|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Xəlil  RZA

DÜŞÜNDÜRƏN     ŞAİR

Bu vaxtacan “Sevgi nəğməsi”  (1959), “Mən səni taparam” (1963), “Üç oğul anası” (1961), “Araz axır” “Anamdan yadigar nəğmələr”(1966), həmçinin Moskvada  rus dilində “Arazı vəsf edirəm” adlı şer məcmuələri çap olunmuş şair Məmməd Arazın heç bir kitabı uzun müddət mağazada qalmamış və ona etimad bəsləyən oxucuları rəncidə salmamışdır. Bunun səbəbi nədir? Qısa desək, səbəbi odur ki, Məmməd Araz fitri istedada malik şairdir, misraları ürəkdən qopur, fikir və hissləri dərin, səmimi və alovludur. Hələ ilk şerlər kitabındakı “Görüşməmiş dostlar”, “Sən tələsmədin”, “Çobanın düşüncələri”, “Müqəddəs məzar”, “Qaranquş”, “Ağarma, saçım, ağarma”, “Vətən torpağı”, “Səba yeli” və s. bu kimi şerlər Məmməd Arazın təzə lirik duyğulara, həm də xalq məramı ilə bağlı aydın ictimai-siyasi ehtiraslara malik olduğunu göstərir, poeziyamıza orijinal bir şairin gəldiyini xəbər verirdi. Bu keyfiyyətlər onun sonrakı əsərlərində azalmadı, əksinə dərinləşdi, xüsusilə poemalarında daha böyük bədii qüvvə ilə üzə çıxdı. Müharibəyə qarşı dərin nifrətlə yazılmış “Üç oğul anası”, iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini bir insanın nakam məhəbbəti timsalında göstərən “Araz axır”, Şərqin sənət “prometeyi” Sabirin fikir və arzularını əks etdirən “Mən də insan oldum” poemalarını yalnız Məmməd Arazın deyil, şerimizin nailiyyəti adlandırmaq olar.  
Son kitabı – “Anamdan yadigar nəğmələr” – şairin son illərdəki gərgin yaradıcılıq axtarışlarının məhsuludur. Bu məcmuədəki şerlərin əksəriyyəti Məmməd Arazın öz şairlik təbiətinə sadiq qaldığını, bununla belə hazırki bədii səviyyəsilə qətiyyən qənaətlənmədiyini, əksinə narazı, narahat olduğunu göstərir. Şairi narahat edən yalnız öz yaradıcılığı deyil, ümumən poeziyamızın taleyidir, xüsusilə şer adı altında üzə çıxan ibtidai, cansız, soyuq yazılar və bunları oxucuya təqdim etməyə utanmayanların həyasızlığıdır.
            Artır söz yığını, artır çayır tək,
            Hamı deyən olub, yazan olubdur.
            “İlhama sarılmaq”, qələm götürmək,
            Papiros çəkməkdən asan olubdur.
            
            Gəlin gizlətməyək:
            hələ şerimiz
            Peyk ola bilməyib yer kürəsinə.
            Gəlin gizlətməyək, gizlətməyək biz
            Bu gün şerimizin bülbül səsinə
            Qurbağa səsini qatanlar da var.
            Arpa çörəyini lavaş yerinə,
            Çürümüş ipliyi qumaş yerinə,
            “Köhnə dağarciği tumaş yerinə”
            Bu gün oxucuya satanlar da var.
Bu parçadakı poetik qəzəbin səbəbi aydındır. M. Arazin şerə və cəmiyyətə, şairin roluna dair qənaəti onu bura gətirib çıxarmış, xalq mənəviyyatını əks etdirən misralar əvəzinə oxucuya “çürümüş iplik” təqdim edənlərə atəş açmağa vadar etmişdir. Məmmədin fikrincə, şer cəmiyyətin ən kəsərli mənəvi silahlarından biridir, “uzaqvuran raketidir”.
            Sellər uyudubdur laylalarımız,
            Çöllər uyudubdur holavarımız.
            Odlu şerlərlə sulayıb bəzən
            Qəzəb qılıncını babalarımız.
Şeri qılınc ilə yanaşı tutmaq şerimizdə yeni hadisə deyil. Ancaq bizi sevindirən budur ki, Məmməd Araz bir şair – vətəndaş kimi bu həqiqəti dərk etmiş və belə bir idrak onun poeziyasına sanballı ictimai mündəricə, məram işığı və bədii aydınlıq gətirmişdir.
Sovet poeziyasının son 10-12 ildə qazandığı bədii nailiyyətlərin səbəblərini araşdırarkən çıxan mühüm nəticələrdən biri budur ki, şerimizdə təsdiq, tərənnüm ruhu ilə yanaşı rədd etmək, damğalamaq ruhu cox qüvvətlənmişdir. Bu günkü sovet şerinin ən yaxşı nümunələri inkişafa əngəl törədən nöqsanlar ilə barışmayan, əksinə o qüsurları  aşkara çıxaran , qaranlıq sevən müzür  ünsürlərin üstünə güclü işıq salan, cəmiyyətə, xalq həyatına ayıq nəzərlər ilə baxan cəsarətli şairlərin qələmindən çıxmışdır. Azərbaycan şerində bu ruhun ən qüvvətli ifadəsi Bəxtiyar Vahabzadə və Rəsul Rzaya məxsusdur. Eyni notlar Məmməd Araz poeziyasında da aydın eşidilir. Fəhlənin dilindən Sabirə xitabən deyilmiş misraları yada salın. Həmin parçadakı əsas qayə budur ki, yaramazların maskasını yırtmaq üçün indi Sabir gərəkdir, Sabir ürəyinin cəsarəti, alovu gərəkdir.
            Gərəkdin...
            xəyalın dərindən dərin .
            O sirli illərə uça biləydin.
                         Peyğəmbər donunda gizlənənlərin
            Iblis sifətini aça biləydin.

            Döyüş meydanını, söz meydanını
            Qələmli, silahlı verərdim sənə.
            Neçə tribuna “qəhrəmanını”
            Burunlu-qulaqlı verərdim sənə.

            Görərdin: qırmanclı bir nəzər salıb
            Fəhləyə o ağız büzənləri də.
           
                         Ani bir təbəssüm mükafat alıb,
            Yüz dodaq gülüşü kəsənləri də.
Göründüyü kimi, bu şerin arxasında sərt baxışlı, ağır yumruqlu bir insan dayanmışdır. Ancaq əslində onun fəhlə köksündə xalqımıza, Vətənimizə məhəbbətlə dolu, qaynar bir ürək döyünür. Eyni ruh, yəni yaramazlığa qarşı susmamaq, maska yırtmağı bacarmaq istedadı şairin yəni kitabında da aydın görünür. Həyata belə ayıq nəzər şairin poeziyasına daxili od, dramatizm, güclü münaqişə və bunlar da öz növbəsində bədii kəsər gətirir. Konfliktsiz şerin puç və boş olduğu artıq hamıya məlumdur. Özəyində ictimai mündəricə, həyat həqiqətindən doğan sağlam bədii konflikt dayanan şerlər isə şairin nitqinə əzəmət, qüdrət və ötkəmlik verir.
            Deyirlər bir şair dünyadan küsüb,
            Vədlər, təsəllilər gözündə yasdır.
            Şairi küsdürən dünyanı üzüb
            Günəş sistemindən atmaq da azdır.

            Şair cəmiyyətin dili, dilmancı;
            Şair bir planet siqlətindədir.
            Onun baxışının qəzəb qırmancı
            Dağlar parçalamaq qüvvətindədir..
Şair Əli Tudəyə həsr olunmuş bu şer əslində dərin ictimai konfliktə malikdir. Şair Cənubi Azərbaycan ilə bağlı fəlakətləri açıq deməsə də, bu şerdəki qəzəb gülləsinin hansı hədəfə tuşlandığı oxucu üçün aydındır. “Bunun qələmi var, onun qırmancı, bunun üsyanı var, onun zindanı” misralarındakı bədii təzadlar da əslində bu konflikt  odunun ayrı-ayrı qığılcımlarıdır. “Deyirlər tüstüsüz bir şair yanar, qəlbi öz dərdini ağlar gizlicə. Bəzən gözlərində gəlib dayanar, sevdiyi çəmənlər, bağlar gizlicə... Dünyanın qulağı eşidir ağır, o, məhəl qoymayır deyən hər səsə. Bir şair ürəyi neyləsin axı, bir qəlbi bir dünya eşitməyirsə”.
Göründüyü kimi, Məmməd Araz həcmcə o qədər böyük olmayan bir şerlə insan xarakteri yaradır, həmin insanı bütün dərdi, qəmi, həm də ictimai dərdləri, həyatda dərin kökləri olan qəmləri ilə birlikdə nəzərdə canlandırır. “O, dərman istəmir, vətən istəyir”.
Əslində şerdəki bədii enerji burada VƏTƏN sözünün böyük hərf ilə yazılmasını tələb edir.
“Anamdan yadigar nəğmələr” kitabının başlıca qəhrəmanı müasir insandır, dərin poetik “MƏN”ində təzahür edən sovet adamlarının çoxcəhətli, mürəkkəb, zəngin mənəvi dünyasıdır. Maniələri qıra-qıra irəliləyən, həyata fəal müdaxilə edən, onu dəyişdirmək, gözəlləşdirmək uğrunda ardıcıl inqilabi mübarizə aparan bu insanı Vətən torpağındakı adi güldən tutmuş yeni müharibə körükləyənlərin həyasızlığına qədər hər şey düşündürür. “Ey bəşər, dünyanın mayası oddur” deyə bəzən yüksək xitablarsız keçinə bilməyən bu qəhrəmanı insanlığın taleyi narahat edir: “qoruyar tapdığı bu odu insan, sən hərbin odunu oğurlamasan”. Ilk baxışda elə görünür ki, son ifadə o qədər də yerində deyil. “Oğurlamasan” əvəzinə “hərbin odunu söndürməsən” demək daha dəqiq olardı. Baxaq od ilə bağlı məşhur əsatirə, Zevsin dərgahından od oğurlamış Prometeyin bəşəri xidmətini yada salanda, bu irad aradan qalxır və dərin məna kəsb edir. Müasir zevsləri, yəni irticanı, zülmü, qəddarlığı, hərbi təmsil edən bütün qara  qüvvələrin cəbhəsini yarmaq üçün yeni Prometeylər gərəkdir, - şerdəki mənalar zənciri bizi belə qənaətə gətirib çıxarır.
Məmməd Araz yalnız öz poetik “MƏN”ini göstərməklə kifayətlənmir, bu gün cəmiyyətimizin bütün maddi və mənəvi nemətlərini yaradan konkret əmək adamlarını qələmə alır. Onun bu sahədəki nailiyyətlərini alqışlamamaq olmaz. “Naməlum qəhrəman”, “Utanma, qara qız”, “Qoca” şerlərinin mərkəzində əməkçi adamların doğma surəti dayanmışdır.
            Haray salmazsan, düşsən dara sən.
            Özgənin dərdinə dərman əlində...
            “Can-can” demədiyin adamlara sən
            Canini verərsən yeri gələndə.
Şairin “naməlum qəhrəman” adlandırdığı bu şəxs əslində məlum qəhrəmandır, öz gündəlik qəhrəmanlığına əvəz istəməyən, pay ummayan, sadə, təvazökar, ağıllı igiddir. “Utanma, qara qız” şerində bu qəhrəman daha konkret əyani cizgilər ilə nəzərdə canlanır. “Dağınıq saçından, bərkiyən əlindən, cızılan qıçından”, zəhmətdə boy atdığı bilinən bu qızı şair “mərmər sinəli”, “şaftalı yanaqlı”,”əlləri pilə kimi”, “buxağı pambıqdan ağ olan”, ancaq zəhmətsiz, tüfeyli həyat keçirdiyinə görə mənasızlaşmış gözəllərə qarşı qoyur.
            Utanma, qara qız.
            Çörəyi
            Gözəllik olanlar
            utansın.
            Bir xalq məsəlinin
            əksini deyim mən:
            Boğazında ğörünər
            Ağ üzüm yesən.
Bu şeri oxuyanda Mildə, Muğanda, Şirvanda, xüsusilə pambıq tarlalarında rəngi qaralmış, ancaq Vətən və xalq qarşısında üzü ağ olan ana və bacılarımızın tanış, əziz çöhrəsi yada düşür. “Utanma, qara qız, Utansın üzü yox, vicdanı qaralar” misralarını şairlə birlikdə təkrar etməyə ehtiyac duyuruq. Məmməd Araz sözarası bədii eyhamlardan, kinayələrdən, xalq məsəllərindən orijinal şəkildə bacarıqla istifadə edir.
Məmməd Arazı oxuculara sevdirən səbəblərdən biri – onun şerlərinin xalq ədəbiyyatına, aşıq poeziyasına, hətta mən deyərdim ki, musiqiyə yaxınlığıdır. Adlarını tez-tez çəkdiyi Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, aşıq Ələsgər kimi şer-sənət korifeylərinə pərəstiş etdiyini gizlətməyən Məmməd Araz bu sönməyən, bitib tükənməz xalq idrakı qaynaqlarından qüvvət alır. Aşıq poeziyasına məxsus bir sıra ədəbi keyfiyyətləri fəlsəfi düşüncə, dərin məna, yüksək şeriyyət, dilin aydınlığından doğan bədii kəsər, misraların dürüst poetik səliqəsi Məmməd Araza güclü təsir edir, bu keyfiyyətlər onun da şerlərində getdikcə daha dərin kök salır. Məhz buna görə də çoxlarına köhnəlmiş görünən qoşma, yaxud gəraylı ədəbi forma olmaq etibarilə M. Araz üçün köhnəlməmişdir. Zahirən köhnə formada, qoşma tərzində yazılmış “Göy göl” şerində fikir və duyğuların yeniliyinə diqqət yetirin:
            Çiskinli bir gündə gəldim bu yerə,
            Dumanda görünməz,- dumandı Göy göl.
            Tənha qayalara, lal meşələrə
            Zülmət gecələrdə hayandı Göy göl.
                
            Bir səhər gördüm ki, durulub yatır,
            Kəpəzin dibində burulub yatır.
            Bir bala ceyran tək yorulub yatır,
            Daş atdım, diksinib oyandı Göy göl.

            Döşünü qayıqlar düymə tək bəzər,
            Dedim bu görkəmlə Xəzərə bənzər.
            Qızını yaylağa köçürüb Xəzər.
            Baxdı, cilvələndi, nazlandı Göy göl.

            Yel əsdi yarpaqlar suya töküldü,
            Göy çitə tünd sarı güllər tikildi.
            Buludla ağladı, günəşlə güldü
              Deyəsən bir kövrək insandı Göy göl.
 Bu parçanı həm şer, həm musiqi, həm də iti baxışlı rəssam fırçasından çıxmış isti, canlı tablo adlandırmaq olar. Əslində həqiqi şerin ruhunda musiqi də var, rəsm də. Məmməd Araz təbiəti şair-bəstəkar kimi duymuş, rəssam kimi çəkmişdir. Bu bir daha göstərir ki, köhnə bədii formalara təzə ruh, təzə məzmun vermək şairin istedadından asılıdır.
Əslində azəri şerində ayrı-ayrı ədəbi növlərin, o cümlədən qoşmanın keçdiyi yol ayrıca tədqiqata möhtacdır. Ancaq biz yalnız bunu deməklə kifayətlənək ki, klassik ədəbiyyatda geniş intişar tapmış qoşma sovet şerində yeni bədii xüsusiyyətlər qazanmış, xüsusilə S. Vurğunun “Ceyran”, “Partiyamızdır”, “Gözlər”, “Dünya” rədifli şerlərinə məxsus geniş ictimai məzmun, şəxsi duyğuların siyasi, bəşəri məna ilə birləşməsi, müəyyən süjeti izləmək  və sair bu kimi keyfiyyətlər ilə zənginləşmişdir.                    
Səməd Vurğunun ən yaxşı ənənələri ilə bağlı olan şairlərdən biri kimi Məmməd Araz da şerdə xəlqiliyə, xalq hikmətinə, bəsit yollu sadəliyə deyil, dahiyanə sadəliyə doğru can atır, öz fikrini ən münasib bədii formada ifadə etmək üçün yeri gələndə qoşma yazmaqdan da çəkinmir.
Mərhum Mehdi Hüseynin belə bir mülahizəsi təkrar olunmağa layiqdir ki, novatorluğu şerin yalnız formasında axtaranlar ciddi səhv edirlər. Novatorluq birinci növbədə fikir və arzuların müasirliyində, şairin xalq mənəviyyatından su içməsindədir. Və bu cəhətdən Vurğun öz dövrünün ən böyük novator sənətkarıdır.
Indi bədii məhsullarımız da əslində bu baxış, məyar ilə qiymətləndirilməlidir. M. Araz klassik ənənələrə ürəkdən, candan bağlıdır. Elə buna görə də onun poema və şerlərinin ən yaxşı nümunələri təzə fikir və arzular ilə doludur. M.Araz mütləq yeni forma icad etmək naminə əllaməlik göstərmir, bununla belə müasir zövqün tələblərinə təslim olduğu üçün yeri gələndə “cızığından çıxır.” Vəzni qırır, öz bədii nitqindəki alova, ehtirasa meydan verir:
                         Sabir – köhnə dünyamın
            Şamaxı zəlzələsi.
            O, sənət aləmində
            Xaqani fəlsəfəsi,
            Nizami təfəkkürü.
            Füzuli idrakının
            Bir əldə yoğrulması
            deməkdir.
            Onların da yenidən
              Doğulması deməkdir.
Göründüyü kimi, burada yalnız bircə kəlmə,- əvvəlki “deməkdir” sözü şerin təbii axarına sığmamış, mövcud vəzn qəlibini dağıtmışdır. Amma bu bizə qeyri-təbii görünmür, əksinə xoş gəlir. Çünki bu, öz dövrünün hüdudlarına sığışmayan, mövcud quruluşu dağıtmaq uğrunda mübarizə aparan Sabirə yaraşır.
M. Araz düşünən və düşündürən  şairdir. O, seçdiyi predmetin, mövzunun, hadisənin mahiyyətini, ruhunu, məğzini göstərməyi zəruri hesab edir. Bu xüsusiyyət Məmmədin şerlərinə fəlsəfi mündəricəli fikir zənginliyi gətirir. Müxtəlif şerlərindən seçdiyimiz bu beytlərə fikir verin:
            Istedad elə bir toxuma bənzər,
            Göyərər adi bir daş üstündə də.

            Sübuta çalışar öz varlığını
            Yalnız varlığına inanmayanlar.
                    ( “Tərifsiz”)

            Ömrüm bir dolaşıq düyünçə kimi
            Həmişə möhtacdır dost əllərinə.
                    (“Dostlar”)

            Ən böyük qəhrəman, qəhrəmanlığa
            Əvəz istəməyən, pay ummayandır.
                    (“Naməlum qəhrəman”)
     
              Səsin Koroğludan, hirsin Tomrisdən
            Qəmin də Dilqəmdən, Abbasdan qalıb.
                    (“Arazın nəğməsi”)
   
              Ürəkdə sevinci, qəmi kəşf edən
            İlk səyyah bəlkə də nəğmə olubdur.
                    (“Deyirlər şer oxunmur”)
            Deyirəm hamıyçün yaşayıramsa,
            Hamı da mənimçün yaşayır yəqin.
                    (“Bəzən unuduram”)
   
              Bəşər tarixinin ilk günü məncə,
            Insan od aldığı gün olmalıdır..
                    (“Od”)
Oxucunu düşünməyə, fəal idraka sövq edən bu cür mənalı fikirlər, bəzən aforizm səviyyəsinə qalxan düşüncələr yalnız bu kimi ayrı-ayrı misralarda deyil, M.Arazın şerlərinin ümumi ruhunda, bədii mayasındadır. Bəzən heç bir aforizm, xüsusi beytdə aydın görünən məna dalınca qaçmadığı halda da, Məmməd Arazı məna düşündürür. Məsələn, altı misralıq bu şeri yada salın:
                QADINLAR
            Məni səcdəsinə gətirər biri,
            Qoynunda gül kimi bitirər biri.
            Od olub əridər, itirər biri...
            Elə ki, ömrümün itər xoş günü,
            Dərdimin, qəmimin ağır yükünü
            Yalnız alar biri, götürər biri.
Axırıncı qadın əsil qadındır. Ömür-gün dostudur, qalan qadınlar gəldi-gedərdir. Şair məhz bu axırıncı qadını əvvəlinci mövqeyə qaldırmağa çağırır, elə bu başdan belələrinin qədrini bilməyə, onların qarşısında üzü ağ olmağa çağırır.
Kitabda “Görüşlər, nidalar” başlığı altında toplanmış şerlər əslində sevgi şerləridir. Bu şerlərin arxasında həyata məna gözü ilə baxan, ötən günlərin qədrini bilən, sevən, sevilən, ömrün sevdalı düzlərindən zövq almağa çağıran, ehtirası məhəbbətdən fərqləndirməyi bacaran, buna görə də həyatda yüngül əyləncələrə, şəhvət düşgünlərinə nifrət bəsləyən, hətta mən deyərdim ki, eşqə, ailəyə filosof düşüncəsi ilə yanaşan zəngin bir insanın mənəviyyatı dayanır. Bu şerlər M.Arazın çox incə zövqə,  qaynar qəlbə, məhəbbətə dair dürüst və aydın qənaətə malik olduğunu göstərir. Bu şerlərin lirik qəhrəmanı eşqdə naşı deyil, artıq o, həyatın tufanlarını keçmiş, bərkə-boşa düşmüş, eşqin insan mənəviyyatını işıqlandıran bir məşəl olduğunu öz əməli fəaliyyətində dərk etmişdir.
            Gəl yazın ətirli nəfəsi kimi
            Gizlən saçlarımın arasında sən.
            Səhər günəşinin zərrəsi kimi
                         Düşüb qal gözümün qarasında sən.

Eşq aşiqə sonsuz qüvvət verir. Elə bir qüvvət ki, bunun sayəsində insan özünü bütün kainatın sahibi hiss edir. “İstəyirəm, dalğalarla diləklənən, arabir də paralanıb çiliklənən, didiklənən Ayı tutub atam sənə. Kəhkəşandan bir topanı alıb asam hörüyünə. İstəyirəm, öpüşündən dalğa qıza, su isinə.Dəniz üstə ot göyərə, çiçək bitə.” Bunlar, əlbəttə, gözəl romantik arzulardır. Bu romantikanı, bu xəyal qüvvəsini yaradan eşqdir. M. Arazın təsvir etdiyi aşiq mənən bütövdür, cəsarətlidir. “Neynək, böhtan fişəngləri hardasa yanıb sönsün. Qız ismətli sevgimiz də çoxlarına lüt görünsün. Mən bilirəm, bir öpüşü  bir faciə dastanına döndərən var. Bu gecəni zərfə qoyub neçə lazımı yerlərə göndərən var. Olsun, nə qəm. Mən özüm də böhtanların bileyini qatlamayan,qibtələri,həsədləri ayaqlayıb adlamayan bir cevgini istəmirəm”.
M. Arazın sevgi şerlərinin aşiq qəhrəmanları bircədir, yeganədir, məşuqələr, qızlar, qadınlar isə  çoxdur, müxtəlifdir. Bunlardan hərəsinin öz səciyyəsi, öz taleyi, yaş dərəcəsi və təsir səviyyəsindən asılı olan öz aləmi var. Aşiq qəhrəman bəzən məsum bir çiçək qədər saf, təmiz qızlara, bəzən dişləri araqdan, papirosdan qaralmış, ehtirasları sürtülmüş və korşalmış qadınlara rast gəlir, bəzən təsadüfən qarşılaşdığı gözəllərin ani bir baxışını, gülüşünü, cilvəsini işıqlı bir xatirə kimi könlündə əmanət saxlayır. O, qarşılaşdığı müxtəlif qızlar, qadınlar barədə öz rəyini, öz təəssüratını incə rübablı duyğuları ilə söyləyir. Biz bu təəssüratın səmimiliyinə, reallığına zərrəcə şübhə etmirik. Məmməd Arazın yaratdığı aşiq surəti mərddir, prinsipialdır, incə və bütöv xilqətə malikdir. Şair hətta öz qadın, qız qəhrəmanlarının səciyyəsini öyrənmək üçün onu məyara çevirir, bu məyara toxunanların əyarını verir. Məlum  olur ki, bu sınaqdan saf çıxanlar yalnız qız, gəlin ləyaqətini qoruyanlar, ana vüqarını uca tutanlar, bir sözlə mənliyi olanlardır.
            Bir söylə içildi hansı badədə
            Sənin sevgi nazın, sənin qız səsin?
            Getdi hansı sözdə, hansı vədədə
            Gəlinlik duvağın, analıq hissin.
                    (“Ona”)

            Kişi xörəyinə zəhər qatmağı
            Ustalıq bilməyib bizim analar.
                    (“Aldım məktubunu”)
İnsan mənliyinin, ana ləyaqətinin məyara çevrilməsi təsadüfi deyil, bu aşiqin mənəvi zənginliyindən dogur. Məmməd Arazın eşq şerlərində görüşlər də var, pıçıltılar da, öpüşlər də..
Lakin bunların heç biri yersiz, şit deyil, canlı, qaynar insan diləkləri ilə bağlıdır. Harda ki, insan ləyaqətinin pozulması ehtirası yaranır, oradaca görüşlər, öpüşlər kəsilir. Hətta ən ötəri təmas aradan qalxır.
            Indi xatirələr odunda qızın,
            Yeri öz qəbrini öz əlinlə qaz.
            Yeri, unutma ki, alovla buzun
            Küləklə dumanın dostluğu tutmaz..
Əslində bu sətirlər ləyaqətsiz qadınların üzünə vurulmuş sillədir. Adama elə gəlir ki, buradakı aşiq hədsiz qəzəbdən sonra daha heç yumşalmayacaq... ancaq belə olmur.
            Yeri... Yox, bir dayan, qəbahət yolun
            Sonundan dönmək də gec olmayıbdır.
            Görünür, qoluna girən çox olub,
            Qolundan yapışan heç olmayıbdır.
Bu sətirlərin arxasında dayanan qəhrəman artıq aşiq deyil, filosofdur, tərbiyəçidir, humanistdir. Öz aşiq qəhrəmanını yüksək səviyyəyə qaldıra bilməsi Məmməd Arazın çox ciddi yaradıcılıq qələbəsidir.
Sözün əsil mənasında gözəllərə, həm zahirən, həm də daxilən gözəl insanlara münasibətində bu aşiq xüsusilə nəcib, həssas və arifdir... (əslində bu, kamilliyə bərabərdir), təcrübəsiz qızlara rast gələndə, onu yalnız ani ləzzət, zövq maraqlandırmır, insan taleyi, səadəti düşündürür, belə məqamlarda yalnız  müqabil deyil, özünü dərk etməyə çalışır, özünü mühakimə edir. Burada da şairin məyarı yenə yüksək insaniyyətdir, ani zövqdən yüksək dayanan ailə, övlad səadətinin  tələbləridir.
            Bəlkə də...
            Qanunlar, adətlər, həddlər olmasa.
            Oğlumun, qızımın ata səsindən
            Araya  çəkilən sədlər olmasa.
Bununla belə müəllif aşiqin gözəllik eşqini və ani tərəddüdlərini gizlətmir.
                   Sən vaxtsız-vədəsiz qar altdan çıxan
            Məsum bir çiçəyə bənzərsən, gülüm.
            Dərməsəm qorxuram soldura tufan,
            Əlimdə solarsan dərərsəm, gülüm.
“Anamdan yadigar nəğmələr” kitabındakı şerlər bir-birini təkrar etmir, yalnız bir-birini tamamlayır və zənginləşdirir. Bu şerlərin hərəsini bir bulağa bənzətsək, deyə bilərəm ki, bu bulaqlar birləşib dağ çayına dönür ki, bu çay heç bir yerdə bulanmır.
Şerdə bədii dilə ayrıca diqqət yetirən, hər cümləni, hər kəlməni ilham kürəsində əridib misraların qəlibinə tökən Məmməd Araz məhəbbət sətirlərində xüsusilə can yandırır, söz üzərində zərgər dəqiqliyi ilə işləyir.

            Bir əsər yaranır ani həvəsdən,
            Havamdır, suyumdur hər səs, hər nəfəs.
            Gülüm, gözəlliyə biganə kəsdən
                         Adi bir nalbənd də yarana bilməz.
                    (“Nə gizlədim”)

            Mən bu məsəlimi danan deyiləm
            Şair gözəlliyin göz dustağıdır.
            Bir qadın gözündə qəm duysam o dəm
            Sanıram ömrümün qürub çağıdır...

            Nə danım dostum var, qız da, qadın da.
            Bunun min nidalı  “niyəsi” yoxdur.
            Mənim hörmətimdə, zarafatımda
            Bir umu, təmənna hiyləsi yoxdur. 
                    (“İnam”)
Bu parçaların dili də duyğular kimi safdır, nəcibdir, hərarətlə doludur.
M. Arazın “Anamdan yadigar nəğmələr” başlığı altında yazdığı şerləri həyəcansız oxumaq mümkün deyildir. Bu şerlərin ləyaqəti ana xatirəsi qarşısında əyilən övladın nəcib qəmində, fikir və düşüncələrinin bəşəri məzmunundadır:
             Elə bil yarpızın dəyişib tamı,
            Nanənin ətri də azalıb bir az.
            Çağırın, çağırın əziz anamı,
            Belə bağça olmaz, belə bağ olmaz.

            Əyib atamı da ömrün gərdişi,
            Dünyanın qəribə sirləri varmış,
            Ömür yoldaşını itirən kişi
            Uşaqdan da bətər yetim qalarmış.

            Çətindir, ay bacım, bunları görmək,
            Göz də bir baxışla oda düşərmiş.
            Uşaqlıq itirmək, gənclik itirmək
            Ana itirəndə yada düşərmiş...
                    (“Bacım Gülsümə məktub”)
M. Araz ananın yalnız oğul həyatında deyil, ümumiyyətlə, bütün ailədə mövqeyini göstərmiş, bu itkinin böyüklüyünü, dərdini, gücünü unudulmaz misralarla yaratmışdır. Ancaq ana şerlərinin ləyaqəti bununla bitmir. “Anamdan yadigar nəğmələr”in  gücü həm də bundadır ki, müəllif müqəddəs ananın ölməz surətini nəqş edə bilmişdir. Bu şerlərdə mərd, zəhmətkeş, övladlarının yolunda ömrünü şam kimi əridən, möhtəşəm bir ana surəti vardır.
            Son anda şəklini o, qucaqladı,
            Gözünə baxmadı, qəhərlənərsən...
Qonşu qadının dilindən deyilən bu sözlər ana məhəbbətini, ana ülviyyətini göstərən qiymətli təfərrüata malikdir.
“Anamdan yadigar nəğmələr” kitabının cildsiz buraxılması nəşriyyatın nöqsanıdır. Çünki bu cür kitabları oxucu qorumaq istəyir.

1966
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws