|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Səyavuş  SƏRXANLI

MƏKTƏB   DƏRSİ

Həmişə Məmməd Araz deyəndə dərs yadıma düşür. Özü də nə orta, nə də ali məktəb dərsləri: ibtidai məktəb, məhz ibtidai məktəb dərsləri. Bəlkə də, birinci sinif, birinci sinfin də elə o unudulmaz allahvari ilk günü-saatı!  Sən qupquru taxta kimicə yerinə qaxılıb, ağzıaçılı halda, heç bir izahı-filanı olmayan  HEYRƏTLƏ  MÜƏLLİMİ dinləyirsən, onun hər bir sözünü, hərəkətini, mimikasını suçəkən kağızı kimi hələ korlanmamış təptəzə canına çəkirsən...
Poeziyamızda lap elə Füzuli babamızın özü kimi, Məmməd Araz məktəbi, Məmməd Araz dərsi var. Pikasso “yalnız özünü çəkirdi”. Məmməd əmi də bizə ÖZÜNÜ yazmaq, ÖZÜ KİMİ yazmaq dərsini keçib. Gör hansı ayların, illərin o uzaq, həsrətli, şirin çağında-vədəsində qulaqlarımız “urra”lı  şerlərdən döyənək olduğu bir vaxtlarda, insanlar arasında Tanrının manşırladığı bu şair necə də sadəcə, səmimicə, amma tam əminliklə “özündən deyə” bilirdi:  
            Fikirli oluram, tutqun oluram,
            Qanısoyuq bilir dost-tanış məni;
            Mən ki, bu halımı satın almıram,
            Təbiət beləcə yaratmış məni...
Görəsən, o, təbiətmi şairidir? Kürsülər sırasında öz kürsüsü olan cəmiyyətmi şairidir? Hansını seçsən – yenə fərqlənəcək, öz çalarında göz oxşayacaq. Axı təbiəti eləcə şəkil kimi görməyəcək, gəlin bulaq, qardaş qaya, hamilə dərə - deyəcək. Cəmiyyət deyəndə isə: “İnsanlar arasında gəzəri tabuta dönə-dönə”, “qayalara mamır kimi sipər çəkə-çəkə”, səssiz fəryad qoparacaq: “Vətən daşı olmayandan – olmaz ölkə vətəndaşı!”
Ehh... bəs məhəbbət? MƏMMƏD ARAZ MƏHƏBBƏTİ?
            Gözünü sıx hansı daşda su yansa,
            O daş altda Məmməd Araz yaşayır...
O, hətta uşaqlıqdan – orta məktəb dərsliklərindən vərdişli olduğumuz  didaktik şer yazanda da, ilham köhlənini keçilmiş hamar, sürtülmüş yollardan kənara burub, daşlı-kəsəkli yönəmlərə salıb, səsi də daim SÖZÜN UCALIĞIndan, duyğu bakirəliyinin mələk çiyinləri üstündən gəlib:
            Söz gərək ox keçməz qayadan keçə,
            Yoxdursa sözünün kəsəri, yazma;
            Özün sevməyincə, sevilməyincə,
            Özgədən məhəbbət əsəri yazma!
Xoşbəxtlik nə deyilən şeydir görəsən?  Mən Məmməd Araz kimi bir İNSANLA bir redaksiyada işləmişəm, birgə səfərlərə çıxmışıq. Ən əsası, ata ocağımızın ilk şair qonaqlarından lap ilkini olub O! (Ata-anam onu görüb inanıblar – bu dünyada şerin də iş olduğuna.) Güllü, cah-cəlallı bağçamızda ata-anamla birgə şəkli də var. Bir dəfə televiziya verilişində hətta rejissor səhvənmi – ya nədənsə, həmin şəkli böyük şairin valideynləri kimi göstərdi... Xeyli gülsək də, Məmməd Araz yenə müdrik çıxdı. Işiniz olmasın, – dedi, – hamımız bir millətin övladlarıyıq. Ümumiyyətlə, şair özünün, öz millətinin deyil, bütün bəşəriyyətindir.   
O, müəllim kimi də xoşbəxtdir: nə qədər şerlər həsr olunub bu “yaza-yaza ölən” insana! Hamısın bir yerə yığsan qalın bir ARAZNAMƏ alınar. Şadam ki, 1969-cu ildə ona ilk şer həsr eləyən adam bəlkə də mən olmuşam!
Beləcə, Amin!
            Yüz yol yanıb oxşasan da sən neyə,
            Nə torpağa yiyə sənsən, nə göyə,
            Bəsdir, ürək, qan ağlama qəm deyə -
            Unut getsin, unut getsin hər şeyi!

1999
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws