AY ALLAH
Şəhidlərin çoxu mərdlər, Namərdlər artır, ay Allah! Nə sənə səsim-harayım, Nə əlim çatır, ay Allah!
Ha qovsa da kağız-qələm, Həmdəmimdi bu dərd-ələm: Öz içimdə öz zəlzələm Ayıqca yatır, ay Allah!
Könül böylə didər kimi? Didər qəsdi, didər kini. Haqq yolunda didərgini Haqqına yetir, ay Allah!
Mən gedərgi, aləm qalır, Bağrı yanıq laləm qalır, Dünya duymaz naləm qalır, Bu nə həyatdır, ay Allah!
Hanı? - dedim - dünya mənim? Dünya mənim, qovğa mənim. Dərya mənim, dalğa mənim... Öz gəmim batır, ay Allah!
9 iyul 1992
|
|