|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
QAYALARA YAZILAN SƏS

İlk payız... Zirvələrdə qar ala-tala,
Seyrək duman sürünürdü dağ yamacında.
Daş qayanı yanlayırdı Günəş az qala,
Boz buludlar yaxasını geniş açanda.

Bir qayanın şiş ucuna qonmuşdu qartal -
Bir az sivri vəziyyətdə: top gülləsitək.
Elə bil ki, caynağında qayanı dartıb
Bu saatca üstümüzə hücum çəkəcək.

Hiss elədi tüfəngsizik,
            bir də qonağıq,
Nəzəriylə aşrımacan ötürdü bizi.
“Bu qədəmlə zirvələrə çətin qonanıq”,
Sanki qartal “ölçüb-biçdi” cürətimizi...

Bizə yanıq verir kimi qalxdı havaya;
Süzüb getdi hara isə
            arın-arxayın...
Kölgəsinə çoban iti hürdü havayı,
O qartaldı -
      dağ məskənli, qaya arxalı.

Sürünü də, çobanı da beləcə sanki
Bir tabloya rəsm etməyə saxlamışdılar:
Alaseyrək qara xallı bir palaz kimi
Ağ sürünü boz yamaca mıxlamışdılar.

Çoban neyi uyutmuşdu qayanı, daşı;
Döşdə sürü məst olmuşdu,
Dərədə duman.
Diki qalxıb, yastan yerə çıxanda maşın
Sürü hürküb topallaşdı.
Diksindi çoban.

İtlər cumub, bizi aldı mühasirəyə,
Ferma müdri düşdü yerə,
itlər kiridi.
Ala köpək hiss elədi yemək var deyən -
İmsələyib, göy maşının
            altına girdi.

Çoban gəlib əl uzatdı hamıya bir-bir:
- Xoş gəlmisiz bu dağlara,
Bu bulaqlara;
Çoxdandır ki, bu dağ-dərə qonaq gözləyir,
Düşməsəniz daş-qaya da incimiş qalar...
Dedim: - Elə salam verib, xoş üz ki gördük,
Bəsimizdir.
Qoy var olsun bu dağlar da,
dağlar oğlu da.
Dedi: - Bizim çörəyimiz halal çörəkdi,
Kəsib onu Nizami də,
            Qoç Koroğlu da.
Yəqin siz də yazı-pozu adamlarısız,
Sağ olsunlar qəzetçilər, gəlib yazırlar!
Deyəcəyəm: dil məndədi, qələm sizdədi,
Yazacaqsız “yüz qoyundan yüz əlli bala..”
Kərə toğlu özümündü...
- Yox, nəyə gərək,
Tələsirik.
- Qardaş, bir vaxt adət vardı -
Qonaq atının
Cilovunu tutardılar, yenərdi qonaq, -
Deyib döndü ciddi-cəhdlə maşına sarı,
Sürücüyə ərklə dedi:
- Sükanı bəri...
Keçdi sükan arxasına:
- Sürücü qardaş,
Sən də bir az ağa kimi əyləş yanımda.
Bəzən olur: qaşqabaqlı dağ dumanında
Maşın nədi, quş da azır...
Dumansız gün-gümansız gün,
        belədi dağlar.
Dumanı da bərəkətdi
        bu dağın-daşın,
Həzincə bir bayatıdı
        çiskin yağışı...
Təkər sürüşdü,
Sola burdu, ilişək oldu qanqal topası;
Dedi: - Bir az yer surçaqdı,
Ehmallı düşün...
Düşdü hamı.
Çoban dedi: - Burda mənim muzeyim var,
Bu yana baxın,
Bulaq üstə qara daşa diqqətlə baxdıq: -
İri, köntöy hərflərlə həkk olunubdur:
“Səməd Vurğun su içibdir bu bulaqdan,
Sentyabr, 1952-ci il”.
Çoban deyir:
- Mən o vaxt da beləcə idim,
Saç-saqqalı beləcə dumağ.
Belə bayram görməmişdi
Bizim bu yaylaq:
Səməd Vurğun gəlmiş idi bizim dağlara,
Mən biləni: ilk dəfəydi bu obalara
Belə şirin söhbət əhli,
Belə yapışıqlı,
Dərd-səri bilən qonaq gəlirdi.
Xalı sərdik,
Süfrə açdıq bulaq başında.
Məclisimiz dəmhadəmdə yalın qaşından
Dimdik qalxdı bir dağ kəkliyi -
Düz ovçunun hədəfinə xatalı kimi.
Eşitmişdim Səməd Vurğun tükü vurandı,
Dedi: “Hüseyn, bəri görüm o alışqanı,”
Hüseyn oğlan
Tez gətirdi qoşalüləni.
Buyur - dedi - Səməd qağa.
Hüseyn oğlan kəkliyə baxdı,
Sonra mənə yavaş dedi:
        - atmayacaqdı,
Səməd quşun nəğməsini ağzında qoymaz...
Xeyli belə quş oxudu,
        Səməd durdu
            Əli tətikdə.
Bu vaxt elə başımız üstə hərlənən
Qaraquşu yola tərəf millənən gördük.
Kəklik qalxdı,
Kəklik endi.
Haqlayanda qaraquş onu,
Nərildədi qoşalülə.
Qaraquş aşdı,
Sərələndi üstünə bir ardıc kolunun.
Nəfəs dərdi. Baxdı sönən papirosuna,
- Bir stəkan su ver - dedi - cavan çobana.
- Demə, çoban qardaş, namərdlik etdim;
Doğrusu, ov almaz ovçu ovçudan.
Mən nişan almışdım bir xəyanəti,
Ölən - çalağandı,
Qalan oxuyan.
Güllə atmamışdım bu səfərimdə,
Kəkliyi vurmadım,
Dedim oxusun,
Günahı çox olub bu əllərin də,
Qaraquş sonuncu günahım olsun.
Sevir təbiət də cəsur quşları,
Halına az yanır ölüvayların,
Beləcə qırırıq nadir quşları,
Beləcə kəsilir qartal qıyları.
Qaraquş haqlıydı,
Ov onun idi.
Eh, güllə nə bilir nədi haqq-nahaqq,
Gülləni gətirən şair Hüseyndi,
Dağlar nə qarğısa mənim olacaq.
İnsan öləndə də dağlarda ölə,
Dönə bir zirvənin dənər qarına.
Bir qarış yüksəliş gətirə bilə
Bu dağ duruşuna,
Dağ vüqarına.
Yəqin mən öləndə eşidəcəksən,
Su kimi təmizdir çoban əlləri,
Bax dəstə tutarsan dağ çiçəyindən
Bax, bu söykəndiyim qara daşı sən
Başdaşı bilərsən,
Qoyarsan yanına o çiçəkləri...
- Allah eləməsin,
Elə demə sən,
Mən səndən böyüyəm azı on beş il.
- Xeyr, çoban qardaş, iş yaşda deyil.
Sən məndən böyüksən,
Mən səndən qoca.
Mən səndən hündürəm,
Sən məndən uca.
- Allah eləməsin, mən uca olam,
Dünyaya baxırıq siz ucalıqdan.
Biz, olsa, - ağacıq, barımız sizlər.
Biz, olsa, - bulağıq, siz də dənizlər.
Biz də tanınırıq ad-sanınızla,
Biz də tanınırıq qələm-kağızla...
- Yox, çoban, bu dağlar söykənəcəkdi,
Sizin həmdəminiz güldü, çiçəkdi,
Bu dağlar heç vədə badalaq bilməz,
İti də bir özgə yal-yalaq bilməz.
Tufanı amansız - hamı üçündür,
Zirvəsi dumansız - hamı üçündür.
Dağ kimi sərt olur dağ adamları,
Çörəkli, mərd olur dağ adamları...
Susdu şair, kürəyini söykədi daşa,
Bir xeylicə xumarlandı dağ günəşindən.
Gözlərini açıb gördü:
Məclis qurulub.
Bir az pendir dürməklədi bulaq otuyla.
Kababa heç əl vurmadı,
Yağ-bal yemədi.
Xoşu gəldi çobanların səliqəsindən,
Cəldliyindən, təpərindən, iş görməsindən.
- Maşallah ki, hərəsi bir od parçasıdır,
Əmr eləsən, hərəsi bir dağ yarasıdır...
Mənə baxdı, xeyli baxdı, bu dağlar - dedi -
Ancaq belə mərd kişilər yetirməliydi.
Bir de görüm, çoban qağa, yaşın neçədir?
- Vallah - dedi, - zarafatla - gözümü açıb
Görmüşəm ki, dağ bu yaşda,
Mən də bu yaşda...
Yaş ölçməklə aram yoxdur əzəldən bəri.
Dedi: xoşbəxt adamsanmış...
- Yaş nəyə gərək...
Yaşı bilib-bilməməyin heç fərqi yoxdur,
Bir də, növbə yetişəndə yaş soruşulmur...
Dedi: xoşbəxt adamsanmış...
Bir de görüm: arağınan aran necədir?
Dedim:
Sənin bulağınan aran necədir?
- Bir de görüm,
        hardan belə söz ehtiyatı?
- Bu dağlarda çox çapılıb Koroğlu atı,
Bizi təkcə dağ yaşatmır,
saz-söz yaşadır,
Ta əzəldən qılıncımız sazla qoşadır.
Saz kəsibdi bəzən qılınc kəsməyəni.
Gəlib özü tapıb məni:
Binələri çadır-çadır...
Yazanının çox kəlamı yadımdadır...
Dedi: xoşbəxt adamam mən,
Nəyin vardır
Oğul-uşaqdan?
Dedim: altı quzuçun var,
Altı sağıcın.
Dedi: xoşbəxt adamam mən,
Xoşbəxtdi xalqım,
Dünyalara çıxmalıdı çobanı onun,
Fırladaram dövrəsinə dünyanı onun...
Çobanlardan biri durub bu şeri dedi:
        “Üstündən karvan yeriməz,
        Sıxdı dumanların, dağlar.”
Özü şer oxumadı; yaşardı gözü.
Söz verdi ki: “gələn dəfə saz çallam özüm”.
Ünvan verdi.
Mən də dedim öz ünvanımı;
Dedim yay-yaz dağlar - evim, -
Qışda Muğandır.
Dedim: bizə bəxşiş elə bir kitabını,
Dedi: Vallah, heç birisi yoxdu yanımda,
Bir də gəlsəm, gətirərəm...
- Ondan sonra tək bircə yol gəldi Muğana,
Bir cüt çəkmə gətirmişdi qoca dostuna,
Bir də təzə qoşalülə - yağdaca durur,
Çəkmə necə alınıbdı - eləcə durur,
Geyib qəbrə gedəcəyəm - vəsiyyətimdi.
Bir də onda bir hərləmə lent gətirmişdi.
Mən də ona bağışladım öz cürcənəmi
Zor-gücünən,
Dedi - donarsan,
Dedim: donsam, bir az isti yola salarsan.
Ondan sonra bu dağlara yolu düşmədi,
Səsi gəldi,
Sözü gəldi,
Özü gəlmədi.
Ondan sonra bu bulaqdan su içməmişəm.
Ondan sonra bulaq oldu - “Vurğun bulağı”
Adını da bu qayaya özüm yazmışam,
Bu da mənim əsərimdi.
... Qoca çoban bir də baxdı:
Süfrə açılıb,
Kabab şişi quzuçunun əlində qalıb.
İşarə elədi...
Hər şey yerbəyer...
Bu söhbətdən dəm olmuşdu elə bil hamı,
Hamı deymək istəyirdi
- Tamada hanı? -
İçək onun sağlığına...
Bu dəmdə birdən
Onun səsi eşidildi qaya dibindən:
        “Binələri çadır-çadır,
        Çox gəzmişəm özüm, dağlar...”
Qayalarda səda verib qayıdırdı səs,
Sanki yatmış daşları da oyadırdı səs.
Bulaq deyil, səs axırdı üzüaşağı,
Vurğun səsi, Vurğun sözü, Vurğun bulağı..
Biz hansımız o nəğmədən su içməmişik?
Kəlamından cığır alıb, yol seçməmişik?
Yüz bulaqdan su içmişdi özü bəlkə də,
Söz bulağı bircə yurdda, bircə ölkədə
Bir ürəkdən başlanırdı - xalq ürəyindən,
Dünənindən, bu günündən, gələcəyindən...
Hamı yaddan çıxartmışdı maqnitofonu,
Duman deyil, söz olmuşdu dağların donu.
Sinəsini açmış idi qızıl qayalar,
Sazdan-sözdən bizim dağlar çətin doyalar.
Bizim dağlar hər sözü də almaz vecinə,
Söz daşına yazılmasa,
            sözsüz keçinər.
Ya ərköyün, ya ipək ol, - övlad ol ona,
Min il saxlar, qayalara yazılan səsi.
Az olmayıb daş atanlar dağ vüqarına,
Az olmayıb daşla birgə diyirlənməsi.
Biz gəlmişdik,
Gələn kimi kim düşdü yada? -
Bu dağların öz dilində danışan adam!
Bu dağların, bu daşların yaddaşı möhkəm,
Səbri ağır, cəbri ağır, qəzəbi ötkəm...
Kimi səslər bu el-oba?
Kimi oxuyar? -
Yaxına get, sual verib, özündən soruş.
Onu sevib, onu deyib, onu duyanlar
Onun qaya yaddaşına həkk olunurmuş...

Oktyabr, 1976

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws