|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
PROFESSOR  GÜLƏ  MƏKTUB

Oxudum, professor,
Oxudum məqaləni,
Seyr etdim Xəzərdəki
Vəsfə sığmaz aləmi.
Xəzər bir xəzinədar,
Xəzər bir xəzinədir.
Qoynu-qoltuğu dolu
Bir nənədir:
Yedirdir-süfrə salır,
Yatırdır-layla çalır.
Xəzər xəzərilərin
Gözəllik adını saxlayır.
Dalğalar arxivində
Babaların nərəsini,
Nənələrin fəryadanı saxlayır,
Xəzər Xəzər olandan
Sağılır qızıl inək kimi.
Sağıb, sorub,
Sonra yorub
        qısır inək kimi
Biz onu satmaq istəyirik.
Ölü dənizlər muzeyinə
Atmaq istəyirik.
Xəzərdən ağ balıq,
Şahmayı, uzunburun,
Siyənək qurtarır.
Qızıl balıq adlı
Çiyələk qurtarır.
Xəzərin taleyi
Biganəliyə yem olur.
Xəzərin taleyi
Kağızlar üstündə
Problem olur.
Xəzərdən sahilə
Qızıl dartırıq,
Gülab tökürük.
Sahildən Xəzərə
Zəhər axıdır,
Çirkab tökürük.
Xəzərin bu dərdi
Bir nərilti kimi
Qulaqlara girmir,
Bizimlə mətbəxlərə,
Otaqlara girmir,
Daş yastıq, tikan döşək,
Buz yorğan olmur.
Ali məclislər süfrəsinə
Xəzərin dərdini
doğrayan olmur!
Adamlar var ki, Xəzər
Səhər də, axşam da,
Süfrəsini bəzər.
Beləsinə desən
Dardadır Xəzər,
Bir ucalt səsini!
Deyər:
    hardadır Xəzər?!
Xəritədə gəzər
Afrika qitəsini...
Birdən deyərlər:
Dayan bircə!
Siz özünüz necə,
    professor,
Bir afərin medalı
    almaq üçün.
Rəislik talvarına
    ucalmaq üçün
Gündə bir tədqiqat
Ağacı bitirənlərin,
Bir partlayışda
Yüz buruq dəyəri
    itirənlərin
Qolundan yapışıb vüqarla
Fikrinizi beyninə
Vurmusunuzmu
    elmi mismarla?
Yox, professor, yox!
Giley qəhrəmanımız çox,
Dil pəhləvanımız çox!
Bəlkə də bir qədər
Tünd oldu yazım,
Mübaliğə rəngini
Çox etdi şair ehtirasım.
Axı daş beyinləri sən
Gərək vaxtında deşəsən!
Bir də ki,
Adi dərdinə də
Heç dözüm yoxdu məndə--
Axı anamdır Xəzər!
Bəlkə Ölü dənizi də
Bir vaxt belə öldürüblər,
Ona da çirkablar
Gəmilərdən deyil,
Şüursuz beyinlərdən axıb,
Hələ də açılmamış
Sirli düyünlərdən axıb.
Bir gözəlin saçını kəsiblər,
Qolunu-qıçını kəsiblər,
Qulağından mirvarini açıblar,
Sonra bir düzün ortasında
Lüt-üryan qoyub qaçıblar.
Soyuq qurudub buz eləyib,
Günəş əridib duz eləyib...
Bu gün mən
Bu fikirlər içində gəzirkən
Sandım ki, bir əfsanəvi quşam,
Gələn əsrlərin
Hansı budağınasa qonmuşam:
Görürəm əlində tor--
İki professor
Ləpələri o üzə,
Bu üzə çevirir.
Bərk mübahisə gedir:
Biri deyir, bir zaman
Xəzərdə canlı varmış,
Onu ikiayaqlı canlılar
Qırıb qurtarmış.
Biri deyir:
Yox, elə bu dəniz ölüdür,
Əzəldən şüşə gözdür...
Əsəbim burda dözmür,
Daha dözmür, uçuram
Əsrimin indisinə.
Xəzər kimi hayqırır
        indi sinəm;
Xəzəri qorumağa
Silah istəyir,
Yunan əsatirindən
Allah istəyir,
Dənizlər Allahı!
Yox, professor, sabahı
Sabah deyil, bu gün qorumalıyıq!
Sabahın bu günkü kifindən
         qorunmalıyıq!
Bu gün çürüyən toxum
Sabah bərəkət olmur!
Qənaət olmayanda,
Bərəkət sərvət olmur...
Biz bağların barını
Ömürlük dərsək,
Gələcək nəsilə
Quru ağac versək,
Adımızı, ruhumuzu
Çəkərlər dara.
Sümüyümüzü yığıb
Qoyarlar toplara...
Şerim sərbəstdir bir qədər
Birdən ahəngdarlıq
    sevən Xəzər
Məndən küsər.
Mən qəsdən belə yazdım,
        professor,
Mən şeri qırmazdım,
        professor,
Qırılan sətirləri
Qırılan balıqların
    sürüsünə bənzədirəm.
Seyrələn nöqtələri
Xəzərin seyrələn
Kürüsünə bənzədirəm.
Xəzərin taleyinə baxımda
Bax, belə sərbəstlik var,
        professor!
Sərbəstlikdən betər
Sərməstlik var, professor!

1966.

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws