|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Qulu    XƏLİLOV

“ ARAZ  AXIR “

 Müharibənin  dəhşətləri, onun törətdiyi  müsibətlər haqqında  az yazılmamışdır. Azərbaycan sovet ədəbiyyatında  bu movzuya həsr olunmuş bir çox qiymətli əsər oxuculara  yaxşı məlumdur. Lakin nə qədər ki, müharibə təhlükəsi aradan qalxmamış , imperialist cəlladların əl-qolu tamam bağlanmamış, əsarətdə olan xalqlar həqiqi azadlıq əldə etməmişlər müharibə mövzusu da aktuallığını itirməyəcəkdir. Bu sahədə yaranan hər müvəffəqiyyətli əsəri alqışlamaq lazımdır. Belə əsərlərdən biri  Məmməd İbrahimin  “ Araz axır “ poemasıdır.
    Poema jurnal   varağı ilə cəmi  beş səhifədir. Ancaq bu beşcə səhifədə müəllif bir sıra  mühüm məsələləri bacarıqla həll etmişdir. Bu məsələlər hər şeydən əvvəl , müharibəni pisləməkdən, Sovet Ordusunun xilaskarlıq qüdrətini, xalqları faşizm taunundan xilas edib onlara sülh və əmin-amanlıq gətirməsini göstərməkdən, adamlarımızın yaradıcı gücünü, məhəbbətini təbliğ etməkdən ibarətdir.  Poemanın qəhrəmanı adi sovet adamıdır.  Şair qəsdən ona heç bir konkret ad verməmişdir. O, bununla demək istəmişdir  ki, həqiqi sovet əsgəri,-- istər fəhlə olsun, istər kolxozçu, istərsə də ziyalı fərqi yoxdur, -- hər bir sovet adamı məhz mənim qələmə aldığım əsgər kimi hərəkət edərdi.
    Əsərin qəhrəmanı üç mərhələ keçir və şair də poemanın əsas məğzini təşkil edən üç mühüm motivi: döyüşmək, sevmək və yaratmaq motivini bu şəxsin simasında obrazlı şəkildə ümumiləşdirir.
     Birinci mərhələdə bu qəhrəman milyonlarla adam kimi dinc qurquculuq işlərindən ayrılıb Vətənimizin müdafiəsinə, alman faşizminə qarşı vuruşmağa gedir. Müharibənin dəhşətini, düşmənin qəddarlığını və Vətənimizin təhlükə qarşısında olduğunu bu əsgər çox gözəl bilir. O, bilir ki, Vətən təhlükədədir, düşməni yandırıb yaxmaq lazımdır. Ona görə də o, bir sovet əsgəri kimi, xalqlara sülh və dinclik gətirən bir xilaskar kimi sərhədlərimizdən uzaqlarda da vuruşmalı olur:
                                     Biz  getdicə irəli
                                     Zülmətlər boğulurdu;
                                     Ən qocaman bir qitə
                                     Yenidən doğulurdu.
                                     Avropa, xəritədə
                                     Bu rəng çay yoxdu, axı!
                                     Şırım-şırım sinəndən
                                     Nə qanlı çaylar axır...
                                     Yuxuma da girməzdin
                                     Bohemya meşələri!
                                     İndi oddan qurtarır
                                     Səni sovet əsgəri.
     Bu əsgər təkcə qəhrəmanlıqlar göstərmir, bəşəriyyət qarşısındakı beynəlmiləl  borcunu yerinə yetirməklə kifayətlənmir, həm də dərindən sevən, məhəbbətini odlardan- alovlardan qoruyan bir aşiq kimi çıxış edir.  “Araz axır“   sözün geniş mənasında məhəbbət poemasıdır. İnsana, Vətənə, həyata məhəbbət, bütün bəşəriyyətə məhəbbət – bu əsgərin əsas mayası bundan yoğurulmuşdur və Məmməd İbrahimi bir şair kimi düşündürən məsələlərin mənbəyi də bu  nöqtədən başlayır. Müəllif əsərinin lap əvvəlindəcə  qeyd edir ki:
                                    Baxın, tanıyın , o qız –
                                    Mənim Ayrıgülümdür;
                                    Yaralanmış ürəyim ,
                                    Parçalanmış dilimdir
     Beləliklə, o, əsərinə lap əvvəldən yalnız ictimai məna verməklə qalmır, həm də oxucunu həssas, diqqətli olmağa çağırır. Əsil məhəbbət üçün  heç bir sərhəd olmadığı kimi, böyük qəlbli, nəcib təbiətli adamların sevgisi də heç bir zaman və məkanla məhdudlaşmır. Belə məhəbbət zamanın hər cür sınağından müvəffəqiyyətlə çıxır, daha böyük ictimai və insani məna kəsb edir. M. İbrahimin qəhrəmanı vuruşa-vuruşa sevir və bu sevgini o, bağrının başında Vətən məhəbbəti ilə qoşa gəzdirir. Belə sevməyi, alışıb yanmağı, şücaəti, qəhrəmanlığı,  düşmənə nifrəti də ona Vətən öyrətmişdir.
Həqiqət və məhəbbət qalib gəlir. Həm də şair bu məhəbbəti çox geniş və ciddi planda təsvir edir. Qarşımızda məsələləri dərindən düşünən, hadisələri poetik yollarla həll etməyi bacaran ağıllı və təmkinli bir şair canlanır. Çünki burada Vətən və xalq sevgisi ilə aşiqlik elə bir vəhdətdə, şairanə əks olunmuşdur ki, onları bir-birindən  qətiyyən təcrid etmək mümkün deyildir.
    
                                 Elə hallar olurdu,
                                 Ölümə can verməyə
                                 Bir saniyə qalırdı;
                                 Özüm yaddan çıxırdım,
                                 O çıxmırdı yadımdan.
                                 Ölüm ayağında da
                                 Sevə bilərmiş insan!
      Burada şair, adamlarımız üçün xarakterik bir sifəti çox doğru vermişdir. Bu da ondan ibarətdir ki, böyük məhəbbət, beynəlmiləlçilik, insanpərvərlik kimi yüksək sifətlər sovet adamının əsas cizgiləridir. Məmməd bunları ritorik şəkildə demir, canlı, lakonik, mənalı epizodlarda təbii boyalarla əks etdirir. Onun qəhrəmanı hərbin alovları içərisində də yüksək amalla yaşayır. O, ona görə vuruşmur ki, təkcə öz arzusuna çatsın; ən çox ona görə döyüşür ki, milyonlarla könüllərdəki məhəbbət kömür kimi qaralmasın, çiçək açsın, nur saçsın:
                               Necə baxım üzünə,
                               Oğlu dönməyən ana?
                               Güllə mənə dəyəydi,
                               Dəyməyəydi oğluna.
                               Yar soruşan, ay gəlin,
                               Gözlərimə baxma sən.
                               Orda yad eldə neçə
                               Nakam ölən görərsən.
                               Sevgilin qayıtmadı,
                               Vətən qayıtdı ancaq.
                               Biz bəzən ölməklə də
                               Gərək onu yaşadaq.
    Yaşamaq, sevmək və yaratmaq  “Araz axır“ poemasının əsas leytmotivini təşkil edir. Təsadüfi deyildir ki, onun qəhrəmanı əsgər paltarını soyunandan sonra  “Bətən qurulsun“ – deyə gözəl binalar tikmək arzusu ilə tikinti mühəndisi olur. Şair bu lövhələrdə məhəbbət romantikası ilə yaratmaq eşqi romantikasının vəhdətini çox gözəl vermişdir.
    Şair bəzən xəyalın qanadları ilə gələcəyə ucur, bütün millətlər və xalqlar arasında heç bir maniə və sərhəd olmamasını arzulayır. Axı, doğrudan da həqiqi və saf məhəbbətə nə sərhəd! Şair elə bir dövr və aləm arzulayır ki, orada bütün millətlər və xalqlar azad, bərabər və qardaş olsun; yaşamaq, yaratmaq və sevmək onların dəyişməz və əbədi həyat devizinə çevrilsin. Bu ideya isə kommunizm quran sovet adamlarının bu günkü istək və arzularından, beynəlmiləl-humanist sülh siyasətindən irəli gəlir. Ona görə də bu alovlu misralar bütün sülhsevər xalqların ürəyindən xəbər verir:
                                Əridib silahları
                                Biz marten sobasında,
                                Körpü yarada billik
                                Yerlə Mars arasında,-
                                Müharibə olmasa.

                               Yer min illik barını
                               Bircə gündə yetirər.
                               Alim Ayı, ulduzu
                               Dartıb yerə gətirər –
                               Müharibə olmasa.

                               Bəşərin qapısından
                              Vaxtsız ölüm gen düşər,
                               İnsanın saçlarına
                              Yüz yaşında dən düşər –
                               Müharibə olmasa.

                              Sevənlər aləmində
                              Nə qəm, nə həsrət olar,
                              Bəşərin gülləsi söz,
                              Sözü məhəbbət olar –
                              Müharibə olmasa...
  Məmməd İbrahim bu əsərində dövrümüzün bir sıra ictimai-siyasi məsələlərinə toxunmuş və onu poetik şəkildə həll etmişdir. Sənətkarlıq və şeriyyət  cəhətdən burada prozaik, qeyri-bədii misralar yox deyildir. Lakin alınan ümumi təsir elə qüvvətli, tam və aydındır ki, istər-istəməz düşünürsən: istedadlı qələmin məhsulu olan və çox lakonik yazılan bu poema təkcə onun müəllifinin yaradıcılığında deyil, ümumən poeziyamızda mühüm yerlərdən birini tutur. Bu isə şairin öz əsərlərinə tələbkar yanaşdığını və inkişafını göstərir.

1964
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws