|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
İBRƏT-NİFRƏT MUZEYİ

Sən dünyaya göz açdığın bu diyarda,
Ünvan gəzdim.
Soraqladım, açıq gəzdim,
Pünhan gəzdim,
Tanımayan tanımadı,
Tanıyalar baş buladı,
                     danışmadı.
Elə itdin, elə batdın, bu torpağa
Bircə çimdik külün belə
                     qarışmadı.
Qapısını açdığın bir dost evi yox,
Qardaş, bacı, qohum yoxdu,
Tanış yoxdu, simsar yoxdu;
Atan-baban tapşırılmış
Heç naməlum məzar yoxdu,
İzin-tozun saxlamağa
Bir zağa yox, bir kaha yox, mağara yox,
"Vardı" - deyən bir dəli yox, bir səfil yox,
Avara yox.
Nə nəvən var, nə nəticən, nə kötükcən olacaqdı;
Bu tarixi, bu ibrəti yad edəcək
Yadıcalar olsa haqdı.
Qanı-canı bahasına
Gözlərinə baxanların çoxu deyir:
                                        gözün dörddü,
Baş kəsəndə, ev yıxanda
Dördünü də birdən örtdun.
Deyirlər ki, gözlərinin biri hərdən
Ədaləti, haqqı görüb,
O, alqışa susayanda xalqı  görüb -
Bu məqamda taxta çıxıb əmr edirdi:
"Hər nə bəddi, hər nə sərtdi,
Hər nə xoşdu, hər nə boşdu..."
Hökmün sonu:
Yenə "haqqı" düzləməkdi,
Yenə üzdə olanları üzləməkdi,
Bu yol - döngə, yarğan-uçrum
Bir də, bir də olmayacaq.
Bircə anlıq düşünəsən ibrət üçün,
Dörd gözünə, dörd mil azdı -
Nifrət üçün.
Varlığından nə qalıbsa,
Nə eşidib, nə görmüşəm -
Çevirirəm birər-birər:
Xəyalımda "sənə layiq".
Ev muzeyi düzəldirəm,
Girəcəkdə: bədənsiz baş,
Qılınc tutan bədənsiz əl...
İçəridə: Baş cəlladın şəkli başda,
Sonra gəlir: əmrə hazır cığırdaşlar.
Sonra gəlir: "Qəbristana dönən şəhər" -
Bir xəndəyə kürəklənir
Əli yoxlar, gözü yoxlar,
Başı yoxlar...
Sonra gəlir: gülləbaran!
"Xalqa düşmən xalq kütləsi!"
Altda yazı:
"Xalqa düşmən olanlara xalq cəzası".
Sonra gəlir: "Uzaq Sibir mənzərəsi".
Doğranılmış göy meşədə boz kötüklər...
Kötüklərin dibindəcə boş qəbirlər...
Başda yazı:
"Əvvəlcədən bağlanılmış müqavilə" -
"Sibirdən Bakıya qardaş töhfəsi"
"Yeni sakinləri gözləyir Sibir".
Sonra gəlir: Kremldən gələn səslər.
Baş cəlladın teleqramı:
"Xalqı xalqdan qoruyana dost salamı!"
Sonra gəlir baş cəlladın məktubları:
"Qızıl sözlər guşəsi.."
Mən görməzdim o muzeyi,
Mən girməzdim o muzeyə,
                           Bacarmadım.
Yox, o muzey mənə çoxdan,
Çoxdan tanış,
Bundan böyük, bundan doğru muzeyini
Heyf, tarix saxlamamış.
Ha istədim o muzeyin qapısından
Pünhan keçəm, - bacarmadım.
Gözlərimi yumam keçəm, -
                                     bacarmadım.
Bircə düyün, yapışmağa bir əl yeri -
Bir anlığa səni, səni xilas üçün
Tapılmadı.
Rəğbət üçün, rəhmət üçün,
Dəqiqəlik bir yas üçün
Tapılmadı.
Sənə yazıq,
Sənə bədbəxt,
Sənə sarsaq,
Sənə harın, sənə sərsəm
Demək üçün.
Bəlkə elə günahısan
Səni doğan bir millətin,
Ha istədim xilqətə  yad xilqətinə
Bir ad verəm: - alınmadı.
Mirqəzəblik sənətinə
Bir ad verəm: - alınmadı.
İmanımı, gümanımı
Vəkil tutdum, alınmadı.
Vicdanımı vəkil tutdum,
Alınmadı.
"Karsız" dedim, alınmadı,
"Gorsuz" dedim, alınmadı.
Bir zağan yox, bir kahan yox,
Mağaran yox,
Kimsənən yox, simsarın yox.
Əqrəban yox!
Məzarın yox, sarayın yox, xaraban yox!
Dən axtardım,
Çürük bir dən:
Öləziyən xatirədə
Bitsə birdən...
Əl bu günü,
Dil dünəni silkələdi, -
Görünmədi.
Söz daş oldu,
Daş mələdi görünmədi.
Hara yazaq bu yazını,
Kimə deyək bu deyimi?
Bu muzeyə nə ad verək: -
İbrət-nifrət muzeyimi?..

1991


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws