|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Rəsul    RZA

DUYĞULARIN    İZİ    İLƏ

Məmməd Araz oxuculara yaxşı tanışdır: şerlərini oxuyurlar, əzbərləyirlər. O, artıq püxtələşmiş, yolunu, yönünü tapmış, mövzu dairəsini müəyyənləşdirmiş şairdir. Doğrudur, Məmməd Arazın mövzuları bir çərçivədə məhdudlaşıb qalmayıb.  Həyatın müxtəlif səhifələri, müxtəlif bəlirləri onun yaradıcılığında poetik deyimini tapmışdır. Bütün bunları təsdiq etməklə yanaşı, deməliyəm ki, şairin əsas mövzusu kənd, kənd adamları, kənd həyatıdır.
Məmməd Arazın heca vəznində yazılmış şerləri ilə yanaşı, yaxşı sərbəst şerləri də vardır. Həm də bu sərbəst şerlər surrağat deyil, ondördlüyün pillə-pillə bölünmüşü deyil (belə hallar da olur), əsl mənada sərbəst şerdir.
Onun bir sıra lirik parçaları – təbiət gözəlliklərinə könüldən vurğun bir rəssam kimi çəkdiyi mənzərələr, lövhələr yadda qalır, oxucunu düşündürür, dəfələrlə görmüş olduğu dağları, dərələri, çəmənləri, bulaqları, könül oxşayan mənzərələri yeni “gözlə” görməyə, yeni çalarlarla duymağa yön verir, dönə-dönə baxdığımız, lakin görmədiyimiz rəngləri, biçimləri qarşımızda canlandırır.
Təkrar başlayan yerdə sənət qurtarır. Deyilmiş olanı bir də deməyə ehtiyac varmı - əgər bu deyim yeni bir detal, yeni bir çalarla zənginləşmir, yeni bir duyğu oyatmırsa?! M. Arazın bu baxımdan bəyənimli şerləri az deyil. Bu şerlərdə təkrar yox, yeni bir təsdiq var, oxucunun idrak dairəsini genişləndirən, mənəvi aləmini zənginləşdirən baxım yönü var. Şairin təbiət lirikası üçün belə şerləri xarakterikdir.. Bəzən təkrarlara da rast gəldikdə deyirik: bunlar müəyyən pillədə nəfəs dərmək, ləngiməkdir.
Lakin M. Arazın yaradıcılığında tapıntılar, səmimi vurğunluq, poetik yanğı üstündür, onun əksər şerlərinin leytmotivini təşkil edir.
Şairin başqa bir münasibətlə dediyi “Ömrümün hansı bir pilləsindəsə, geriyə qayıtmaq istəyəcəyəm” beytinin onun yaradıcılıq yoluna aid olmayacağına inanmaq üçün şerlərini oxumaq, onların yazılış tarixinə baxmaq bəsdir.
M. Arazı – şair Arazı ən çox düşündürən insandır, onun mübarizəsi, ağlı-qaralı günləri, mürəkkəb tale yoludur. Bunu istər kiçik həcmli, istərsə də bir sıra iri həcmli əsərində görmək olar.
Onun kitablarını vərəqlədikcə mənə elə gəlir ki, şairin obrazı gözümdə get-gedə daha aydın görünür. Onun poetik varlığının uzaqdan, az tanışlıqdan yaxşı görünməyən cizgiləri aydınlaşır, müxtəlif rəngə dolur, qabarır, daha bəyənimli olur.
Elə bil ki, uzaqdan, kölgədən çıxıb yavaş-yavaş işıqlığa gələn bir adamı görürsən. Sətirlər təmkinlə, həvəslə, qürurla, nigaranlıqla yaxın bir insan qəlbinin nəğməli aləmindən xəbər verir. Bəzən bu sətirlər həvəsli, arzulu, ümidli, bəzən riqqətli, həzin, üzgün olur.
Tək-tək tutarlı obraz lüzumunda məhdud əyalət anlayışı görünən sözlərdə belə, şairin özünəməxsusluğu göz qabağındadır.
Məmmədin adi görünən, bəlkə də onun yaradıcılığında diqqətəlayiq bir hadisə olmayan bir sıra şerində də şair könlünün titrəyişini duymaq olur. Ayrı-ayrı şerlərinin sonunda qoyulmuş tarixlər şairin inkişaf yolunun məsafəlikləri kimi bu yolun irəliyə, kamilliyə doğru tuşlanmış olduğunu göstərir.
Bu yol get-gedə artan uğurlu duyumlar, tapıntılar, dərinləşmə, arınma-durulma yoludur. Ara-sıra təsadüf edilən vəzn qırıqlığının, yerinə düşməyən sözlərin, qafiyə səliqəsizliyinin, deyim rəngsizliyinin azalması, çoxalması, sənətkarlıq cəhətdən dolğunlaşması, büllurlaşması yoludur. Yaxşıdır ki, Məmməd Arazın yaradıcılığında bu saflaşma güclü bir meyldir.
Mən belə saflaşmaya, dərinləşməyə misal olaraq, “Dağlara çağırış” şerini misal gətirməzdim. İlk oxunuşda bu şer adamda bir maraq doğurur. Təkrar-təkrar oxuyursan, bir-birinin ardınca gələn müraciətlərdə, təşbihlərin düzülüşündə nə isə ilk tanışlıqda açılmamış şeylər axtarırsan... Lakin təəssüflə bu nəticəyə gəlməli olursan ki, burda ancaq zahiri təmtəraq, gəlişigözəl deyimlər var. Olsun ki şair dağları etibar, dözüm, arxa rəmzi kimi vermək istəmişdir. Bu baxımdan, şerin bənzətmə yükü çox ağırdır.
            Ən ağır anında dağlarla danış,
            Ən ali loğmandır o
                                                müdrik qoca
Bu sətirlərdən konkret bir təsəvvür almaq mümkün deyil.
            Dağlar sevgisində bir ulu ata
            Dağlar ərköyünlər atası deyil.
Belə qeyri-müəyyən fikirlər, yerinə düşməmiş sözlər öz yaşıdlarının ilk sıralarında gedən bir şairin əsərlərində olmasa yaxşıdır.
Bu tələbi qoymağa haqqımız var. Məmməd Araz neçə-neçə uğurlu əsərin müəllifidir.
            Dünənimi döşdən asan deyiləm,
            Dünənimə qəbir qazan deyiləm,
            Ürəyimsiz kəlmə yazan deyiləm,
            Nə qədər ki öz əlimdir yazanım.
“Viktor Xara oxuyur” şeri də, ordakı “təbəssümü necə ağ, səsi necə durudur” sətirləri də, “Nifrət aktı” şerindəki “silah cümlə” ifadəsi də  M. Arazındır.
“Bir gecə ölümlə” şerindəki bu misralar da:
            Bir gecə ölümlə baş-başa yatdım,
            Bir gecə qoymadım işıqlar sönə.
            ...O, görə bilmədi məni yanında.
            Bir gecə ölümü yaman aldatdım,
            Ölüm kor olurmuş işıq yanında.
Məmməd Arazındır.
“Bir əsim küləyəm, bircə dil odam” kimi orijinal deyimlər də Məmməd Arazındır.
Bəzən qısa deyilmiş bir cümlədə olan təsir gücü fikrimizdə, zehnimizdə dərin iz buraxır. Sadəcə bir bənzətmə ilə yaranan poetik düşüncə bizə çox şey deyir:
            Əl – günəş,
            Qalan şey günəbaxandır.
Məşhur “İnsanı əmək yaratmışdır” fikrini bizə bir də xatırladan bu sətirlər ilk baxışda sadə, böyük məna daşımayan sözlər kimi görünə bilər. Yaxşı diqqət edin! Günəş dünyamızın  bütün nemətlərinin əsasıdır. Təbiətdə nə varsa, onun işığından, hərarətindən, şüalarından qidalanır. Günəş ilk qaynaqdır. İnsan əli də həyat nemətlərinin yaranmasında, insanın inkişafında əvəzsiz rol oynayır. Ətrafımızda gördüyümüz bütün törəmələrdə insan əlinin qüdrəti vardır. Günəbaxan insan əlinin, şərti olaraq belə desək, insan zəhmətinin maddiləşmiş əksi, bəliri-təzahürüdür.
Bu fikir özlüyündə təzə deyil. Lakin fikrin poetik deyimi yeni, orijinaldır. Bu tapıntı da Məmməd Arazındır. “Qəfil” adlı şerində şair lakonik bir dil, təkidli təkrarlarla mühüm həyat səhifələrini vərəqləmişdir.
            Bu torpaq əsrlər qaranlığında
            Qəfil nur dağları dikəldib, axı!
            Bu torpaq qədimlər toranlığında
            Nadan sürüsü də kökəldib, axı.
Bu tutarlı, tutumlu sətirlər də M. Arazın qələmindən çıxmışdır. Həyat bir rəngdə, bir biçimdə deyil; dünyada çeşid-çeşid insan var. Qaranlıqda nur dağları yaradan torpaqda nadanlar, paxıllar, özümlük azarına tutulmuş insan xırda-xuruşu, insan çürüntüsü də var.
Bu həqiqətə cild-cild kitablar da bağlamaq olar. Yuxarıda misal gətirdiyim bir neçə sətirdə bu həqiqətin bədii təsdiqini vermək olarmış.
Mən, Məmməd Arazın yaradıcılıq şakərinin kəndə, kənd həyatına daha artıq meyilli olduğunu demişdim. Bu meyl onun ancaq təbiət mənzərələrini yaddaqalan boyalarla rəsm etməsində deyil, ən çox təsvir etdiyi hadisələri, haqqında söhbət açdığı insanların obraz düzümünün, söz materialının, belə demək mümkünsə, dadında-duzundadır.
“Atamın kitabı” poeması həm də yaddaqalan, koloritli, orijinal xarakterlər yaratmaq baxımından diqqəti cəlb edir. Həyat hadisəsini bilmək azdır, Onu poeziya predmeti etməyi bacarmaq lazımdır. “Atamın kitabı” poeması buna uğurlu bir misal ola bilər. Poemanın süjeti mürəkkəbdir, çoxplanlıdır. Təəssüf ki, ədəbi tənqidimiz bu ciddi, dəyərli əsər haqqında geniş söhbət açmamışdır. Belə bir söhbətə ehtiyac var.
Poema “Birinci etiraf”la başlayır. “İkinci etiraf”la davam edir. Sonra bir-birinin ardınca fəsillər gəlir. Bu əsər çətin yollardan keçən insan taleyi haqqında incikli, göynəkli, qəzəbli, nikbin bir hekayətdir.
Poemada ağır müharibə illərinin nəfəsi ürəkləri qarsır. Xalqın dözümündən, çətin imtahan günlərindən səhifələr açılır, insan sədaqətindən, dostluq sınağından, insanın insana inamından bəhs edilir. Şair:   
            Bəd xəbərlə açılanda günlərin ağzı
            Kəndimizə ayaq açan qara kağızın
            Tanıdığı qocalardan biri atamdı.
            Sınadığı qocalardan biri atamdı – deyir.
Bu ata obrazı poema boyu get-gedə açılır. Konkret bir ata, müdrik, dözümlü, ümumiləşmiş bir el ağsaqqalı olur.
Bu ata, gözləri həsrət yollarının yorğunu analara bir təsəlli, bir ümid, bir inam simvolu olmuşdur. Bir gün fəlakət onun qapısını döyəndə onun qara kağız tutan əllərinin titrəyişi hər hansı sözdən daha aydın, təsirli olur.
                    Bir gün onun öz adına,
            Öz ünvanına
            Gəldi doğma
                qardaşının
                qara xəbəri.
            O da durub
            Bir qocanın qaçdı yanına
            Deyəcəyi – dil demədi,
                dedi əlləri.
            ...Özü verən təsəllidən
                verdilər ona;
            “İnanmasın bu doğrunun
                doğruluğuna”.
            Belə idi o zamanlar.
            Bəzən yalan da
            Deməliydik
            bir ümidə gərək olanda.
“Haşiyə” fəslində şair təsirli, yaddaqalan dramatik bir səhnə yaratmışdır. Burda insan sədaqətinin imtahan səhnəsi qısa sətirlərdə açılır.
Ömrü boyu toxum səpən əllərə bir kağız uzadıb “qol çək” – deyə tələb edənlərə qoca –“əlli ilin qonşusuyuq, o dumdurudu” – deyə rədd cavab verir. Onu cinayətə, haqsızlığa sövq edənlərə “bu saqqalıma yaraşmaz, axı, kişi olan böhtan işə bulaşmaz axı!” – deyir. Bu səmimi etirafın qabağında haqsızlığın amansız səsini eşidir.
            Bulaşmasa biz özünü
                bulaşdırarıq.
            Öz ipini öz əliylə
                dolaşdırarıq.
Bəli, bu, həyatın olmuşlar dəftərinə yazılmış dəhşətli sətirlər, acı xatirəyə dönmüş günlərin göynəyidir. Bu, həm də sadə vətən oğullarının dostluqda sədaqəti, insana sarsılmaz inamı, dözüm, mətanət timsalıdır. Şair bədii boyalarla bir daha təsdiq edir ki, bu kimi dosta sədaqət, insana inam, həqiqət uğrunda heç bir sınaqda əyilməyən mərdliklə biz ölkəmizə üz vermiş  müharibə fəlakətindən alnıaçıq, üzüağ çıxmışıq.
Poemanın bir “Bir qəbrin önündə” fəsli poetik sadəliyin təsir gücünə yaxşı misal ola bilər.
Mahmud qızının qəbrinə üz tutub sanki özü-özü ilə xatirələr dilində danışan qəhrəman, oxucunu da özü ilə bərabər sınaqlı, incikli günlərə aparır.
            Qardaş getdi, oğul getdi davaya,
            Qadınların kişiliyi başladı.
            Yanğın düşdü gəlinlərin ömrünə,
            Gülüşlərin payızlığı başladı;
            Qəzəblərin səpinləri başladı;
            Nifrətlərin əkinləri başladı;
            Sınaqların çətinləri başladı.
Bu tutumlu, amansız sətirlərdən sonra riqqətli, həzin bir həsb-hal  başlayır. Bu acı həqiqətin yanıqlı misraları bizə el dastanlarını, bu sözün yüksək mənasında, xalq ağılarını xatırladır. Buradakı nəğmə nəqəratı kimi səslənən “sən yoxsan...” təkrarları, bənzətmələr, detallar həqiqi xalq yaradıcılığı ruhu  ilə aşılanmışdır. Bir-birinin ardınca güclənən sətirlər bir yoxluğu, könül həmdəmi, ürək dostu, ömür yoldaşı olan bir insanın yoxluğunu təkidlə bizə xəbər verir.
            Yer üzünün işığı bol –
                sən yoxsan;
            ...Aynabəndli ev-eşiyin –
                    sən yoxsan;
                       Bir ömrün tüstüsü yox –
                sən yoxsan;
            Xörəyimin istisi yox –
                sən yoxsan...
Bu səmimi etirafdan sonra bir üsyan səsi ucalır:
            Bu yoxluğun səbəbkarı
                özüməm,
            Öz ömrümdən kəsib sənə
                vermədim.
Yer üzərində fəlakət yaradanların, yurdları kor qoyan, insanları didərgin salan qara qüvvələrin hökmü nə qədər davam edəcək? Şair insan səadətinə qənim çıxanları yer üzündən yoxaltmaqçın “qələmlərin ucundakı qara gilə amansız qara güllə olmalıdır” – deyir. Sənət insan, insan səadəti uğrunda mübarizə silahı olmalıdır.
Poema tragik notlarla zəngin olsa da, nikbin əsərdir. Şair ömür yolumuzun çətin döngə-dolaylarını bacarıqla təsvir edir ki, bu çətinlərdən qalib çıxan insanların sadə qəhrəmanlığını, sadə qəlbini, mətanət və inamını çeşidünya üzüd-çeşid bədii boyalar, çalarlarla gözümüzdə, zehnimizdə canlandırsın. Bu yaradıcı zəhmətin uğurlu nəticələri şübhəsizdir.

1977

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws