|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
MƏNİM SABİR DÜNYAM

Sabir dünyası ilə ilk tanışlığım ilk uçuşum demək oldu: «Gəl, gəl, a yaz günləri». Əvvəl də oxuduğum, əzbərlədiyim şerlər var idi: bir doyumluq, üç doyumluq...
Ancaq bu dəryanı su kimi  içirdim,  hava kimi uçurdum, işığında isinirdim, istisində yuyunurdum. Layla  var idi,  bayatı-ağı var idi, holavar var idi. Ömrümün «xatirələr»  muzeyində  bunların ayrıca  sandıqçası  yenə də qalır. İndi hərdən yaşımın indiki hündürlüyündən geriyə baxanda nə  zamansa qanad taxıb uçduğum məqamları  görürəm: «Gəl, gəl, a yaz günləri» şerinin təsiri altında selləri yalmanlamaq, şimşəklərlə gizlənpaç  oynamaq, zirvələrə dırmanıb qartallara qoşulmaq, uçmaq və uçmaq...
O vaxt mənə elə gəlirdi ki, belə şerlər düşünülmür, yazılmır, çap olunmur. Bu qeyri-adi düzümlər, heç kəsdən eşitmədiyim söz mücrüsü yağış ilə, dolu ilə yağıb tökülür yerə. Bunları tapıb «sapa düzən» müəllimlərdir. Böyüdükcə məndən  çox-çox əvvəl  göyərib qalalaşmış, dənizləşmiş mənzərələrlə üzləşdim.  Bu üzləşmədə daha qanadlanmaq meylləri yox idi.  İndi artıq özündən asılı olmadan kişiləşmək, mürgüdən qaçmaq, qılınca, külüngə, oda, buza əl atmaq sərvaxtlığına yiyələnmək, ictimai hadisələrin bəzilərinə balta çalmağı öyrənmək, bəzilərini bataqlığa düşmək  qorxusundan xilas etmək, bir sözlə, zamanı  oxumaq, Sabir sənətini əsl mahiyyətini, bu mahiyyətin aşıladığı siyasi-əxlaqi, bədii-estetik məsələləri başa düşmək dövrünə qədəm qoymuşdum. Qələm götürmək meylinə düşmüşdüm. İnamım mənə deyirdi, hər yerdə aydın görünən «Sabir dağı» və digər ucalıqlar səni azmağa qoymaz. Bu ucalıqlar ənənə deyilən bələdçilərdir. Amma bu bələdçilərin  işığına doğru gərək  öz qədəminlə  gedəsən. Çiynində hansısa gərəkli yükü aparasan. Bu yol əliyalınlar üçün deyil:  burada Sabir bələdçi olduğu qədər də amansız imtahançıdır. O, deyilən sözün ən kiçiyini belə tərəziyə qoya bilir. Ondan öyrəndiyinin səviyyəsində dayanıb səni  dinləyənlərə nəsə deməlisən. Sabir indi müəyyən mənada vahimə, qorxu idi. Onun meyarından söz keçirmək çətindir, çox çətin. İlk baxışda adi görünən yüzlərlə qeyri-adi misraların imtahanından keç görüm, necə keçirsən. Qaranlıq mühitə yönələn günəş gücündə söz işığı zamana, əsrə verilən  elə suallardır ki, hərəsi bir dağın belini əyməyə qadirdir. Suala sualdan da ağır cavablar. Tələsmək olmaz, - «Çırmanırıq keçməyə çay gəlməmiş»,  gözləmək də olmaz.  Onda – «Millət necə tarac olur-olsun...» Qorxub ağlamaq da kişilikdən deyil – «Ağladıqca kişi qeyrətsiz olur». Yenə də bir yol qalır. Sabir babanın səxavətlə dərib tökdüyü söz meyvəsiylə qidalanmaq, bir  qayda olaraq ondan bəhrələnmək, ancaq  öz sözünlə, öz baxışınla öz qeyrətinlə, öz təpərinlə, öz müasirliyinlə üzünü öz gününə tutmaq, Sabirin arzu bağında yeni-yeni güllər əkməyi bacarmaq...
Bütün bunların təsiri ilə Sabirə  kiçik bir yazı – «Mən də insan oldum» poemamı həsr eləmişəm.  Bu uzun-uzadı poema-cavabda qüdrətli sənətkarın bircə mirasından istifadə olunub. Bu baxımdan Sabir sənəti öz siyasi-əxlaqi, bədii imkanları ilə elə xəzinədir ki, bu bəhrələnmə təbiətin gül-çiçək genişliyində bal arılarının şirə götürməsinə bənzər.
 Sabir sənətinin cazibə qüvvəsi çox güclüdür. Onun qeyri-adi təsir və müqavimət  qüvvəsini bu nəfəsə əlavə etsək, deməliyik ki, Sabirə müasir olmaq bir növ tərksilah olmaq deməkdir.  Sabir həmişə bizim günlərin və bizdən sonrakı günlərin şairidir.
Birdən zamanın kadrı dəyişsə, Sabir bizim günlərdə doğulsa və qələm götürsəydi, mənim zənnimcə, onun dühası  yeni «ölçü-biçi» məhdudiyyətini əvvəlkindən  bir cəsarətlə qırar, uzaqvuran toplar  kimi məğrur bir görkəmlə  istədiyi hədəfi nişan alardı.  Onda yəqin ki,  sənət ətrafında «ovçu tüfəngi»  ilə fırlanar, ara-bərə yazıçıları çox miskin vəziyyətdə qalardılar. Bir də Sabiri bizim dövrə gətirməyə çalışmaq hədər iş deyilmi?  Dövrümüzü onsuz hesab eləməyə kimin gücü çatar?  O, sənətimizin gündoğanında dayanıb.
1982

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws