Qəşəm İLQAR
“ÖMÜR KARVANI” YOLDADIR...
Almaniyanın mütəfəkkir şairi Jan Pol Rixter lirikaya yüksək qiymət verərək demişdir: “Rübabilik hər cür ədəbiyyatın ruhu və canıdır, dövr edən qanıdır...” İstedadlı şair Məmməd İbrahimin şerlərini diqqətlə oxuduqdan sonra belə qərara gəldik ki, o da sözün əsil mənasında məhz bu cür – rübabi şairdir. Məmməd bizi bütün şerlərində həyatı duymağa, sevməyə, düşünməyə, sədaqətə səsləyir.
M. İbrahim hələ 1959-cu ildə çap etdirdiyi “Sevgi nəğməsi” adlı ilk kitabı ilə oxucuların məhəbbətini qazana bilmişdir. Bunun ardınca “Üç oğul anası”, “Mən səni taparam”, “Araz axır”, “ Anamdan yadigar nəğmələr” və s. kitabları onun şer-sənət yolunda inamla addımladığını sübut etdi...
İndi isə budur, şairin yeni – “Ömür karvanı” kitabı qarşımızdadır. Başqa kitablarında olduğu kimi, burada da M. İbrahim sözü qənaətlə işlədir, hər şerdə yeni söz, yeni fikir deməyə çalışır və buna nail olur.
Məmməd İbrahim şeri-sənəti dərin məhəbbətlə sevən, yaradıcılığa tələbkarlıqla yanaşan, bir sözlə, zəhmətkeş şairlərimizdəndir. Bu nöqtəyi-nəzərdən şairin “Poeziya, poeziya...” şeri xüsusilə diqqətə layiqdir. Görün şair poeziyaya necə məna verir:
Poeziya,
poeziya!
Ürəyin yarpaq dilisən,
Bənövşə nisgilisən,
Bəşərin ən böyük
İttiham kürsüsüsən.
Ən iti intiqam qılıncı,
Ən incə gözəllik güzgüsü!
Məmmədin şerlərində xüsusi həzinlik vardır. Bu da ondan irəli gəlir ki, Məmməd təbiətə bağlı şairdir. Çox vaxt başqalarının duya bilmədiyini şair qəlbi ilə duyandır. Məmməd şerlərindən birində bunu belə etiraf edir:
Sev ürək, duy ürək, ağla, gül ürək,
Şairin gözü də ürəkdir bəzən.
Ulduzlar göz olsun, nəyimə gərək
Dünyanı ürəklə görə bilməsəm.
Kitabdakı “Araz yadıma düşüb”, “Şair ömrü”, “Necə unudum səni”, “Qəbristana gedən gəlin”, “Əlvida dağlar”, “Yaxşılıq”, “İnsan monoloqu”, “Nobel mükafatı” və s. şerlər də istedadlı şair qələminin, ilhamının məhsuludur.
Biz oxucular “Ömür karvanı”na uğurlu yol arzulayırıq. Qoy o, bütün ürəklərə yol tapsın...
1969