 |
|
|
ÖZÜMDƏN ŞİKAYƏT MƏKTUBU
Nə vaxt yazasıyam şah əsərimi, İlk sözüm hardadır, Son sözüm harda?! Bəlkə də yersizəm bir səfil kimi Şairlər ordusu gedən qatarda... Qələm var əlimdə Gör neçə ildir, Bir nəğməm dillərə nə vaxt düşəcək? Mənim gəlişimlə nə dəyişildi, Mənim gedişimlə nə dəyişəcək?
Bəzən kirpiyimdə buz salxımlanır, Beynimdə vulkana qulaq asıram. Məni də çoxları bəxtiyar sanır- Adım-sanım vardır, Şer yazıram...
Nə yazdım, neylədim? Harayım, səsim Barı bir ürəkdə qala bildimi? Mənim bir planet olmaq həvəsim Bir peykin peyki də ola bildimi?
Günahkar torpaqmı, Sumu, Günəşmi? Ağlımmı tərsinə itilənibdir? Niyə fikirlərim Nizamiləşmir? Niyə qanadlarım ütülənibdir?
Hanı söz meydanım, Çaparlıq şanım? Yoxsa bir köhlənin qırıq nalıyam! Niyə Füzulidən allah nişanı, Səməddən vurğunluq almamalıyam!
Şair dost, havanı endir başından, Nə mən təslim olum, Nə sən qürrələn! Sənət yarışında, söz yarışında Yüzümüz bir Sabir deyilik hələ...
Yoxsa ağlımızla dil tapmır ürək,- Yanmamış Sönürük söz qürubunda. Bir də azarkeşlər diliylə desək, Çoxumuz oynayır “B” qrupunda.
İşıq sürəti var şair səsinin; Sənət dünyasının yaşıl donuyuq. Sevgilər, dostluqlar cazibəsinin Bəlkə də birinci Nyutonuyuq.
Fəqət qəlbimizin incə tarında Hələ çalınmamış çox simlər durur. Hələ ağlımızın fəzalarında Neçə tapılmamış Sistemlər durur... Bu günün ən dərin söz qatlarından Sökülüb tökülən Sərvətlər hanı? Bu günün hadisə gürşadlarından İldırım qoparan Cürətlər hanı?
Mən də az açmışam öz qollarımı, İstedad qılıncım çəkilib qına. Olmaya cəsarət qanunlarımı Satmışam ətalət qanunlarıma?..
İçir sağlığıma tərif-qənimim, Mənə vəd-medallar bağışlayır da. Müsbət “mən”im ilə mənfi “mən”imi Barışan görəndə alqışlayır da...
Durmuşam özümlə bu gün üz-üzə; Niyə doğulmuşam, nə üçün varam? Dünyanın ən adil məhkəməsi də Məni bağışlasa, Mən özüm özümü bağışlamıram...
Şerim imtahandan necə çıxacaq, Əsrin küləkləri çox möhkəm əsir. Özünü ittiham, İttiham ancaq Şairin ədalət məhkəməsidir...
1966-1967.
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |