GÖZƏLLİK SAXLADI ÖLÜMDƏN MƏNİ
Mən yenib gedirdim qüruba doğru, Neçə dərd-vəsiyyət qolumun üstə; Önümdə bir təzə dünya doğuldu Sən nazil olanda yolumun üstə.
Hardan bu doğmalıq, bu istək, bu nur! Bu kimin bəxtiydi, bu kimin payı? Ürəyim ürəyəm deməyə qorxur - Bu mənim yol azan qəlbimin payı...
İşıqlı ulduzlar az-az görsənər, Yer kimi göyün də paxılları var. Bu dəmdə, görkəmdə səni görsələr Gözünü açmamış batıracaqlar...
Duyğusuz, bu hissi duyası deyil, Nə qədər buxovlar, sədlər, kilidlər... Bu dünya sevgilər dünyası deyil, İtlər dünyasıdır quduran itlər.
Bu necə məleykə-önümdə belə, Axı mən heç vədə sevilməmişdim. Sevincək olmuşdum, ömrümdə belə, Heç belə, heç belə sevinməmişdim.
Mən tale yoluna tez çıxdım hədər... Sən də çox gecikdin, yadında saxla, Onu itirənlər, onda itənlər Nə tapar beləcə sayıqlamaqla!
Zamanın bir çopur daşının altda Göyərib puç oldu, gör nə günlərim. Köhnə yastıq kimi başımın altda, Saralmış günlərim, köhnə günlərim.
Bu odu odunsuz yanan dünyada Şeytana göz dikən gözə görünmə, Bu yaman dünyada, yalan dünyada Gözəl ol, amma ki, gözəl görünmə!
Özüm çəkəsiyəm hər ağır yükü! Yorulmam, hər anı bir gün də olsa, O səni yaradan haqqa min şükür! Gözlərim sevindi bir gün də olsa...
Mən yenib gedirdim qüruba doğru, Neçə dərd-vəsiyyət qolumun üstə, Önümdə bir təzə dünya doğuldu Sən nazil olanda yolumun üstə...
1992
|