|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Məmməd    ƏFŞAN

“HAQQIN   VAR, MƏMMƏD ARAZ,   HAQQIN
VAR   YAŞAMAĞA!”

Mən onunla müsahib olmağa, könül pəncərəsindən göz                       baxarınca, ürək tutarınca Məmməd Araz dünyasının ənginliklərinə boylanmağa və razı olarsa, ondan müsahibə almağa getmişdim. Özü də bu müsahibəni onun iş yerində, redaktor masası arxasında şirin təbəssümünə, həlim-mülayim səsinə, xoş danışığına və nəhayət hikmətlə dolu şer gülşəninin insanı heyran edən ətrinə bələnə-bələnə götürmək istəyirdim.
Elə bu məqsədlə də Məmməd Arazın uzun illər baş redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalı redaksiyasına getdim. Baş redaktoru soruşdum. Yerindədir, dedilər. Mən ürəkdolu Məmməd Araz sevgisi ilə onun arakəsmə kabinetinə daxil oldum .

Məmməd Araz öz redaktor kürsüsündə səssiz-səmirsiz sakitcə əyləşmişdi. Gözləri sanki yol çəkirmiş kimi, öndəki divarda bir nöqtəyə zillənərək dərin düşüncələrə dalmışdı. Bu zaman mənə elə gəldi ki, onu dindirib-danışdıran, qərq olduğu sahilsiz fikir ümmanından ayıran olmasa, şair bəlkə də ömrünün sonuna qədər bu cür oturardı.
Səsdən diksinən kimi oldu. Astaca çevrilərək mənə baxdı. Mən irəli gedərək onun yumşaq və heysiz əlini gözlərim üstünə qoydum. – Salam, ustad! – dedim. Məmməd Arazın avazımış arıq çöhrəsini xoş bir təbəssüm bürüdü. Məna dolu gözlərinə sevinc nuru ələndi və səsi qulaqlara çatmayan pıçıltı ilə nəsə dedi. Mən dərhal duydum ki, o, “xoş gəlmisən” deyir.
Onun məhəbbət dolu baxışları indi də mənim üzümdə qərar tutdu. Gəlişimin məqsədini bilmək istəyirdi deyəsən.
... Bir dəfə, 30-35 il bundan əvvəl, Məmməd Araz “Ədəbiyyat və incəsənət” qəzetində işləyərkən onun yanına gedəndə də elə bu cür mehribanlıq və səmimiyyət yağan nəzərlərini üzümə zilləmiş:
- Ver görək nə gətirmisən? Ürəyə yatanı olsa dərc edək – deyə redaksiyaya gətirdiyim bir yığın şeri, əvvəldən axıracan diqqətlə oxumuş, sonra da öz qeydlərini və iradlarını demişdi.
Məni möhkəmcə işlədib, şerimə dönə-dönə sığal çəkdikdən sonra ikisini qəzetdə dərc etdirmişdi.
Mən həmin hadisəni xatırlayaraq:
- Ustad, sizinlə görüşməyə, şirin-şəkər söhbətinizi dinləməyə, solmaz poeziya gülzarının ətrini duymağa və sizdən nəsə yazmağa (bu vəziyyətdə müsahibə götürməyə deməyə dilim gəlmədi) gəlmişəm.
Üzündən xoş təbəssüm bir anlığa çəkildi. Üzünü yana çevirdi. Hiss etdim ki, fikrimlə razı deyil. Jurnalın məsul katibi, həmkarım şairin fikrini gözündən oxudu.
- Jurnalistlərdən inciyib. Gəlirlər, görüşürlər, sonra da ağızlarına nə gəldi yazırlar, – dedi və əlavə etdi, – bu günlərdə də bir jurnalistin yazısı şairin xətrinə dəyib.
Mən sözün səmtini dəyişdim:
- Ustad, – dedim, – Sizə məktub göndərmişdim, amma cavab yazmadınız. Şair çevrilib mənə baxdı. Lakin onun əvəzinə yenə də həmkarım dilləndi:
- Bu ola bilməz, Məmməd Araza məktub gələ, o da cavab yazmaya. Bu hal Məmməd Araz təbiətinə yaddır, – dedi və əlavə etdi. – Görünür məktub ünvana çatmayıb.
- Həmin məktubu sonra qəzetlərin birində dərc etdirmişdim. Indi o qəzet məndədir, istəyirsən bir parça oxuyum.
Şairin çöhrəsini yenidən xoş bir təbəssüm bürüdü. Başı ilə razılığını bildirdi.
            ... Ustadım, Sultanım, Xaqanım, Bəyim,
            Öz halal haqqındır bu ad, bu deyim.
            Vardırsa bir gilə hovurun, heyin,
            Səsimə, ünümə, qardaş, qulaq as.
            Dünyadan dünyaya olan giləyim,
            Vallah, bu dünyanın özünə sığmaz –
                                                         Ay Məmməd Araz...
Şairin xəyal qartalı, deyəsən, yenidən qıy vurdu. Onu qanadlarına qaldıraraq ömür yolunun acılı-şirinli xatirələrlə dolu dolaylarına apardı. Bu dəm mənə elə gəldi ki, şairin tərlan xəyalı torpağını son kəfəni sayan doğma Azərbaycanının aydın səmalarında süzür; Şahdağda, Murovda, Qoşqarda, Batabatda qanad gərir, Muğandan, Mildən keçir, Təbrizdə, Bakıda, Gəncədə, Naxçıvanda, Nursda qərar tutur, dağların dumanına bürünür, çəmənlərin səhər şehinə bələnir, yağış olub ana yurdun çöllərinə çilənir. Dərələrin gur selindən sellənib, gədiklərin sərin yelindən teylənir. Və üzünü o dağlara, dərələrə və o dərələrdən o dağlara doğru dırmaşan dumanlara tutaraq deyir:
            Bəlkə bu yerlərə bir də gəlmədim,
            Duman, salamat qal, dağ, salamat qal.
Yox. Deyəsən, Məmməd Araz mizan-tərəzisi bu ağır xəyallar içində gidi dünyanın, əsrin-eranın, dövrün-zamanın min bir kəm-kəsirini, əyər-əksiyini ölçüb-çəkir.     
Məmməd Araz fikrində “dünya mənimdir” deyənlərə meydan oxuyur. Dünyanı “yağlı quyruq” bilib onu bir ucdan sümürənlərin, “Dünyanı qumara qoyan” nadanların qulaqlarına dünyanın əbədiliyini, onlarınsa gəldi-gedərliyini pıçıldayır! Dünya varına uyub haqqı, ədaləti unudanlara Süleymana qalmayan gidi dünya heç kimə qalmayacaq, – deyir.
            Ayaq saxla, dövrənə bax ötəri belə,
            Min illərdir Araz belə, Həkəri belə.
            Axşamların, səhərlərin təkəri belə,
            Dünya sənin,
            Dünya mənim,
            Dünya heç kimin...
Bəlkə bu dəm, gecənin qaranlığında şairin pəncərəsinə dırmaşan acgöz pişiklərlə yenidən söhbət edir xəyalında Məmməd Araz. Bəlkə gündən-günə artıb-çoxalan, düzü-dünyanı dolduran pişiklər şairi heyrətləndirib:
            Pəncərə sındıqca pişiklər artır,
            Görən nə yemişik, nə yedirtmişik?
            Astana yalayan pəncərə yırtır,
            Yəqin çox pişiyə pələng demişik.
            Gecə pəncərəmə dırmaşan pişik.
Şairin yumulu gözlərinə, kədərli üzünə baxıram. Bəlkə şair nadanları, naşıları ağıllılarından çox olan dünyaya inamını itirib? Yalanları doğrulara calaq vurub “şivindən oğrubaşı göyərdən”, mərdi namərdə möhtac eləyən, “iti bazarında atından baha” olan dünyadan küsüb. Bəlkə Qarabağ ağrılarıdır onu                əyib-incidən? İtirilmiş torpaqlarımız, ayaqlanmış, tapdalanmış milli heysiyyatımızın ağrı-acısı onu dünya nədir, lap Taledən belə küsdürüb.
Yox! Buna inanmıram. Məmməd Arazın səbri də dözümü qədər böyükdür. Onu uzun illər mübtəla olduğu dərd-azar bezdirsə də, canına daraşan ağrı-acılar göynədib-titrətsə də Məmməd Araz öz dünyasından, Məmməd Araza bəxş edilən Tanrı qismətindən  küsə bilməz. Çünki bu min üzlü dünyada qəribə tale ona Allahdan əta olunub. Tanrı verən bu payı Tanrının özündən ərmağan kimi qəbul edib, Məmməd Araz. Ona görə də bir zaman dilində dediyi şükranlığı indi ürəyində deyir:

            Umdum nə verdi ki, küsdüm nə verə?
            Mən belə dünyanın nəyindən küsüm?
O, dünyadan küsə bilməz. Əgər küsübsə “dünyanın ayağı altına yastıq qoyub, başının altına qumbara qoyan, “Dünyanı qumara qoyan” nadanlardan, hərislərdən, haramzadalardan küsüb.
Məmməd Araz Azərbaycanın ünlü-üzüntülü şairidir. Bu Vətən neçə illərdir, zorla sürükləndiyi bəlaları, ağrı-açıları, iztirabları təkbaşına çəkdiyi kimi şair də can, ömür və dünya ağrılarını  təkbaşına çəkir. Vətənin şair oğlu, nər övladı, ər şairi içində çəkdiyi bu ağrıları özünün yaşamaq haqqı sayır.
             Dağ ömrümü qış əritdi, yaz yıxdı,
            Dərdim keçən yollar yazıq-yazıqdı,
            Desəm dilim yanar, dilim yazıqdı,
            Deməsəm duymazlar üzümdən mənim.
Bax, beləcə dünyanı, bəşəri düşünə-düşünə, həyatın hər ağrısını, sevincini duya-duya, zamanın min bir dərdini özünün dərdlərinə çata-çata insan ömrü adında bir “torpaq ömrü” yaşayır Məmməd Araz. Torpaq ömrü yaşayan bu böyük insanın bütün neməti, dini-bərəkəti insanlıqdır-insanlardır. O, bütün bəşəri ağrılarını ürəyinə yığa-yığa, sevincini insanlara pay verə-verə qəlbinin odu ilə dünyanı işıqlandıraraq, arzularını min bir rəngli poeziya buketinə döndərib, hamıya paylaya-paylaya yaşayır, bu torpaq ömürlü, torpaq taleli insan.
Məmməd Araz ürəyi Yer kürəsi kimi çox genişdir, çoxşaxəlidir, çox  iqlimlidir. Orda bütün aləm qərar tutub. Bu ürəyin dağı-dərəsi, oylağı-düzü, çəməni-çölü var. Yayı-qışı, yağışı-qarı, ildırımı-şimşəyi, ürəkləri oxşayan mehi-küləyi var. Həm də bütöv – o taylı, bu taylı Azərbaycandır. Bu ürəkdə Şahdağ, Savalan ucalıb, Kür-Araz axır. Bu ürəkdə Mil, Muğan, Şirvan yerləşir. Bu ürəkdən Bakı, Təbriz, Marağa, Naxçıvan, Ərdəbil, Gəncə, Şəki boylanır. Bu ürəkdə babaların nərəsi-nəğməsi, nənələrin laylası yurd salıb.
Bu ürək onun ən ülvi istəklərinin, ən uca arzularının vətəni, yurdudur. Bu yurdun vətəndaşı olmağı özünün ən böyük amalı, istəkli oğlu olmaqla ən birinci məqsədi hesab edir. O, bütün ömrü boyu istəyib ki, ürəyində ən böyük, ən ülvi sevgi kimi yerləşdirib yaşatdığı Vətəninə ən ləyaqətli oğul olsun. Vətənsiz Tanrının cənnəti də ona xəzan kimi görünüb həmişə. Harayı da, ünü də, hər ağlı-qaralı günü də Vətəninə, torpağına bağlıdır Məmməd Arazın. Qayəsi Vətən, mayası torpaqdır böyük şairimizin.
            Vətən mənə oğul desə, nə dərdim,
            Mamır olub qayasında bitərdim.
            Bu torpaqsız harda, nə vaxt, nə dərdim,
            Xəzanımdır, xəzanımdır, xəzanım.
Arxayın ol, Məmməd Araz! Ürəyinin ən dərin guşələrində sevgisini bəslədiyin Vətən, bütün sevincləri-qayğıları ilə birgə ağrı-acılarını da ürəyində daşıdığın millət sənə çoxdan oğul deyib. Özü də sevgili-sayğılı, qeyrətli-qürurlu, şərəfli-ləyaqətli bir oğul. Vətən mülkünü solmaz söz gülşəni ilə bəzəyən bir oğul. Bu sənin haqqındır, Məmməd Araz! Bu halal haqqı, sonsuz sevgini sən öz əlinlə, əməlinlə qazanmısan.
    
        Bir qayaya söykənmişəm,
                                               deyirəm kaş:
            Bax beləcə daşa dönəm yavaş-yavaş.
Bu an mənə elə gəlir ki, böyük Məmməd Araz arzusuna qovuşub: önümdəcə daşlaşıb, qayalaşıb. Torpaq ömürlü, qaya vüqarlı bu insan qaya kimi səssiz-səmirsiz xəyallar dünyasına qərq olub. Istəmirəm onu bu duyğulardan ayırım. Sakitcə oturub xəyal gəmisinin sahilə yan almasını gözləyirəm. Istəyirəm bu duruşu, görkəmi necə var, eləcə də duyam, qavrayam.
Avazımış nurlu çöhrəsinə, çuxura düşmüş yumulu gözlərinə, ağrılardan azca əyilmiş vücuduna baxıram. Sanki, bu dünyaya darlıq edən Məmməd Araz dünyasını yoğurub, bu kürsüyə sıxmışlar.
Istəyirəm onu xəyal dünyası ilə baş-başa qoyub səssiz-səmirsiz ayrılım ondan. Ayağa qalxmaq istəyirəm. Birdən bu sal qaya qovzanır, silkələnir, heydən düşmüş əllərini əlimə toxundurur. Getmə, bir az da dayan işarəsi verir. Boynunu astaca çevirib mənə baxır. Bu baxışlarda oxuyuram onun arzusunu:
            Yaman çoxalıb bu azlar,
            Bu kəndirsiz kəndirbazlar.
            Körpülənin, ay Arazlar,
            Məni qoymayın təklənəm.
Bu millət, bu xalq səni təklənməyə qoymaz, Məmməd Araz. Sən millət aşiqi, Vətən şairisən.  Sən ömrü boyu “tufan əyib, su yara-yara”, “odlu kürələrə dönüb” “Xətai qılıncı suvara-suvara” bu millət üçün əbədiyyətə qalan Məmməd Araz karandaşı göyərtmisən. Qılıncdan kəskin, mizraqdan iti bir qələm.
Qələmlə qılınc isə tarix boyu, zaman-zaman qoşa dayanıb, yol-yanaşı durub. Bir vəhdət təşkil edərək, bir amal uğrunda vuruşub. Lakin hər yerdə, hər zaman qələm qılıncdan üstün olub, ötkün olub, kəsərli, təpərli olub. Çünki qılınc qoldan güc alıb, qələm ürəkdən. Ürəkdən güc alanların isə mənzili daha uzaq, yerişi daha yeyin olub. Gələcək zamanlara qələmlə daha çox nişan qoyulub. Qələm sahibləri qılınc sahiblərindən daha yaşarlı, daha qüdrətli olublar. Ona görə ki, qılınc sahibləri ölkələr, qələm sahibləri isə ürəklər, könüllər fəth eləyiblər. Ölkələr fatehlərin tökdüyü qanların nifrətini, ürək fatehləri isə milyonların məhəbbətini qazanıblar. Çünki, bu fatehlər ürəklər fəth eləyəndə əlləri bircə gilə də olsun insan qanına bulaşmayıb.
Sən də ürəklər fəth edən bəşəri bir fatehsən, Məmməd Araz! Sənin qələmin dünyanı qan dənizində boğmaq istəyən cahangirlərin qılıncından, müasir silah-əslahasından daha kəskin, daha güclü, daha qüdrətlidir. Sən...
            Çox tozanaq atlını təmkin atınla keçdin,
            Sel boğan dərələri bir mərd qadınla keçdin.
            Bütün keçilməzliyi, Vətən, adınla keçdim.
            Haqqın var, Məmməd Araz
            Haqqın var yaşamağa!
Sən ulu Azərbaycan xalqının əbədiyaşar şairisən, Məmməd Araz. Yaşamaq haqqını özün qazandığın kimi, yaşatmaq haqqını da canın-qanın qədər sevdiyin millət, Vətən verib sənə, böyük Məmməd Araz!
Sən vətən övladının ürəyində, vətən mülkünün hər daşında, qayasında, suyunda, torpağında  yaşayacaqsan. Axı bunu  özün demisən:
            Gözünü sıx, hansı daşda su yansa
            O daş altda Məmməd Araz yaşayır...

 2001 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws