İNAM
Qoru eşqimizi, böhtandan qoru, Məhəbbət bulaqsa, böhtan da lildir. Bir bala ceyranın gözündən duru Bulaq da sel vaxtı bulana bilir!
Bir damcı böhtanın gurşad gücü var, Bəzən özülündən yıxır bir evi. Məhəbbət aləmi inam, etibar, Bir də ki, bir də ki, etiraf sevir.
Bilirəm, sənə çox xəbərlər gəlir, Qəlbinin telləri çəkilir tarım. Bu sənə bir təhər, bir təhər gəlir: Çoxdur qadın dostum, qız tanışlarım...
Mən bu məsəlimi danan deyiləm: Şair gözəlliyin göz dustağıdır! Bir qadın gözündə qəm duysam, o dəm Sanıram ömrümün qürub çağıdır.
Ehtiram gərəkdir hər gözəlliyə, Demə ki, budaqlar gəzən bir quşam. Bir baxış mükafat alaram deyə, Mən sənin eşqini tapdamamışam.
Nə danım, dostum var qız da, qadın da, Bunun min nidalı “niyəsi” yoxdur; Mənim hörmətimdə, zarafatımda Bir umu, təmənna hiyləsi yoxdur.
Nə elə göyçəyəm, nə adlı-sanlı, Mənim hörmətimi bu sirdə ara: Həmişə evcanlı, ailəcanlı Kişilər xoş gəlir çox qadınlara...
1965
|
|