 |
|
|
ŞAİR VÜQARI
Vüqarla yaşamış söz babaları, Onu yaşatmasın, şerimiz niyə? Əyilməz doğulan şair vüqarı Yalnız baş əyibdir əyilməzliyə.
Çox şair yaşamış ağ gün möhtacı Düşməni əyilməz bu vüqar olmuş. Fatehlər qılıncı, padşahlar tacı Bir lüt şairə də qibtəkar olmuş.
Dünən əl çalındı bir sənətkara, Bir kürsü qulunun rəngi dəyişdi. Elə bil səhnədə çox sıralara Matəm buludundan su çiləmişdin...
Şairin gözləri oyulanda da Kirpiyi qısmamış öz qürurunu. Təpədən dırnağa soyulanda da Vüqarı qoymamış “uf” deyə onu.
Sənətkar vüqarı deyildir ancaq Boğazdan asılan hər quru əda. Özüylə yanaşı dəfn olunacaq Onu bəziləri satın alsa da.
Çox adlar itirib söz meydanları, İzini-tozunu xəyal da bilmir. Şöhrət azarına tutulanları Şöhrətin özü də sağalda bilmir.
Qələmim, özünü çəkmə kölgəyə, Sən də cavabdehsən bu səhvlər üçün: Biri unudulur yaxşıdır deyə, Biri təriflənir arxivlər üçün!
Alqışla ucalır sənətkar, sənət, Ucaldan alqış da sərvət kimidir. Oxucu imzası olmayan şöhrət Oğurluq alınmış sənəd kimidir.
Hər sənət oğluna alqışlar deyin, Tərif də şairin qanadlarıdır. Şairlər vətənin ən çox ərköyün, Ən çox da döyülən övladlarıdır.
İstəsən şairi əyəsən, onun Ömrünün nə yazı, nə qışını al. İstəsən şairi əyəsən, onun Əlindən xalqının alqışını al...
1966.
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |