|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Tofiq    MÜTƏLLİBOV

ŞAİRİN ŞER PLANETİ

            Bir balaca dövlətəm mən,
            Bayrağımdır bir ağ kağız.
            Bundan artıq ,
                bəzək-boya istəmirəm.
Bəli, şair haqlıdır. “Bu ürəkdən o ürəyə sərhəd xətti” olan bu dövlətin qüdrəti şerdir. Ilhamlı bir şairin qələmindən qopan şerdir.
Məmməd Arazın bu günlərdə “Gənclik” nəşriyyatı tərəfindən buraxılmış “Atamın kitabı” məcmuəsini varaqladıqca,  bu dövlətin qüdrətinin şahidi oluruq. Şairin özünün yazdığı kimi, bu dövlətin paytaxtı onun yazı masasıdır. Bu masa uzun gecələrdə yuxusuz qalan şairin yaxın dostu, sirdaşıdır. Kitabda toplanmış şerlərin bir çoxu həmin masa arxasında meydana gəlib.
“Atamın kitabı”nda toplanmış şerlərdə bu günün həqiqəti, sabahın romantikası öz əksini tapıb. Şair bu günü məhəbbətlə tərənnüm etdiyi kimi, dünənini də unutmur:
            Dünənimi döşdən asan deyiləm,
            Dünənimə qəbir qazan deyiləm,
            Ürəyimsiz kəlmə yazan deyiləm.
            Nə qədər ki, öz əlimdir yazanım.
Kitabdakı şerləri oxuduqca inanırsan ki, onlar ürəklə yaranıb. Burada şairin qəlbinin çırpıntılarını duyuruq. Bu qəlb bizi yaşamağa, yaratmağa, sevməyə, sevilməyə səsləyir. Bu qəlb öz işığı ilə oxucunun gözləri qarşısında gələcəyin yollarını işıqlandırır:
            Biz ki, gələcəyə inam sarıdan,
            Dünyanın ən varlı adamlariyiq –
deyir.
Bu qəlbdə “Dağlara çağırış” var, “Dənizçi dünyası” coşur, “Payız nidası” eşidilir, “Gözləri yol çəkən ana laylası” dilə gəlir. Bu qəlbdə “Küləklər” əsir, “Üfüq” görünür, “Bir ömür xatirə” təzələnir, “Viktor Xara” oxuyur.
Məmməd Araz təbiət aşiqidir. Onun kitabını vərəqlədikcə, ana təbiətin bütün gözəllikləri qarşımızda sərgi kimi açılır, heç təsadüfi deyil ki, şair bir çox şerlərini təbiətin qoynunda yaradıb. “Fəhlə süfrəsi” şerində:
            Bir qayanın dibindəcə süfrə açdıq,
            Kürsümüz də, mizimiz də daşdan idi -
deyən şair təbiətin qoynunda olduğu üçün sevinir. Bu süfrəni bütün süfrələrdən əziz, müqəddəs sayır. Məhəbbətlə deyir:
        
                          Bu naharda min ətirli baharımız,
            Küləyi də, pencəri də əmlik əti.
            Bir fəhləyə qonaq oldum Arpaçayda,
            Bu süfrənin hər tikəsi bərəkətdi.
“Fəhlə süfrəsi” şerindəki hissi, duyğunu şair çoban qışlağında yazdığı “Çoban çörəyi, çoban ürəyi” şerində davam etdirmişdir. Göstərmişdir ki, dağlar insana saflıq, təmizlik, əzəmət, vüqar, gözəllik bəxş edir. Çoban çörəyi halaldır:
            Bu çörəyi duya bilən ürəyin gərək,
            O ürəyə layiq olan çörəyin gərək.
Məmməd Arazın təbiət şerləri bizi şairin özünün  “söz düzü” adlandırdığı Qarabağ düzünə, “boz səhranın dodaqlarına” axan Arpaçayın sahillərinə aparır. Qarşımızda təbiətin sirləri açılır...
Şair şəhərlər gözəli Bakını, onun günəşli səhərlərini, ulduzlu gecələrini böyük məhəbbətlə tərənnüm edir:
            Bakının gecəsi məhəbbət çətirli,
            Gilavar gülablı,
            Gilavar ətirli –
deyir.
“Kəhkəşan daraqlı”, “analar laylalı”, ”körpələr uyğulu” gecələr şairi ilhama gətirir. Bu gecələrin bəhrəsi olan lirik şerlər kitabın “Eşqimin fəsilləri” bölməsində toplanıb. Şair ilk məhəbbətini səsləyir.
            Harda qaldı o günlər,
            Eşqimin ilk baharı.
Elə bil o günlərin acılı-şirinli xatirələri illərin arxasından əks-səda verir. Şair “bir xatirə dəftərinə bənzəyən” ömrünü vərəqləyir, “görüşlərin arasında çay” olan xatirələri dilə gətirir, “xəyalımda xatirələr muzeyləri var” deyərək öz-özünə sual verir.
            Bir xatirəm köçəcəkmi xatirələrə?
Şairin lirik şerlərinin əksəriyyəti yığcamdır. Onun lirik parçalarında  incə bir yumor var. Belə şerlərin birinə - “Buludsuz gecələr göyə bir də bax”a  nəzər salaq. Lirik qəhrəman bir zaman “sevgilisi ilə ulduzları qoşa yanan” göylərə həsrətlə baxır. Onun qəlbi dilə gəlir:
            Indi elə bil ki, onlar da küsüb,
            Yazıq ulduzlarda günah vardımı?
            Biz yerdə itirdik bir-birimizi,
            Göydə ulduzumuz barışardımı?
“Yaşayaq öz ömrümüzü”, “İldırım qəzəblə şığıyır yerə”, “O gözlərə əhsən” şerləri də bu qəbildəndir.
Şairin məhəbbəti kimi qəzəbi də güclüdür. Biz kitabı vərəqlədikcə şairin ayrı-ayrı şerlərində bu qəzəbin ifadəsini duyuruq. Diri ikən qolları, dili kəsilmiş ölməz Çili müğənnisi Viktor Xaranın düşmənlərinə üz tutan müəllif qəzəblə deyir:
            Indi bütün əllərdə
            Bir gitara oxuyur.
            Indi bütün ellərdə
            Vikror Xara oxuyur.
Ilya Çavçavadzeni öldürən gülləni onun ev muzeyində görən şair qəzəblənərək bu “şöhrətə atılan gülləyə” üz tutaraq söyləyir:
            Necə də ərimir xəcalətindən.
“Təəssüfə təəssüf”, “Bu tərifə inansam”, “Qurd xasiyyəti” , “Bir natiqə tövsiyə” və s. şerlərində şair öz qələmini cərrah bıçağına döndərərək , hələ də cəmiyyətimizdə özünə yer tapa bilən mənfiliklərə qarşı mübarizəyə qalxır. Bu mənfilikləri kəsib atmağa can atır.
Məmməd Araz bundan əvvəlki kitabını “Qanadlı qayalar” adlandırmışdır. Doğrudan da, qayalar “qanadlandı”, dağlara çevrilməyə başladı. Bunu “Atamın kitabı” aydın sübut edir. Şairin təzə şer planeti gözəl müjdələr verir.

1975

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws