|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
QARDAŞXAN

PUBLİSİSTİKANIN   ÜFÜQLƏRİ

Bu yazının cövhəri olası fikirlər içimdə qaynadı da, dəmə də qoyuldu. Xammal qeydlərimdən yazı məhsulunacan xeyli vaxt keçdi; qələm götürməyə ürək eləmirdim, – istənilən kimi alınmaya bilər, deyə. Haqqında yazası olduğum “Sənətdə son mənzil olmur” kitabının təqdimatı gününün təyin olunması daha tərəddüdə yer qoymadı.
Məmməd Araz bu kitabını sənət meydanına çevirə bilib. Şairliyindəki publisistliyi adına “vətəndaş” epiteti qazandıran sənətkarın publisistliyindəki şairliyi bu dəfə dilinin obrazlılığı baxımından heç də birincisindən az diqqətə layiq deyil.
Haqqında söz deməkdənsə özünün dediklərindən bəzi parçaları təqdim edib oxucu ilə bərabər düşünməyi daha lazımlı bildim.  “Sənət sarayı belədir ki, o heç vaxt tikilib qurtarmır. Bir əl öz daşyonanını başqa ələ tapşırır; bu binanın boyu bəşəriyyətin yaşı qədər uzanır”. Yəni “Sənətdə son mənzil olmur”.  (“Sevgi yaşı və poeziya məhəbbəti”)
“... Gənclik yaşının, sevgi yaşının gücünü... danmaq olmaz. Bu yaşın öz iqlimi, öz qavrayışı və boyaları var. Və onlar yalnız bu mühitə məxsusdur. Şairlik burada doğulur, burada iməkləyib ayaq açır”. (Həmin məqalədə)
“Böyük axınla ədəbiyyata gələn bir nəslin ələnib seçilməsi, istedad və zəhmət, axtarış və ətalət “qabiliyyəti”nin ölçülməsi üçün xeyli vaxt keçməlidir... Bizdən asılı olmayaraq zaman öz işini görür. Bütün adları eyni soyuqqanlılıqla arxivə təhvil verir, sonra tozunu silib hər kəsi yerində oturdur”.  (Yenə orada)  
Həmin məqalənin başqa bir yerində: “Təbiət insanın ilk və son yuvasıdır. Uca dağlar insanı mərdliyə, qürura, əyilməzliyə çağırmışsa, uçurumlar, yarğanlar onda vahimə hissi oyatmış, gözəl mənzərələr incə və kövrək duyğularla onun qəlbini isitmişdir.”  Poeziya isə fotoetüdlərdən qaçıb bu mənzərələri insan cəmiyyətində, insan təbiətində tapmaq istəmişdir”.
Sənətkar və həyat problemindən  danışılan yerdə oxuyuruq:
“Bəzən deyirlər ki, filankəsin filan obrazı həyatdan gəlib. Əslində, bu, fotoçuluq olardı. Əsl sənətkar o şəxsdir ki, o, obrazlarını həyatdan gətirməyib, onları həyata gətirib... Həyatdan gətirmək – görünməyən, həyata gətirmək isə görünən prosesdir. Qranitin təbii halda yaranışını görmək mümkün deyil. Qavranılan, duyulan həyat sənətkar dünyasının ab-havasına uyğunlaşıb kristallaşır, külçələşir, sonra müxtəlif minerallara parçalanıb üzə çıxır.” (Yenə həmin məqalədə)
Publisistik toplunun ilk məqaləsi olan “Sevgi yaşı və poeziya məhəbbəti”  1969-cu ildə yazılıb. Ancaq ona “bu günün, ya da sabahın yazısı” qiymətinin verilməsində , məncə, heç bir problem yoxdur, heç bir fikir ayrılığı ola bilməz. Baxdığınız bu misallar yalnız bir məqalədəndir.
Şair Məmməd Arazı hər halda bir neçə müddətə aşkar üstələyən publisist Məmməd Araz hələ ki, ikinci yazıya keçməyimizə “imkan vermir”.
Belə misallardan çox göstərmək olar. Kitabın “Sənət işığı” bölməsindəki ilk məqalədə qoyulan  bir ənənə - publisistik dilin obrazlılığı ənənəsi topluya daxil edilmiş bütün yazılarda qeyd-şərtsiz davam edir. Söz ustasının obrazlı dili kitabın bütün bölmələrində (“Sənət işığı”, “Xoş gördük, təbiət”, “Sabahın xeyir, dünyam”, “Portretlər”, “Sorğu və müsahibələr”) və orada toplanan məqalələrin hamısında özünü qabarıq göstərir, obrazlılıq Məmməd Araz publisistikasının ana xəttidir.
“Sənət işığı” bölməsində Aşıq Ələsgərin, Səməd Vurğunun, Əli Kərimin, habelə ədəbiyyatımızda öz sözü olan çağdaş şairlərimizin yaradıcılığıının o dövr, bu dövr və sabah üçün təhlil baxımından önəm daşıyan əhəmiyyəti var. “Aşıq Ələsgər yüksəkliyi” məqaləsi daha səciyyəvidir. “Aşıq Ələsgər Azərbaycan poeziyasının üfüqündə əzəmətli görünən qarlı-buludlu zirvələrdən biridir, zamanın ən tutqun havalarında belə parıltısını itirməyən, yol azanlara bələdçilik edən... bu ucalıq timsalının “mütləq hündürlüyünü” təyin eləmək çətindir. İllər ötdükcə el ədəbiyyatının , aşıq sənətinin sənət süfrəsinə tökdüyü boyaların saflığını  müəyyən etmək üçün Ələsgər müqayisə vahidi və məyar olur”.
Publisist Məmməd Araz – hərçənd, bu ifadəyə qulağımız öyrəşməyib – sadəcə məqalə yazmır, publisistikanı yeni cığırlara, yollara çıxarmağa çalışır; təhlil edir, ümumiləşdirmələr aparır, nəticələrə gəlir: “Ələsgərin irəliyə addımı ondaydı ki, bu sənətkar aşıq şeri formalarına yeni yüksək sənət məzmunu verməklə onu əyalətçilikdən çıxarıb poeziya qatarına qoşmuş və “ən yeni şer növləri” ilə yarışa biləcək ənənəvi aşıq ədəbiyyatının nüfuzunu qaldırmışdır. Aşıq Ələsgəri oxuyub bu fikrə gəlmək olur ki, ən uzaq bir əyalət mühitindən dünyanı görmək və dünyanın diqqətini ora yönəltmək olar. Onun misraları qurğuşun lehim kimi tökülüb donub. Şaxtanın kəsərindən buz necə donur, istinin nəfəsindən qar necə əriyirsə, Ələsgər yaradıcılığında rədif – qafiyə, bölgü, düzüm qaydaları birlikdə əsərə dönəndə belə təbii proses kimi baş verir. Bir sözlə, Ələsgər təfəkkür tərzinin forması o qədər təbiidir ki, elə bil böyük sənətkar nəğmələrini vərəqlərə yağdırmışdır. Bircə buna təəssüf edirəm ki, bu xoşbəxt şairin... cinasları, dodaqdəyməzləri, gəraylıları, qıfılbındləri... çətin ki, tərcümə olunsun. Aşıq Ələsgər şerini bütün dillərdə eyni təbiiliklə səslənməsinə biz hamımız... necə də sevinərdik. Bütün dillərdə tərcüməsiz səslənən külək vıyıltısı, çay nəriltisi, ildırım hayqırtısı kimi. Eh, heyıf ki, poeziyanın dili tərcüməyə möhtacdır.  Kimsə deyib: “Biz çox nahaq yerə obrazlı misraların, əla deyimlərin uçotunu aparmırıq, bu, milli sərvətə biganəlikdir”. Bu sözləri Məmməd Arazın publisistikasına da büsbütün aid etmək olar:
“Əllər alıb bərəkətli torpaqları ayaqlara verir; ayaqlar da öz qaydası ilə tapdamaq işinə çox yaxşı bələddir”. Şerin müəyyən qaydalara əməl etməyi tələb edən çərşivəsindən publisistikada tam azadlığa çıxan müəllif yazır: “Publisistika şerdən və nəsrdən daha geniş imkanlara malikdir”. Belə ki, “şerin gülləsi birbaşa şair barmağından qopub hədəfə getmir”. (“Kürlə yarışan nəğmələr”)
Publisistikanın gülləsi isə birbaşa hədəfə gedir və Məmməd Araz bu imkandan mahir bir qələm sahibi, xalqının qayğıları ilə yaşayan vətəndaş, bir sənət adamı kimi istifadə edir.
Hədəf aydın və birbaşadır: “Bir ornotoloqdan soruşdum: - Bakıda sağsağan yaşayırmı?
Alim tutuldu:  – Düzü heç heç fikir verməmişəm.
Xalq arasında  bir inam var ki, sağsağan havası çirklənmiş yerlərdə yuva qurmur. Bəlkə ala qanadlarının qaralmasından qorxur?
-Qara şəhər sərçələri ilə Yasamal sərçələrinin fərqi varmı?
-Qara şəhər sərçələri qara, Yasamal sərçələri bozdur.
... Qara şəhərdə qara fikirlərin, qara əməllərin toy-düyünü başlayır... xeyirxah işləri qara niyyətlərin ixtiyarına verməyin”. Bəzən publisistikanın gülləsi “yumşaq”  dəysə də, hədəfdən yayınmır.
“Təbiətə münasibət məsələlərində “muxtariyyət” yoxdur. Əgər bir rayonun dağ yamaclarında meşələr ətəyini qatlaya-qatlaya qeybə çəkilirsə, digər rayonda su, birində quş nəğməsi, birində ceyran çəhlimi yoxa çıxacaq...”. Sonda publisist qənaəti belədir:
“İnsan təbiətin yağısı olanda bıçağı özünə qarşı çevirir. Insan təbiətin təbibi olanda özünü vaxtsız ölümdən xilas edir”. 30 illik publisist zəhmətin bəhrəsi, hər bölməsi bir ayrıca məqalənin mövzusu olan, Məmməd Araz yaradıcılığında xüsusi çəkiyə malik iri həcmli “Sənətdə son mənzil olmur” kitabından imkan qədər söz açmağa çalışdım. Yeri gəlmişkən, toplunun titul səhifəsində “1 kitab” qeydi var. Şairin həyat yoldaşı və kitabın tərtibçisi Gülxanım müəllimə bizi yaxın vaxtlarda birincidən heç də az maraq kəsb etməyən daha bir dəyərli kitabın gözlədiyini söyləyir.
Son olaraq onu demək istərdim ki, alın, oxuyun, bir də özünüz baxın, əziz oxucular!

 2001

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws