MƏMMƏD ASLANA
Qardaş, düzümünün əsiri oldum, Xəbərim olmadı özümdən mənim. Sənin çiçəyinə, gülünə baxdım, Min yarpaq töküldü sözümdən mənim.
Könül ayrılmayır haça gədikdən Baxışı, duruşu köhnə əlikdən. Hərdənbir xəbər ver o köhnəlikdən: O dağlarda itən izimdən mənim.
Bəxtimə bir yazı qurumu dəydi, Taxtıma iki əl qırımı dəydi, Gözümə bir Araz şırımı dəydi, Yüz Araz töküldü gözümdən mənim.
Nə qədər dünənim çay-çay içildi, Dağım döyəcləndi, təpəm kiçildi, Neçə kənd biçildi, şəhər biçildi, Taylanıb daşındı düzümdən mənim.
Dostlar süfrəsində doymazam, acam, Riyalar daşından göz açdım haçan?! Təriflər az çıxdı topuğumacan, Tənqidlər dayandı dizimdən mənim.
Dağ ömrümü qış əritdi, yaz yıxdı, Dərdim keçən yollar yazıq-yazıqdı, Desəm dilim yanar, dilim yazıqdı, Deməsəm duymazlar üzümdən mənim.
Mən illər dəniyəm, illər - dənimdi, İllərə qəniməm, illər qənimdi. Azəri torpağı son kəfənimdi, Doymaram bu qara bezimdən mənim.
1967
|
|