərlik duyğuları  birləşdirir. Onun şerlərində torpaq torpaqla, insan insanla  qaynayıb-qarışır, tikanlı sərhəd dirəklərini yasəmən ağacları,  gül  kolları əvəz eləyir. Onun şerlərində hamı bir mahnını oxuyur, hamı eyni bir gələcəyə üz tutur, hamı bir sabaha gedir.
Planetimizin taleyini böyük bir ürək ağrısı ilə düşünən şair haqlı olaraq belə bir qənaətə gəlir ki, işıq zülmətdən, həyat ölümdən, sevgi nifrətdən qat-qat güclüdür.
Mikayıl Müşfiqin şerlərinə Azərbaycanın söz xəritəsi kimi də baxmaq olar. Onun könül nəğmələrində dağlarımız daha uca, göllərimiz, çaylarımız daha gözəl, düzlərimiz daha bərəkətlidir; sanki şair dağlarımızın boy-buxununa, göllərimizin, çaylarımızın gözəlliyinə, düzlərimizin bərəkətinə öz sevgisini də əlavə eləyibg

Mikayıl Müşfiq xoşbəxt şairdir. Mən onu dünəndən daha çox bu günün, sabahın sənətkarı kimi tanıyıram.
Müşfiqdən söz düşəndə, nədənsə, onun bir bənd şeri yadıma düşür:

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?

Mikayıl Müşfiq az yaşadı. Əlbəttə, bu ömrün axırı, davamı vardı. Desəm ki, Müşfiq özüylə böyük bir xəzinənin açarını da apardı – yerinə  düşər. Görünür, nağıllarda qırxıncı otaq maraqlı olduğu kimi, insanda da ömrün axırı maraqlıdırg
76 yaşlı Müşfiq. Bizdən sonra gələnlər 100 yaşlı, 200 yaşlı, 300 yaşlı Müşfiqi görəcəklər. O da ulu babaları – Nizami, Füzuli kimi 400-500 ildən sonra da yaşa dolacaq.
1983

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws