 |
|
|
MƏNDƏN ÖTDÜ, QARDAŞIMA DƏYDİ...
Bəxtiyar Vahabzadəyə
Ey daşlaşan, torpaqlaşan ulu babam! Bu günümdən dünənimə uzaqlaşan ulu babam! Küləkləşən, dumanlaşan ruhunla sən Ayağa dur, səninləyəm! Səs getməyən, əl yetməyən Qədim tarix dərəsindən Səs ver mənim səsimə sən: Sənə gələn, səndən ötən nəydi belə? - Səndən ötüb qardaşına dəydi belə? Bununlamı neçə dəfə Ata-oğul, qardaş hissi haçalandı, Bir şəhərin Beş qardaşın xanlığına parçalandı? O zamanmı bitdi bizim dilimizin “sənin”, “mənim” qabarı da? O zamanmı bitdi bizim dilimizin “haralısan” damarı da?.. Səninləyəm, ulu babam! Bu məsəli kimdi yazan? Hansı soysuz ata idi Ataların imzasını Çəkib, ona möhür basan?! Adınızı dastanlardan oğrayaram, Ruhunuzu qıyma-qıyma doğrayaram Qara Çoban, Dəli Domrul. Ey Xan Eyvaz, Giziroğlu Mustafabəy, Əgər ki, siz Bu məsələ qol çəkdiniz! Sonra, sonra hansınızsa Xalqa gələn bir qəzadan Öz başını yana əydi. O qəza bir topa dönüb Səttarxanın tifaqına yaman dəydi, Məndən ötdü!... Məndən ötdü!.. Sevincə bax, qeyrətə bax! Bunu yazan xilqətə bax! Məndən ötdü!.. Qulağımdan getmir bu səs, Zərbələri qardaşına, Sirdaşına ötürən kəs Elə bil ki, bax bu gecə Qulağımın dibindəcə Xətainin süqutuna qəh-qəh çəkdi. Sonra, sonra Səhərəcan başına yüz qədəh çəkdi. O qəhqəhin dalğasından, O məstliyin baş fırladan Havasından qopan daşdı - Azərbaycan torpağında Araz boyda şırım açdı. Məndən ötdü... Bunu dedi Şəki xanı. Bunu dedi Bakı xanı, Bunu dedi İbrahim xan, Fətəli xan, Kəlbəli xan... Qəza ötsün məndən, - dedi, Ötən kimi “mən-mən” dedi: “Mən-mən” dedi bir ölkədə nə qədər xan. Onlar “mən-mən” deyən yerdə Sən olmadın, Azərbaycan! Səni səndən alıb belə Yüz illərlə uyutdular. Səni səndə ələdilər, Səni səndə üyütdülər. Dibək oldun öz duzunla, öz daşınla. Ögey oldun doğma, ekiz qardaşınla - Məndən ötdü deyənlərin qeyrətindən, Namusunu yeyənlərin qeyrətindən! Məndən ötdü... Məndən ötdü! Ey daşlaşan, torpaqlaşan, ulu babam! Bu günümdən dünənimə uzaqlaşan ulu babam! Ayağa dur! Dəfn etdiyim məsələnin Baş daşına Bir təəssüf xatirəsi yazıb, yondur: Səndən ötən mənə dəydi, Məndən ötən sənə dəydi. Səndən, məndən ötən zərbə Vətən, vətən, sənə dəydi...
1967 |
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |