|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
YADDAŞLARA YAZILAN SƏS

Müasir Azərbaycan ədəbiyyatında ən milli şairlərdən biri də görkəmli söz ustası Məmməd Arazdır. O, babalardan qoruna-qoruna gəlmiş, həmişə “çırpısı tətikdə, odunu dəmdə” olan əli qabarlı tipik bir azərbaycanlı ailəsində böyüyüb tərbiyə almışdır. Onun milli bir şair-vətəndaş kimi formalaşmasında “Çadırdaş ətəyi, Nursu bulağı”ndan başlamış bütün Azərbaycanı əhatə edən ictimai-coğrafi və ədəbi “iqlim” iştirakçı olmuşdur. Məmməd Arazın ata ocağı sözün həqiqi mənasında bütöv bir xalqı və böyük bir Vətəni təmsil edən Azərbaycan ocağıdır. Şair nəsillərdən-nəsillərə keçib gəlmiş bu tarixi ocağın layiqli varisi, etibarlı odqoruyanıdır. Xalq şairinin yaradıcılığında əlli ildən bəri çağlamaqda davam edən Azərbaycan ruhu, bənzərsiz Vətən duyğusu və milli mühit odunu-qorunu geniş mənada “ata ocağı”ndan alır:

Çırpısı tətikdə, odunu dəmdə,
Səhərin gözündən od alıb ocaq.
Yanır aram-aram, odu sinəmdə
Sonra kim söndürüb, kim yandıracaq?

Ocaq çırtıldayır, közü dərində...
Axıdır gözünün yaşını çırpı.
Alovlar hay salıb öz dillərində
Özünü o daşa, bu daşa çırpır.
... Babamdan qalıbdır bu ocaq bizə,
Bir ocaq sönəndə bir tifaq itir.
Bir ocaq söngüsü qeyrətimzə
Bir düşmən nəslinin qəhqəhəsidir.

Məmməd Arazın şeri ata ocağının odu-közü, çırpısı-odunu, tüsütüsü-alovudur.
Milli birlik, daxili saflıq və bütövlük, mənəvi və ictimai azadlıq Məmməd Araz şerinin həmişəlik ilham pərisidir. Şair hələ 1956-cı ildə  yazdığı “Bizim gənclik” şerində özünü və sənətini “xalqımızın hər müqəddəs, hər mübariz çağırışına” həsr edəcəyini bəyan etmişdir. Məmməd Araz keçdiyi yaradıcılıq yolunun bütün keşməkeşli mərhələlərində bu anda sadiq qalmışdır. O, Azərbaycanda hamıdan əvvəl “Məndən, səndən ötən zərbə, Vətən, Vətən sənə dəydi” - demişdir. Vaxtilə Xəzərin ekologiyası barədə ən kəskin poetik həyəcan təbilini Məmməd Araz səsləndirmişdir. Müxtəlif dövrlərin Azərbaycan gerçəkliyini mənalı və münasib şəkildə əks etdirən “Vətən mənə oğul desə”, “Yenə Arazı gördüm”, “Dağlara çağırış”, “Dünya düzəlmir”, “Ağlama”, “Qalx ayağa, Azərbaycan” kimi ittiham və səfərbərlik ruhlu şerlər Məmməd Araz qələmindən “göyərmişdir”. Məhz Məmməd Araz hələ 25 il bundan qabaq yaza bilmişdi ki:

Bir ölkənin caynağından ölkə saldırıb,
Neçə-neçə bölünənlə bölünməliyəm.
Bir ölkənin sağlığına badə qaldırıb,
Bir ölkənin göz yaşına bələnməliyəm.

Tamahlar var, məqam tapıb orbitə çıxsa,
Qitələrin gözlərinə qor atacaqdır.
Yer şarını bir nar kimi ovcunda sıxsa,
Tamahsıyıb, ulduzlara tor atacaqdır.

Əsrin əvvəllərində Mirzə Ələkbər Sabirin, böyük Hophopun bağrından qopmuş “Nişançı özümüz, hədəf özümüz” - kəlamını yüzilliyin sonunda top lüləsinə qoyub yeni hədəfə məharətlə atmağı bacaran da Məmməd Arazdır. Böyük ustad Mirzə Cəlil babadan üzü bəri çözələnən neçə-neçə milli dərd-sərimiz Məmməd Arazın bir çox şerlərində, ələlxüsus “Dünya düzəlmir” şerində sadəcə dil açıb danışmır, xalq şairi Səməd Vurğunun sözləri ilə desək “pələng kimi nərə çəkib hayqırır”:

Ömür də tükənir, söz də tükənir,
Başımın altından yastıq da qaçır.
Əllərdir uçuran əllər tikəni,
Çölümdən yaz qaçır, yazlıq da qaçır.
Dünya düzəlmir ki, düzəlmir, baba.

... Kiminsə dünəni qəbirsiz qalıb,
Kotançı babası dəmirsiz qalıb,
Kömürçü atası kömürsüz qalıb,
Xəmrəsi, urvası xəmirsiz qalıb.
Dünya düzəlmir ki, düzəlmir, baba.

... Hələ bu dünyanın qeylü-qalı çox,
Bilməm zəhəri çox, yoxsa balı çox,
Çox verdim özümə bu sualı, çox:
Ərzin nadanından ağsaqqalı çox.
Bəs niyə bu dünya düzəlmir, baba?

Məmməd Araz böyük ustadların təkcə söz-sənət sahəsində yox, həm də Vətən, milli mücadilə savaşındakı hələ də davam etməkdə olan yürüşünün keşikçisi, fəal iştirakçısı və hətta ağıllı, tədbirli sərkərdələrindən biridir. O, lazım gələndə vətəndaş “qələmini-hərbi nazirə”, “yazı masasını-paytaxta”, “kağızını-bayrağa” sevgisini, nifrətini “ən nizami qoşuna” çevirməyi bacarır. Məmməd Araz şeri beləcə 50 ildir ki, vətən səngərindədir. Bu şerin atəşi mənəviyyatımızdan tutmuş, ictimai mühitimizə, hətta sərhəd xətləri və cəbhə bölgələrimizə qədər hər yerdə eşidilməkdədir. Yaşının, səhhətinin bu çağında sərvaxtlıq və qürurla Murovdağ ətəklərinə baş çəkib gəlməsi onun tutduğu yola nə qədər sabit qədəm olduğunu bir daha təsdiq edən səciyyəvi dəlil-sübutlardandır. Hələ yetmişinci illərdə özünü şerimizin “daş əsgəri” adlandıran şair indi ədəbiyyatımızın qaya-sərkərdələrindən biridir. Və Məmməd Arazın dilindən çıxmış “vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” kimi poetik zərbi-məsəl də ilk növbədə onun özünün timsalında uğurla sınaqdan çıxmışdır. Məmməd Araz Azərbaycan adlı məmləkətin həm öz yerində olan gərəkli “vətən daşı”, həm də ayıq-sayıq, dəyanətli, layiqli vətəndaşıdır. Qələm dostlarından birinin ona üz tutaraq dediyi “bu dünyanın qara daşı göyərməz” sözlərinə şairin  məhz “göyərdi” rədifli dörd-beş bəndlik şerlə cavab verməsi də Məmməd Arazın poetik nikbinliyini ifadə etməklə bərabər, həm də onun özünün “vətən daşı”ndan - vətəndaşlığa qədər keçdiyi çətin, lakin şərəfli yolu dolğun şəkildə mənalandırır. Şair bu keşməkeşli yollardan ürəkdən bağlı olduğu elinə-obasına, dağlara-qayalara söykənə-söykənə keçmişdir. O, belə dərin səbri, dəyanəti və dözümü də “ərköyünlər atası” olmayan “dağ əmisin”dən öyrənmişdir. Hətta dağların əhatəsində arabir onun da başı üstə çaxan “ildırımları” da şair müdrikcəsinə “dağların çibini” saymışdır. Məmməd Arazın dağlara çağırışı onun Vətənə-məmləkətə, milli bütövlüyə, əbədi dəyərlərə tapınmasının ifadəsidir:

Ən ağır anında dağlarla danış,
Ən ali loğmandır o müdrik qoca.
Nə qədər, nə qədər qaysaqlanmamış,
Dərdlər tullasan da dərə boyunca,

Dağ çayı çökdürüb çay daşlarına,
Duruldub bənzədər göz yaşlarına,
Dağlar öz hökmündə güzəştsiz, ötkəm,
Şair, qayalara, dağlara söykən!

Yalnız illər uzunu bənzərsiz sənətindəki bu cür milli-azadlıq ruhu, istiqlal duyğusu, vətən, millət, torpaq təəssübü Məmməd Arazın özü-özünə “haqqın var yaşamağa” - deyə daxili müraciətinə haqq qazandırır. Oxucu həmin sözləri lovğalıq, təkəbbürlük kimi yox, səmimi bir etirafın ifadəsi kimi qəbul edir:

                ...Bütün keçilməzliyi, Vətən, adınla  keçdim.
        Haqqın var, Məmməd Araz,
                                 Haqqın var yaşamağa!

Xalq şairi Məmməd Arazın yaradıcılığında millilik bəşəriliklə vəhdət təşkil edir. Şairin insan haqqındakı düşüncələrində milli və bəşəri duyğular üz-üzədir. Bundan başqa, onun poetik rübabında dünya məsələlərinə, bəşəriyyəti düşündürən vacib problemlərə dair fikir və qayğılar da sıx-sıx öz əksini tapır. Lakin bütün məqamlarda Məmməd Araz “Azərbaycan dünyasından baxır dünyaya”. Şairin sırf, xalis bəşəri-fəlsəfi səpkidə alıb, yüksək bədii  səviyyədə təqdim etdiyi dünya mövzusu isə ilk növbədə vətən övladlarını “gəlimli-gedimli” dünyanın bənzərsiz “ömür-gün naxışı”nın mahiyyəti ətrafında düşündürməyə yön alır:

Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya,
Əbədiyə qəh-qəh çəkir əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kəsin.

Dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə olunmuş şerləri ilə Məmməd Araz bəşər övladına da ürəyini eyni səmimiyyətlə aça bilir.
Azərbaycan dövləti xalq şairi Məmməd Arazın xidmətlərini yüksək qiymətləndirir. Müxtəlif fəxri adları olan şairin sağlamlığının qayğısına qalınması, dövlət vəsaiti hesabına Almaniyaya müalicəyə göndərilməsi bu qayğının yeni təzahürüdür. Yeri gəlmişkən deyək ki, Məmməd Araz romantik şair Hüseyn Caviddən sonra iyirminci yüzillikdə Azərbaycandan müalicə olunmaq məqsədilə xarici ölkəyə göndərilən ikinci sənətkardır. Bundan başqa, respublika prezidenti Heydər Əliyevin fərmanı ilə xalq şairi Məmməd Arazın milli-azadlıq hərəkatındakı xidmətləri nəzərə alınaraq müstəqil Azərbaycanın ən ali mükafatına - “İstiqlal” ordeninə layiq görülməsi də çoxillik ictimai-ədəbi xidmətin layiqincə qiymətləndirilməsinin ifadəsidir.
Oxuculara təqdim olunan bu kitabda Məmməd Arazın 1956-cı ildən sonrakı əlli ilə yaxın dövr ərzində yazdığı çoxsaylı şerlər toplanmışdır. Ünsiyyətin hazırkı forması “Seçilmiş əsərlər” şəklində düşünülsə də tərtib prosesində xüsusi seçmə, ələyib-arıtdanma prinsipi əsas götürülmüşdür. Əksinə, tərtibçi və redaktor bu kitab vasitəsilə Məmməd Araz sənətinin təbii təkamül prosesini, boyartımını təqdim etməyə, göstərməyə çalışmışlar. Kitabdakı bir-birindən qüvvətli, yaxud zəif şerlər, habelə onların yazıldığı yeri və vaxtı bildirən məlumatlar yaradıcılıq prosesinin çəkilmələri və qabarmalarını özündə əks etdirməyə xidmət edir. İnanırıq ki, Məmməd Arazın oxucularla yeni görüşü əlamətdar ədəbi hadisəyə çevriləcək, yaddaşlara yazılan mənalı poetik səs kimi faydalı və təsirli olacaqdır.


İsa HƏBİBLİ,
Naxçıvan, 3 may 2002-ci il

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws