|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Xəlil   RZA

ALOVLU, MƏNALI  ŞERLƏR


      Bir  sıra  gözəl  şerləri  ilə  ictimaiyyətin  rəğbətini  qazanmış  gənc  şair Məmməd  İbrahimin ilk kitabçasını  məhz belə  ürək  döyüntüsü ilə gözləyirdik.  Məmməd İbrahimin  Azərnəşr tərəfindən buraxılmış  “  Sevgi  nəğməsi”   kitabı  cəmi 37  şeri  əhatə  etsə də, onun yaradıçılığında  əhəmiyyətli  hadisədir.
  Bir şair  kimi  Məmməd  İbrahimi  oxuculara   sevdirən nədir?  Fikrimizcə bu sualın  birinci  cavabı  budur ki, o, şerlərində həyat  həqiqətinə  istinad edir, şairi  ötəri, kiçik  hisslər deyil, həyatın və zamanın  irəli sürdüyü  böyük ictimai  fikirlər, siyasi  qayələr,  xalqımızın  ürəyində yuva  salmış  arzular düşündürür.   “Görüşməmiş  dostlar”, “  Sən  tələsmədin”,  “ Cobanın  düşüncələri”, “ Müqəddəs  məzar”,  “ Qaranquş”, “ Dənizci”,  “ Vətən  torpağı”, “  Səba yeli”, “Ömür” və  s.  şerlərı öz dərin  mənası və  bədii kamillik cəhətdən  oxucunu  heyran  qoyur.
      “Görüşməmiş  dostlar” şeri xalqımızı,  Sabir və Mirzəcəlilləri  düşündürmüş, Vurğunumuzun ürək  dərdi olmuş bir məsələyə  həsr edilmişdir. Bu,  Azərbaycanın  1828 – ci  ildə iki  hissəyə  parçalanması, Cənub  qardaşlarımızın   hüquqsuz həyatıdır. Məlumdur ki, bir cox görkəmli şairlərimiz  Araz  cayına  və  Cənubi  Azərbaycanın    dərdinə   dair elə təsirli şerlər, elə sənət inciləri  yaratmışlar ki, bundan sonra həmin  mövzuda   orijinal söz  demək, bədii  kəşf səviyyəsinə yüksələn  şer  yazmaq hünərdir.  Məmməd İbrahim    “Görüşməmiş  dostlar”  şeri ilə  məhz belə bir  hünər  göstərmişdir. Şair  öz fikrini  ifadə etmək üçün   Arazın  hər iki  sahilini əhatə edən  Böyük  düzü  şerin obyekti  olaraq  götürmüş  , biri  o tayda, digəri bu tayda olan  iki çobanın həyatını və diləklərini qələmə  almışdır. Bu  çobanların çox  maraqlı həyatı vardır. Hər  ikisi  eyni  vadinin müxtəlif  guşələrində sürü  otarır, hər ikisinin  ocaqları  bir alışır, “yaylımları  bir  başlanır”, hər ikisi  sürüsünü eyni  çayda sulayır,  hər ikisi tütəklərində  eyni  havanı  çalır,  qışda  eyni qışlağa, yayda eyni  yaylağa  qalxırlar.  Onlar şəxsən görüşməsələr də qırılmaz  və əbədi   tellərlə  bir-birinə  bağlıdırlar. Ancaq  bu iki çobanın  həyatı  bir-birinə nə qədər  bənzəyirsə, bir o qədər də  fərqlənir. Şair  bu iki insanın  timsalında  iki dünyanı, iki   ictimai  sistemi  qarşılaşdırır.  Çobanlardan  biri  cəbhədən  qəhrəmanlıq  nişanı ilə qayıtmış,  o birinin  ürəyindən  isə  ehtiyac  və ailə dərdi  öz nişanını  asmışdır.   Biz  bu şer üzərində ona görə bu  qədər ətraflı danışmağı lazım bilirik ki, burada  xalqı, Vətəni düşündürən  böyük bir  ictimai-siyasi fikir  vardır. İctimai qayədən, xalq  idealından məhrum olan əsərlər isə nə qədər  bəzək- düzəkli  olsa, gözəl vəzn-qafiyə  donuna geydirilsə də  təsirsizdir. 
Həyat həqiqəti,  sadəlik, yığcamlıq,  fikir və hissin dərinliyi və bütövlüyü,  obrazlı  təfəkkür,-- yuxarıda  adlarını  çəkdiyimiz  şerlərinin  əsas keyfiyyətini  təşkil  edir.  Məmmədin  daxili  dramatizm,  həyəcan, coşqun  ehtiras  və obrazlı təfəkkürlə  dolu  olan “ Səba  yeli “  şeri  Füzuliyə ,--  ədəbiyyatımızın bu  böyük fikir  və hisslər  korifeyinə  həsr  olunmuşdur.      
                        Nə  yanar kimsə mənə  atəşi – dildən  özgə, 
                        Nə açar  kimsə  qapım  badı səbadan qeyri. 
Böyük sənətkarın  ağır faciəsini əks etdirən bu yanıqlı misralar  gənc şairi dərindən mütəəssir etmişdir.              
                       Hanı  vəfalı yar, sevdalı canan?
                       Niyə bir həmdəmin yoxundu sənin?
                       Bəlkə külək deyil qapını açan.
                       Evinə sığmayan ahındı  sənin!
                       Şöhrətin düşdükcə obaya- elə,
                       Zaman varlığını sıxır, şairim.
                       Belədir həmişə ağır zəlzələ
                       Ən uca  dağları yıxır, şairim!
   “Şərqin Şərq olandan bəri yetirdiyi şairlərin  ən səmimisi”, Şərqşünas Gibbin dili ilə desək, qəlb şairi Füzulinin  əzəmət və böyüklüyü bu misralarda gözəl tərənnüm olunmuşdur. Şairin istifadə etdiyi  obrazlı ifadələr, - “ qapıları acan külək”,  “ evə sığmayan ah”,  “ uca dağları yıxan zəlzələ” elə canlı həyat detallarıdır ki, oxucu  bunları dərhal nəzərində canlandırır. Müəllif bunları sadalamır, mənalandırır.  Göte “ Sirrlər xəzinəsi”ndən danışarkən Nizami şerinin ən böyük məziyyətlərindən birini məhz bunda görür ki, bu əsərdə bilavasitə şəxsi müşahidədən və canlı həyatdan alınmış yüzlərlə nadir həyat detalları vardır. Çoxlarının görmədiyi bu həyat detalları əsasında Nizami öz oxucularının ürəyində ən müqəddəs, humanist duyğular oyadaraq, bəşəriyyəti tərbiyə etmək səviyyəsinə qədər yüksəlmişdir !
    Məmməd  İbrahim klassik  poeziyamızın,  həmçinin müasir şerimizin gözəl ənənələrindən istifadə etməyə çalışır və öyrənir. Haqqında bəhs etdiyimiz “ Səba yeli “  şeri bu misralarla bitir:
                         Qəlbimdə bir nəğmə dil açdı yenə,
                         Ay ellər, bir sevda nəğməsidir o.
                         Açin  qapıları səba  yelinə,
                         Açın, Füzulinin  nəfəsidir o!
 Sübut etməyə ehtiyac yoxdur ki, burada səba yeli  yaxşı mənalandırılmışdır.
Deməli, böyük ictimai fikirlər yürütməyə çalışmaq  hələ azdır, həm də bunları yüksək sənətkarlıqla ifadə edə bilmək bacarığı gərəkdir.  “Qaranquş” şeri bu bacarığın yeni ifadəsidir.
                             Bir zaman yuvanı uçurmuşam mən,
                             Bəlkə də, bəlkə də o, yadındadır.
                             Dilin yox, dərd  açıb, söz söyləyəsən,
                             Dilin də, sözün də qanadındadır.
– deyən şair vaxtilə “əlində şiş, çiynində yaba”  quş yuvası uçuran uşaqlara qoşulduğuna indi yana-yana təəssüf edir. Şerin lirik qəhrəmanı indi “ birgünlük uşaqlıq günahımı, kaş bütün ömrü boyu yuya biləydim “,- deyə ah çəkir. Bu təəssüf və peşimançılıq hissi o qədər səmimidir ki, oxucu da bu lirik qəhrəmanın dərdinə şərik olur.Yalnız həmin quşun taleyini düşünməklə qalmır, özünün də etdiyi  bir sıra haqsızlıqları,  güman ki, xəyalına gətirir, kədərlənir, fikrə gedir. Beləliklə, şairin qələmə aldığı bir duyğu oxucunun qəlbində duyğular silsiləsinə çevrilir. Bəzən şer nəsrin, bəzi hallarda isə hətta pis nəsrin  səviyyəsinə endirilir. Hamıya məlum olan həqiqəti  gəlin, bir daha təkrar edək: Şair şerə o zaman əl atır ki, həmin mövzunu  nəsrlə, yaxud başqa bir  ədəbi janrla  ifadə etmək mümkün deyildir! Məmməd İbrahimin bir sıra şerlərı bu tələbə layiqi ilə cavab verir. Övladları  Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş ananın həyəcan və iztirablarını göstərən poemasında o, yazır:
                                 Bala hıçqırığı, ana fəryadı,
                                 Topların səsində Berlinə getdi!
      Aydındır ki, yalnız böyük nəfəsli şair  həyat haqqında belə güclü bədii hökmlər verə bilər!
 Məmməd İbrahim yaradıcılıq təbiəti zəngin olan şairlərdəndir. Həyatımızın elə bir sahəsi yoxdur ki, onu maraqlandırmasın. Gəncliyin təmiz məhəbbəti, bizi sevib əzizləyən ana və nənələrimizin sinəsindəki söz xəzinəsi, şəhər və kəndlərimizə bahar nəfəsi, həyat işığı gətirən zəhmət adamlarımızın xarüqüladə əməyi, pensiyaya çıxmasına baxmayaraq, işdən, zəhmətdən, illərlə can qoyduğu sənətindən ayrıla bilməyən qocalarımızın mənəvi böyüklüyü, kəndistan yerinin  əlvan lövhələri, bəşəriyyətə  Puşkin və Qorki kimi sənət bahadırları, Matrosov və Zoya kimi qəhrəmanlıq mücəssəmələri vermiş böyük rus xalqına bəslədiyimiz qardaşlıq məhəbbəti, Araz sahillərindən Kamçatkaya qədər hüdudsuz bir ərazini qucaqlamış  Vətənimizin əzəmət və qüdrəti,   “Sabah   atomun istisi ilə  ekvatoru Buzlu Şimal qütbünə çəkmək” eşqinə düşən gənclərimizin   romantik arzuları, mədəniyyətimizin fəxri xalq şairi Səməd Vurğunun  Qafqaz dağları ilə yanaşı duran sənət vüqarı  və s. bu kimi gözəl mövzular Məmməd İbrahimin ilham meydanıdır.
      Onun şer dili  sözün psixologiyasına vaqif olmağa çalışan temperamentli, həssas və mənalı bir şairin  dilidir. Predmetsizlik, köhnəlmiş  təşbeh və tərkiblər, aktual mövzu arxasında gizlənərək qeyri səmimi mədhiyyə oxumaq təşəbbüsləri onun şerlərində yox dərəcəsindədir.
                                Qoy nəğmə deməyə bülbül tələssin,
                                Gəzdiyi, gördüyü üç aydır, şair.
                                Sənin ki, kükrəyən ilhamın, səsin
                                Məcraya sığmayan bir çaydır, şair.             
    Bizim zənnimizcə,  bu sətirlər “ Mən tələsmirəm “  şeri müəllifinə ən yaxşı cavabdır. Burada fikir və hisslər də, ifadə tərzi də, bədii obrazlar da orijinaldır. Məmməd  İbrahim hətta çoxlarının köhnəlmiş bir ədəbi  forma hesab etdiyi qoşmada belə təzə fikirlər, təravətli  duyğular verməyə qadirdir.
    “Sevgi nəğməsi”  kitabçası nöqsansız deyildir. Burada orta səviyyəli, bəzi hallarda isə  hətta dayaz şerlərə də rast gəlirik. Sevgi  şerləri kitabcada  xeyli yer tutsa da,  bunlar ictimai-siyasi planda yazılmış şerlərə nisbətən zəifdir. “ İz sal”,  “Səhər-səhər”, ” Kəklik”,  “Palıd”,  “ Sevgi nəğməsi”, “Şerə gətir “ şerlərində bəzi xoşagələn detallar, ifadələr olsa da, ümumiyyətlə, bunlar yüksək tələbli oxucunu razı salmır.  “Qocanın  vəsiyyəti”  şerində isə insan psixologiyası təhrif olunmuşdur. Can  verən bir insan haqqında heç demək olarmı ki:
                                  Baxıb dövrəsində nəvələrinə,
                                  Qoca həvəsindən (?) demədi heç nə.
    Can verən insan yalnız həyat və yaşamaq barədə düşünə bilər. Burada həvəsə düşməyin yeri deyildir.
                               “Yox, yox, yaşayıram,yox, ölmürəm mən
                                  Həyatda min (?) nəsil qoyub gedirəm,
                                  Demək mən ölmürəm, -  ölümdür ölən” - sətirləri qocanın dilində ifrat dərəcədə süni səslənir. Bir də axı bu sözlər vəsiyyət deyil.  Halbuki şerin sərlövhəsində məhz belə bir məqsəd qarşıya qoyulmuşdur.  “Sevgi nəğməsi” ni  qayğı ilə redaktə etmiş şair İsmayıl Soltan gərək bu şer üzərində müəllifi yenidən işləməyə təhrik edəydi.
    Məmməd İbrahim dünya mədəniyyətinin beşiyi Moskvada, Qorki adına ədəbiyyat  institutunun nəzdindəki  ikiillik  yazıçılar kursunda  təhsil almaqdadır. Qoy onun bir şair kimi kamala yetməsində bu iki il  həlledici və əzəmətli bir addım  olsun.
     Qoy, o, nəhəng kommunizm binasının memarı olan sadə əmək adamlarımıza layiq təzə şer mirvariləri yaratsın !

1959

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws