|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
AŞIQ ƏLƏSGƏR YÜKSƏKLİYİ

Aşıq Ələsgər Azərbaycan poeziyasının üfüqündə əzəmətli görünən qarlı-buludlu zirvələrdən biridir. Zamanın ən tutqun havalarında belə parıltısını itirməyən,  yol azanlara bələdçilik edən, yar itirmiş didərgin aşiqlərə qoynunda  yer verən bu ucalıq timsalının «mütləq hündürlüyünü» təyin eləmək çətindir. İllər ötdükcə el ədəbiyyatının, aşıq sənətinin sənət «süfrəsinə» tökdüyü boyaların  saflığını müəyyən etmək  üçün Ələsgər müqayisə vahidi və meyarı olur.  Aşıq Ələsgər Dədə Qorquddan  başlayıb gələn  ozan-aşıq  ədəbiyyatını ustalıqla mənimsəmiş və bu ədəbiyyatın hələlik keçilməsi  mümkün olmayan  söz köhləninin  cilovunu əlində möhkəm saxlamışdır.
Məlumdur ki, Aşıq Ələsgər sadəcə  çalıb-oxuyan aşıq deyildir. Aşıq Ələsgər qüdrətli söz ustası,  saz ustası idi; yeni şerlərini xalqa çatdıran,  uzun qış gecələrində məclis aparan,  yüzlərlə, minlərlə savadsız kəndliyə əxlaq, mənəviyyat, xeyirxahlıq, gözəllik dərsi deyən müəllim idi.
Ələsgər sazı, Ələsgər sözü Azərbaycan  xalqı üçün bir  əsərə yaxın  böyük bir  ədəbiyyat universiteti rolunu oynamışdır.
Ələsgər mənim ilk  poeziya əlifbam, ilk ədəbiyyat müəllimim olub. Aşıq Ələsgər «kursu»nu mənə ilk dəfə heç bir əlifba – hərf  tanımayan savadsız  anam oxuyub. O, darayıb cəhrənin yanına yığdığı əlçim yunu iyə düyünlər, cəhrəni fırladıb səsini yoxlar və yoluna davam edərdi... Əvvəl sinəsində gumuldanan  nəğmə yavaş-yavaş avaz alar, cəhrənin səsini batırardı:
Axşamdan yağan qar çıxıbdı dizə,
Kəsilib bulaqdan yolu qızların...
Onu da deyim ki, anam xoşuna gələn aşıq şerini, kimin olur-olsun, Aşıq Ələsgərin adına oxuyardı.
Pəncərədən boylanardım. Doğrudan qar qurşağa çıxıb. Yol-riz bağlanıb. Bulaqdan su gətirən qızlara  yazığım gələrdi.  Bütün bunları aşıq hardan bilirmiş?

Gedirdim, güzarım düşdü bulağa;
Ovçu bərəsində maralı gördüm.
Yatıb inildəyir, durub boylanır;
Bir neçə yerindən yaralı gördüm.

Nəhayət, son beytdə sənətkar harayı qulağı batırır, əliqanlıları haqq, ədalət qarşısında cavab verməyə çağırır:
Ələsgərəm, çaylar kimi çağlaram,
Ananı baladan aralı gördüm.
İndi də bu şeri oxuyanda qanına boyanmış balalı maralın iniltisi, göz yaşı otağıma dolur, yuxumu qaçırır və ittiham dolu nidaya dönür.
Yenə də bulaqdan, bulaq başından söz açan misralar:

Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstündə yol, incimərəm.

Azərbaycan kəndini,  dağlıq mühitini və gündə  on dəfələrlə bulaqlara gedib gələn  qızları göz önünə gətirin! Aşıq razıdır ki, bulaq başında dəfn olunsun, sevgilisi gündə neçə  yol qəbrinin üstündən cığır salsın.  Əlbəttə, bu, eşqinə cavab ala bilməyən nakam aşiqin son qərarıdır.  Böyük ispan şairi Qarsia Lorkada belə  misralar var: «Mən öləndə ayaq üstə dəfn edin, qoy sevgilim görsün ki, ölümümlə də onun yolunu gözləyirəm».
«Dağ», «Dərə», «Çay»,«Bulaq», «Yaylaq», «Körpü», onu əhatə edən, gündə neçə yol qarşısına çıxan bu kimi obyektlər dəfələrlə Aşıq Ələsgərə mövzu qaynağı olur. Onun şerlərində bunlara təkrar-təkrar müraciət edilir.  Ələsgər dağlarla dostluq-yoldaşlıq edir,  dağları dəfələrlə «oxuyub əzbərləməkdən» doymur. Bu dostluq-yoldaşlıq söhbətlərinin heç  birində şair özünü təkrarlamır.
Bir gün dağı belə görür:

Ağ xalat bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib kefinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar...

Başqa gün belə:

Hanı mən gördüyüm qurğu büsatlar,
Dərdiməndlər görsə tez bağrı çatlar.
Mələşmir sürülər, kişnəmir atlar
Niyə pərişandı halların, dağlar?

Böyük sənətkar təbiətə seyrçi deyil, insan sevinci, insan qəmi-kədərini ifadə edən əhval-ruhiyyə duyumu ilə baxır.
İgid nərəsindən, güllə səsindən
Dəyməmiş tökülür kalların, dağlar.
... Anamın nəğməsi tez-tez ahəngini dəyişər, kövrələr, incələr, məni dağdan arana, arandan dənizlər arxasına, qəriblər sorağına, nakamlar toyuna, kasıblar qapısına aparıb çıxarardı. Bir də görərdim ki, anamın gözü dolub, ağlayır. Nə idi bu  ağlamaq, nə idi bu göz yaşı?
Məsələ ondadır ki, Aşıq Ələsgəri oxuyub keçmişi, ulu  babaları, öz əcdadını xatırlamamaq mümkün deyil. Keçmiş ömür-gün təəssüratı, bunları araşdırmadakı fəlsəfi işıq, əxlaqi nəticə, həmçinin, həzin bir kədər insanı düşündürməyə bilmir.
Aşıq musiqisi tarixindən yetmiş iki saz havası məlum idi. Aşıq Ələsgər bunlara əlavələr eləmiş, «hibridləşmələr» aparmış, yüzdən artıq hava çalmışdır. Bunların hamısı xalqın sevinc-qəm, ayrılıq-vüsal, qələbə-məğlubiyyət tarixini əbədiləşdirib saxlayan sehrli rənglərdir.
Sənətkar keçmişi xatırladır, bu günü göstərir, diqqəti gələcəyə yönəldir. Bütün bunlar ona görə Azərbaycan xalqına doğma hisslərdir və Aşıq Ələsgəri ona görə ağızdan-ağıza əzbərləmişlər ki, o, mürəkkəb həyat hadisələrini sıxıb əzmiş, ələmiş, xalqın başa düşəcəyi tərzdə poeziya dərsi keçmişdir.
Aşıq Ələsgər yaradıcılığında qədim şərq poeziya məktəbindən, ənənədən gələn, ərəb-fars sözləri üstündə qurulan dil mürəkkəbliyi yoxdur. O, xalqın içindən çıxıb, xalq üçün yazıb, xalq üçün oxumuşdur. Onunla yaşıdlar, həmsənətlər, ustadlar, şəyirdlər də olub ki?! Bunlar da xalq  içindən çıxıb, xalq üçün oxumurdularmı? Bəli, belə idi! Ancaq Ələsgərin taleyi onda gülmüşdü ki, təbiət ona böyük istedad vermişdi. O, yüksək sənət dilinə  mükəmməl bələd olan bəxtiyar sənətkar idi.
Deyirlər, onun yazı savadı yox imiş. Axı qədim şərq məktəblərində ərəb əlifbasında əvvəlcə oxumağı, sonra yazmağı öyrədirdilər. Bəlkə oxu dərsindən sonra yazı dərsinə vaxtı olmamış və ya tale imkan verməmişdi. 85 yaşlı qocaman Aşıq Şəmşir deyir: «Aşıq Ələsgər çox yaxşı yadıma gəlir. Atamın dostu idi. Yaza bilmirdi. Şeri «yaddaşına yazardı». Bir dəfə  oxuyan kimi aşıqlar, xiridarlar əzbərlər və beləcə də yayardılar».
Əlbəttə, yəqin ki, onun şerlərindən yaddaşlarda torpağa gedəni də olub...
Görünür, yaddaşın yaddaş  qüvvəsi, şifahi qavrayış biliyi elə bir qeyri-adi idrakın cazibəsində olmalıymış ki, o, aşıq sənətinin bütün çoxrəngli, müxtəlif formalarını mənimsəsin və öz yeni qoşma, gəraylı, təcnis, dodaqdəyməz, qıfılbənd və s. ilə onu bir addım da irəli aparsın.
Bütün bunlar – yəni Aşıq Ələsgərin özü haqqındakı həqiqətlə yaradıcılığının meydana sürdüyü həqiqət arasında suayrıcı müəmma və elmi şübhə meydana atır.
Bunu Ələsgər deyib:

Dilim qələmimdir, sinəm dəftərim...

Bu da Ələsgərindir:

Gözüm qaldı əlif-beydə, yasində...

Bunlar da:

Yox sazımın nə pərdəsi,  nə simi,
Onu çalıb  kim tərpədər, nəsimi?
Firdovsi, Füzuli, Hafiz, Nəsimi,
Onlar da yazdığı ayə, məndədi.

Onun şerlərində böyük Nizaminin də adı  çəkilir. Yəqin, bu misraların əsrlərdən keçib gələn  fırtınası onu da titrədib:
Şerdən ucalıq umma dünyada
Çünki Nizamiylə qurtardı o da.

O, gözünü  açandan ictimai zülm  və cəhalətin şahidi olmuş, mühitin ağırlığı onun insan çiyninə yüklənib, sənətkar sinəsində düyün bağlamışdı. Aşıq Ələsgərin dəli mizrabı bu düyünü didib-töküb, sazın dilində aləm-aşkar eləmişdi:

Dad sənin  əlindən,  a qanlı fələk,
Könül həsrət qaldı, yara dəyməmiş.
Köhnə yaram qövr elədi təzədən,
Təbim neştər vurdu, yara dəyməmiş!..

Ələsgər, üsyanın çıxıbdı sandan,
Öldürsən zənburu, əl çəkməz şandan.
Hərcayıdan, müxənnəsdən, nadandan
Nə söz qaldı sənətkara dəyməmiş.

və ya:

İnsan payız ölə, yazda dirilə,
Zimistanda boran-qarı çəkməyə...

Tapdı eşq əlindən xatalar məni,
Qul deyə Həbəşdə satalar məni.
Qoyub top ağzına atalar məni,
Bəlkə canım bu azarı çəkməyə.

Ələsgərin dövründən  narazılığı, bəy, xan özbaşınalığına eyhamları,  mollanın-qazinin fırıldağından ikrah hissi, adi giley-güzar misralarında  ifadə  olunmurdu. Böyük  sənətkar sənətin yüksək vəzifəsini gözəl duyurdu. Odur ki, bu sənətin  yüksək kürsüsündə onun endirdiyi söz şapalağına div canlı düşmən də tab gətirə  bilməzdi:
Saxla dili, özün üçün yağıdı,
Aşıq Ələsgərin odlu çağıdı.
Vurar caynağına səni dağıdı,
Göydən yerə parça-parça düşərsən.

Deyirlər ki, hələm-hələm aşıq Ələsgərlə deyişməyə, hərbə-zorba, həcv yazmağa girişməzmiş, belə təmənnaya,  gümana düşənlərin çoxu tərksilah edilib, «yal-quyruğu qırxıq yabısına mindirilmişdir».  Ağsaqqal, müdrik Ələsgər  heç vax meydan sulayan olmamış, sadə, təmkinli sənətkar lovğalanıb meydana  atılanları  isə sözün «zoğal çubuğu»na tutmuşdu.
 Aşıq Ələsgər gözəllik sənətkarıdır. Onun şerlərində nə qədər qız-gəlin, gözəl qadın  adları  var.  Bunların çoxu o zaman aşığın toylarda gördüyü, gəncliyində  sevdasına düşdüyü, hansının könlündəsə öz qəlb ocağını işıqlandıran od axtardığı gözəllər idi.
Onları itirəndə  aşıq poetik qüvvəsini, daxili təkanını itirir: sözü ovxarlana, könlü işıqlana, sazı köklənə bilmir. «Yar gedəndən din-imanım gedibdi» deyir. Çox səxavətlə:
İncimərəm and içirəm Xudaya,
Qədəm bassa gözüm üstə gözəllər, -
«əzabına» da dözür.
Yox, dayanın, Ələsgəri məhəbbət çarvadarı hesab eləməyin. O, insan adından danışırdı, sevən gənclərin dilmancı, elçisi, sədaqət nümunəsi idi.
Deyirlər ki, Ələsgər ağır təbiətli, təvazökar gözütox bir insanmış. Və deyirlər ki, bu «gözəllər» sərrafı heç vaxt məclislərdə «naməhrəm gözü ilə» gözəllərə baxmamışdır. Məhz buna görə idi ki, Azərbaycan qadınına ən dəhşətli feodal  münasibəti dövründə, yad kişiyə «ayrı gözlə»  baxanın gözü tökülən  zamanlarda belə Aşıq Ələsgərin məclislərindən qadınlar  çəkindirilməmişdir. Aşıq bu məclislərdə  yenə də müəllim olub dərs  demiş, sazın-sözün aşığı ehtirasa gətirən cilovunu  əlində  möhkəm saxlayıb cavanlı-qocalı, ərkənli-subaylı məclis əhlini ovsunlamışdır.
Məhəbbət onun sazı, sözü üçün  yetkinləşmək, gözəlliyi sənətin ali  zirvəsinə  qaldırıb insan kamilliyinə  xidmət edən bir qüdrətə döndərməkdən  ötrü lazım idi.
 Ülvi məhəbbətin, insan sədaqətinin tərənnümünü yüz illərdən bəri poeziyanın mənzil  başına  gedənlər  üçün açılan ağ  yola bənzətmək  olardı.  Bu yolu daha geniş açmağı,  bu yola ən dəli  çaylar üstündən  körpü qoşmağı,  didərgin aşıqları yol azmaqdan  qorumağı,  sanki, bu sənətkar müqəddəs vəzifə  kimi boynuna götürmüşdü.  Mübaliğəsiz  demək olar ki,  Aşıq Ələsgər  bu yolda  çox müdrik  və uzaqgörən, xeyirxah  bələdçi olmuşdur.
Yaşı artdıqca, qocalıb piraniləşdikcə Ələsgər zamanın sazağını daha həssaslıqla duymuş; yer üzünün haqsızlıqlarını, hərki-hərkilikləri, qoluzorluluğu, güclünün gücsüzü ayaq altında  keçə kimi eşməsini  filosof-şair  kimi göz-könül  dünyasında «əridib sənətləşdirmişdir». Burda aşıq gah humanist məsləhətçi kimi:

«Can» deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
«Çor» deyənin nəfi nədi dünyada,
Abad könlü yıxar, pərişan eylər.

Gah taledən gileyli:

Könlümün şişəsi saqın ki, sınar,
Toxunarsa ayna daşa, dayanmaz.
Əl dəyməmiş yaralarım sızıldar,
Vursan, sinəm üstə maşa, dayanmaz.

Gah da:

Bəylik, küylük, səylik olan məclisdən
Qaç ki, orda xeyir-bərəkət olmaz, -

deyərək, ümumiyyətlə, dünyanın nizamına, «idarə üsuluna» etiraz etmək istəyir.  Aşıq ömrünün sonlarında sazının kölgəsinə çəkilib, onun sızıltısını dinləyir, dəyirmançılıq eləyib  uşaqlarına bir tikə  çörək qazanır, dünyanı «özündən itələyib» cazibəsindən qaçmaq  qərarına gəlir. Bu nə dünyadır ki:

Fələk  bərhəm edib çox nizamları,
Zülmünən söndürüb yanan şamları.
Hayıf, cavanların gül əndamları,
Mara-mura qismət oldu dünyada.

Bu nə dünyadı ki; «Nə ağıla qiymət qoyur, nə deyilən sözə», «Hərzə danışanla dürr yağdıranı bir-birindən ayırmır», «Nə kamal sərf etsən, qədrini bilmir», «Şamı sübhə, sübhü şama çəkir», bir sözlə, bütün «səxavətini» yem kimi nadanlar  sürüsünün qabağına  tökür, zülmkarlar «kef-damaq taxtında», zamanın, əsrin şöhrətini əsrlərə-zamanlara aparan qələm sahibləri «qara siyahıda»; daim dırnağı ilə yerin bağrını söküb cəmiyyətə çörək əkənlər həyatın dibində yaşayır. Bu o dünyadır ki...

«Yazıq aşıq, vermə ömrünü zaya,
Dərd bilən can bu yerlərdə tapılmaz»,
«Ədalətxan bu yerlərdə tapılmaz».
«Şövkəti şan bu yerlərdə tapılmaz».
«Ac doyuran bu yerlərdə tapılmaz».
«Dərdə dərman bu yerlərdə tapılmaz».

Bəli, Aşıq Ələsgər dövrünün ən parlaq işığı olmuş, dövranın işığı isə onun üstünə çox az düşmüşdür.
Ələsgər sözün qüdrətini ən uca nöqtəyə qaldırıb oradan  əsrinə baxmış; külək kimi zamanın təbiətini darayıb keçmiş, dağ çayı kimi onu doğram-doğram eləmiş, bahar buludu kimi onun yamaclarına söz yağışı ələmişdir.
Bəs S.Vurğun kimi görkəmli  söz ustalarını Ələsgərə  bağlayan, ondan çox hərarətlə danışmağa vadar edən nə idi?
Tək ona görəmi ki, Aşıq Ələsgər Vaqifin gözəllik bayrağını,  xalq dilindən gələn duruluq, saflıq poeziyasının aydın, təmiz ifadə formasını möhkəm qorumuş  və ölənəcən bu keyfiyyətlərə yiyələnmək  birinciliyini əlindən  verməmişdi?!
Bu cəhətdən Azərbaycan ədəbiyyatı  çox zəngindir.  Əgər onun qalaq-qalaq  aşıq poeziyasından «bircə sap» çəksən, yuxarıda dediyim xüsusiyyətin çox cəhətini özündə cəmləşdirən neçə sənətkarın  qarşıda dayandığını görərsən.
Ələsgərin irəliyə addımı ondaydı ki, bu sənətkar aşıq şeri formalarına  yeni, yüksək sənət məzmunu verməklə onu əyalətçilikdən  çıxarıb  poeziya qatarına qoşmuş və «ən yeni şer növləri ilə» yarışa biləcək ənənəvi aşıq ədəbiyyatının ictimai nüfuzunu  qaldırmışdır.
Aşıq Ələsgəri oxuyub bu fikrə gəlmək olar ki, ən uzaq bir əyalət mühitindən də dünyanı görmək və dünyanın diqqətini ora yönəltmək olar.
Bu istedada yiyələnmək bacarığı qətiyyən bu təmənnada olmayan Ələsgəri türkdilli xalqların  çoxunun şer-sənət məclisində  yuxarı başda oturtmuşdur.
Bu mənada Vaqifdən sonra Qasım bəy Zakir də böyük bir qüvvətlə  ictimai fikir yükünün  altına girmişdir.  Fəqət bu böyük sənətkar da Aşıq Ələsgər qədər əzbərlənə, əldən-ələ gəzə, ən azsavadlı oxucunun belə qonağı  ola bilmədi. S.Vurğun  bunların hamısını duyurdu.  Və Ələsgərə  münasibətdə bu  ölçünü əsas götürürdü ki, o,  sözün «səsini eşidə», «rəngini görə»  bilir. O,  adilikdən qeyri-adilik  heykəli yonan, sadəlikdən dərin fikirlər cığırı açan sənətkardır. Aşıq Ələsgərin nəğmələri  taxıl kimi, dən kimi sinəsindən  torpağa ələnib,  təbii şəkildə göyərib qalxıb. Bu nəğmə hər şeydən əvvəl, sənət əsəri kimi, söz sənətinin sehrli əllə yonulmuş fiqurları kimi gözəldir.
Onun misraları durna qatarı kimidir. Bir sözün çəkilişi ilə nizam pozulur, qatar dağılır. Onun misraları qurğuşun-lehim kimi tökülüb donub. Şaxtanın kəsərindən buz necə donur, istinin nəfəsindən qar necə əriyirsə, Ələsgər yaradıcılığında  rədif, qafiyə, bölgü, düzüm qaydaları  birlikdə əsərə dönəndə, belə təbii proses  kimi baş verir. Bir sözlə, Ələsgərin təfəkkür tərzinin forması o qədər  təbiidir ki, elə bil böyük sənətkar nəğmələrini varaqlara yağdırmışdır.
S.Vurğun qələm  dostlarına «Aşıq Ələsgəri diqqətlə oxuyun» - deyəndə məhz bu  təbiilik sistemini görüb-duymaq,  sözü «hər qəlibə sığışdıra bilmək» bacarığına yiyələnmək məsələlərini nəzərdə tuturdu.
Bu baxımdan Ələsgər yüksəkliyini «ölçmək» istəyəndə, bu səmtdə o ucalığı  seyr edəndə onun sənətkar  hündürlüyünə ad qoymaq olur – yüksək sənət!
Bircə buna təəssüf edirəm ki, bu xoşbəxt şairin, xalqı durduqca  duracaq sənətkarın  dərin milli koloriti, bir məqalədə aydınlaşdırılması qeyri-mümkün  olan xəlqi  ifadə tərzi,  hər şeydən əvvəl «azərbaycanlı paltarı geymiş» cinasları, dodaqdəyməzləri, gəraylı, qıfılbənd və ustadnamələri çətin ki, sətri tərcümə  vasitəsi ilə  tərcümə olunsun.  Aşıq Ələsgər şerlərinin bütün  dillərdə  eyni təbiiliklə səslənməsini  biz hamımız – onun nəvələri  necə də  istərdik. Bütün dillərdə  tərcüməsiz səslənən külək vıyıltısı, çay nəriltisi, ildırım hayqırtısı kimi.
Eh, heyf ki, poeziyanın dili tərcüməyə möhtacdır...

 may, 1972

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws