|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

X .  HƏSƏN  

“ ARAZ   AXIR “
  
      Məmməd İbrahim ədəbiyyata coşqun bir ilhamla gəlmişdir. Onun şerlərində yüksək bədiilik, dərin məzmun və özünəməxsus üslub keyfiyyətləri vardır. Oxucular M. İbrahimin şerlərini həmişə rəğbətlə qarşılayır.
     Azərbaycan Dövlət Nəşriyyatı bu günlərdə şairin “ Araz axır “ adlı kitabını çapdan buraxmışdır. Kitaba şairin 3 poeması daxil edilmişdir.
    “Araz axır“ poemasında müharibənin dəhşətlərini görmüş, Araz qırağından Berlinədək gedən bir mühəndisin sevgisi və arzuları tərənnüm olunmuşdur. Mühəndis oğlan öz sevgilisindən ayrılanda hicrana mətanətlə sinə gərərək deyir:
 
                               Ayrılıq bir dağ olsa,
                               Vulkan olacaq sinəm.
                               Salamat qal, sevgilim,
                               Salamat qal, gedirəm...
                               Ölsəm qara torpağın,
                               Qalsam yalnız səninəm 
                               Gəl görüşək, sevgilim,
                               Gəl görüşək, gedirəm...
                               Göz yaşın gilə-gilə,
                               Hicran yazsa dalımca,
                               Mən yığıb hər giləni
                               Mərmi edərəm ancaq.
                               Göz yaşı deyil indi,
                               Bizə silah gərəkdir.
                               Vətən dardadır, gülüm,
                               Onu almaq gərəkdir.
                               Əlini qoy sinəmə,
                               Yanar görərsən onu,
                                Qatım döyüş oduna
                                İlk məhəbbət odunu...
     Şairin qəhrəmanı qələbəyə hədsiz inam bəsləyən, xalqın və Vətənin uğrunda oddan, alovdan keçən səbatlı  bir döyüşçüdür. M. İbrahim təsvir etdiyi döyüşçünü hər cür çətinliklə qarşılaşdırır, onu xalqların səadəti uğrunda çarpışan bir xilaskar kimi məhəbbətlə tərənnüm edir.                                           
     Poemada xalqımızın sülh işinə sədaqəti, dağıdıcı müharibələrə qarşı sonsuz nifrəti əks etdirilmişdir. Poemadakı bu sətirlər xüsusilə təsirlidir:
                                 Bəşərin qapısından
                                 Vaxtsız ölüm gen düşər;
                                 İnsanın saçlarına
                                 Yüz yaşında dən düşər,-
                                 Müharibə olmasa!


                                 Sevənlər aləmində
                                 Nə qəm, nə həsrət olar.
                                 Bəşərin gülləsi söz,
                                 Sözü məhəbbət olar, -
                                 Müharibə olmasa!
     Kitabdakı “Mən də insan oldum” poeması böyük şairimiz Sabirin xatirəsinə həsr olunmuşdur. Sabir sənətinin böyüklüyündən söz açan şair qüdrətli satira ustadının yaradıcılığı haqqındakı fikrini belə ümumiləşdirir:
                                Sabir müdrik atalardır,
                                Ağıl dolu, nağıl dolu
                                                     kitablardır.
                                Sabirin hər misrasında
                                Yazılmamış kitab vardır.
                                 Sabir köhnə dünyanin
                                 Şamaxı zəlzələsi!
                                 O, sənət aləmində
                                 Xaqani fəlsəfəsi,
                                 Nizami təfəkkürü.
                                 Füzuli idrakının
                                 Bir əldə yoğrulması
                                                     deməkdir.
                                 Onların da yenidən 
                                 Doğulması deməkdir.
     Kitabdakı  “Üç oğul anası“ poemasında 3 oğlu Vətən müharibəsindən dönməyən zəhmətkeş bir ananın surəti yaradılmışdır. Bu poemada da qanlı müharibələrə qarşı nifrət, sülh və həyat eşqi tərənnüm edilmişdir. Poemanın sonunda anaların sülh arzusunu ümumiləşdirən şair yazır:
                                   Hərbə lənət deyən ana səsində
                                   O ananın səsi duyulsun bu gün!
                                   Yel əssə, quş səksə sərhəddimizə,
                                    Dağlar da, daşlar da ayılsın bu gün!
                                    Ekvator xəttinə “sülh” yazsın ellər,
                                    Nidamız Marsa da yayılsın bu gün !
                                    Şimşəklər qanadım, sellər ilhamım,
                                    Küləklər nəfəsim qoy olsun bu gün!
                                    Qəlbimin bu sadə şeriyyətindən
                                    Bir ana heykəli qoyulsun bu gün!



      M. İbrahimin şerlərində lirika, siyasi nəfəs, vətənpərvərlik və beynəlmiləlçilik motivləri güclüdür. Kitabdakı poemaların üçü də maraqla oxunur. Bu əsərlər şairin yaradıcılıq yollarında get-gedə təkmilləşdiyini və inkişaf etdiyini göstərir. Biz ona yeni-yeni yaradıcılıq müvəffəqiyyətləri arzu edirik.

1964
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws