|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Qulu    XƏLİLOV
                                                                
YARADICILIQ    SADƏLİYİ   

Daim arayıb-axtaran şairlərimizdən biri də Məmməd Arazdır. Oxucular onu həm də qələm dostları haqqında səmimi fikir və mülahizələr söyləyən, əmək adamları və torpağımızın gözəllikləri barədə məzmunlu məqalələr və oçerklər, publisist qeydlər yazan müəllif kimi tanıyırlar. Bu yazımızda biz, şairin “Qanadlı qayalar” (Azərnəşr) kitabı barədə mülahizələrimizi bildirmək istəyirik.      
Müasir dövrün hadisələrinə ayıq-sayıq şair münasibəti, cəmiyyətimizin humanist ideyalarına sadiqlik Məmməd Arazın şerlərinə vətəndaşlıq motivləri aşılamışdır. Bu əsas motiv onun məqalə və publisist qeydlərində də özünü göstərir, yazılarının başlıca keyfiyyətinə çevrilir.
M.Arazın  əsərlərində nəzərə çarpan mühüm cəhətlərdən biri həyat müşahidəsinin dəqiqliyidir. Onun ən yaxşı şerləri bu müşahidənin təbii şair istedadı ilə birləşməsindən yaranmışdır. “Azərbaycan – dünyam mənim”, “Xarici dil müəllimi”, “Ata ocağı”, “Muğanda Kür nəğməsi”, “İnsan qayalar”, “Salam, a zirvələr” və s. şerlərdə fikrin, ümumən həyatın obrazlı təfəkkürlə dərki, şairin faktları, hadisələri bədiiləşdirmək bacarığı diqqəti cəlb edir. Bu şerlərdə bədii kamillik baxımından irad tutulmalı ifadə və misralara da təsadüf edilir, lakin küll halında bu tipli əsərlər şairin vətəndaşlıq hisslərinin güclü əks-sədası təsiri bağışlayır.
                              Layları doğrayan, qatları yaran
                              Ən cəsur cərrahlar – neftçilərdir.
                              Torpaq zülmətində günəş axtaran
                              Yeraltı səyyahlar – neftçilərdir.
Bizə elə gəlir ki, bu bənddə neftçi əməyinin nələrə qadir olması obrazlı şəkildə ifadə olunmuşdur. Ümumiyyətlə, M.Araz sıx-sıx obrazlar işlətməyi sevir və bu cəhət onun üslubunda bir məziyyət kimi qeyd edilməlidir. Məsələn, o, “Azərbaycan – dünyam mənim” şerində Azərbaycanı qayalarda bitən çiçəyə, çiçəklər içində qayaya bənzədəndə, “oğulları Kür gəzdirər biləklərində” deyəndə öz fikirlərini oxucuya yaxşı çatdırır. Çünki burada torpağımızın həm zənginliyi və əzəməti, həm də övladlarının zəhmətsevərliyi və coşqunluğu canlı verilmişdir. Onun yaradıcılığında təqdir olunmalı cəhətlərdən biri hər hansı fikir və ideyanın təzə obrazlar və epitetlər vasitəsilə təcəssüm etdirilməsindədir. “Ata ocağı”ndakı bu misralar nə qədər sadə və mənalıdır:
                                Bu gün kənd yolları tüstülü, odlu;
                                Təpələr fikirli adam kimiydi.
                   Mürgülü zəmilər gözləri dolu,
                                Dindirsəm – kövrələn atam kimiydi.
Müxtəlif şerlərdən gətirdiyimiz aşağıdakı ifadələr də şairin poetik düşüncə tərzinin  xüsusiyyətlərini göstərmək baxımından diqqəti cəlb edir:  “alov dilli ox”, “qoca Şərqin duman dünyası”, “ana yurdun ürəyinə toxuna bilər”, “bir ağacın budağından sallanıb – neçə-neçə ağlı dayaz yaşayır”, “qəzəbi köklənib dağın, daşın da”, “dumanlar yas qurdu dağlar başında”, “ayın ziyasından nur çətri almaq”, “yamaca lehimlənən qurşun kəndimiz” və s.
Kitabda müəllifin dörd poeması vardır: “Əsgər qəbri haqqında ballada”, “Üç oğul anası”, “Mən də insan oldum”, “Paslı qılınc”. “Üç oğul anası” haqqında vaxtı ilə “Kommunist” qəzetinin səhifələrində bir qədər geniş bəhs etdiyimizdən burada biz ən çox  müəllifin başqa poemaları üzərində dayanacağıq.
Poema janrı həyatın geniş epik lövhələrini vermək üçün M.Arazın tez-tez müraciət etdiyi formalardan biridir.  Etiraf edək ki, M.Araz bu janra müasir dövrün həyat həqiqətlərini geniş planda vermək üçün çox ciddi bir forma kimi baxır və əksər hallarda da məqsədinə nail olur. “Mən də insan oldum” poeması böyük xalq şairi Sabirdən danışır. Sovet hakimiyyəti illərində azadlığa çıxmış fəhlənin dili ilə həm Sabir dövrü fəhləsinin fəlakətləri, həm də sovet dövrü fəhləsinin səadətli günləri verilmişdir. İki aləmin, iki quruluşun bir fəhlənin gözündə müqayisəsi, həm də Sabir sənətinin təsiri ilə yaranan, oyanan bu intibah şairə həm keçmiş haqqında, həm də müasir dövr haqqında tutarlı poetik fikir və mülahizələr söyləməyə imkan vermişdir. İnqilabdan qabaq insan yerinə qoyulmayan, ləyaqəti təhqir edilən, kasıb və pulsuzluğuna görə ələ salınan, lakin dahi Sabir tərəfindən dərin məhəbbətlə tərənnüm olunan bu fəhlənin həyatından şair maraqlı lövhələr cızır. Poemada  Sabir sənətinin qüdrəti fonunda belə bir həqiqət ifadə olunur ki, bütün varlılar, istismarçılar zəhmətkeş kütləni müflisləşdirmək yolu ilə harınlaşmış, azğınlaşmışlar. Lakin nə qədər ağır vəziyyətə düçar olsa da, fəhlə sinfi öz mübariz, döyüşkən, proletar mətinliyini qoruyub saxlamışdır. Sabirin dahiliyi bir də ondadır ki, o, dünyanın ağırlığını çiynində saxlayan bu fəhlənin rəşadət və cəsarətini, qadir səsini öz inqilabi poeziyasının ruhuna hopdura bilmişdir. “Mən də insan oldum”un müəllifi Sabir sənətinin döyüşkən ruhunu poemada bir fəhlənin simasında bacarıqla ümumiləşdirmiş, Sabir sənətinin fəhlə sinfinin simasında təcəssüm edən bir sıra gözəlliklərini – gələcəyə inamı, inqilabi dəyanəti, mübarizliyi əks etdirməyə çalışmışdır. Budur, Sabir dövründə adam yerinə qoyulmayan savadsız fəhlə indi, müasir dövrdə ən mürəkkəb hadisələrin sükançısı, hərəkətvericisi kimi cıxış edir.
            Döyüş meydanını, söz meydanını
            Qələmli, silahlı verərdim sənə.
            Neçə tribuna “qəhrəmanını”
            Burunlu, qulaqlı verərdim sənə.
            Görərdin: - Qırmanclı bir nəzər salıb –
            Fəhləyə o ağız  büzənləri də;
            Ani bir təbəssüm mükafat alib,
            Yüz dodaq gülüşü kəsənləri də.
Məmməd Arazın qələmə aldığı fəhlə öz vətəninin səadətini düşünən, onun böyük nailiyyətləri ilə qürrələnən, dünya xalqlarının həyatı ilə maraqlanan geniş diapazonlu insan olmaqla qalmır, həm də şeri, sənəti başa düşən, babalarımızın ləyaqətini dərk edən, intellektual səviyyəsi yüksək bir şəxsdir. Bu fəhlə Sabiri qürur hissi ilə şerimizin Magellanı, Koperniki adlandırır. O, deyir ki, bu sənətdə Xaqani fəlsəfəsi, Nizami təfəkkürü, Nəsimi cəsarəti, Füzuli idrakı toplandığına görə ölməz və böyükdür. Fəhlə fəxr edir ki, xoşbəxt nəvələri dahi şairin – “Gəl, gəl, a yaz günləri, ilin əziz günləri” misralarını quş kimi ötürlər. Öz sənətində zamanın, dövrün, “ərzin havasını” toplayan Sabir əgər sağ olsaydı, “bu günkü şeri yenə də  ən güclü silaha çevirərdi”. Realist düşüncəli, romantik xəyallı bu fəhlənin istək və arzuları ilə böyük Sabirin və özünü onun nəvəsi adlandıran müəllifin arzuları qoşalaşıb, vəhdətləşib poemada aparıcı xəttə çevrilir. Bu fəhlənin istək və arzularına qol-qanad verən müəllif Sabir poeziyasının inqilabi vüsətini bütün dünyaya yaymaq üçün kənd və şəhərlərin, mədəniyyət ocaqlarının darlığını hiss eləyir: hamını Muğan düzünə yığıb Kəpəzi kürsüyə çevirməyi arzulayıb deyir:
            Biz elə danışaq, bu səs, bu qanad
            Yerdə sərhədləri, sədləri yarsın.
            Bakının üstündən uçan kosmonavt
            İlk sənin şerini Aya aparsın.
            Qoy bir nəğmə kimi oxuyaq səni;
            Yumruqda, baxışda, dodaqda, gözdə -
            Hər xalqın, hər elin şer sevəni
            Oxusun Sabiri tərcüməsiz də.
Maraqlı bir mövzuya həsr olunmuş “Paslı qılınc” poemasında əsas yeri üç surət - ər, arvad, hakim tutur. Rəmziyə ilə Musaxanın münasibətləri pozulub məhkəməyə düşür. Süjetdə bu üçlük əsas götürülsə də, meşşanlaşmış və səmimi bir ailənin dağılmasına bais olan, rəssam ərini çərlədib öldürən, şofer Musaxanı yoldan çıxarıb özünə “ərciyəz” edən “Qadası” ləqəbini daşıyan Gülsura  surəti də maraqlıdır. Bunlardan başqa hakimin və şairin münasibətini təmsil edən qüvvələr də vardır.
Göründüyü kimi süjet heç də təzə deyildir, buna bənzər əhvalatlar ədəbiyyatda çox işlənmişdir. Arvadını və iki uşağını atıb, meşşanlaşmış gülsuraların felinə düşən Musaxan kimi yüngülbeyin ərlərə həyatda rast gəldiyimiz kimi, Rəmziyə kimi analıq ismətini qoruyan məğrur qadınlarımız da çoxdur. Həmçinin qanunun keşiyində namusla duran, ona yaradıcı yanaşan, insan taleyini hər şeydən uca tutan hüquq işçilərimiz də az deyildir.Bu poemada sanki müəllif görünmür, hadisələrə müdaxilə etmir və hər şey öz təbii axınında inkişaf edir. Əslində isə bütün hadisələrdə şairin münasibəti aydın duyulur. Poemada belə bir xətt dərindən əsaslandırılır ki, evlənməyə, boşanmağa sadəcə alver, paltar dəyişmək kimi, moda kimi baxmaq cinayətdir. Əsil hakim isə o şəxslərdir ki, qanunun sadəcə əsiri olmur, hər hansı bir fəlakətin və faciənin həyatda, məişətdə, ürəklərdə rişə verən tellərini, obyektiv və subyektiv amillərini üzə çıxardıb təhlil-tədqiq edir: bir yazıçı kimi, bir həkim kimi, pedaqoq-alim kimi, həqiqi vətəndaş kimi! “Qanun ürəklərə işləməyəndə - əl öz yazdığını dəyişməlidir”.  Gərək elə hökmlər verəsən ki, o, xalq gözü qədər, xalq ağlı qədər dərin, ədalətli və humanist olsun, çünki:
            Sevsən göz üstündə o saxlar səni.
            Elə ki, qudurub çiyninə çıxsan,
            Aşırıb, fil kimi ayaqlar səni...
            Onun baxışları əzən dirilməz,
            Onun alqışları ucaldan, ölməz !
Şair bu mühakimələrilə poemanın əvvəlindən ər-arvadın taleyində həlledici rol oynayan hakimin xalqa yaxınlığını, qanunlarımızın humanist və yaradıcı mahiyyətini oxucuların nəzərinə çatdırmaqla qalmır, qəhrəmanlarının da mötəbər özülə əsaslandıqlarına işarə edir. Doğru qərar doğulan gündən körpə kimi ürəklərdə yuva salır; Əksinə, qərar beyinlərə zorla yerləşdirilərsə, öz qüvvəsini itirir. M.Arazın qəhrəmanı hakim ərlə arvadın boşanmasına yalnız məcəllə ilə baxıb bununla da vəzifəsini bitmiş hesab etmir. O, özü ittihamçı olsa da, bəzən bir müttəhim kimi öz-özü ilə, “vicdan yoldaşla” söhbət edir, badələr dalında insan taleyinə qol çəkən adamların məsuliyyətsizliyinə gülür. Çünki onun nəzərində bütün vəzifələr, bütün qanunlar – insana, insana xidmət üçündür. Hakimə görə, insan taleyinə qərar yazanlar üçün bir məhkəmə salonu çox dardır, çünki bəzən gül qabı ilə kül qabının yeri dəyişik düşür. Əsil hakim isə bütün tutqun şüurları bir cərrah kimi təşrih edib, hər cür ləkəni, xəstəliyi üzə çıxarmalıdır.
Şair surətlərin ən çox  psixoloji düşüncələrinə yer verir, onları bir-bir “vicdan məhkəməsindən” keçirir. Bəs ailənin dağılmasına səbəb olan amillər hansılardır?
Məlum olur ki, Musaxan şoferi işlədiyi rəssam öləndən sonra onun arvadına satılıb, ailəsinə xəyanət etmişdir. Rəmziyə isə “astana şəlpəsi” olmamaq üçün ləyaqətini qoruyur. Sən demə, Rəmziyə də atasının şirin dilinə aldanıb, ailə quranda dərindən fikirləşməmişdir. “Atalıq haqqı” onun qadınlıq haqqını əlindən almışdır. Ata deyib ki, Musaxanın hər addımı puldur. Başı əhlət daşına dəyən Rəmziyə ayılandan sonra görür ki, “barsızmış sevdiyi ağac”. Hakim isə uşaqların xatirinə ailənin dağılmasına razı olmur. O, başa düşür ki,  eşqi, məhəbbəti talanan ürəklərdə isti yuva qurmaq çətindir. Bundan başqa, məsələ təkcə pulda deyil, insan ləyaqətindədir.
Müəllif əsas işığı insanın daxili aləminə, vətəndaşlıq duyğusuna, vicdani hisslərə doğru yönəldir.
Bu səhnələrdə tənqid hədəfi meşşanlıqdır, duyğusuzluqdur, analığı, qadınlığı ləkələyənlərdir. Təəssüf ki, bəzən “boynumuza ilan kimi sarılan”, “qoynumuzda yatan” şeytan xislətli pərilərin sinəmizə “buz xəncər” yeritmələrindən xəbərimiz olmur. “Fəzaları fəth edən  fikrimiz hələ özündə çox sirri kəşf etməyibdir”. Bütün bunları götür-qoy edən, atasız evi “bağbansız bağa”, ərsiz arvadı “yetim uşağa” bənzədən hakim öz qayğısı ilə ananın qəlbində şəfəq duyğuları oyatmağa çalışır, vətəndaş qiyafəsində Musaxanı toruna salan ailəyə gəlib çıxır.
Hakim bu ailədə gördüklərinə inana bilmir. Qabağında qulluqçu saxlayan, hər cür şərəfli əməkdən boyun qaçıran, meşşan Gülsura əslində ailədə “arvad geyimində ərdir”. Musaxanı da o, “gözləri qaynadığına görə”, “bir ərciyəz kimi” pəncəsinə keçirmişdir. Əslində, Musaxanda kişilikdən, atalıqdan, ərlikdən əlamət də qalmamışdır.                        
            Çox da baş aparsa, qolundan tutub
            İt kimi küçəyə  ata bilərəm.
             Fərqi yox, Musaxan, İsaxan olsun,
            Mənim yatağımı qızdıran olsun.
Şairin misraları bu kimi səhifələrdə sanki qurşunla yüklənir, vicdanı ipəkdən hörülmüş bir sənət oğlunun – rəssamın ağır faciəsi onun qəlbini ağrıdır. Bütün bu prosesi öyrənən hakim, Musaxanı “yal artığı yalayan” kimi ifadələrlə təhqir edib qapıdan çıxır. Musaxan isə hiss edir ki, nə qanunun, nə də ictimaiyyətin ədalətli mühakiməsindən qaçıb qurtara bilməyəcəkdir. Burada qanun hökmü hakimin tələbi, qayğısı və xalqın tənəsi ilə birləşir:
            Bir vətəndaş kimi, bir insan kimi,
            Batdığın quyuya ip ata billəm,
            Səni var gücümlə mən darta billəm:
            Cıxsan, iradəni alqışlayaram,
            Bir hakim kimi də bağışlayaram!
            Bir düşün, bir düşün, nə deyir buna
            Kişi mənliyimiz, kişi arımız.
            Namusla, zəhmətlə yaşamayana
            Kişi deməyibdir babalarımız!
Bu sözlər Musaxanın qulaqlarında bomba kimi partlayır. Ona yaxşılıqlar etmiş rəssamın surəti, arvadının, uşaqlarının taleyi, hakimin nəsihətləri, şofer dostlarının tənə və təhqirləri onu hər yerdə izləyir və şair bunları bədii şəkildə əsaslandırır. O, yeganə yolu ailəsinə qayıtmaqda görür.
Bütün bunlar poemada təbii və inandırıcı bir ardıcıllıqla əks etdirilib.
Müəllifin  “Əsgər qəbri haqqında ballada” və “Üç oğul anası” poemaları müharibənin fəlakətlərinə, sovet adamlarının hünərinə həsr edilmişdir. Şair Ukraynanın Lvov şəhərində qardaşlıq qəbiristanlığında İbrahimov familiyalı birinin məzarına rast gəlir. Bu, müharibə haqqında, Vətən yolunda canını fəda edənlər haqqında poetik söz deməyə bəhanə olur. O, hər qəbir daşına, sükutun özünə, burada yatan dilsiz qəhrəmanlara belə poetik dil yerib müharibənin şahidi kimi danışdırmağa çalışır. Şairin doğma kəndindən də 90 nəfər igid müharibəyə gedib qayıtmamışdır. Poemada müharibəyə dərin nifrət əsas yer tutsa da, bir çox şairanə, sanballı parçalar olsa da, tam halda “Əsgər qəbri haqqında ballada” bizcə şairin imkanları  səviyyəsində deyildir. 
Dəfələrlə deyilmiş belə bir fikri burada da təkrar etməyə lazım bilirik: Məmməd Arazın poeziyasının gücü sadə, dolğun, anlaşıqlı, obrazlı fikirlərin poetik ifadəsidir. Harda ki, şair həyati bir lövhə yaradır, orada onun şeri daha canlı və mənalı olur. Bizə elə gəlir ki, M. Arazın bəzən anlaşılmaz, dumanlı misralar işlətməsi onun şerlərinə ciddi xələl gətirir. Məhz bu səbəbdəndir ki:
            Nakamlığın, ölməzliyin,
            Yer üzünə
            övladları gəlməzliyin,
            Anaları gülməzliyin
            Əbədiyyət yaxınları.
            Bir-birindən əhval tutub,
            Məclis qurub şad olmağın
            Əbədiyyət uzaqları...
            Bir-birindən od almağın
            Əbədiyyət uzaqları –        
kimi o qədər də aydın olmayan parçalar  “Əsgər qəbri haqqında ballada” poemasının bədii dəyərinə ziyan vurmuşdur.
Buna bənzər qüsurlar müəllifin ayrı-ayrı şerlərində də nəzərə çarpır. M. Araz dağlara aid bir neçə şer yazmışdır. “Salamat qal”, “Salam, a zirvələr”, “Dağlar”, “Bir dağa açıq məktub” və s. Əlbəttə, elə sənətkarlar var ki, onların yaradıcılıqlarının əsas sahəsini müəyyən mövzular təşkil edir. Məsələn, deyək ki, Aşıq Şəmşir dağa onlarca gözəl qoşma yazmışdır. Lakin hər dəfə dağa müraciət edəndə onun yeni-yeni əlamət və gözəlliklərini üzə çıxarır; dağ barədə təsəvvürümüzü daha da zənginləşdirir. M.Araz “Salamat qal”da ürəyinin bir parçası olan gül-çiçəyi, ovsar cığırları, duz axtaran körpə cüyür balasını, buludların pələngi ildırımı, ərköyün böyümüş bulaqları dağlara tapşırırsa, “Salam, a zirvələr”də insana gümrahlıq gətirən gədikləri, ümumən dağ gözəllərini salamlayır.
“Bir dağa açıq məktub” şerinin sərlövhəsini oxuyan kimi vaxtı ilə müəllifin mərhum “Professor Gülə açıq məktub” şeri yada düşür. M.Araz bu şerində Xəzərin sərvətlərinin qorunmasından vətəndaşlıq cəsarətilə danışmışdır. “Bir dağa açıq məktub “da  son misralardan aydın olur ki, müəllif dağ kimi böyümüş, ucalmış adamlara ətrafa ayıq baxmağı tövsiyə edir. Dağ həqiqətən dağdırsa, ətrafındakı təpələrin də halından xəbər tutmalıdır.
Özlüyündə bu motiv bədii vasitə kimi maraqlıdır və belə bir ideyanın müasir baxımdan işlənməsi əhəmiyyətlidir. Müəllif bu məlum fikri vermək üçün çoxlu artıq söz işlətmiş, şeriyyəti pozmuşdur:
            Bəri bax!
            Yaxından pis görünən
                    qoca dağ,
            Bir bəri bax!
            Bu qədər qartalı bəs
                    başına kim yığacaq?
            Gəzəcək çoxmu sənin
                    ətəyində yavalar?!
            Oğursaq əmmiş zağalar,
                    köpmüş savalar?!
Bu cür misralar müəllifi canlı həyat nəfəsindən daha artıq mühakiməyə, ümumi, mücərrəd ifadələrə aparıb çıxarır . ( “Bizim gənclik”, “Mənim yurdum”, “Çay axır” şerləri kimi ).
M. Arazın xarici ölkələrə səyahətindən yazdığı “Vitrinlər”, “Ağ şəhərli qaralar”, “Eyfel qülləsində”, “Viktor Hüqo qitəsi” kimi şerləri, bizcə, müəllifin poetik imkanlarından aşağıda durur. Söhbət heç də ayrı-ayrı şerlərdəki bir neçə obrazlı, müvəffəqiyyətli misradan getmir və belə misralar istedadlı bir şair üçün heç də böyük hünər deyildir. Söhbət bütövlükdə şerlərin poetik təsirindən gedir.
Bütün bunlar bir daha belə bir həqiqəti təsbit  edir ki, M. Arazın həqiqi poetik yolu real həyata, canlı lövhələrə əsaslanmaq yoludur. M. Arazda ən adi predmeti mənalandırmaq, onun mahiyyətini açmaq bacarığı güclüdür. Bu xüsusiyyət həyatın mahiyyətindən doğan keyfiyyətlərlə qidalanmışdır. Lakin biz yenə də bu fikirdəyik ki, o, şairlik imkanlarından daha yaxşı istifadə etməyə çalışmalıdır.
Məmməd Araz yaradıcılığının təkmil və formalaşmış dövrünü yaşayır. Biz ondan poetik imkanlarının hamısını bədii yaradıcılığa verməyi tələb ediriksə, bu da onun istedadına inamımızdan irəli gəlir.

1974
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws