|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
BİR QƏRİNƏNİN POEZİYASI

Fikrət Sadıq böyük poeziya salonunda öz kürsüsü olan, öz oxucularına sənət örnəkləri oxuyan, əvəzində xalqın minnətdarlıq alqışını qazanan bir şairdir. Xoşbəxt şair çox yazan,  çox dərc olunan deyil, çox oxunan sənətkardır. Sənətdə mütləq meyar budur: çoxun az təsirindən, əlbəttə, azın çox təsiri gərəklidir. Burada söz cilasına, söz zərgərliyi vərdişinə yiyələnmək bacarığı həqiqi istedada qismətdir.
Fikrət Sadıq ədəbiyyata sakit, haysız-haraysız, özünü təqdimatsız gəlib; aramla yazıb, yaxşı yazıb, çox oxunub, çox düşündürüb.
Şair həmin vərdişlə yenə yazmağında, yenə axtarışında davam edir... Və ona deyirlər ki, 50 yaşa qədəm qoymusan! İlləri varaqlayır, xatirə cığırlarını qoluna dolayıb geriyə dönür...
O, 1931-ci ildə qədim şer-sənət yurdu Şamaxıda doğulub. Təbii ki,  bu mühitin poetik havası əlinə qələm alan gündən  onun şair  həvəsinə müsbət təsir etməmiş deyildir. Həm də həyatın həm xoş, həm sərt üzünü oxumaqda ona az kömək eləməmişdi. F.Sadıq 13 yaşında Bakıya gəlib sənət məktəbində oxumuş, Kirovabadda  neft kəşfiyyatı birliyində elektrik montyoru işləmiş, ADU-nun filologiya fakültəsini bitirib yenidən Şamaxıya qayıtmış, ana laylası qədər şirin və əziz olan ədəbiyyat fənnini tədris eləməklə məşğul olmuşdur. Sonralar taleyini birdəfəlik mətbuatla bağlamış, müxtəlif vəzifələrdə çalışmışdır.
Ömrünün  əlli illiyinə qədəm qoyan, bir əli torpaqda, bir əli varaqda iyirmi beş ildən artıq  qələm  çalan, ağlı kəsəndən «heybəsi çiynində» zəhmət yükü daşıyan, həyatı şerinə,  şeri həyatına yol göstərən bir şairdən söz açmaq, onun poetik kəşflərinə yenidən  kəşfiyyatçı gözü ilə baxmaq o qədər də asan deyildir.  Burada istər-istəməz ona müəllimlik eləmiş  böyük poeziya  sənətinin xəritəsini göz önünə gətirirsən: torpağa məhəbbət, insana hörmət, sabaha inam! Böyük sənətin təbliğ elədiyi böyük ideallar həmişə bunlarla bağlı olub.  Fikrət Sadıq poeziya xəritəsindəki  bütün şərti işarələri sərraf şair gözü ilə mənimsəyir, ondan öz boyasını, öz miqyasını götürür; dünyanın adı Vətən olan bir parçasında  öz «təsərrüfatını» yaradır.

Gözümü yumub açdım,
Ötüb keçdi dəli yaşım.
Yoruldu tufanlı yaşım,
Duruldu selli yaşım.

Ana yurda səpələnib
Aranlı-dağlı günlərim;
Yollara tökülü yaşım,
Kəndçi yaşım, çöllü yaşım.

O, dəni işıqda yuyulmuş söz olan bir poeziya düzənində «mübtədadan xəbərə», «isimdən felə» qədər yol gedir. Dilin ətrini, dadını-duzunu varağa köçürür, insana ən həssas keşikçi olan söz sənətinə yiyələnir.
Bütün bunların hamısında o, humanist  bir  məqsədə – bəşəri, daha konkret, ətrafında olan insanları, odu-işığı, havanı-suyu, insanın özünü qorumaq məqsədinə xidmət edir. Onun şer dili sadədir, təbii axarladır, yığcamdır, obrazlıdır, görümlüdür.
Hər bir sənətin özünüifadə formasına, müəyyən qəlibə malik olduğu məlumdur. Ancaq bu məlum qəliblər daxilində qəliblərə sığışmayan fikirləri ifadə eləmək hünəri istedadlara  müyəssərdir. Burada sözün deyim tərzi də, sözün bədii düzülüşü də mühüm şərtlərdəndir. Əsl sənətkar qələmində  bir-birinə söykənib misra yaradan sözlərin öz boy sırası var; burada sözü sözə sürtüb qafiyəpərdazlıq, nəzmçilik  eləmək  ibtidai sənətdir, xırda peşəkarlıqdır.
F.Sadıq kiçikli-böyüklü bütün yazılarda  sözü yonub cilalayan, sözlə oynayan, ondan istədiyi fiquru yaradan şairdir .
Şairin yaradıcılıq tərcümeyi-halı belədir: «Ömrün bir günü» (1965), «Dəniz küçəmizə gəlir» (1968), «Cığır» (1969), «Sevgi yağışı» (1970), «Cırtdan hara getmişdi» (1971), «Bala kirpi» (1971), «İşığın yaşı» (1974), «Göydə nə var» (1978), «Ağ cığır» (1979).  Moskvada rus dilində üç kitabçası çap olunmuşdur. «Ranennıe doma» (1970), «Veçernyaya pesnya» (1975), «Semisvetnıy klubok» (1975) və s.  kitabları  nəşriyyatlar tərəfindən  nəşr olunmuşdur.  Oxuculara təqdim edilən «Yerdən göyə ümid» adlı kitabı  aşağıdakı  bölmələrə ayrılıb. «Ocaq», «torpaq», «insan», «layla», «dəniz», «işıq», «nağıl»... Bu bölgü  eləcə şərti tərtibatdır.  Əslində ocaq da,  torpaq da, işıq da,  insan da poeziyanın  ümumi ahəngində  eyni məqsədə xidmət edir,  eyni bir  xətlə birləşir:  insan olmadan bunların heç biri  gərək deyil. Bunların hər biri isə özlüyündə insanın varlığı deməkdir.
Baxın bu xalçaya, bu təbiətdir! Baxın təbiətə, o da xalçadır, Azərbaycan xalçası:

Xalça naxış-naxışdı,
Bu – bulud, bu – yağışdı,
Yeri canlı bahardı,
Gəbəsi qarlı qışdı.
Xalçanın gülünə bax,
İlmənin dilinə bax,
O yanda ocağına,
Bu yanda gülünə bax!

Fikrət Sadığın təbiət şerləri yalnız təsvir, peysaj lirikası deyil. Bu şerlər əsgər papağı geymiş bir şairin vətəndaş çağırışı, harayıdır. Təbiətə əl qaldıran insan təkcə palıdı, vələsi qırmır, əslində özü oturduğu budağı kəsir; təkcə quşun qanadını qırıb, ceyranı didərgin salıb, bulağı nəğməsiz qoymur; öz nəfəsini daraldır, öz çörəyini zəhərləyir, öz ömrünü tüstüyə bükür. Şair çox gözəl deyir: «Ehtiyatlı olun, quşlar! Tora düşmək... yaralanmaq qorxusu var».
Əvvələn:

Təkcə insanın deyil,
Hamınındır bu dünya;
Adi bir cücünün də
Haqqı var yaşamağa.

Digər tərəfdən, bu yaşamağa haqqı olan dilsizlərin hamısı insanı yaşatmaq üçün yaşayır. Odur ki, şair öz şerlərində  «Qırmızı kitab» harayına da yer ayırır. Elə çağırış, elə haray var ki, bunlar, doğrudan da, bəşəri yaşatmaq naminə «Qırmızı kitab»a düşməlidir.
Yuxarıda qeyd etdiyimiz kimi, F.Sadıqın bu yeni kitabına 25 illik yaradıcılıq məhsulundan nümunələr və xeyli təzə şer toplanıb.  Bu böyük zəhmətin bəhrəsi  bizi belə qənaətə gətirir ki, F.Sadıqın poetik istedadına yorulmaq, təngimək ruhu yaddır. Onun qələmi yeni fikirlər, yeni lövhələr sorağında getdikcə daha da fəallaşır, zamanın səsi, xalqımızın yaradıcılıq eşqi, inam və arzuları bu qələmin ifadəsində əvəzsiz rənglər, boyalar tapır.
Mən bu kiçik şair sözünü  qələm dostumun  bir təbrik teleqramı kimi  qəbul etməsini  arzulayıram.

1982

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws