|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Laçın   QAYA

“GÖZƏLLİK   SAXLADI  ÖLÜMDƏN  MƏNİ”


“Məni məndən qoru, Tanrım” – deyə Yaradana yalvarırsan, ulu Məmməd Araz!
Qurtardımı hesab çürütmək istədiyin qarı düşmənlərin?!
Bitib-tükəndimi dünyanı yaşamağa qoymayan nakəslər, qardaş?! Neronlardan, fironlardan həzər çəkərdin... Nə oldu ki, birdən sıra özünə çatdı?!
Sən ki, gözəlliklər sultanı, duruluq çeşməsisən! Dünyanı yuyub təmizləməyə, nahamvarlıqlardan arıtmağa gəlmişdin.
“Vaxtım qalmır ürəyimə qulaq asmağa; Vaxtım qalmır qələmimlə həmsöhbət olmağa...”
Nə oldu vaxtına, şair? Ən məhsuldar yazıb-yaradan çağlarında belə vaxt-vədədən şikayətlənməzdin axı. Indi nə oldu?! Nə giley-güzardı belə?
            Bəd xəbərlər qoymur məni şer yazmağa
            Dönür döyüş səngərinə ocağım-odam...
Sən ucalıqlar yolçususan! Alçaqlara, mənəvi çamurlara batmışlara nəzər salmaq  sənəmi qaldı, şair?
            Bəd xəbərlər qış dumanı, yaz çovğunu tək...
            Neçə misra itik düşür iş otağımdan.
            Çoban çaşdı – bir qoyunu bir qurd yeyəcək,
            Alim çaşdı, xadim çaşdı, mat qalır zaman!


            Qəzetlərdə hücum çəkir filə qarışqa,
            Döyüş gedir dovşan ilə şir arasında.
            Insan durub özü ilə qarşı-qarşıya,
            Ağıl qalıb xeyir ilə şər arasında.
Sən özünlə qarşı-qarşıya dayanıb, Tanrı ilə cəngü-cədələ başlamısan. Tanrıya əlin çatmır... Tanrının əyninə deyil. Dediyini bəndə eşitmir... Eşitmək istəmir. Əsəblərini tarıma çəkməyin yetməzmi?! İndi pozulmayıb ki, nizam. Dünya binnət olandan belədi. Adı yaddaşlarda qalan ilkin şairlərdən yönü bəri hər qələm əhli fələkdən giley-güzar etdi, əlinə nə çatdı?! Bir zamanlar da Füzuli dədəmiz:
            Fələklər yandı ahimdan,
            Muradım şəmi yanmazmı?! –
deyə gözəgörünməzliklərə kösöv atdı... Arxasınca əsrlər boyu baxa-baxa qaldıq. Nə kösöv atan məqsudə çatdı; nə Fələyin kefi pozuldu. Fələkdən nə umarsan, şair?!
   Sorğularıma mat qalmısan, eləmi? Dilindən qıfılı çözməsən də, dolmuş bulud baxışlarından bir söz leysanı yağır:
              Sözümü yordum bu yolda,
            Izimi yordum bu yolda,
            Dözümü yordum bu yolda:
            Dözümə də güman yoxdu.
Yaradanın inayəti, imkanı bol; əl açan qulların diləkləri nəhayətsiz!.. O verdikcə, qul olan kimsə “Ver” deyir.
Ulu şair, Fələk sənə verdiyini milyon-milyon şairin birinə verməyib. Ilhamını bəsdi deyincə əta eləyib! Daha nə istəyirsən?!
Nə umursan bu Fələkdən, Məmməd Araz?!
Bir də ki, “çəkmə, çəkə bilməzsən: bərkdi Fələyin yayı!”
Nə şairlər, nə qəhrəmanlar Fələklə şətrənc oynadı, nərdtaxta ətrafında “hesab çürütməyə” qərar verdi. Hər birisinin də üst-üstə düşən etirafı bu: “Çahar atdım, şeş gəldi, yenə Fələk uddu məni!..”
Hələ bu gileylər, bu bədii qənaətlər o zaman dilə gətirilib ki, onda insan, İnsan olduğunun,  niyə xəlq edildiyinin fərqindəydi; Fələk indiki qədər qəddar deyildi; mənəvi dəyərlər o qədər də aşınmamışdı. Indi isə... Özün gözəl deyirsən: “Ya Rəbbim, bu dünya sən quran deyil.” Rəbbimiz qurduğu nizamın nə şəklə gətirildiyini bilmirmi, ulu şair?! Sadəcə olaraq, bizə görə rəftar edir. Biz bu dünyaya onun “beşgünlük” qonağı olaraq gəlirik. Deyir: “Qonağın ağzına görə aş bişirərlər”. Birini də deyim: “Kor Allaha necə baxarsa, Allah da kora elə baxar!” Bu “alverdə” uduzan biz!
Dünyanı nə kökə salmışıq ki; Sən demiş:
            Söz qanmaz ki, şeşələnir,
            Söz küllükdə eşələnir.
            Min dərdim var: rişələnir,
            Bircəsini qanan yoxdu.
Dünya səni boş qalan vadi kimi sıxır. Nə bir dost, nə bir həyan... Əzabkeş yolçusu olduğun bu YOL isə hələ ki, qəlbinə bir fərəh gətirməyib. Bunu dünyanın üzünə misra-misra vurmaqdan dilin qabar olub:
            Bu yol ki, düşdüm ağzına –
            Dartınır “ölüm dağına”;
            Düşdüm ümid sorağına,
            Hay verən çox, həyan yoxdu.
Nə qədər klassik şair baban sənə qədər bu dünyadan, o Fələyin cövründən yanıb-yaxılıb. Yəqin səndən sonra da bu cismani əzablar və onun poetik göynərtiləri beləcə davam edəcək...
            Daşdan-kəsəkdən yazıram,
            Çəndən-çisəkdən yazıram;
            Itdən-pişikdən yazıram,
            Heç fərqinə varan yoxdu.
Sənin dərdinin bəyanı bir sənə aid olsaydı, şübhəsiz, bunları oxuyan tapılmazdı. Dərdini dərdlilərlə bütövləşdirən şair! Sən nisgilli könüllər tərcümanısan! Sənin şerin kömək, təsəlli; sənin şerin soydaşlarının yol yoldaşı!             Harda yoxam, harda varam,
            Qərarımda biqəraram.
            Nəyim halal, nəyim haram,
            Yoxdu, şərhi-bəyan yoxdu!
Qəm eləmə, qəmli ürəklərin qəmxarı Məmməd Araz. Nə qədər xoşbəxtsən ki, bu gün də cismani əzablarını ayağının altına qoyub, ölməz könül nəğmələrini yazmaqdasan. Yazdıqlarını da zirvədən dediyin kimi “ölə-ölə yazmırsan...” Ər oğlu ərən kimi yazırsan!
Dünya sənin, Məmməd Araz. Dünya hamımızın, ən doğrusu, Dünya heç kəsin!..
Heç kəsin olmayan bir nəsnə üçün dərd çəkməyə  dəyməz ki!
                       Əzizimiz Məmməd  Araz!
Həmişə olduğu kimi, sənin ölməz misralarınla baş-başa vermə, bir dərdləşmə, könlümü ovutma iqlimində yazıldı bu yazı.
Qaldı ki, “Tanrım, məni məndən qoru” ədəbi yalvarışın da elə hər iki mənada: həm sözün müstəqim, həm də məcazi mənasında duyğularımıza istər-istəməz qanad taxır. Bu halda səninlə bir doyunca söhbətləşmə keçir oxucunun ürəyindən.
Bizi bizdən qorusun Tanrı! Rəhman da bizdə, şeytan da bizdə! Haqq-ədalət də bizdə, zülüm-zəlalət, zalımlıq da bizdə!
Insanıq da!..
Öz daxilinin yırtıcı təbiətindən özünü qoruma ehtiyacı ancaq insan oğlunun talesizlik nəsibidir. Özündən özünü qorumağa özünün gücü yetməyəndə, öz əlindən sığınmağa yer tapmayanda Tanrıya açılır əllər: “Tanrım, məni məndən qoru!”
Bunlar bir yana; haqqında yaradılmış yeni film mübarək olsun! Ömrünün kinolaşan, dastanlaşan çağları başlayıb, Məmməd Araz!
Gəlhagəlin olsun!

2001







                                                             



 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws