DALĞA SINDIRAN QAYA
Tofiq Mahmuda
Min illərdir hikkə qırır hikkəsi onun, Zərbələri ilk alandır, ilk qaytarandır. Ara-sıra pul-pul qopan tikəsi onun Gün deyəndə qum üstündə köz kimi yanır.
Duruşunun dayağıdır qəzəbi, kini; Kürəkləri kələ-kötür, döşü yonulu. Qoşunundan ayrı düşən sərkərdə kimi Nə irəli yolu vardır, nə geri yolu.
Min illərdir o, laldinməz, dalğalar harın; Min illərdir bu təmkinlə döyüşür qaya. Hərdən susub, ətəyindən öpən suların Yalmanına dirsək qoyub, töyşüyür qaya.
Hansı aşdı, hansı daşdı hansı lərzədən; Ünvanını itirmişik nə qədər adın. Yaddaşımı oyatmadım, yeri gəlsə də Qayadöşlü oğulları xatırlamadım...
Yenə qaya görkəmində: qaya şax durur; Çətin onu dəniz yıxa, tufan laxlada. O, sahili quduzlaşan sudan qoruyur, Onu sahil küləkləri didir arxadan...
Pitsunda, 15 sentyabr, 1981
|
|