|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Elxan   QARAXANLI
                        
HAQQ   AŞİQİ   MƏMMƏD   ARAZ

Oktyabrın 14-də Məmməd Arazın 70 yaşı tamam oldu və bu yubiley günü  qarışıq bir zamana düşdü. Prezident seçkisi ərəfəsi olduğuna görə xalqın yaddaşında doğma bir hiss kimi oturmuş azman bir şairi təbrik etmək az-az adamın yadına düşdü. Nə 50 illik qələm dostları, nə bürokratik məmur aparatı, nə də xalq adından  danışmağı çox sevən  siyasətçilər qabiliyyətsizliklərinin və eqoizmlərinin bataqlığından çıxa bilmədilər. Bu cılız adamlar zamanında yaşadıqları bir söz nəhəngini görmək iqtidarında deyildilər və onların adətən öz görümləri olmur. Şairi təbrik edən siyasətçilər, daha doğrusu, prezidentliyə namizədlər İlham Əliyev və Əli Kərimli oldu. Qələm dostlarından demək olar ki, heç kim.
Yadıma 1995-ci ilin aprel ayı düşür. Onda prezident Heydər Əliyev Məmməd Arazın yaradıcılıq gecəsində iştirak edirdi və indi onu yada salmaq istəməyənlər mədhiyyə demək üçün növbəyə dururdular. Bəlkə də həmin gecə Məmməd Arazın onların ibarəli çıxışlarına ehtiyacı yox idi. Çünki həmin gecə prezidentin ədəbiyyata və sənətə münasibət gecəsi idi və bu gecə xalqın yaddaşında iki tarixi şəxsiyyətin dialoq gecəsi kimi qaldı. Həmin gecə prezidentin nəvəsi Məmməd Arazın qarşısında şer dedi və bu səhnə onun yaddaşında ömürlük həkk olunub qalacaq: o, uşaq yaşında Məmməd Araz önündə  şer deyib. Bu, tarixdir.
Tarixi insanlar yaradır, hökmdarlar dövlət qurur, sənətçilər onu məzmunla doldurur. Dünyanın tarixi hökmdarların və sənət adamlarının tarixidir. Bu adamlar həmişə millətin fövqündə durub, bir növ xalqın başı və ruhu rolunu oynayıb. Şairi olmayan xalqın ruhu olmur, ruhu olmayan xalqın yüksəlişi. Bizim xalq ruh sarıdan yarıyan xalqlardandır və Məmməd Araz ucu uzaqdan gələn bir silsilənin hələlik sonuncu nümayəndəsidir. O, ədəbiyyata gəldiyi ilk günlərdən  xalqın sevgisini qazandı və bu sevgini indiyə kimi yaşadır. Bu sevgi hamının qəlbində var – cavanın da, qocanın da, kəndlinin də, ziyalının da. Azərbaycanda onun heç olmasa, bir misrasını bilməyən bircə adam tapmaq mümkün deyil. Uzun illərdir düçar olduğu ağır xəstəlik onun camaatla təmaslarında ciddi maneə olsa da, iştirak etdiyi hər bir tədbirdə xalqın öz şairinə olan ehtiramı açıq şəkildə görünür. Mən şəxsən Səməd Vurğundan sonra xalqın arasında bu qədər populyar olan ikinci bir şairimizin olduğuna inanmıram. Bu mənada mən Şimali Azərbaycanı nəzərdə tutmuram. Çünki Şəhriyar da olub və mənim yaddaşımda həkk olunmuş ən təsirli səhnələrdən biri ulu Şəhriyarın dəfn mərasimidir. Milyonlarla insanın qatıldığı mərasimdə dünya şiələrinin lideri göz yaşı tökə-tökə,  ömür yolunu başa vurmuş bir şairi öz çiyinlərində  əbədiyyətə aparırdı.
Həmin səhnələri seyr edərkən müqəddəs kitablarda yazılan “əvvəl peyğəmbərlər, sonra şairlər gəldi” deyimi yadıma düşdü.  Allah Təala şairə peyğəmbər mərtəbəsi buyurub və burda söhbət şer yazanlardan yox, şairlərdən gedir, axirətə gedən yolda bəşər övladının kasıb ruhuna qida verən şairlərdən. Yəqin ki, Məmməd Araz kimi şairlərə olan sevgi də xalqın ruhi tələbatıdır. Insanlar görmək istədiklərini, duymaq istədiklərini bu şairin yazılarında tapır. El arasında belələrinə “haqq aşiqləri” deyilir və bunlar həzrəti peyğəmbərimizin mərac zamanı gördüyü qırx pirin Yerdə insan cismində təcəlli tapan ruhudur. Onlar zaman-zaman gəlir və bəşər övladına yol göstərirlər. Azərbaycan adlı bir məmləkət yer kürəsinin xəritəsinə bir dövlət kimi düşəndə onun taleyinə bir Məmməd Araz göndərildi. Göndərildi ki, özünü axtaran bir millətə kimliyini anlatsın, bu məmləkəti sevməyi öyrətsin, “Azərbaycan deyiləndə ayağa dur” desin. Kiminsə istəyib-istəməməsindən asılı olmayaraq  artıq Məmməd Araz Azərbaycan dövlətçiliyinin simvoluna çevrilib, onun mənəvi atributlarından biridir. Milli azadlıq mübarizəsinə Məmməd Arazın şerləri ilə başlayan Azərbaycan xalqı gələcək nərdivanına da Məmməd Araz nəğmələri ilə qalxır.
O, mənsub olduğu xalqın sevincini və ağrılarını içində yaşada-yaşada  70 il Yer planeti ilə bərabər  Günəşin başına dolandı. 70 il o, Azərbaycan adlı bir zirvənin başındakı qara toxunmaq üçün yol gəldi və mənzil başına çatanda gördü ki, bu qara qurd düşüb.  Əlbəttə, o, zirvələrdə soyuq qarın olduğunu həmişə anlayıb, bu qara qurd düşə biləcəyini çoxdan yazıb, amma zirvənin bu qədər qurdlu olacağını çətin təsəvvür edərdi. 70 yaş yaşanılmış insan ömrünün, demək olar ki, yekunudur. Insan təfəkküründə formalaşmış bir yubiley stereotipi var və bizim yaşadığımız cəmiyyət yubileybazlaşmış bir cəmiyyətdir. Gecə-gündüz pullu və vəzifəli kişilərə yubiley “istehsal edən” salonlarda bu salonların yerləşdiyi ölkənin simvoluna çevrilmiş bir insana yer tapılmadı. Donlar yaşılında mədhiyyələr yapan və mükafat paylayan ədəbiyyat məmurları zamanında yaşadıqları bir tarixi şəxsiyyəti yada salmağa vaxt tapmadılar. Ömür boyu gözə kül üfürməklə  başlarını girləmiş bu adamlar uzun müddət Azərbaycan xalqının gözlərini bağlamaqla məşğul oldular. Cılızlar həmişə öz böyüklüklərini başqasını kiçiltməkdə axtarıblar. Bunlar belə hesab edir ki, bu situasiyada kimsə onların yaratdığı sükutu poza bilməz. Cənablar, axı bu, Məmməd Arazdı, Məmməd Araz. Balaca bir Nurs kəndində doğulan və Azərbaycan sərhədlərinə sığmayan Məmməd Araz! O, xalqına verdiyi sevgiyə əvəz istəməsə də, xalqın sevgisinin istisini duymaq onun haqqıdır. Və xalq bu sevgini ona qaytaracaq. Məmməd Araz yubileyi ümummilli bayrama çevriləcək və bu bayram xalqın təşəbbüsü ilə yapılan birinci hadisə olacaq. Azərbaycan dövlətinin mənəvi simvolunun şölənini dövlət yapmalıdır.

2003
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws